post-title

Yuxusuz qalmağın vacib üstünlükləri – Fəlsəfi Esse

Artıq gecənin yarısıdır və sən hələ də yata bilmirsən. Yatağında fırlanırsan. Yəqin o tərəfə sarı yatmaq beynini sakitləşdirəcək. Ya da ən yaxşısı bu tərəfə yatmaqdı. Təlaşlanırsan. Amma təlaşlanma, yuxusuzluq faciə deyil.

 
 
 
Anlaşılan səbəblərdən bizim kültürümüz insomniyaya (yuxusuzluq) həddindən artıq neqativ münasibət bəsləyir. O, lənətdir, incəsənətlə, elmlə onu üstələmək olar, ya da həb atmaq, çobanyastığı çayı içmək, ya da təsəvvüründə qoyunları saymaq olar.
 
Uzun gecələr boyu, həftələrlə yatmamaq, əlbəttə ki, cəhənnəm əzabıdır. Amma kiçik dozada insomniyanın müalicəyə ehtiyacı yoxdur. Təsadüfi yuxusuzluq əksinə, yaxşı şeydi, qəlbin narahatlıqları üçün dərmandır. Çox önəmli şeylər var ki, onlar ancaq gecənin yarısında baş verə bilər və biz onları yalnız həmin vaxt yaxalamaq şansı əldə edərik. Biz yuxusuzluğun bizə verəcəyi faydaları dərk etməliyik.
 
 
Gecə yarısı yatağından qalxmaq... Yata bilməməyin üstünlükləri
 
 
Danimarkalı rəssam Kersting yuxusuzluğun faydalarına işarə edir. Rəsm əsərindən başa düşürük ki, artıq gecdir: sıravi adamlar çoxdan "sönüblər", ancaq bu adam ayıqdır, oxuyur, düşünür, çoxdan bəri varlığını unutduğu adamla söhbət edir: özüylə. Gecənin yarısında ağlımızda böyük hadisələrin baş verməsi ehtimalı böyükdür. Bütün maraqlı sənətkarlar kimi Kersting də əslində nəyin daha məftunedici  olduğunu nəzərə çarpdırır.
 
 
Norman Rockwell, Christmas Homecoming, 1948
 
 
Gün ərzində sən başqalarını istədiyi kimi olmalısan
 
Gün ərzində bizim başqalarının qarşısında öhdəçiliyimiz var. Gecə isə bizi özümüzə qayıtmaq kimi daha böyük lüks gözləyir. Gecə - cəmiyyətin bizdən tələb etdiyi şeyləri aradan qaldırır.
 
Mən diş həkimi, yaxud da riyaziyyat müəllimi ola bilərəm, ancaq bu baş verməmişdən əvvəl, elə indi də, mən özümlə söhbət etdiyim anda, sadəcə adsız-sansızam, limitsiz şüurumun üfüqləri genişdi, lövbərlərim qaldırılıb, ehtimallarım hüdudsuzdu, nadir, narahatlıq doğuran, qarışıq duyğularla çulğalanmış, qəribə təxəyyülüm bütün sərhədləri aşıb. 
Gecəyarısı səndə baş qaldıran fikirləri bilsəydilər, yəqin, valideynlərin dostların, müdirin, uşağın qorxuya düşərdi. Onlar bizim nələrə qadir olduğumuza dözə bilməzdilər və bu yaxşı səbəblərdən dolayıdır. Biz onları xəyal qırıqlığına uğratmaq istəmirik: onların bizi öncədən proqnozlaşdıra bilmək istəyi başadüşüləndi. Ancaq onların bizdənki gözləntiləri bizə müəyyən forma verir, bizim kim olduğumuzu müəyyənləşdirir və bu da bizdəki vacib xüsusiyyətləri boğur. 
 
Gecə yarısı isə açıq pəncərə və yuxarıda aydın səma var, sadəcə biz və nəhayətsiz kainat var - bir müddətlik də olsa, onun hüdudsuzluğu bizim olur.
 
 
05:00. Azad, ilk adam oyanana qədər
 
 
Caspar David Friedrich, Woman before the Rising Sun, 1818
 
 
Biz təkcə dərindəki həqiqi kimliyimizlə kifayət qədər vaxt keçirməməkdən əziyyət çəkmirik. Biz həm də gündüz vaxtı başqa insanların yaratdığı versiya kimi təqdim edilməkdən əziyyət çəkirik. 
 
İnsanların gecə vaxtı özləriylə yalqız qalanda, başları əcaib (və çox normal) fikirlərlə  dolu ikən necə olduqlarını əks etdirən portretlərə ehtiyacımız var. Gecə saata ikidə şirkətin idarə heyətinin üzvü fikirləşir ki, şirkət işi çox mənasızdı - ancaq o yenə də yaxşı işçi olaraq qalır. Ana evlilikdən və ailədən canını qurtarmağı düşünür - ancaq o yenə də qalır, heç kimin də onun düşüncələrindən xəbəri olmur. Uğurlu yazıçı kaş heç vaxt bu işə başlamayaydım deyə arzulayır, ona görə yazdıqları acınacaqlıdır - ancaq o yenə də mahir söz sehrbazı  kimi qalmaqla təsəlli tapır. Bunu təsəvvür etmək çətin olsa da, səriştəli, bacarıqlı, ağıllı-başlı adamlar da özləri barədə tamam əks şeylər düşünürlər (gecə təklikdə). Bizə maneə olan heç nə yoxdur və belə düşüncələr bizi ovudur: bizi gücdən salan təcrid olunmağımızı və şəxsi çılğınlığımızı aradan qaldır.  
 
Əksər vaxt belə qəbul olunur ki, əgər sən ləyaqətli və məsuliyyətli olmaq üçün ictimai basqını rədd eləsən,  kimliyinin iblisanə tərəfləri  üzə çıxacaq.
 
 
Qoyya: İctimai kimliyimizdən imtina edəndə eqoist və qəddar canavar olduğumuz aşkarlanır
 
 
Amma bəlkə də ictimai basqı bizim gözəl və zərif tərəflərimizi ortaya çıxarmağımıza imkan vermir. Biz onları qalın pərdələr arxasında ona görə gizlətmirik ki, bu fikirlər çox eybəcərdir, qətiyyən yox, biz sadəcə səhv anlaşılmaqdan qorxuruq.
 
Gecədən keçmiş zorba fikirləşir ki, o, qəzəbdən, məyusluqdan qəddarlaşıb və əslində o, tənha və xəcalətlidir. Zəifliklərini, səhvlərini,  çaşqınlığını qəbul etmək, xəcalətli, məyus olduğunu etiraf etmək - bunlar səni gündüzün parlaq və kövrək özünümüdafiə çağında qəbul etməyə həvəsləndirəcək keyfiyyətlər deyil. Yalnız gecə nəticədən və təhqir olunmaqdan qorxmayaraq, biz öz təbiətimizin ən həssas tərəflərini dirçəldə bilirik.  
 
Biz təbiətən normal insan olmağa meylliyik. Yuxusuzluğun hesabına biz özümüzün əcaib və həqiqi şəxsiyyətimizlə üzləşmək kimi vacib şansa sahibik. Biz özümüzdəki qəribəlikləri öyrənə bilərik. İnsanların gündüz versiyaları onların aldadıcı portretləridir. Yuxusuzluq vergidir - və gizlində olan maariflənmədir.
 
 
Moonrise Over the Sea, Caspar David Friedrich, 1822
 
Biz qəribə, tənha, həm də birlikdə ola bilərik.
 
 
İngilisdilli materiallar əsasında
 
Tərcümə etdi: Cavid Ramazanlı
 
Kultura.az
Yuxarı