post-title

Azərbaycan şahmatının düşdüyü gün

İcazənizlə bu gün ölkənin sürükləndiyi siyasi və iqtisadi, mənəvi-mədəni bataqlığından deyil, bir neçə gün əvvəl oxuduğum, bir çoxlarınıza maraqsız, hətta yersiz görünəcək xəbərdən yazım.

 
 
Deməli, ötən həftə Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün yeni reytinq cədvəlini açıqladı. Bu haqda agentliklərə düşən xəbərdə ilginc bir məqam  vardı. Sitat: “FIDE-nin açıqladığı yeni reytinq cədvəlində qadınlar üzrə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb”.
 
Bəs bu məqamı ilginc edən nədir? Azərbaycanda qadın şahmat məktəbinin zəngin ənənələri var. Bir zamanlar ən nüfuzlu şahmat yarışlarında qadın təmsilçilərimizin inanılmaz nəticələri ilə öyünərdik (indi həmin qadın şahmatçılarımızın harada olduğu, niyə xidmətlərindən yararlanılmadığı, bir çoxlarının hansı səbəbdən bu sahədən uzaq düşdüyü, daha doğrusu, uzaq salındığı da başqa bir söhbətin mövzusudur). Hazırkı mənzərə isə göz önündədir: dünyanın hətta ilk “yüzlüyündə” belə, bir qadın şahmatçımız yoxdur. 
 
 
Bu nədir? Sualın sadə cavabı var: ölkədə hər sahə üzrə “analoqsuz inkişaf”ın idmandakı “parlaq” görsənişi! Başqa nə deyə bilərik ki?!
 
İndi isə bir neçə xatırlatma.
 
2011-ci ildə qadınlar arasında Avropa çempionatına sponsorluq etmişdir. Yarışın sponsoru kimdir? “SOCAR Energy Georgia”.
 
Bir il sonra bu dəfə Tbilisidə Peşəkar Şahmatçılar Assosiasiyasının qadınlar arasında superturniri keçirilir. Sponsor kimdir? Yenə “SOCAR Energy Georgia”. 
 
Həmin il Gürcüstanda 29 mayda başlayıb 6 iyunda yekunlaşan şahmatçı qadınlar arasında rapid və blits üzrə dünya çempionatının maliyyəsini kim ödəyib? Yenə SOCAR. 
 
Bəs bunları niyə xatırladıram? Belə çıxır ki, Azərbaycanın neft pulları ilə qadın şahmatçılar arasında nüfuzlu yarışlar təşkil edilir, bu yarışlar hesabına hansısa ölkələrin qadın şahmatçılarının FIDE reytinqində xalları artır, mövqeləri güclənir, Azərbaycanın isə hətta bir qadın şahmatçısı belə, dünyanın ilk “100-lüyünə” düşə bilmir. Təsəvvür edin mən, məsələn, Gürcüstandan həmin reytinq cədvəlinin ilk “50-liyində” 5 şahmatçı adı saydım. “100-lük”də isə gürcü qadın şahmatçıların sayı 10-dan çoxdur. Belə çıxır, şahmata hər cür “diqqət və qayğı” bizdədir, nəticə, uğur isə başqalarında. Əsl komediyadır, deyilmi? Daha doğrusu, tragiokomediyadır. Adam bilmir, gülsün, yoxsa ağlasın.
 
Təsəvvür edin, FIDE-nin son reytinqinin ilk onluğunda ölkə olaraq belə yoxuq (13-cü). Amma məsələn, Ermənistan 7-cidir. Halbuki işğalçı ölkə ilə müqayisədə bizdə şahmata ayrılan pulların miqyası göz qamaşdırır. Şahmat Federasiyasının başında oturanlar ən müxtəlif imtiyazlara sahibdirlər, fəxri adlar, mənzillər, prezident təqaüdləri-filan. Adamdan soruşmazlarmı: hansı xidmətlərin müqabilində?!
 
Hakimiyyətin idman siyasətinə münasibətim bəllidir. Illərdir bu haqda yazıram. Ölkədə “idmançı” adına əslində qoluzorlular, qoçular hazırlandığını bilmək, anlamaq da çətin deyil. Elə son vaxtlar idmançıların adlarının kafe-restoranlardan tut hər yerdə yumruq-şillə-təpik davalarına qarışması, müxtəlif qətllərdə hallanması da çox şeyi deyir. Hələ mən son bir neçə ayda Suriyada, IŞID sıralarında azərbaycanlı idmançıların döyüşməsinə dair ortaya çıxan faktları demirəm. Bu idmanı, idmançını zopa, dəyənək kimi təsəvvür etməyin, bu təsəvvür üzərində qurulmuş siyasət yürütməyin məntiqi sonluğudur, iflasıdır.
 
Şahmatın düşdüyü durum da elə bu mənada əslində təəccüb doğurmur. Bu zəkaya bağlı idmandır, onlardan məsələn, mitinqçi döyən olmaz. Görünür, elə bu səbəbdən şahmat təsərrüfatında yiyəsizlikdir. Vüqar Həşimov kimi ciddi bir istedadın ölümündən əvvəl yaşadıqlarını bilənlər bilir. Bu haqda yazdığımdan təkrara ehtiyac qalmır. Teymur Rəcəbovun FIDE reytinqlərindəki durumu göz önündədir, səbəb də məlumdur: o, artıq şahmatla biznes arasında sərhədləri qarışdırıb. Yeganə təsəlli Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun son zamanlarkı uğurlu şəxsi göstəriciləridir.
 
Amma bütövlükdə bugünkü mənzərə bir neçə il sonra üçün, ümumiyyətlə, heç bir ümid yeri qoymur. 
 
İnkişaf real olmayıb, sadəcə, populizmə, şouya, təbliğata hesablananda nəticə başqa cür də ola bilməzdi. Belə davam etdiyi müddətcə isə təkcə şahmatla bağlı yox, hər işdə, hər sahədə bu, artıq qaçılmaz sondur.
 
Elnur Astanbəyli 
 
Azadlıq qəzeti
Yuxarı