post-title

Ernest Heminquey: Killerlər

Kultura.az-ın oxucularına böyük amerikan yazıçısı Ernest Heminqueyin maraqlı hekayəsini təqdim edirik

 
 
Killerlər
 
Henrinin qəlyanaltı dükanının qapısı açıldı. İçəri iki nəfər girib piştaxta arxasında oturdu.
 
- Sizə nə gətirim? – Corc soruşdu.
- Özüm də bilmirəm, - onlardan biri dedi. – Sən nə yeyəcəksən, El?
- Bilmirəm, - El cavab verdi. – Nə bilim.
 
Küçədə artıq qaranlıq düşürdü. Pəncərdən o tayda fənər yanırdı. Gələnlər menyunu gözdən keçirirdilər. Nik Adams piştaxtanın bir küncündən onlara baxırdı. Onlar içəri girəndə o, orda durub Corcla söhbət edirdi.
 
- Mənə alma souslu donuz filesi və kartof püresi gətir – birinci adam dedi.
- File hələ hazır deyil.
- Zibilə qalsın, bəs niyə menyuda onun adı yazılıb?
- Bu, nahara görədir, - Corc izah elədi. – Nahar saat altından sonra verilir.
 
Corc piştaxtadan yuxarıdakı divar saatına nəzər saldı.
 
- İndi saat beşdir.
- Saatda altıya iyirmi dəqiqə işləyib göstərir, - ikinci adam dedi.
- Saat iyirmi dəqiqə qabağa qaçır.
- Cəhənnəm olsun, eybi yoxdur, - birinci dedi, - Səndə yeməyə nə var?
- Müxtlif sendviçlər təklif edə bilərəm, - Corc dedi. – Qayğanaq vetçina ilə, qayğanaq piy ilə, ciyər piy ilə, bifşteks.
- Mənə ağ souslu toyuq kroketi gətir yaşıl noxud və kortof püresi ilə bir yerdə olsun.
- Bunlar nahara aiddir.
- Nə deyirəm nahara aid olur. Qayda belədir, belə işləyirsiniz. 
- Götürə bilərsiniz, məsələn, qayğanaq vetçina ilə, qayğanaq piy ilə, ciyər...
- Qayğanaq vetçina ilə, - adı El olan adam dilləndi. 
 
Başında şlyapa vardı, əyninə möhkəm düymələnmiş qara palto geymişdi. Onun balaca solğun sifəti vardı, dodaqlarını bərk yummuşdu. Əlcək geymiş, boynuna ipək şarf dolamışdı.
 
- Mənə də qayğanaq piy ilə gətirərsən, - o biri adam dedi. Onlar eyni boyda idilər, təkcə üzləri ayrı idi, eyni cür geyinmişdilər, hər ikisi ensiz paltoda idi. Onlar irəli əyilmiş, piştaxtaya dirsəklənmişdilər.
- İçməyə nə var? – El soruşdu.
- Limonad, kofe, qazlı içki.
- İçməyə deyirəm.
- İndicə cavab verdim.
- Şən şəhərdir, - o biri adam dedi. -  Yaxşı yadıma düşdü, adı nədir?
- Semmit.
- Eşidib-eləmisən heç, Maks? – El soruşdu.
- Yox.
- Burda axşamlar camaat nə işlə məşğul olur? – El soruşdu.
- Nahar edirlər, Maks cavab verdi. – Hamı bura gəlib bu məşhur nahar yeməyini yeyirlər.
- Düz tapdınız, - Corc dedi.
- Səncə, mən düz bildim? – El təkrar soruşdu.
- Tamamilə.
- Baxıram sən özün də ağıllı adama oxşayırsan.
- Elədir.
- Yalan deyirsən, - Maks dedi. – Məgər o yalan demir, El?
- O qanmazdır, - El cavab verdi. O, Nikə tərəf döndü.- Sənin adın nədir?
- Nik Adams.
- Bu da ağıllıya oxşayır, - El dedi, - Düz demirəm, Maks?
- Bu şəhərdə hamı eləbil say-seçmədir, - Maks cavab verdi.
 
Corc iki boşqab gətirdi, qayğanaq piy ilə bir də qayğanaq vetçina ilə. Sonra o iki pors qızardımış kartofu  yanaşı qoyub mətbəxin balaca pəncərəsini örtdü.
 
- Sizinki hansı idi? – o, Eldən soruşdu.
- Sənin yadında deyil?
- Qayğanaq vetçina ilə.
- Görürsən necə ağıllıdır, - Maks dedi. O əlini uzadıb boşqabı götürdü. Hər ikisi əlcəklərini çıxarmadan yeyirdilər.  Corc onların necə yemək yeməyinə baxırdı.
- Sən nəyə baxırsan? Maks Corca tərəf döndü.
- Elə-belə.
- Hə, mənə baxırsan, danış.
- Bəlkə oğlan zarafat eləmək istəyib, Maks, - El dedi.
 
Corc güldü.
 
- Gülməli heç nə yoxdur, - Maks ona dedi. – Sənin üçün burda gülməli heç nə yoxdur, bildin?
- Yaxşı, siz deyən kimi olsun, - Corc dedi.
- Eşidirsən, El? O biz deyən kimi olmasına razıdır. – Maks Elə baxdı. – Belə rahatdır, hə?
- Başı işləyir, - El dedi. Onlar yeməyə davam etdilər.
- O ikincinin adı nədir? – El Maksdan soruşdu.
- Ey, ağıllı, - Maks çağırdı. -  Di, get dostunun yanına piştaxtaya tərpən görüm.
- Nə məsələdir? – Nik soruşdu.
- Heç nə.
- Di, çevril görüm, - El dedi. Nik piştaxtanın arxasına keçdi.
- Nə məsələdir? – Corc soruşdu.
- Sənə qalmayıb, - El cavab verdi. – Orda mətbəxdə kim var?
- Zənci.
- Onun işi nədir?
- Aşpaz.
- Onu bura çağır.
- Siz bilirsiniz hara gəlibsiniz?
- Narahat olma, bilirik, - Maks adlı adam dedi. – Axmaq zad deyilik ki?
- Söz eşit, - El dedi. – Bu balacalarla yubanma. Ey, sən, - o Corca dedi. – Zəncini bura çağır görüm. Cəld ol.
- Nə istəyirsiz ondan?
- Heç nə. Başını işlət, ağıllı. Bizim zəncidən istəyimiz nə ola bilər?
 
Corc mətbəxin balaca pəncərəsini açdı.
 
- Sem, - o çağırdı. - Bir dəqiqəliyə bura gəl.
 
Mətbəxin qapısı açıldı və zənci içəri girdi.
- Nə olub? – o soruşdu.
Piştaxta arxasında oturanlar ona baxdılar.
- Yaxşı, qaraşın, dur burda.- El dedi.
- Aşpaz önlüyün didişdirə-didişdirə piştaxta arxasında dayanan yad adamlara baxdı.
- Eşidirəm, ser. – o dedi.
El taburetdən düşdü. 
- Mən bu iki nəfəri götürüb mətbəxə gedirəm, - o dedi. Qaraşın, di tərpən mətbəxə görüm. Sən də, ağıllı.
El Niklə aşpazı qabağa buraxıb mətbəxə keçdi. Qapı onların ardınca örtüldü. Maks Corcla üzbəüz piştaxtanın yanında qaldı. O Corca yox, piştaxtanın üstündəki uzun güzgüyə baxırdı. Bu məkan əvvəllər salun idi.
- Deməli belə,  güzgüyə baxan Maks dedi, - Nə susursan, ağıllı?
- Bütün bunlar nə deməkdir?
- Eşidirsən, El? – Maks qışqırdı, - O bilmək istəyir bütün bunlar nədir.
- Nədi, ona deməyəcəksən? – Mətbəxdən Elin səsi hay verdi.
- Bəs səncə, bütün bunlar nədir?
- Bilmirəm.
- Yenə də.
 
Maks danışa-danışa güzgüyə baxırdı.
 
- Tapa bilmədim.
- Eşidirsən, El, o bütün bunların mənasını tapa bilmir.
- Bağırma, mən belə də eşidirəm, - El mətbəxdən cavab verdi. O balaca pəncərəni qaldırdı, ordan yemək verilirdi və tomat sousu şüşəsini dayaq kimi onun altına qoydu. – Eşidirsən, sənləyəm – o Corca müraciət etdi, bir balaca sağa tərəf tərpən. Sən isə, Maks, bir az sola. – O bir fotoqraf adamları düzdüyü kimi yerbəyer etdi.
- Ağıllı, gəl bir az söhbət edək, - Maks dedi. – Deməli, səncə biz nə etməyə hazırlaşırıq?
Corc cavab vermədi.
- Amma mən sənə deyəcəm: biz bir isveçlini öldürmək istəyirik. Uzundraz isveçli Ole Andersonu tanıyırsan?
- Bəli.
- O hər axşam burda yeyir?
- Hərdən yeyir.
- Düz saat 6-da gəlir?
- Gələndə hə.
- Deməli belə. Bizə əslində hər şey məlumdur, - Maks dedi. – Başqa bir şey haqda danışaq. Kinoya gedirsən?
- Hərdən.
- Sənə ki tez-tez getmək lazımdır. Kino – lap elə sənin kimilərin üçündür.
- Siz nəyin üstündə Ole Andersonu öldürmək istəyirsiniz? O sizə nə edib axı?
- Hələ ki bir şey etməyib. O bizi heç görməyib də.
- Birinci və axırıncı dəfə görəcək, - El mətbəxdən əlavə etdi.
- Yaxşı bəs siz niyə onu öldürmək istəyirsiniz? – Corc soruşdu. 
-Bunu bizdən bir tanış istəyib. Başa düşürsən, bu sadəcə dostyana bir qulluqdur.
- Kəs səsini, - El mətbəxdən dedi. – Çox danışırsan.
- Həmsöhbəti əyləndirməliyəm ya yox. Düz demirəm, ağıllı?
- Çox çərənləyirsən, - El təkrar etdi. – Bax gör mənimkilər burda özləri necə əylənirlər. Bağlı uzanıblar yanbayan, monastr məktəbinin uşaqları kimi.
- Sən yəqin qadın monastrı məktəbində olmusan?
- Ola bilər, olmuşam.
- Sən bax yəhudi monastrı məktəbində olmusan.
 
Corc saata baxdı.
 
- İçəri kimsə gəlsə deyərsən aşpaz yoxdur, çıxıb, əgər bu da kömək eləməsə, mətbəxə gedib özün nəsə bir şey hazırlayarsan, aydındır? Sən axı ağıllısan.
- Aydındır, - Corc cavab verdi. – Bəs sonra bizə nə edəcəksiniz?
- Baxır şəraitə, - Maks cavab verdi. – Bilirsən, bunu qabaqcadan demək olmaz.
 
Corc  saata baxdı. Yeddiyə çərək qalırdı. Küçə qapısı açıldı. Gələn tramvay sürücüsü idi.
 
- Salam, Corc, - o dedi. – Nahar eləmək olar?
- Sem çıxıb, - Corc dedi. – Yarım saata gələcək.
- Yaxşı, onda başqa bir yerə gedərəm, - tramvaysürən deyib getdi.
Corc saata baxdı. Saat yeddiyə iyirmi dəqiqə qalırdı.
- Bax belə, əhsən, - Maks dedi. – Sən xalis balaca centlmensən.
- O bilirdi ki, başqa cür mən onun başına güllə çaxardım, - El mətbəxdən dedi.
- Yox, - Maks dedi, - ona görə yox. O ağıllı adamdır. Xoşuma gəldi.
 
Yeddiyə beş dəqiqə qaldı. Corc dedi:
 
- O gəlməyəcək.
 
Bu vaxt qəlyanaltı otağına daha iki nəfər girdi. Biri alıb-aparmaq üçün sendviç sifariş elədi və Corc mətbəxə sendviç hazırlmağa getdi. Mətbəxdə o Eli gördü; o, şlapasanı arxaya əyib balaca pəncərə qarşısında taburetdə oturmuş, silahın lüləsini pəncərə altına qoymuşdu. Nik və aşpaz küncdə kürək-kürəyə sarılı uzanmışdılar. Hər ikisinin ağzı dəsmalla örtülüydü. Corc sendviçi hazırlayıb perqament kağızına bükdü, onu bağlamaya qoyub mətbəxdən çıxdı. Müştəri ödəmə elədi və çıxıb getdi.
 
- Gör necə də ağıllıdır, - hər şey bacarır, - Maks dedi. – Həm bişirmək, həm də hər nə istəyirsən. Arvadının təsərrüfatçı əri olacaq.
- Ola bilər, - Corc dedi. – Sizin dostunuz Ole Anderson deyəsən gəlməyəcək.
- Daha on dəqiqə vaxt verək, Maks dedi.
Maks gah güzgüyə, gah saata baxırdı. Saatın əqrəbləri əvvəl yeddini, sonra beş dəqiqəni göstərirdi.
- Gedək, El, - Maks dedi, gözləməyin mənası yoxdur. O artıq gələn deyil.
- Gəl ona daha beş dəqiqə də verək, - El mətbəxdən dedi.
Beş dəqiqə içində daha bir müştəri gəldi və Corc ona aşpazın xəstələndiyini dedi.
- Lənətə gəlsin, bəs niyə yerinə başqasını tapmırsınız? – gələn dedi. – Qəlyanaltıxana deyil bura?
O getdi.
- Gedək, El, - Maks dedi.
- Bu iki nəfəri və zəncini neyləyək?
- Heç nə, burax onları.
- Səncə heç nə?
- Əlbəttə. Burda görməyə başqa bir iş qalmadı.
- Bu mənim xoşuma gəlmir, - El dedi. – Natamam işdir. Sən də çox çərənlədin.
- Boş şeydir, - Maks dedi. – Bir az əylənməkdən ziyan gəlməz.
- Yenə də sən həddən çox danışdın, - El dedi. O mətbəxdən çıxdı. Silahın lüləsi onun dar paltosunun yanını azacıq qabartmışdı. O, paltosunu əlcəkli əlləri ilə qaydaya saldı.
- Əlvida, ağıllı, - O Corca dedi. – Bəxtin gətirdi.
- Bu həqiqətdir, - Maks dedi. – Sən at yarışlarına get.
 
Onlar küçəyə çıxdılar. Corc pəncərədən baxaraq onların necə fənərin yanından ötüb küncü dönməyinə tamaşa elədi. Qara kostyum və dar paltoda onlar estrada cütlüyünə bənzəyirdilər.
Corc mətbəxə getdi və Niklə aşpazın əl-qolunu açdı.
 
- Yetər, mən bir də bunu yaşamaq istəmirəm, - Sem dedi. Bəsdir.
 
Nik qalxdı. Onu hələ indiyə qədər heç vaxt ağzını dəsmalla bağlamamışdılar.
 
- Bura bax, o dedi. Burda nə baş verir? – O çalışırdı özünü elə göstərsin sanki onun heç nə necinə deyil.
- Onlar Ole Andersonu öldürmək istəyirdilər, - Corc dedi. – Naharda onu güllələmək istəyirdilər.
- Ole Andorsunu?
- Bəli.
 
Zənci iri barmaqlarını ağzının kənarına toxundurdu.
 
- Çıxıb getdilər? – o soruşdu.
- Hə, - Corc dedi. – Getdilər.
- Bu mənim xoşuma gəlmir, - zənci dedi. – Bu mənim heç xoşuma gəlmir.
- Qulaq as, - Corc Nikə dedi. – Bəlkə Ole Andersonun yanına gedəsən.
- Yaxşı.
- Yaxşısı budur bu işə qarışma, - Sem dedi. – Yaxşısı kənarda dur.
- İstəmirsənsə, getmə - Corc dedi.
- Bundan heç bir yaxşı iş çıxmayacaq, - Sem dedi. Kənarda qalsan yaxşıdır.
- Mən gedəcəyəm, - Nik Corca dedi. – O harda yaşayır?
 
Aşpaz çevrildi.
 
- Uşaqlardan soruş, - o döndü.
- O Hirşin ucuz mehmanxanasında qalır, - Corc Nikə dedi.
- Onda, mən getdim.
 
Qövsvari fənər küçədəki  ağacın çılpaq budaqları arasından işıq saçırdı. Nik tramvay yolları boyunca getdi və növbəti fənərin yanından dalana döndü. Küncdən dördüncü binada Hirşin ucuz mehmanxanası yerləşirdi. Nik iki pilləkən qalxıb qapının zəngini basdı. Qapını qadın açdı.
 
- Ole Anderson burda yaşayır?
- Siz onun yanına gəlibsiz?
- Hə, əgər evdədirsə.
 
Qadının arxasınca Nik pilləkənlə qalxdı və uzun dəhlizin axırına çatdı. Qadın qapını döydü.
 
- Kimdir?
- Burda sizi axtarırlar, cənab Anderson, - qadın dedi.
- Bu mənəm – Nik Adams.
- Gəlin.
 
Nik qapını itələyib otağa daxil oldu. Ole Anderson paltarını soyunmamış çarpayıda uzanmışdı. Vaxt vardı o ağır çəkidə boksçu idi, çarpayı onun vücudu üçün çox gödək idi. Başının altına iki yastıq qoymuşdu. O, Nikə heç baxmırdı.
 
- Nə olub? – o soruşdu.
- Mən Henrinin qəlyanaltı dükanından gəlirəm, - Nik dedi. – İki nəfər gəldi, mənimlə aşpazın əl-qolumu bağladılar, dedilər sizi öldürmək istəyirlər.
 
Bu sözlər olduqca səfeh səslənirdi. Ole Anderson heç nə cavab vermədi.
 
- Onlar bizi mətbəxə basmışdılar, - Nik davam elədi. – Onlar sizi nahara gələndə güllələmək istəyirdilər.
Ole Anderson divara baxıb susurdu.
- Corc məni göndərdi sizə xəbər verim.
- Fərqi yoxdur, hər halda əldən bir şey gəlmir, - Ole Anderson dedi.
- İstəsəniz sizə onları təsvir edə bilərəm.
- Mən bilmək istəmirəm onlar necə görünürlər, - Ole Anderson dedi. O divara baxırdı. – Sağolun ki, gəlib xəbərdar elədiniz.
- Dəyməz.
Nik çarpayıda uzanmış yekəpər adama baxdı.
- Bəlkə, polisə gedib məlumat vermək olar?
- Yox, - Ole Anderson dedi. – Əbəsdir.
-  Mən hər-necəsə kömək edə bilərəm?
- Yox. Burda əldən heç nə gəlmir.
- Ola bilər, bu sadəcə hədə-qorxudur sizə gəlirlər?
- Yox. Bu sadəcə hədə-qorxu deyil.
 
Ole Anderson o biri böyrü üstə çevrildi.
 
- Bədbəxtçilik burasındadır ki, - o divara baxaraq dedi,  - mən heç cür qeyrətə gəlib çıxıb gedə bilmirəm. Bütün günü beləcə uzanıram.
- Siz şəhərdən çıxıb gedə bilərsiniz.
- Yox, - Ole Anderson dedi. – Onlardan qaçmaqdan bezmişəm. – O hələ də divara baxırdı. – Ayrı çarə yoxdur, bacarmıram.
- Bu işi bir yolla qaydaya salmaq, həll etmək olmaz?
- Yox, artıq gecdir. – O hələ də əvvəlki ölgün səsi ilə danışırdı. – Nə etmək olar. Bir az uzanacağam, sonra ürəklənib çıxıb gedəcəyəm.
- Onda mən Corcun yanın qayıdıram, - Nik dedi.
- Əlvida, - Ole Anderson dedi. O Nikə heç baxmadı. – Sağol ki, gəldin.
 
Nik otaqdan çıxdı. Qapını örtərkən o Ole Andersonun pal-paltarlı çarpayıda üzü divara uzandığına baxdı.
 
- Səhərdən otaqdadır, - o aşağı düşən vaxt qadın ona dedi. – Qorxuram, xəstələnər. Ona deyirəm: “Cənab Anderson, bəlkə gedib bir az gəzəsiniz, bayırda yaxşı hava var”, - o isə tərslik edir.
- O evdən bayıra çıxmaq istəmir.
- Yəqin, azarlayıb, - qadın dedi. – Yazıqdır, yaxşı adamdır. Bilirsiniz, o axı boksçu olub.
- Bilirəm.
- Təkcə elə üzündən bilmək olur, - qadın dedi.
 
Onlar qapı ağzında söhbət edirdilər. 
 
- Elə nəzakətli insadır.
- Salamat qalın, missis Qirş, - Nik dedi.
- Mən missis Hirş deyiləm, - qadın dedi. – Missis Hirş – evin yiyəsidir. Mən burda qulluqçuyam. Mənim adım missis Belldir.
- Salamat qalın, missis Bell, - Nik dedi.
- Sağolun, - qadın dedi.
 
Nik qaranlıq dalanı keçib küncdəki fənərə çatdı, sonra tramvay yolları boyunca qəlyanaltıxanaya tərəf döndü. Corc piştaxta arxasında durmuşdu.
 
- Oleni gördün?
- Hə, - Nik dedi. – Otağında oturub və eşiyə çıxmaq istəmir.
 
Nikin səsini eşidən aşpaz mətbəxin qapısını açdı.
 
- Buna heç qulaq asmaq belə istəmirəm, - o bunu deyib qapını qapatdı.
- Dedin ona?
- Danışdım, əlbəttə. O özü də hər şeyi bilir.
- Bəs o ə fikirdədir?
- Heç nə.
- Onu öldürəcəklər.
- Yəqin, öldürəcəklər
- Yəqin, Çikaqoda hansısa bir söhbətə ilişib.
- Yəqin, - Nik dedi.
- Nalayiq işdir.
- Yaramaz işdir, - Nik dedi.
 
Onlar susdular. Corc dəsmal çıxarıb piştaxtanı silməyə başladı.
 
- Səncə, o nə iş tutub görəsən?
- Hansısa sözləşməni pozub. Onlarda buna görə adamı öldürürlər.
- Bu şəhərdən çıxıb gedəcəyəm, - Nik dedi.
- Hə, - Corc dedi. – Yaxşısı, burdan getməkdir.
- Onun orda otaqda uzamağı heç cür fikrimdən çıxmır, indi onun axırıdır. Düşünmək belə adamı qorxuya salır.
- Sən də onda düşünmə, - Corc dedi.
 
Rus dilindən tərcümə: Elçin Mann
 
Kultura.az
 
Yuxarı