post-title

Tənqidçilərin dərdi nədir?

Bəlkə də mən çox qərəzliyəm, amma tənqidçilərin sayının yazıçıları üstələdiyini müşahidə edirəm. Son bir ildə tanımadığım, bilmədiyim onlarla adamın mətn analizi ilə məşğul olduğunu görürəm. Tənqidçilik iddiası ilə dünən ortalığa çıxanlar, maraqlıdır ki, yazarlıq iddiası ilə ortalığa dünən çıxanların yazdıqlarını yox, illərdir yazan və azı beş-altı iri və orta həcmli əsərin müəllifi olan tanınmış yazıçıları tənqid edirlər. Onlara elə gəlir ki, ədəbiyyatşünaslıq lüğətindən üç-beş terminlə silahlanıb tənqidçilik etmək olar.

 
 
Puşkin, 1820-ci ildə Vyazemskiyə məktubunda yazırdı: “Şairlərin sayı günü-gündən sürətlə çoxalır. Axırda vəziyyət o həddə çatacaq ki, biz öz şerlərimizi bir-birimizin qulağına pıçıldayacağıq”. 
 
Mövzunu davam etdirəcəm, indi isə bir haşiyə çıxmalıyam.
 
Nabokov, 1956-cı ildə, ABŞ-ın Kornell Universitetində “Lolita” romanı haqda etdiyi çıxışında (bu çıxış romana sözardı kimi də qəbul olunur) deyirdi ki, “ədəbiyyat biliciləri “müəllif burada nə demək istəyib?” sualını qoyub, əsəri didik-didik edəndə, bu, mənə gülməli gəlir. Mənim işim yazıb, kitabdan tez bir zamanda canımı qurtarmaqdır. Əsər məndən, mən də əsərdən xilas oluram və ondan sonra kim onun haqqında nə danışır, mənə maraqlı deyil”. 
 
Tənqidçilər, onlardan qorxmayan və kobud desək, hərləməyən yazıçılara nifrət edirlər. Daha çox üstlərinə getməyə başlayırlar. Və həmişə sonda məğlub olurlar. İndiyə qədər hansısa tənqidçinin yazara qalib gəldiyi görülməmişdir. Ümumi mənzərə belədir – oxucu, tənqidçiyə etibar etmir. Heç vaxt da etməyəcək. Tənqidçinin niyyəti obyektiv analiz olsa, tənqid adına yazıçıya olan kinini qusmasa belə, tənqidi yazı geniş oxucu kütləsini maraqlandırmır və daha çox dar çevrələrdə müzakirə olunur. Kobud desək – özləri deyib, özləri eşidirlər. 
 
İnsanlıq inkişaf etdikcə, yeni peşələr ortaya çıxır. Bir neçə il əvvələ qədər ictimaiyyətlə əlaqələr üzrə menecer, ya da mobil telefon ustası kimi peşələr olmadığı kimi, ədəbiyyat tənqidçiliyi də nisbətən yeni hadisədir. 
 
Məsələn, anqlosaks kültür “ədəbiyyatşünaslıq” adlı elmi tanımır. Onlar bunun adını olduğu kimi, çox səmimi çağırırlar - “kritika”, yəni tənqid. “Ədəbiyyatşünaslıq” isə, bir anlayış kimi, almanların icadıdır, ruslar da onlardan əxz edib, marksizmlə yoğurub, ideoloji propaqandanın alətinə çevirmişdilər. Bu gün də həmin ənənələr davam etdirilir. Mətni ədəbiyyatşünaslıq terminologiyası ilə silahlanıb tənqid edənlər bir şeyi anlamalıdır ki, onların baqajı, mütaliəsi dərhal gözə batır. Onlar savadsızdırlar. Bu acı gerçəyi deməliyik. 
 
Savadsızdırlar, çünki oxumayıblar, mütaliələri zəifdir, amma bu onlara tənqidçiklə məşğul olmağa mane deyil. Hər kəs Əli Novruzov olmaq istəyir, amma Əli Novruzovu Əli Novruzov edən faktorları görməzdən gəlirlər, zəhmətə qatlaşmaq istəmirlər. Hekayəni, romanı qarşılarına qoyub tənqid edirlər və hər cümlə ilə savadsızlıqlarını nümayiş etdirirlər.   
 
Bədii mətnə qiymət verən və bu sahədə avtoritet olmaq istəyən adamın etdikləri ona oxşayır ki, biri Mercedes S500 istehsal edir, obiri də gəlib deyir ki, bunun “qluşitel”i çox enlidir, gərək iki santimetr dar olaydı. Həmçinin tənqidçilər də, əslində korrektorun görməli olduğu işləri də üzərlərinə götürüb mətnlərdə orfoqrafik səhvlər tutur, özlərini daha da biabır edirlər. Çoxunun da “hökmü” belə olur: “Gərək bu adam roman yazmasın”, “gərək əlinə qələm almasın”.
 
Bəs sən kimsən? Sən nə edirsən? Bədii əsərə qiymət vermək, bir bədii əsər yazmaqdan betər yekəbaşlıqdır. Bir insanın intiharı haqda danşmaq, onun intihardan əvvəl hansı hissləri keçirdiyini, motivlərinin nələr olduğunu bilmədən (bilmək də imkansızdır) intihar edəni və əməlini müzakirəyə çıxarmaq nədirsə, çox zaman bədii mətnə qiymət vermək də odur. Tənqidçilərə bu səbəbdən çox gülürük. 
 
Hər şeydən əvvəl söz olub. İbtidai insanın mimika və işarələri də rəmzdir, semiotikası var, yəni son nəticədə sözdür. Sözdən əvvəl heç nə yox idi və ondan sonra gələn hər şey də sözün kölgəsində qalmağa məhkumdur. 
 
Postmodernizmdən danışmağı illərdir özümə qadağan etmişdim. Azərbaycanlılar məni bu sözdən iyrəndirmişdilər. Bizim tənqidçilərin bir axmaq priyomu da var: “Postomdernizm adı ilə, yazıçılar ağıllarına gələni yazırlar”. 
 
Belə tənqidçilərə “get tullan” deməkdən başqa söz qalmır. Bütün qadağaları, çərçivələri, sərhədləri, qaydaları istisna edən postmodern çağ yaradıcılıq axtarışlarını və müəllifin özünüifadəsini əsas alır, bunların vektorunu təyin edir. Fukonu, Bartı, Lotmanı oxumayan; “müəllif kimdir” sualı ətrafında gedən (Fransada başlamış və dünyada davam edən) müzakirələrlə tanış olmayan adamların tənqidçiliklə məşğul olmağa ixtiyarı yoxdur. 
 
Yaşlı tənqidçilərə gəldikdə isə onların çoxu yazıçılar birliyindən, büdcədən maliyyələşən jurnallardan və bu kimi yerlərdən maaş alırlar. Bu adamlar azad deyillər. Belə olduğu halda, azad olmayan tənqidçi, azad yazıçı haqqında necə obyektiv münasibət bildirə bilər? Əgər onlar hər hansı bir azad yazarın əsərinə bir balaca öz rəğbətlərini bildirsələr, o zaman müdürlərinin, sədrlərinin direktorlarının, baş redaktorlarının qəzəbinə gələ bilərlər. Ona göre onlar daha çox məmur yazıçılara mədhiyyə yazmaqla, məmur yazıçılar haqda tost deməklə məşğuldurlar. Onlar azad yazarların yaradıcılığından danışdıqda böyük ədəbiyyat yadlarına düşür və hər şeyden yaxa qurtarmaq üçün, bu sözü işlətməyə məcbur olurlar - bu ədəbiyyat deyil, əsl ədəbiyyat başqa şeydi.    
 
Yeni nəsil ədəbiyyatı isə, “özünüdərk” ədəbiyyatıdır. Bu ədəbiyyatın məqsədi özünüdərkdir, axtarışdır, təbiətin və əşyanın mahiyyətini anlamaq cəhdidir. 
 
Mənim oxuduğumu oxumamış, ümumiyyətlə az oxumuş, kasad mütaliəli və əyalət qafalı adamın mənim mətnimə qiymət verməyi, bağışlanmaz həyasızlıqdır.
Yuxarı