post-title

Osmanlı ABŞ-a niyə çevrilmədi?

Osmanlı xanədanlığı yeni dünya ilə salamlaşanda qarşısında üç yol dayanırdı. Bu üç yoldan birini seçib XX əsrdə mövcudluğunu qorumaq, gələcəyinə yön verməli idi. Həmin dönəmin ziyalısı Yusuf Akçuranın “Üç tərzi siyasət” əsəri də bu zərurətdən doğmuşdu.

 
Qısa arayış:
 
Yusuf Akçura - 1876-cı ildə Simbirsk şəhərində tatar zadəgan ailəsində doğulub. 1883-cü ildə ailə İstanbula köçüb. Burada Yusuf 1883-1886-cı illərdə ibtidai məktəbi, 1886-1892-ci illərdə isə orta məktəbi bitirib. 1892-1896-cı illərdə isə İstanbul Hərbiyyə məktəbində təhsilini davam etdirib. İsmayıl bəy Qaspıralı ilə qohumluq əlaqələri olduğu üçün ondan təsirlənib. “Gənc türklər”lə əlaqədə ittiham olunaraq 1897-ci ildə Sultan Əbdülhəmidin əmri ilə Trablisə sürgün edilib. 
Sürgündən sonra Parisə qaçıb, 1899-1903-cü illərdə Fransanın Siyasi Elmlər Akademiyasında təhsil alıb. Təhsilini tamamladıqdan sonra Türkiyəyə dönməsi qadağan olunduğu üçün 1904-cü ildə Rusiyaya dönüb və 1908-ci ilə qədər burada qalıb. “Üç tərzi siyasət” adlı məşhur məqaləsini də burada yazıb. 1908-ci ildə Osmanlıda məşrutiyyənin elanından sonra İstanbula qayıdıb. Bu dövrdə türkçü dərnəklərin qurulmasında iştirak edib, “Türk yurdu” dərgisini yaradıb. TBMM-ə millət vəkili seçilib, 1932-ci ildən ölümünədək “Türk Tarix Qurumu”na rəhbərlik edib. 1935-ci ildə İstanbulda ürək xəstəliyindən vəfat edib.
 
Osmanlının xilası üçün üç təklif
 
Yusuf Akçura “Üç-tərzi siyasət” əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib:
 
1. Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq
2. Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. 
3. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək
 
Osmanlı milləti yaratmaq
 
Yusuf Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi.
 
Yusuf Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır. Əsərdə sultanın məşhur fikrini misal gətirir: “Mən təbəələrim arasındakı din fərqini məscid, sinaqoq və kilsələrə girdikləri zaman görmək istəyirəm”. 
 
Osmanlıda vahid millət yaratmaq anlayışı fransız devrimindən sonra formalaşmışdı. Lakin Y.Akçuranın da yazdığı kimi, Osmanlı paşaları (Əli və Fuad paşalar) bu inqilabın mahiyyətini anlamadıqları üçün yanlış çizgiyə girmişdilər. Fransa imperatoru III Napoleonun bu paşalara dəstək verməsi ilə Osmanlı milləti yaratmaq ideyası güclənmişdi. Lakin 1870-71-ci il savaşında almanların fransızları məğlub etməsindən sonra eyni zamanda vicdani dəyərlərə əsaslanan fransız millətçiliyi, irqi əsasa söykənən alman millətçiliyi qarşısında yenildi. Bu yenilgi həm də fransızlardan təsirlənərək tətbiq edilmək istənən Osmanlı milləti anlayışını da məhv etdi. 
 
Panislamizm
 
Akçura yazır ki, Panislamizm ideyasını gündəmə gətirənlər Osmanlı milləti ideyasının dəstəkçilərindən bir qrup idi. Vahid millət ideyası iflasa uğradıqdan sonra həmin qruplar panislamizmə söykəndilər. Panislamistlər Osmanlı dövlətində və ondan kənarda olan bütün müsəlmanları dinin ortaq dəyərləri ilə birləşdirməyə, soy fərqinə baxmadan “din və millət birdir” anlayışı ilə hərəkət edirdilər. Amma bu ideyanın əks tərəfi o idi ki, artıq Osmanlı daxilində müsəlmanlar və qeyri-müsəlmanlar ayrılacaqdı. Panislamizm əvvəlcə mətbuat səhifələrində işləndi, daha sonra diplomatik danışıqlarda istifadə olundu. Hökmdarlar padşah, sultan ləqəblərindən dolayısı ilə imtina edib xəlifə anlayışını yenidən önə çəkdilər. Saraylar seyidlər, şəriflər, imamlar, şeyxlərlə dolub daşdı. 
Akçura yazır ki, panislamizmə uyğun olaraq müsəlmanların çox yaşadığı Afrikanın içərilərinə, Çinə elçilər göndərildi, Həmidiyyə Hicaz dəmir yolunun inşasına başlanıldı. Beləliklə, Osmanlı yenidən teokratik kimliyə bürünürdü. Bu isə o demək idi ki, artıq vicdan, fikir azadlığı, din və irq birliyi kimi Osmanlının son dönəmlərdə qazandığı uğurlar yenidən itirilirdi. 
 
İrqə söykənən millətçilik
 
Yusuf Akçura üçüncü axımın çox yeni olduğunun, mövcud hökumətin bu görüşə isti yanaşmamasına görə çox yavaş inkişaf etdiyini yazır. İrqə söykənən millətçilik axını Osmanlıdan kənardakı türk xalqlarını da özündə ehtiva edirdi. 
 
Beləliklə, Yusuf Akçura “Üç tərzi siyasət” əsərində mövcud görüşləri təqdim edir və bunlardan hansının uyğun olması barədə fikirlərinə keçir.
Yusuf Akçura öncəliklə qarşısına sual qoyur. Bu üç yoldan birini seçərkən mənim hansı mənfəətlər əsasında seçim etməyim lazımdır? Çünki Osmanlıda hər cür dindən və millətdən insan yaşayırdı. 
 
Elə isə seçim necə olmalıdır? 
 
Bu suala isə Akçura hələ ki ağılla deyil, ancaq hisslərlə cavab verməyin mümkünlüyünü qeyd edir: “Mən Osmanlı, müsəlman bir türkəm. Buna görə də, Osmanlı dövləti, İslamiyyət və bütün türklərin mənfəətinə xidmət etmək istəyirəm...Osmanlı dövlətinin mənfəəti bütün türklərin və müsəlmanların mənfəətlərinə qarşı deyil. Əksinə, təbəəsi olan müsəlmanlar və türklər onun güclənməsi ilə güclənmiş olduğuna görə, müsəlman və türklər də güclü dəstək tapmış olurlar. Lakin İslamın mənfəəti Osmanlı dövləti və türklüyün mənfəətlərinə tamamən uymaz”. 
 
Çünki bu zaman Osmanlı uzun illərdir təbəəsində olan qeyri-müsəlman topluluqlarını itirmiş olacaqdı, eyni zamanda türklərin içində müsəlman olmayanlar da dəstək verməyəcəkdi.  
 
Akçuraya görə, türklüyün mənfəəti əsas götürüldükdə isə, bu da Osmanlı dövlətinin və İslamın mənfəətinə uyğun gəlməyəcəkdi. 
 
***
 
Akçura “Osmanlı milləti” anlayışının zərərlərini görürdü. O başa düşürdü ki, vahid Osmanlı milləti yaradarkən imperatorluq içində yaşayan rumlar, ermənilər, ərəblərlə yanaşı türklərin özü də əriyəcək. İmperiyada yaşayan türklər üçün yalnız babalarının qurduğu Osmanlı adı qalacaq. Amma nəticədə Osmanlı dövləti güclənəcəkdi.
 
Yuxarıda qeyd etdik ki, Osmanlı milləti yaratmaq ideyası daha əvvəl olmuşdu. Lakin həmin dönəmdə nə müsəlmanlar, nə türklər, nə də qeyri-türklər və qeyri-müsəlmanlar buna hazır deyildi. Yusuf Akçura o dönəmdə bunun alınmamasının bir neçə səbəbini göstərir:
 
1. Bu qarışmağı və bərabərliyi müsəlmanlar və Osmanlı türkləri istəmirdi. Çünki 600 illik hakimiyyətləri hüquqi cəhətdən bitəcək, dünənə qədər rəiyyət olaraq gördükləri digər millətlər onlarla bərabər hüquqda olacaqdı. 
2. İslam buna qarşı idi. Çünki İslam dini qeyri-müsəlmanlarla tam bərabər hüququ qəbul etmir. Baxmayaraq ki, İslam dinlər arasında ən hürriyyətpərvəridir, lakin o, tam fikir və vicdan sərbəstliyini qəbul etməyəcəkdi.
3. Qeyri-müsəlmanlar istəmirdi. Çünki bir zamanlar şanlı dövlətləri, unutmadıqları keçmişləri vardı. Onların dövlətlərini müsəlmanlar, xüsusən türklər ələ keçirib, istiqlallarını bitirib. Osmanlı hakimiyyəti altında onlar əzab və həqarət görüblər.
4. Avropa dövlətləri də qarşı idi. Onlar Osmanlı təbəəsində olan qeyri-müsəlmanların azad olunmasına çalışırdı.
 
Akçura xatırladır ki, bu problemlər indi də var. Xüsusən, Əbdülhəmidin siyasəti müsəlmanlar və qeyri-müsəlmanlar arasındakı nifaqı daha da artırıb. Ona görə də, Osmanlı milləti anlayışı ilə məşğul olmaq əlavə yorğunçuluqdur.
 
Akçura İslam birliyinin üstün cəhətlərini qeyd edir. Onun fikrincə, İslam dünyasında məzhəb və irq problemləri olsa da, hələ də müsəlmanları birləşdirən ortaq cəhətlər var. Lakin bu birlik də həm Osmanlının daxilindəki qeyri-müsəlman təbəələrin etirazına səbəb olacaq, həm də Osmanlıdan kənardakı müsəlman dövlətləri Qərb dövlətlərinin təsiri altında olduğuna görə, Qərb Osmanlının İslam birliyi ideyasına qarşı çıxacaqdı. Üstəlik Akçura artıq anlayırdı ki, getdikcə dünyada din vicdan anlayışına çevrilir, fərdiləşdirilir, irq anlayışı önə çıxır. 
 
Türk birliyi məsələsinin üstünlüyünü isə Akçura belə izah edir ki, Şərqi Avropa və Osmanlıda yaşayan türklər arasında birlik yaranacaq. Amma bu ideya yeni olduğundan, üstəlik Osmanlıdakı digər təbəələrin qarşı çıxacağına səbəb olacağından, üstəlik Osmanlıda türk deyərkən Asiyadakı türklər nəzərə alınmadığından bu birliyin də problemləri olduğu göstərilir.
 
Beləliklə, 1904-cü ildə Rusiyanın Zoya kəndində Osmanlının taleyini düşünən Yusuf Akçura üç çıxış yolunun olduğunu göstərir, amma sonda özü də hansını seçməyin gərəkli olduğunu hesablaya bilmir. 
 
Misirdə “Türk” qəzetində çıxan bu məqaləyə Əli Kamal, Əli bəy Hüseynzadə və digərləri cavab yazır...
 
Akçura 1904-cü ildə bu suala cavab tapa bilməmişdi. Amma I Dünya müharibəsində Osmanlı məğlub olduqdan və tarix səhnəsindən silindikdən sonra Atatürk bunun cavabını tapmışdı. Qərb dəyərlərinə əsaslanan türk irqi mərkəzli çağdaş dövlət qurmaq.  
 
Dilqəm Əhməd
 
Kult.Az
Yuxarı