post-title

Halal xoşunuz olsun

- “Tutaq ki, y=f(x) funksiyası hər hansı aralıqda diferensiallanan funksiyadır, onda bu aralıqda olan istənilən...”

 
 - “Müəllim, çatdırmırıq axı, biraz yavaş-yavaş deyin də, zəhmət olmazsa”.
 - “Sizi gözləyə bilmərəm, əlahəzrət, vaxt azdır, zəngə az qalıb, tez yazın. Üçüncü saat misalları verəcəm həll edəcəksiz. İndidən deyirəm, mən o biri müəllimlərdən deyiləm sizin nazınızla oynayım, məndə alman dəqiqliyi var, neçə ballıq misal yazsaz o balı da yazacam”.
 - “Müəllim, axı mühazirəni indi keçdiniz biz bir 80 dəqiqə sonra onun misallarını necə edək, heç olmasa birin izah edin”.
 - “A bala, ağlın varsa oxuyub başa düşəssən, di məni yubatma tənəfüsdü, gedin oxuyun”.
 
Sənan müəllim otağı tərk edəndən sonra ümidsiz birinci kurs tələbələri bir yerə yığışdılar, hələ yenicə məktəbdən arzularının ali məktəbinə qədəm qoyan bu körpə fidanlar qorxu və təlaş içində idilər. Axı birinci saat keçirilən mühazirənin misallarını heç bir əlavə izahsız üçüncü saat necə edəcəyik deyə düşünürdülər.
 
“Heç mühazirəni elə sürətlə dedi ki, çatdırmadım yazım”. “Dediyin ikinci dəfə təkrarlamır”. “Deyir mən tyutora leksiya verən deyiləm zəhmət çəkin yazın”. “Belə getsə stipendiyamdan kəsiləcəm” deyə uşaqlar narahat şəkildə öz aralarında danışırdılar.
 
 - “Mən üçüncü saat başlamamış müəllimlə danışmağa çalışaram, bəlkə ürəyi yumşaldı” deyə starosta müzakirələrə son qoydu.
 
Üçüncü saat Sənan müəllim otağa girmək istəyirdi ki starosta onu qabaqladı.
 
 - “Müəllim, uşaqlar nigarandılar, çox xahiş edirik biz yeni qəbul olmuşuq, bizə biraz güzəşt edin, heç olmasa bir misal...”
 - “Ayəə, siz nə təhər adamlarsız, gir sinifə, gir yoxsa bu dəqiqə hamınıza sıfır yazacam!”
 
Sənan müəllim otağa girərək stula əyləşdi, stolun üstündə açıq şəkildə qoyulmuş jurnaldakı adları nəzərdən keçirdi sonra isə uşaqları süzdü. Starostaya “çıx lövhəyə” dedi. Starosta ümidsiz baxışlarla markeri əlinə alıb lövhəyə çıxdı. Sənan müəllim kitabı uzadaraq bu misalı yaz dedi, starosta misalı lövhəyə köçürərək üzünə baxmağa başladı. O, yarı-yarı yazılmış mühazirədən yadında qalan sözləri ağlına gətirə-gətirə misalı həll etməyə çalışsa da bir şey əldə edə bilmədi, işarələr gözünün önündə rəqs edərək bir birinə qarışırdılar. 
 
 - “Keç otur! Sıfır”.
 - “Müəllim, mən prezident təqaüdçüsüyəm, çox xahiş edirəm güz...”
 - “Dedim otur, sıfır”.
 
Starosta pörtmüş halda gedib yerində əyləşdi. Həmin gün heç kimin üzünə bəxt gülmədi, bütün lövhəyə çıxan uşaqlar sıfır alıb qəm dəryasına daldılar.
Tələbələr həmin günü dərsdən sonra çox üzgün halda universitet həyətində oturub məsələni müzakirə etməyə başladılar. Bəlkə müəllim rüşvət istəyir deyə tələbələrdən biri soruşdu, gərək aydınlaşdıraq. Digər uşaqlar da onunla razılaşdılar.  İş yenə də starostanın üzərinə qaldı, o bir daha müəllimlə danışmağa cəhd etməli idi. 
 
Gələn həftə dərs öncəsi starosta yenidən müəllimə yaxınlaşdı
 
 - “Sabahınız xeyir, Sənan müəllim. Biz eee, uşaqlarla istərdik ki.. şey... yəni ki sizin bəlkə nəsə bir ehtiyacınız var...”
 - “Nə? Sən məni təhqir edirsən? Mən 60 yaşındayam hələ bu vaxtacan mənim qapımın kandarından haram pul keçməyib! Buna bax! Asan yola əl atır!”
 - “Üzr istəyirəm müəllim, mən sizə pis bir şey demək istəmədim, siz Allah bizim 17 yaşımız var, siz bizdən yaşlısız müdriksiz, keçin günahımızdan məsləhətinizi əskik etməyin, nə edək axı...”
 
Sənan müəllim gözlərini qıyaraq starostanın üzünü süzdü ürəyində “artıq hazırdır” deyə düşündü. 
 
 - “Bala, mən müəlliməm, mənim əməl etməli olduğum qaydalar var. Amma özüm də ürəyi yumşaq adamam, ona görə neçə illərdir ki, dərsi başa düşməyən uşaqlara dərsdən kənar hazırlıq keçirəm”
 
Bu sözləri eşidəndə starosta az qaldı atılıb müəllimin boğazın qucaqlayaraq “siz dünyada gördüyümüz ən nəcib, ən yaxşı insansız” desin ki, müəllimin son cümləsi onu saxladı. “Adambaşı aylıq 100 manat...”
 
...İkinci həftənin mühazirəsi də birincidən geri qalmadı, müəllim işıq sürəti ilə sözləri deyir, uşaqlar yazmağı çatdırmırdılar, starostanın tyutora etdiyi çoxlu şikayətlərin cavabı olaraq müəllim bir neçə mühazirəni elektron şəkildə təhvil vermişdi, lakin onların heç biri yazdıqları materialla uyuşmurdu. Tələbələrdən biri telefonla müəllimin səsini yazıb evdə dəftərə köçürməyə cəhd etsə də onun bu “nalayiq” hərəkəti müəllimin gözündən yayınmadı və tələbə 7-ci mərtəbədən betona uçmalı olan telefonu xilas etmək üçün həddən artıq çox yalvar-yaxar etməli oldu. 
 
 - “Hə, aranızda hazırlığa getməyə qərar verən oldu?”
 - “100 manat çox bahadıreee, mən heç universitetə hazırlaşanda bu qədər pul verməmişdim”.
 - “Mən də sevinmişdim ki, universitetə girdim hazırlıqlardan canım qurtaracaq. 
 - “Evdəkilər kirayə pulun güclə çatdırırlar...”
 - “Kənddəki müəllimimə zəng vurub soruşdum, dedi bu ali riyaziyyatdır məktəb proqramından fərqlidir...”
 - “Uşaqlar tapdııım!” tələbələrdən biri sevinclə dedi. Gəlin belə edək aramızdan iki nəfər seçək, onun ödənişini hamılıqla ödəyək göndərək hazırlığa o da gəlib bizə öyrəndiklərin izah etsin.
 
“Əhsən! Aaa super! Ağlıva sağlıq! Həri sən!” Uşaqlar bu xəbərə sevinərək gələn həftənin dərsini gözləməyə başladılar. İki uşaq artıq hamının birgə qatqısı nəticəsində 100 manatını ödəyərək məşğələyə getmiş və mühazirə ilə misalların izahını, həlli yollarını öyrənib digər yoldaşlarına da izah etmişdilər. 
 
Seminar zamanı Sənan müəllim otağa daxil olaraq tələbələrlə salamlaşdı, sonra hazır-qaib edərək dərsi soruşmaq üçün tələbələrdən kimin könüllü olmaq isədiyini soruşmağa başladı. Demək olar ki, bütün uşaqlar əllərini qaldırdılar. O, hazırlığa gəlməyən uşaqlardan biri olan Turalı lövhəyə çağırdı. Sonra isə gözlərini qıyıb tələbəni yuxarıdan aşağı süzərək – “Teorem biri isbat et” dedi.
 
Tural bunu eşidəndə çox raatlandı. “Oldu müəllim, deməli, torem birə əsasən əgər funksiyanın hər hansı nöqtəsində diferensialı varsa, onda həmin nöqtədə onun törəməsi var, bu teoremin isbatı...” Tələbə teoremi çox gözəl şəkildə isbat edərək işıq saçan gülümsəmə ilə müəllimə baxdı. Sənan müəllim üzündəki laqeyd ifadəni heç dəyişmədən “keç otur” dedi. Sonra isə başqa bir tələbəni Gülnarı çağırdı. Gülnar bütün həftə ərzində digər iki tələbədən öyrəndiyi üsullarla bütün ev tapşırığındakı misalları edə bilmişdi deyə çox rahat idi. Lakin müəllim kitabı ona uzadıb misalı göstərəndə rəngi qaçdı.
 
 - “Sənan müəllim, axı biz bu tipli misalları hələ keçməmişik...”
 - “Sən məndən daha yaxşı bilirsən nəyi keçmişik nəyi yox?”
 - “Müəllim mən bunu yaza bilməyəcəm. axı siz...”
 - “Yaza bilməyəcəksən onda otur, sıfır!”
 
Gülnar gözləri dolmuş halda keçib yerində oturdu. Daha sonra bir neçə uşağı sıfır ilə mükafatlandıran Sənan müəllim ən axırda yanına hazırlığa gələn həmin iki tələbədən birini çağıraraq keçdiyi tərzdə misal həll etdirərək 9 bal yazdı. O otaqdan çıxandan sonra Tural qaçaraq jurnala baxıb 15 dəqiqəlik səlist isbatına görə 4 bal aldığını gördükdə hiddətləndi, o müəllimə çatıb “Sizdən şikayət edəcəyəm! Görərsiz” dedi. 
 
Elə həmin həftə beyinlərinə qoydular ki, mühazirə bitən kimi seminara zamdekanı çağırsınlar. Lakin heç biri Sənan müəllimin onlardan daha cəld tərpənərək zamdekanı elə mühazirəyə gətirəcəyini güman etməmişdi. Zamdekan Cəlil müəllim otağa girən kimi uşaqlar təəccüblə ayağa qalxdılar. Cəlil müəllim uşaqlarla salamlaşaraq əyləşmələrini söylədi. Sənan müəllim onu görən kimi üzünə yazıq ifadəsi alaraq “bunlar məni bəyənmir, bunlar mənlə məzələnir, mənə köhnə fikirli, qoca deyir, dərs keçməməkdə günahlandırır, sən Allah Cəlil müəllim, özün bir on dəqiqəlik ayaq saxla bax, gör mən dərs keçirəm, yoxsa yox.” 
 
Cəlil müəllim otaqdakı arxa partalardan birində əyləşdi, Sənan müəllim heç bir zaman görünməyən pozitivliklə “hə, uşaqlar harda qalmışdıq, funksiyanın diferensial xassələrini keçdik, eləmi, indi isə Laqranj teoremini keçəcəyik. Mən materialı izah edə-edə yazdıracağam, siz isə bütöv şəkildə onu tyutordan əldə edə bilərsiniz.” İlk 10 dəqiqə ərzində Sənan müəllim aramla çox gözəl bir mühazirə izah etdi. Cəlil müəllim ayağa qalxaraq müəllimi bir xeyli tərifliyib uşaqları yumşaq şəkildə danladı, onlara müəllimə, böyüyə, ağsaqqala hörmətlə bağlı öyüd-nəsihət verərək otağ tərk etdi. O getdikdən sonra Sənan müəllim əvvəlki tərzinə uyğun mühazirə deməyə başladı. Həmin dərsdən sonrakı tənəffüsdə uşaqlar artıq tamamilə ümidləri qırılmış halda starostaya bildirdilər ki, gedib Sənan müəllimə desin ki onlar hazırlığa gələcəklər. 25 nəfərlik qrupdan sadəcə 3 nəfəri razılaşmadı. Ikisinin imkanı aşağı idi, birini isə elə 3-4 bal da qane edirdi təki kəsri olmasın. Həmin gün seminar ərzində Sənan müəllim uşaqlarla bir azca daha mülayim davransa da lakin verdiyi balları bir vahid də olsa qaldırmadı.
 
Növbəti həftə uşaqlar 100 manatlarını ödəyərək ilk məşğələlərinə getdilər.  Starosta məşğələdən sonra pulları bir pakete qoyaraq müəllimə uzadıb istehza ilə “buyurun, halal xoşunuz” deyərək verdi. Sənan müəllim sağol deyərək ödənişi götürüb pencəyinin sol cibinə qoydu. İlk məşğələdən sonra universitet binasının birinci mərtəbəsinə düşən Sənan müəllim bankomata maaş kartını daxil edərək yenicə köçmüş 170 manat əmək haqqını götürüb kartı ilə birlikdə pencəyinin sağ cibinə qoydu.
 
Universitet darvazalarından çıxıb avtobus dayanacağı üçün aşağıya enəndə yolda dayanan bir dilənçi önünə keçərək, “müəllim, sən Allah o halal qazancından mənə bir çörək pulu ver” deyə yalvarmağa başladı. Sənan müəllim əlini əmək haqqı üçün sağ cibinə uzadırdı ki, sonra nə isə düşündü və sol əlindəki qovluğunu sağ əlinə alaraq sol cibindəki paketi çıxarıb dilənçiyə ordan bir manat uzatdı... 
 
Rəfiqə Həmzəyeva
Kultura.az
Yuxarı