post-title

Amerika ədəbiyyatı onun əsərindən doğulub - Mark Tven haqqında

“Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərlər”. ( Oskar Uayld)

 
 
 
Təxəllüsü Mark Tven olan Samuel Lanqhorn Klemens  1835-ci il Noyabrın 30-u  ABŞ-ın Missuri ştatının Florida adlı kiçik şəhərində  anadan olur, uşaqlığını isə Hanibal qəsəbəsində keçirir. Sonralar yazdığı “ Haklberi Fin Macəraları “ və “Tom Soyerin Macəraları “əsərlərinin baş verdiyi yer kimi də buranı təsvir edir. 
Atası Con Klemens hüquqşünas, daha sonra hakim işləmişdir. O, çox  qaraqabaq insan idi. Anası Ceyn Klemens isə əksinə, zarafatcıl, gülərüz, yumşaq qəlbli, uşaqlarına uzun qış gecələrində nağıl danışmağı sevən evdar qadın idi. 
 
Klemenslər ailəsinin yaşadığı Hanibal qəsəbəsi  Misisipi çayının üzərində yerləşir. Buxar gəmiləri  fit verərək  gündə üç dəfə çayın sahilinə yan alırdı, sirklər, qaradərili aktyorların musiqili səhnəcikləri göstərilir, maraqlı kitabların sərgisi baş tutur, tacirlər, dəmirçilər, dəri aşılayanlar hər kəsin görməsi üçün öz əl işlərini nümayiş etdirirdilər. Bununla belə, qəsəbədə zorakılıq da ümumi hal almışdı,kiçik yaşlı Sem (Samuel) bəzən ölüm hadisəsinə şahid olurdu. Doqquz  yaşı olanda bir yerli kişinin mal-qara fermasının  sahibini öldürdüyünü , 10 yaşında isə ağdərili nəzarətçinin qaradərili qulu  dəmir parçası ilə vurub qətlə yetirdiyinə şahid olmuşdu. Bu hadisələr azyaşlı uşağın yaddaşında öz izini buraxmaqda idi. 
 
Semin  atası 1847-ci ildə sətəlcəmdən ölür.  Böyük qardaşı Orion “Hanibal jurnalı” adlı qəzet buraxmağa başlayır, Sem  də qəzetdə tipoqraf kimi çalışır. Qardaşı Orion Nyu-Yorka və Sent-Luisə səyahətə gedərkən, Sem fürsətdən istifadə edib müəllifi özü olan və  mübahisələr doğuran yazılarını qəzetdə çap edir. 
On səkkiz yaşında ABŞ-ın müxtəlif yerlərinə səyahətlər etməyə başlayır, müxtəlif mətbəələrdə naşir kimi çalışır və kitabxanalarda qiraətlə məşğul olur. Dörd ildən sonra Misuriyə qayıdır, gəmi kapitanı olmaq üçün gəmiləri öyrənməyə başlayır. İki ildən sonra, artıq 24 yaşındaykən Misisipidə buxar  gəmisi  kapitanı olmaq üçün lisenziya ala bilir. Kapitan peşəsi ona ədəbiyyatda istifadə edəcəyi təxəllüsünü qazandırır. Təxəllüsün yaranma səbəbi belədir:  dənizçi suyun təxminən  4 metr- təhlükəsiz üzmə dərinliyi olarsa, ölçdükdən sonra  dərinlik “iki qulac” ( ingiliscəsi “mark twain”) deyə çığırırmış, bu dərinlikdə olan su buxar gəmisi üçün uyğun hesab olunurdu. ABŞ-da Vətəndaş Müharibəsi ( 1861-1865) başlayana qədər kapitan kimi çalışan gələcək yazıçı müharibə zamanı Konfederativ Qoşunda könüllü  xidmət edir, az müddət keçir ki, ordudan ayrılır, Nevada ştatında qubernator vəzifəsində işləyən qardaşı Orionun yanına gedir. Lakin gələcəyinin axtarışında olan Samuel burada da qala bilmir, növbəti işi gümüş mədənlərində şaxtaçılıq etmək olur, çox keçmir ki, şaxtaçılıq fəaliyyətinə də son qoyur. 
 
Virciniyada “Territorial Enterprise” qəzetində işə düzəlir və elə bu qəzetdə də  ilk dəfə olaraq “ Mark Twain” təxəllüsünü götürür. 
1864-cü ildə San- Fransiskoya gedən Mark Tven  jurnalist kimi bir neçə qəzet üçün çalışır.
 
 “ Kalaveras ölkəsinin məhşur tullanan qurbağası” adlı yumoristik  hekayəsi  ona yazıçılıq fəaliyyətində  ilk uğuru qazandırır. Hekayə “ New York Saturday Press” qəzetində  18 noyabr 1865-ci ildə çıxır. Az bir müddətdə hekayə bütün ölkə boyu nəşr edilməyə başlayır, onu “Amerikada indiyədək yazılmış ən yaxşı yumoristik ədəbi əsər” adlandırırlar.
 
 Bir ildən sonra, Sendviç Adalarına ( indiki Havai adaları) “Sacramento Union”  qəzeti üçün müxbir kimi işləməyə göndərilir.  Ona yol boyu baş verən hadisələrdən “səyahətnamə” yazması da  tapşırılmışdı. San-Fransiskoya qayıdandan sonra  bu yazıları məhşurluq gözləyirdi. Daha sonra bu səyahətnamələr Mark Tvenə mühazirə demək üçün  səbəb oldu. Belə ki, “ Alta California “ qəzetinin redaktoru Con Mak Komb Tvenə ştat boyu turneyə çıxıb, mühazirə deməyi təklif etdi. Mühazirələr getdikcə məhşurluq qazanırdı və sevilirdi. 
 
1867- ci ildə Avropaya — Aralıq Dənizi boyu səyahətə başlayır, daha sonra Yaxın Şərqə doğru davam edir. Səyahət boyu yığılan materiallar əsasında 1869-cu ildə “Xaricin Sadəlikləri “ ( “The İnnocents Abroad” ) adlı kitabı çıxır.  Bu gəzinti zamanı həmçinin gələcək həyat yoldaşının qardaşı Çarlz Lanqdon  ilə də tanış olur. Lanqdon Tvenə bacısı Oliviyanın şəklini göstərir. Tven ilk baxışdan şəkildəki qıza vurulur. Onlar 1870-ci ildə evlənirlər, cütlüyün üç qızı və bir oğlu olur. Lakin oğlu hələ körpəykən ölür. Klemenslər ailəsi öncə  Nyu-York ştatının Baffalo, daha sonra isə Hartford şəhərində yaşayır. Ailə həyatı 34 il davam edir, həyat yoldaşı Oliviya 1904-cü ildə  dünyasını dəyişənə qədər onların xoşbəxt ailəsi olur. Bu arada o,  ABŞ-da və İngiltərədə  tez-tez mühazirələr də deyirdi. Get-gedə daha kəskin satira üslubuna keçən Tven  Amerika cəmiyyətini, siyasətçilərini, dini görüşləri tənqid etməyə başlayır və bu, onun 1883-cü ildə yazdığı “Misisipidə həyat“ kitabında hiss olunurdu.
 
1896-cı ildən sonra Tven dərin depresiyalar yaşayır, həmin il qızı Syuzi meningitdən ölür, yoldaşı Olviya 1904-cü ildə dünyasını dəyişir, ardıyca isə 1909-cu ildə kiçik qızı Cin vannada çimərkən ölür, o, epilepsiyadan əziyyət çəkirdi. Qızlarının gənc yaşda vəfatı yazıçını kədərə qərq edir. 
1906-cı ildə qızlar üçün  “Aquarium Club” adlı klub yaradır, onları özünün mənəvi nəvələri adlandırır. Klubun üzvləri 10-16 yaşlı qızlar idilər. Tven onlarla məktublaşır, konsertlərə, teatrlara dəvət edirdi. Klubu həyatının əsas sevinci adlandırırdı. 
1907-ci ildə Oksford Universiteti Mark Tvenə elmlər doktoru fəxri adını verir.
 
Mark Tven 1910-cu il, Aprelin 21-i stenokardiyadan vəfat edir. Onu Nyu-York ştatının Vudlon qəbirstanlığında basdırırlar.
Misuri ştatının Hanibal qəsəbəsindəki uşaqlığını keçirdiyi ev və “Tom Soyerin Macəraları” əsərində təsvir etdiyi mağaralar turistlərin ziyarəti üçün qorunub saxlanmışdır. Hartvorddakı evi isə muzeyə çevrilərək ABŞ-ın milli tarixi mülkiyyəti kimi elan  edilmişdir.
 
 
TVEN HAQDA BİR AZ DAHA ÇOX...
 
“ Kədəri tək yaşamaq olar, ancaq sevincdən tam həzz almaq üçün onu kiminləsə bölüşməlisən” Mark Tven
 
Bir insanın şəxsi faciəsi nə qədər dərindən olarsa yenə də cəmiyyətin yükünü çəkəcək qədər güclüdürsə, o insan dahidir. Tənqidlərinə görə əksər yazıları öldükdən 20-30 il sonra çap edilib, hər şeyə rəğmən, nə tənqidlərindən usanıb, nə də xeyirxah əməllərindən. Getdiyi hər yerdə ünsiyyət qurduğu insanlarla yalnız bir şeyin təbliğatını edirdi: insanlıq, qadın-kişi bərabərliyi, irqçiliyə son və təhsil. 
 
 
Mark Tven bilirdi ki, onun yazıları müasirləri üçün deyil, hətta başa düşürdü ki, üstündən bir əsr də keçsə, bu yazıları  qəbul edənlər çox olmayacaq. O, humanist şəxsiyyətə sahib olduğu üçün  bəşəriyyətin yazarı idi, insanlar arasında dini, irqi və etnik ayrı-seçkiliyi  rədd edirdi. Müasirləri onu tənqid edirdilər, o isə  adəti üzrə kinayəli şəkildə belə yazmışdı: " Əsərlərimi 50, 100, 500 ildən sonra çap edərsiniz."  Əlyazmalarından birində belə bir qeydi də var: " 2406-cı ildən tez aşkara çıxarmayın." Onun əsərlərinə məktəblərdə və ictimai kitabxanalarda senzura qoyulmuşdu. Haqlı idi, ölümündən bir əsrdən çox vaxt keçib, düşüncələri ilə milyonlarla müasirlərimizdən daha irəlidir.
 
Müasirlərinin həyata baxışından fərqli olaraq Mark Tven qızlara və qadınlara qarşı daha proqressiv fikirdə olan insan idi. O, inanırdı ki, qadın kişinin bərabər hüquqlu yoldaşıdır, onun qulluqçusu deyil. Tven deyirdi: ” Mən üçü birində--aşbaz, xidmətçi və paltaryuyan—qadınla yatmaq istəmirəm.” Tven həyat yoldaşına sadiq idi; yazılarının ilk oxucusu o, olurdu. Oliviya Klemenslə evlənənə qədər ciddi bir söz  yazmadığını da etiraf edirdi. 
 
Tven ilk mühazirələrini 1866-cı ildən  deməyə başlamışdı. Televizorun, radionun, telefonun olmadığı dövrdə yeganə əyləncə onun mühazirələrində iştirak edib, canlı dinləməkdən ibarət idi. Tvenin öz  fikirlərini  komedik tərzdə çatdırması dinləyiciləri ilə canlı ünsiyyətə girişməsinə asanlıqla yol açırdı. Kitabları ilə bərabər mühazirələri də ona məhşurluq gətirirdi. Tven həm də səsinə görə insanları cəlb edə bilirdi, burnunda titrək  səslə danışırdı, bu səs  əvvəlcə qulaqlarda cingiltili təsir  bağışlayırdı, sonra buraya bir də yumoristik nitqini əlavə edirdi. O, çox astadan danışırdı, öz nitqi haqda belə deyirdi : ”Özümdən də astagəl adamlar görmüşəm, hətta daha sakit, ölüvay danışanlara şahid olmuşam, məndən də tənbəl adamlar var, ancaq onlar ölmüş varlıqlardır.” Göründüyü kimi o, hər şeyə zarafatla yanaşırdı, özünü də zarafatla tənqid edirdi.
 
 Kiçik qardaşını və öz qızlarını gənc yaşda, oğlunu isə körpə ikən itirməsi Tvenə elə dərin kədər yaşatmışdı ki, saçları vaxtından əvvəl ağappaq olmuşdu. Həyatında baş verən şəxsi faciəsinə baxmayaraq, o, yaradıcılığından və xeyirxah əməllərindən geri qalmırdı. Gündəliyinin 1909-cu il, 27 Dekabr tarixli hissəsində yazırdı: “ Yenidən gülə biləcəyəmmi? Bir daha xoşbəxt ola bilərəmmi? Öz xarakterimi tanıyıram; insan temperamentinə də bələdəm ki, o, insanı idarə edir, insan öz xarakterinin buxovlanmış köməksiz quludur, o, necə göstəriş verirsə insan da elə davranır. Hər insanın xarakteri onunla bərabər doğulur və heç bir şərtlər altında dəyişə bilməz.” 
 
Sevimli qızlarının ölümü yazıçını  xeyirxah əməllər etmək haqda düşündürür, yaratdığı klubun 10-16 yaşlı qız uşaqlarından ibarət üzvlərinə evinin qapısını açır, onlar burada istədikləri kimi əylənə, şənlənə, kitab oxuya bilərdilər. Hətta uşaqların anaları və ya xidmətçiləri olardısa belə, onlar üçün də qonaq otaqları hazırlatdırır. Qız uşaqlarında musiqiyə, incəsənətə,mədəni zövqün formalaşmasına, kitab oxumağa həvəs yaratmaq üçün bacardığı qədər dəstək verirdi.  
1893-cü ildən neft maqnatı Henri Rocerslə tanış olur və aralarında sıx dostluq yaranır. Maqnat yazıçı ilə tanış olana qədər heç bir xeyriyyə işlərində iştirak etmirdi, lakin Mark Tvenin ona təsiri o dərəcədə olur ki, o, əsl xeyriyyəçiyə çevrilir. Henri Rocers Tvenin təşviqi ilə təhsilə dəstək verir, pul ayırır, afroamerikanların və fiziki qüsurlu insanların istedadlarının üzə çıxarılmasına çalışır və onlara maddi yardımlar edir.
 
Mark Tven həm irqçiliyə qarşı çıxırdı, həm də qadın hüquqları təəssübkeşi idi. O, qadınların da seçki hüququna malik olmaları üçün çıxışlar edirdi. (1919-cu il, İyunun 4-ü Konqres tərəfindən qəbul olunmuş ABŞ konstitusiyasına 19-cu düzəliş, qadınlara seçki hüququ verirdi, qanun  Avqustun 18-i, 1920-ci ildə  təsdiqini tapdı. Ancaq bütün bunlar Mark Tven öldükdən 10 il sonra baş verəcəkdi.) 
 
 
Qızlar üçün İvrit Texniki Məktəbində görüşdə söylədiyi nitqdən ( 1901-ci il, 20 Yanvar)
 
“ Qadının həyatdakı roluna baxsaq, onu deyə bilərəm ki, qadın həmişə haqlıdır. İyirmi beş ildir ki, mən qadın hüquqları təəssübkeşiyəm. Mən həmişə inanmışam, hələ anam vəfat etməmişdən çox-çox öncədən bilirdim ki, özünün ağarmış saçları və məftunedici zəkasıyla o, mənim qədər biliyə sahibdir. Ola bilsin ki, o, səsvermə haqqında mənim qədər məlumatlıdır.
 
Qadınların yeni qanunlar çıxarmaqda kömək etdikləri zamanı görmək istərdim. Onların əlində həmin seçki bülletenlərini, nəzarəti görmək istərdim. Bu şəhərin  iadərəçiliyinə gəldikdə isə, utancvericilikdən  savayı çox şey demək istəmirəm,ayıbdır; əgər bundan sonra 25 il də artıq yaşaya bilsəm, — bunun əksinə bir səbəb görmürəm, — düşünürəm ki, qadınların seçki bülletenlərini idarə etdiklərini görəcəm. Əgər bugün seçkilər qadınların əlində olsaydı, şəhərdəki hər şey belə vəziyyətdə olmazdı.
 
Əgər buradakı qadınların bugün səsvermə hüquqları olsaydı, onlar növbəti seçkilər üçün şəhər merini seçərdilər, onlar öz güclərini oyadaraq buradakı mövcud olan dəhşətli durumu dəyişərdilər.”
 
 
QADINLARA QARŞI  DÜŞÜNCƏ
 
 Tven özünəməxsus satirik ifadə tərzilə Vaşinqton Müxbirlər Klubundakı çıxışında qadınlara aid fikirlərini aşağıdakı nitqində çatdırır:
“ Qadın – istənilən peşənin fəxridir və bizim cəvahiratımızdır.
 
İnsan intellekti qadınlara nə qədər borclu olduğumuzu qiymətləndirə bilməz, cənablar. O, bizim düymələrimizi tikir, paltarlarımızı yamayır, kilsə işlərimizə kömək olur, bizə etibar edir, qonşuların xırda şəxsi işlərinə qədər nə aşkarladıqlarını bizə danışır,bizə yaxşı məsləhətlər verir, qəzəbdən qalxan qaşlarımızı sakitləşdirir, uşaqlarımızı - əsas mahiyyətimizi doğur. Həyatın bütün yönlərində, cənablar, qadına “qurucu  kərpic” olduğunu söyləmək onun ədalətli və zərif haqqıdır. Qadını haraya qoyursuzsa-qoyun, cənablar, hansı vəziyyətə və ya məkana, o aid olduğu yerin bəzəyidir və dünyanın xəzinəsidir.
Cənablar, mən bir daha təkrar edirəm, qadını harada yerləşdirməyinizdən asılı olmayaraq,  o, cəmiyyətin bəzəyi və dünyanın xəzinəsidir. Sevgili kimi onun tayı-bərabəri yoxdur; yaxın qohum kimi  etibarlıdır; zəngin nənə kimi düzəlməz xasiyyətləri olsa da o, dəyərlidir; südanası kimi insanlar arasında ona tay yoxdur.
 Yer Kürəsinin sakinləri qadınsız  necə olardı? Onlarsız azalardıq, kəskin şəkildə azalardıq. Gəlin onlara nəvaziş göstərək, onları qoruyaq, dəstəyimizi verək, bütün həvəsləndirici səylərimizi, simpatiyamızı, özümüzü  onlara verək - əgər şansımız varsa.
 
Bütün jestləri bir kənara qoyaq, Cənab Prezident, qadın sevilməlidir, mərhəmətlidir, xeyirxah ürəyə sahibdir, gözəldir — tamamilə hörmətə və dəyər verilməyə  layiqdir.”
 
 
MARK TVEN YARADICILIĞI
 
19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində Amerika ədəbiyyatı realizm cərəyanının qalxması ilə müşahidə olunurdu. Tədricən ABŞ-ın kapitalist cəmiyyətinin sosial ziddiyyətlərə səbəb olduğunu, insanların  yoxsulluq uçurumuna yuvarlandığını, sosial faciələri yazılarında əks etdirən müəlliflər meydana çıxmaqda idi. Dövrün ən məhşur  realist yazarları arasında Mark Tvenin özünəməxsus yeri vardı. Tven Amerika ədəbiyyatının əvəzedilməz yumoristi və satiristi idi.  O, inanırdı ki, heç nə gülüşün hücumlarına tab gətirə bilməz. Oynaq və qeyzli şəkildə qurulmuş kinayəli cümlələrini demək olar ki, bütün əsərlərində, mühazirələrində və  esselərində görə bilərik. Onlar  kimi gəldi gülüdürə və düşündürə bilirdi, ancaq maraqlı burasıdır ki, Tvenin dilinin kəsəri mühazirələrində iştirak edən dinləyiciləri və ya oxucularını incitmirdi, əksinə, insanlar get-gedə onu daha da çox sevir və ehtiyac duyurdular.
 
Görkəmli yazıçının kinayəli satirası istər ABŞ siyasi həyatını, istərsə də cəmiyyətin əxlaq qaydalarını insanların özünə güzgü kimi göstərirdi.Tven hər kəsi qara yumoru ilə tənqid edirdi: rüşvətxor dövlət işçilərini, irqçiləri, müstəmləkəçi siyasətçiləri, xürafatçı dindarları, kilsə  mövhumatını, dini və milli ehkamlardan törəyən əxlaq qaydalarını və bunların fonunda qadınların  cəmiyyətdən sıxışdırılıb təcrid olunmalarını, fiziki və mənəvi güclərinin heçə sayılmasını. Onun hədəfi gənclər idi, sanki “ yaşlılardan” əlini üzmüşdü. Mark Tveni tez-tez məktəblərdə, məzun günlərində, kolleclərdə və ya universitetlərdə şagird və tələbələrin əhatəsində görmək olurdu; gənclərin xüsusilə qız öyrəncilərin qarşısında nitq söyləmək onun adi missiyasına çevrilmişdi. Onun mühazirələrinin əsas məqsədi yaxşıya doğru dəyişikliklərin baş verəcəyini dinləyicilərinə ötürmək idi, bu məqsədlə üzünü həmişə gənclərə, özəlliklə gənc qızlara tuturdu, gələcəyin qızlardan - daha doğrusu, savadlı, güclü və mədəni qızlardan--asılı olduğunu düşünürdü. Bu səbəbdən özü ilə uşaqlar arasında çox asan yaranan ünsiyyət qurmuşdu, ona yaxınlaşmaq, onunla söhbət etmək, məktublar yazmaq hər bir kiçik yaşlı ABŞ vətəndaşı üçün münasib idi. 
 
Yazıları, demək olar ki, bütünlüklə avtobioqrafik idi. Uşaqkən qarşılaşdığı hadisələr onda dərin izlər buraxırdı və  bu hadisələr gələcəkdə uşaqların mənəvi dünyalarının realistik formalaşmasına xidmət edəcəkdi. Bir şeyi əldə etmək üçün onun yolunda çalışmaq lazım olduğunu,  öz  şəxsi istəklərinə görə kimlərdənsə, nələrdənsə  sui-istifadə  etməməyi vicdan məsələsi bilirdi. İstənilən uğura çatmaq üçün onun uğrunda çalışmaq lazım olduğunu, mənasız mövhumatdan uzaq durmağı məsləhət bilirdi. İlkin məktəbli çağları haqda avtobioqrafiyasında yazırdı: “ Mrs Horr orta yaşlı, Yeni İngiltərədən  olan bir qadın idi,  ( ABŞ-ın şimal -şərqində yerləşən region) və oraya məxsus tərzləri vardı, həmişə dərsləri İncildən dualarla başlayar, qısa söhbətlə həmin duaların mənasını açıqlayardı. Bir gün belə söhbətlərin birində deyirdi ki, “Xahiş edin, istəyin, əldə edəcəksiniz,  əgər tam qəlbinizlə bir şeyi arzulayıb dua etsəniz, şübhəsiz duanız qəbul olunacaqdır.”
Bu sözlər mənə elə şiddətlə təsir etdi ki, mənə verilmiş bu imkandan olduqca məmnun qaldım və həmin dəqiqə sınamağa qərar verdim. Zəncəfilli keks üçün dua etdim. Marqaret Kunman adlı bir çörəkçinin qızı vardı və hər səhər  məktəbə zənçəfilli keks gətirərdi, lakin adəti üzrə onu hamıdan gizlədərdi. Duamı bitirər-bitirməz gözümün önündə həmin keksdən dururdu və Marqaret başqa səmtə baxırdı. Bütün ömrüm boyu duanın ləzzətini o vaxt hiss etdiyim kimi  bir daha yaşaya bilmədim, artıq  mən də inanmışdım! Mənim sonsuz istəklərim olurdu və həmin ana qədər onlar həmişə yerinə yetirilməmiş qalırdı. Lakin bu hadisədən sonra daha mən onları necə həyata keçirə biləcəyimin yolunu öyrənmişdim. 
 
Ancaq bu xəyal da həyatımız boyu etdiyimiz digər xəyallarımız  kimi qaldı. Növbəti iki-üç gün ərzində elə ürəkdən, tam səmimiyyətimlə dualar edirdim ki, inanmıram şəhərdə məndən başqa kimsə elə həvəslə dualar edə bilərdi. Lakin bir şey çıxmadı. Sonda bir şeyə qəti əmin oldum, heç bir güclü dua həmin zəncəfilli keksdən ikinci dəfə qarşıma çıxarmayacaq və  gözünü zəncəfilli keksindən ayırmayan adamın heç bir güclü duaya ehtiyacı yoxdur. 
Həmin günlərdə etdiyim hərəkətlərlə anamı incidirdim. Bir gün  məni bir kənara çəkdi və sorğu-sual etməyə başladı. Ona məndə bir dəyişikliklər baş verdiyini  demək istəmirdim, çünki  anamın  yumşaq ürəyi buna dözməyəcəkdi və bu məni kədərləndirəcəkdi, ancaq çox tab gətirə bilmədim, ağlayaraq göz yaşı içində ona daha xristian olmadığımı etiraf etdim. Onun ürəyi parça-parça oldu və səbəbini soruşdu. 
 
Ona izah etdim ki,  xristian olaraq dindən öz istəklərimə görə sui- istifadə edirdim və bu fikirlə  barışa bilmirdim. O, məni bağrına basdı və sakitləşdirdi. Anamın sözlərindən anladım ki, əgər bu düşüncə tərzi ilə davam etsəm heç vaxt yalnız qalmayacam.” 
 
“ Bütün müasir Amerika ədəbiyyatı Mark Tvenin  “ Haklberi Finin Macəraları” adlı bir kitabından başlayır. Əgər onu oxuyursansa, zənci Cimin oğlanlardan oğurlandığı yerdə dayanmalısan. Bu əsl sonluqdur. Qalan hissəsi  aldadıcıdır. Ancaq bu, bizim əlimizdəki ən yaxşı kitabdır. Bütün Amerika yazıçılığı  oradan yaranır. Ondan əvvəl heç nə yox idi. O vaxtdan bəri də onun kimi yaxşısı, hələ ki,  olmayıb. “  Ernest Heminquey ( 1934)
 
 Bu əsər haqda çox məhşurlardan sitatlar gətirmək olardı, ancaq Heminqueyin fikri onların hamısını birləşdirir. Niyə məhz  “Haklberi Finin Macəraları”? 
Əvvəlcə əsərin qəhrəmanlarından olan Haklberi Finin prototipindən danışaq. Tven əvvəllər etiraf etməsə də, sonralar avtobioqrafiyasında yazırdı ki, Haklberi Fin onun uşaqlıq dostu Tom Blenkenşipdir.  Tven Tomu necə vardısa,  elə də təsvir etmişdi, o yazırdı: “Tom nəcib adətləri olmayan, üstü-başı pinti gəzən və hər zaman aclıqdan əziyyət çəkirdi, ancaq o, qəsəbəmizdəki  əsl azad insan idi, buna görə də  həmişə xoşbəxt görkəmi vardı. Bizim hamımızın ona paxıllığı tuturdu.”  Tomun böyük qardaşı nökərçilikdən qaçan qul zənciyə qaçıb canını qurtarmaqda kömək etmişdi. Amerikanın Cənubunda  hələ də quldarlığın hökm sürdüyü yerdə bu hərəkət ağ adam üçün ləyaqətsizlik hesab oluna bilərdi, zənci üçün isə onu tapan adama yaxşı pul mükafatı düşürdü, hansı ki, yoxsul Blenkenşiplər ailəsi üçün heç də pis olmazdı. Ancaq bunlara baxmayaraq, təmiz uşaq vicdanı pul mükafatını heçə sayaraq  zənciyə qaçmağa şərait yaratmışdı. Görünür, bu hadisə Semin saf uşaq qəlbində özünə yer tapmış və gələcəkdə Mark Tven təxəllüsü ilə uşaqlığında yaşadığı və şahidi olduğu hadisələri qələmə almağa vəsilə olacaqdı.
 
Uşaqların dünyasına məxsus səmimi niyyətlərini olduğu kimi onların özlərinə çatdırmaq istəyən yazıçı Haklberinin dili ilə onlarda vicdan, düzgünlük, sözündə dürüstlük və yoldaşlıq kimi əxlaqi dəyərləri oyatmaq istəyir. Əsərin əsas mahiyyəti budur: insan insanı qul kimi görməməli, valideyinlər övladlarını tənbeh etmək və ya cəza vermək məqsədilə mənəvi və fiziki əzməməlidirlər, insanların rənglərinin, inanclarının və maddi durumlarının fərqli olması onlar arasında yoldaşlığın yaranmasına əngəl olmamalıdır. Burada həmçinin dini inancdan irəli gələn mövhumat, böyüklərin fırıldaqçı əməlləri də uşaqların dünyaya baxış pəncərəsindən ələ salınır, pislənir.
 
 Əsər 10- 12 yaşlı uşaqlar üçün əvəzedilməz əxlaqi dəyərə malikdir, uşaqların mənəvi dünyasına yaxşı mənada nüfuz edə bilir. Onu  məhz bu səbəbdən dünya uşaq ədəbiyyatı incisi hesab edirlər. 
 
 
MARK TVENİN AFORİZMƏ ÇEVRİLMİŞ FİKİRLƏRİ
 
 
1. Xeyirxahlıq karların eşidə və korların görə bildiyi bir dildir. 
2 .Öz əhvalını qaldırmağın ən yaxşı yolu başqa birisini də sevindirməyi bacarmaqdır.
3. Yaxşı dostlar, yaxşı kitablar və rahat vicdan! Budur ideal həyat.
4. Nə zaman özünü əksəriyyətin arasında gördün, deməli, dayanıb düşünmək zamanı gəlmişdir.
5. Doğrunu söyləyən insanın nəyisə xatırlaması üçün zamana ehtiyacı yoxdur.
6. Təbii ki, bir gün baş verə bilməyəcək heç nə yoxdur.
7. İnsanın xarakteri danışarkən  vərdiş halını almış, tez-tez işlətdiyi sifətlərdən öyrənilə bilər.
8. İrəliyə getmənin sirri “ başlamaqdan” başlayır.
9.  Bağışlamaq - bənövşənin onu əzən dabana xoş qoxu yayması kimi bir hissdir.
10.  Dürüst olun, bu insanların könlünü xoş edər, bəzilərini isə təəccübləndirər. 
11.  Cəsarət qorxuya müqavimət göstərməkdir, qorxunu idarə etməkdir, qorxusuzluq demək deyil. 
12.  Ölkənə qarşı həmişə sadiq olmalısan, hökumətə qarşı  isə layiq olduğu təqdirdə.
13.  İnsanın yeganə təsirli silahı var, o da gülüşdür.
14.  Üzdəki qırışlar gülüşlərdən qalan izlərin göstəricisi olmalıdır.
15.  Ən maraqlı məlumatlar uşaqların dilindən gəlir, bütün bildiklərini birnəfəsə danışıb sonra susurlar.
16.  Sevgi qazanmaq istəyəndə tilovunuza ürək qoyun, beyin yox.
17.  Maraqlı burasıdır ki, bütün dünyada fiziki cəsarət elə adi hal alıb ki, mənəvi cəsarət isə nadir tapılır.
18.  Yumor bəşəriyyətin ən böyük xeyir-duasıdır.
19.  Kitab oxumaq istəməyən adam kitab oxumağı bacarmayan insandan heç nəyi ilə üstün deyil.
20.  Ən gözəl geyim insanın öz dərisidir, ancaq təbii ki, cəmiyyət bizdən bundan daha artıq bir şey  tələb edir.
21.  Əsəbisənsə, dördə qədər say, çox əsəbisənsə söy.
22.  Eybi yox, geyimində diqqətsiz ola bilərsən, təki  səliqəli vicdanın olsun.
23.  İnsanda hər şey ürək parçalayıcıdır. Yumorun sirrli mahiyyəti sevincdə deyil, kədərdədir. Cənnətdə yumor yoxdur.
24.  Bir şeyi daha çox qadağa etdikcə, o daha da  çox məhşurlaşar.
25.  Kədəri tək də yaşamaq olar, sevinci bütünlüklə yaşamaq üçün isə onu kiminləsə bölməlisən. 
26.  Biz hamımız daxilimizdə eyniyik.
27.  Mən insanları nə irq, nə sinif, nə dininə görə ayırıram.Tək əhəmiyyət verdiyim şey insanın insan olmasıdır və bu mənim üçün kifayətdir...
28.  İctimai rəy  hər şeydən üstün yeganə dəyərli tənqiddir.
29.  Fəxri adlara layiq olub onlara sahiblənməmək, layiq olmadığı halda sahiblənməkdən daha yaxşıdır.  
30.  İnsanı karıxdırmağın ən yaxşı yolu ona həqiqəti söyləməkdir.
31.  Bizə hörmət etməyəndə inciyirik, əslində isə ürəyinin dərinliyində heç kim özünə hörmət qoymur.
32.  Deməyə söz tapmayanda həqiqəti söylə.
33.  İnsan da Ay kimidir, onun da heç kimə göstərmədiyi qaranlıq üzü var.
34.  Bank işçisi sənə günəşli havada öz çətirini verən və yağış yağmağa başlayan kimi onu geri alan kəsdir.
35.  İstər 20 yaşı olsun, istər 80, öyrənməkdən vaz keçən insan yaşlıdır. Öyrənməyi davam edən istənilən şəxs isə gənc qalır. Edə biləcəyin ən böyük şey odur ki, ağlını həmişə gənc saxlayasan.
36.  İlluziyalarınla vidalaşma. Ola bilsin ki, onlarsız da mövcud olacaqsan, ancaq yaşamayacaqsan.
37.  Əgər bütün  insanlar bir-birləri haqda nə dediklərini bilsəydilər, dünyada cəmi dörd nəfər dost tapmaq olardı.
38.  Əgər bir acından ölən iti tapıb onu yedirtsən, dirçəltsən, o səni dişləməyəcək. Bu da insan və it arasında əsas fərqdir.
39.  Elm qədər heyrətamiz bir şey yoxdur. Mənasız bir faktın təxminindən  dolğun bir cavab əldə edə bilirsən. 
 
Hazırladı: Aygün Qurbanlı
 
Kultura.az
Yuxarı