post-title

Per Lagerkvistin dünyadakı qonağı ilə dua etmək istəyirəm

Bəlkə ruhumuzun pessimist qoxu yaymasının səbəbi hələ öz Tanrımızı tapa bilməməyimizdir. Bu yaxınlarda böyük həcmli kitablardan biri diqqətimi cəlb etdi, xüsusi maraqla kitabı əlimə aldım və qəhrəman haqqında tək bir cümlə məni özünə çəkdi: “Tanrısını axtaran adam.” Bəli, bu, Per Fabian Lagerkvistdir. Son vaxtlar “tək qalmaq istəyirəm”, “insanların olmadığı yerə getmək istəyirəm”, “bu cəmiyyətdən qaçmaq istəyirəm” və s. eyni tipli cümlələrə tez-tez rast gəlinir; gənclərin dialoqlarında daha nəzərə çarpacaq dərəcədədir.

 
 
 
Gəlin təsəvvür edək ki, qaçırıq bu cəmiyyətdən. Hara qaçırıq? Cəmiyyəti formalaşdıran biz deyilmiyik? Yoxsa artıq cəmiyyət daha çoxdan formalaşıb? Biz isə gecikmişik, boşqabın dibində qalmış yemək qırıntıları kimi atılmalıyıq... Doğrudanmı bu cəmiyyətdə özünə yer tapmaq, özünü təsdiq etmək bu qədər çətindir?
Həyata küskün, insanlara nifrət aşılayan düşüncələrin, özünü “bədbəxt” sayan sağlam bədənli ruhların şikayətləri artıq bizə adi gəlir. Çünki biz də o vəziyyəti yaşamışıq və bəzilərimiz yaşamaqdayıq.
 
Mavi ekranda gündən-günə inkişaf edən ölkəmizdəki işsiz gənclərin belə düşünməsinə haqq verən elə digər işsiz ali təhsilli gənclərdir. “Yeməyin, içməyin, sağlamlığın qaydasındadırsa, deməli, sən xoşbəxtsən” ideologiyasını hər zaman vurğulayan valideynlərə həyatın sıxıcı olması haqqında bir kəlimə də söyləyə bilməzsən. Yüksək səs tonlarını sevən qulaqların varsa başqa məsələ...
 
Lagerkvistin qəhrəmanı Anders üçün yaşamağın özü böyük xoşbəxtlik idi, lap qısa müddət olsa belə, əlbəttə, o, bu tezliklə ölməyəcək- nə bu gün, nə də sabah. Çünki hər dəfə ürəkdən yalvarır, ürəkdən dua edirdi. Mən Andersi tanıyıram, hələ lap uşaqlıqdan...
 
Uşaqlıqdan hamımıza məntiqi olmayan rəvayətlər danışılmışdır. Necə ki, “Balaca uşaqlar çala qazanda evlərində kimsə ölür.”  Məhz bu cümlə. Bir cümlə insan həyatını necə əlinə ala bilərmiş? Bir cümlə bir körpə beyinə necə həkk ola bilərmiş?...
 
“Görəsən, kim öləcək, anam, atam, bacılarım, qardaşım? Kaş ölməyəydilər, kaş heç kim ölməyəydi. Bunun üçün həmişə dua edəcəm.” Mən də səninlə dua etmək istərdim.
 
Bəs cəmiyyətdən qaçmaq istəyənlər, həyatın onlara sərt davrandığını düşünənlər, öz yaşamlarının mənasız olduğunu vurğulayanlar? Məgər onların yaşama sevincinin yaranması üçün mütləq sağalmaz xəstə olmaları vacibdir? Məgər tezliklə öləcəyini biləndən sonramı həyata ikiəlli bağlanmaq alovu gəlməlidir insana? Başqa variant yoxdur?
 
Bircə anda hər şey necə dəyişir, heç xəbərin də olmur. Həyatda heç nəyin düzəni, qayda-qanunu yoxdur, necə gəldi, elə də gedir. Bəs onda nəsə istəməyin, nəyisə arzulamağın nə mənası var? Təkcə yaşayasan, var olasan- başqa heç nə lazım deyil. Lagerkvistin qəhrəmanı insana kiçik şeylərdən xoşbəxt olmağı öyrədir, bizə ölümün hər an yaxın olduğunu xəbərdar edir sanki. O, xəstə olduğuna görə anasının zərif məhəbbət atmosferi onun üçün dözülməz idi. Valedynlərinin mömünliyi də, onların ağır, qədim inancı da onu əzir, nəfəsini qısırdı. Bircə buradan tez qurtaraydı canını... Tanrını inkar edən, ona bel bağlamağı mənasız sayan, həyatı tam, bütün bəzəksiz çılpaqlığı ilə, planauyğun mənasızlığı ilə qəbul edən yeni təlim ona daha çox uyğun gələrdi. Axı bu, həqiqi təlim olardı. Heç bir inanca bağlanmadan, həyatı necə varsa elə də qəbul etmək. Bəli, fövqəlbəşər heç nəyin olmadığını, göylərin boşluğunu bilmək yaxşıdır. Boşluğa alışmaq olar, yavaş-yavaş sakitləşib dincələrsən, qaçılmaz olanlar qarşısında duyduğun dəhşəti rədd edərsən. O ancaq azad olmaq istəyirdi...
 
Məşhur İsveç romançısı, şairi və dramaturqu Per Fabian Lagerkvist 1891-ci il may ayının 23-də Cənubi İsveçİn Veksö şəhərində anadan olub. Lagerkvistin ilk ədəbi təcrübələri 1912-ci ildə dövri mətbuatda işıq üzü görmüş “İnsanlar” povesti və bir neçə şeiri olmuşdur. O, belə hesab edirdi ki, əgər insan ona bəxş olunmuş həyatı ən ali nemət sayırsa, bu, onun Tanrıya biganəliyindən qaynaqlanır. “Dünyada qonaq” (1925) povestində yazıçının uşaqlıq çağlarından söhbət açılır, ölüm haqqında düşüncələrin onun qəlbinə hələ lap erkən yaşlarından hakim kəsildiyi təsvir olunur. 1974-cü ildə beyin iflicindən 83 yaşında dünyasını dəyişib. Yazıçının ölümündən sonra tanınmış İsveç tənqidçisi Qunkel Malmström yazırdı: “İnsanlar arasında yadlaşma XX əsr ədəbiyyatının baş mövzusudur və bu baxımdan Per Lagerkvist özünün ruhu etibarilə Frans Kafka və Alber Kamyu kimi yazıçılara daha yaxındır. Lagerkvist elə söz ustalarındandır ki, onun bəşəriyyətin humanizm ideyalarından uzaqlaşmasına qarşı  mübarizəsi sirli Tanrının axtarışlarına, həyatın metafiziki gizlinlərinin açılmasına gətirib çıxardı.”
Bütün yaradıcılığı boyu öz Tanrısını axtaran Lagerkvist “Dünyada qonaq” povesti ilə mənim yoluma bir fənər sanmış oldu. Per Lagerkvistin digər əsərləri kimi bu əsəri də öz Tanrısını axtaranlara yardımçı olacağına inanıram. 
 
Leyla Depp
 
Kultura.az
 
Yuxarı