post-title

Mario Varqas Lyosa: Paris nostalgiyası

Hər dəfə Parisdə olanda, xatirələrlə nostalgiyanın arasında nəsə qəribə bir hiss məni bürüyür. Obrazlar yaddaşımda dirilir, onlar real şəhəri pərdələyir, qarşımda bir vaxtlarki gəncliyimin şəhəri açılır. Mən müxtəlif yerlərdə yaşamışam, ancaq heç yerdə buna oxşar hisslər keçirməmişəm. Ola bilsin, ona görə ki, uşaqlığımda başqa şəhərlər məni Jül Vernin, Aleksandr Dümanın və Viktor Hüqonun romanlarından çox həyəcana gətirməyib, xəyallar burulğanına salmayıb. Daha başqa heç bir yerə getmək, uzun müddət qalmaq istəməmişəm.

 
 
 
Yeniyetmə çağlarımda əmin olmuşdum ki, yalnız Parisdə yaşayaraq, nə vaxtsa yazıçı ola biləcəyəm.
 
Sözlərim sadəlövh görünə bilər, amma, əslində, bu, belə də oldu. Latın məhəlləsindəki Wetter mehmanxanasının çardağında birinci romanımı yazıb qurtardım, Parisdəki yeddi illik həyatımda ilk üç əsərim çapdan çıxandan sonra özümü əsl yazıçı kimi hiss etməyə başladım. Parisdə əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində Sartr, Moriak, Malro və Kamyu yaşayırdı. Bir dəfə Busi küçəsində, bazarda pencək-qalstukda Andre Bretonu balıq alarkən görmüşdüm. Bir dəfə də Milli kitabxanada kitab qalağından gözünü ayırmayan, başıyla onu örtmüş Simon de Bovuarın yanında oturmaq mənə nəsib olmuşdu. Bu, Bekket, İonesko və Adamovun absurd teatrı zamanları idi. Axırıncını hər axşam Mabilyon kafesinin terrasında görmək olardı, o divanə baxışlarla ətrafdakılara nəzər salır, həyəcanla nəsə yazırdı.
 
O zaman oteldə bir yerin qiyməti yüz frankdı, bu isə “Komedi Fransez”də cümə axşamları məktəblilər üçün səhər tamaşasına bir biletə, ya da universitet yeməkxanasında bir nahara bərabər idi. Amma Mutualitédəki müzakirələrdə və dəyirmi masalarda iştirak etmək pulsuz idi və mən heç birini buraxmırdım. Bir dəfə baş nazir Şarl de Qolla Mişel Debre və müxalifət lideri Pyer Mendes-Frans arasında olduqca intellektual, ağıllı və incə bir siyasi mübahisənin şahidi oldum. Belə zəngin təxəyyüllə və mədəni səviyyəyə malik insanların sadəcə siyasətçi olması mənə təəccüblü gəldi. İndi “yeni dalğa” adlandırılan filmlərin elə bir əhəmiyyəti qalmayıb, ancaq o zamanlar biz əmin idik ki, Fransua Trüffo, Jan-Lyuk Qodar, Alen Rene və Lui Mall Cahiers de cinéma (Kinematoqrafiya dəftərləri) jurnalı kinotənqidçiləri ilə birgə kinoda inqilab edəcəklər.
 
Əgər o dövr haqqında ən parlaq və canlı xatirəni məndən soruşsalar, yəqin, mən Andre Malronun çıxışlarını deyərdim. Mənim üçün o, hər zaman böyük yazıçı olub və düşünmüşəm ki, "İnsan taleyi" əsəri XX əsrin şedevrlərindən biridir (ədəbi dairələrdə onu general de Qolla dostluq etməsi səbəbindən lazımınca qiymətləndirmirdilər, bu məsələdə onu solçu ziyalılar bağışlamırdı). O eyni zamanda çox gözəl natiq idi, inanılmaz əhvalatlar uydurmağı bacarırdı. Məsələn, bir dəfə Fransada rəsmi səfərdə olan Peru prezidenti Pradonun da iştirakı etdiyi küçə mərasimi zamanı Malro "tutuquşularını əllərindən buraxmadan And dağlarının qarlarında həlak olmuş ink şahzadələrinin yaşadığı ölkə" haqqında danışmışdı.
 
Latın məhəlləsindəki bir axşam heç yadımdan çıxmır. Məhəllə nasist ölüm düşərgələrindən sağ çıxmaq sarıdan bəxti gətirmiş adamların əllərində tutduğu şamlarla işıqlandırılmışdı. O çıxış edərək Fransa Müqavimət  hərəkatının əfsanəvi qəhrəmanı Jan Mulenin xatirəsini hörmətlə andı, cənazə Panteona köçürdüldü. Yanımda dayanmış jurnalistlər göz yaşlarını saxlaya bilmədilər. Luvrun Kvadrat sarayında Le Korbüzenin dəfn mərasimindəki çıxışı zamanı Malro onun Hindistandan tutmuş Braziliyaya qədər ayrı-ayrı ölkələrdə həyata keçmiş möhtəşəm layihələrindən elə danışdı, elə təriflədi ki, sanki poeziya haqqında söhbət edirdi! O, general Şarl de Qollun prezident postunu tərk etməsi barədə bəyanatından sonra seçki kampaniyasını peyğəmbərcəsinə deyilmiş sözlərlə açmışdı: "Necə qəribə dövrdə yaşayıblar, — gələcəyin tarixçiləri zəmanəmiz barədə deyəcəklər, — sağlar sağlıq, sollar solluq etmirdilər, mərkəzçilər də ortada durmurdular!".
 
O zamanların Parisində özünü yazıçı sənətinə həsr etmiş gənc cibində bir qəpik olmadan, yerli sakinlərin mehribanlığı və qonaqpərvərliyi sayəsində yaşaya bilərdi. Qıcıq, inamsızlıq və ksenofobiya təsiri altındakı müasir Avropada bu, sadəcə qeyri-mümkündür. Parisə köçməyə qərar vermiş minlərlə əcnəbi gənc avantürist sahibkarlar qrupunun və Fransa tələbələri Milli birliyinin hesabına, ən azı, gündə bir dəfə qidalana bilirdilər və başlarını soxacaq bir damları vardı. Bəziləri qəzet satırdı, başqaları mərkəzi bazarda tərəvəz boşaldırdı, üçüncülər əlillərə baxırdılar, gözdən əlillərə kitab oxuyurdular, kütləvi film epizodlarında çəkilirdilər və s. Parisdəki həyatımın ən ağır günlərinin birində bəxtim gətirdi: ispanca fransız xəbərləri oxuyan diktorun səsi batdı,  mənə onu əvəz etməyi təklif etdilər.
 
Parisdə həmişə çoxlu kitab mağazası olub, hərçənd statistika əksini göstərir ki, onlar köhnə bistrolar kimi eyni sürətlə bağlanırlar. Əslində isə, onlar yenə əvvəlki kimi çoxdurlar, ən azından, yaşadığım Sen-Sülpis meydanı ilə Lüksenburq bağı yaxınlığındakı ərazidə, dünən bir saata iyirmidən artıq mağaza saydım. Əlbəttə, onlardan heç biri məndə Sen-Severen küçəsində Fransua Masperonun La Joie de Lire mağazası qədər coşqun xatirələrə səbəb olmur. 1958-ci ilin yayında Parisə gəldiyimdə sonralar bütün həyatımı dəyişmiş "Madam Bovari"nin cildini ordan almışdım. Latın məhəlləsinin düz ürəyində yerləşən bu kitab dükanında mədəni və siyasi həyata aid ən axırıncı kitablar satılırdı. O ən müasir, eyni zamanda inqilabi bir yer idi, üçüncü dünya ölkələrinin problemlərinə laqeyd deyildi. Bu səbəbdən GST (Gizli silahlı təşkilat) faşistləri mağazaya bomba yerləşdirmişdilər. Bir günü heç vaxt unutmayacağam. Çox-çox illər sonra yenidən Parisə gələn kimi, birinci, La Joie de Lire dükanına qaçdım, ancaq onun yerində turizm agentliyini gördüm. Bəlkə də, məhz onda ilk dəfə hiss etdim ki, mənim gəncliyimin möhtəşəm vaxtları keçib. Mənə bu gözəl kitab dükanının oğurluq səbəbindən bağlandığını dedilər. Maspero deyirdi, cinayətkarlarını polisə verməyərək, o ümid edirdi ki, bəlkə buna görə onlar bu hərəkətlərini tərgidərlər. Ancaq oğurluq halları səngimirdi və axırda, dükan iflas oldu. Bu, Parisin müasirləşməyə başlamasının aşkar göstəricisi idi.
 
Hərçənd heç də hər şey dəyişilməyib. Əllinci-altmışıncı illərin Parisi haqqında mənim xatirələrimi tərpədən nəsə qalır. Bu, Notr-Damdır. Parisdə yaşadığım zaman idi, qızğın müzakirələrdən sonra o zamankı Fransa mədəniyyət naziri Malronun qədim mədəniyyət abidələrini "təmizləmək” ehtiyacı ideyasına "yaşıl işıq" yandırılmışdı. Uzun əsrlər boyu divarlarını örtən çirkdən təmizlənmiş bu kilsə günəşdə parıldayaraq mükəmməl, dumanda gizlənərək sirli, gecənin zülmətində öz dərinliyini açaraq əbədi və sanki sübh çağı Senanın sularında yuyulmuş kimi təravətlənmiş, yenilənmişdi. Özümü əzgin hiss edəndə, işimə davam edə bilmədiyimi görəndə, itirdiyim entuziazmı bərpa etmək tələbatı yarananda Notr-Damın ətrafında gəzişməyi sevərdim. Notr-Dam heç vaxt məni pis vəziyyətdə qoymurdu və bu vasitə indi də dadıma çatır. Paris Məryəm ana kilsəsini içəridən və bayırdan, qarşıdan, arxadan, müxtəlif tərəflərdən seyr etmək adamı ruhlandırır, əhval-ruhiyyəni qaldırır, insanlara və kitablara sevgi təlqin edir, işləmək arzusuna səbəb olur və yada salır ki, heç nəyə baxmayaraq, Paris elə Parisdir.
 
Ruscadan tərcümə: Elçin Mann
 
Kultura.az
 
Yuxarı