Nə qədər də səhv mülahizə idi, deyilmi? Məsələ ondadır ki, NYT həmin illərdə vəziyyətə öz çərçivəsindən baxırdı. O çərçivə isə radionun hegemonluğu sərhədlərində qurulmuşdur. Heç kim təsəvvür etməzdi ki, radio vərdişləri inkar edilə.
Britannica ensiklopediyasını idarə edənlər heç wikipediyanı ağıllarına belə gətirmirdilər. Niyə? Axı məhz onlar bu sahədə ən öndə gedənlərdən idi. Niyə Wikipedia başqaları tərəfindən kəşf olundu? Çünki Britannica heyəti gündəlik rutinlərdən dönməyi təsəvvür etmirdilər. Onlarda “organizational blindness” yaranmışdır. Yəni gündəlik elədiklərindən başqa heç nəyi görməmək.
Sims amerikan dəniz hərbi donanmasında atəşin dəqiqliyində inqilabi bir yenilikdən paytaxta yazanda ona bu cavabı vermişdilər: ABŞ dəniz donanması müasirdir və yeniliklərə cavab verir. Paytaxtda olanlar vəziyyəti Simsin gözü ilə görmürdülər və öz çərçivələrindən baxırdılar.
Vərdişlər.
Onlar bizim bütün həyatımızı təşkil edir, deyilmi? Əgər sizə ac olduğunuz vaxtda dadını bildiyiniz “X” və dadını bilmədiyiniz “Y” yeməklərini təklif etsələr siz hansını seçərsiz? 95% insanlar artıq dadını bildiyi – X yeməyi seçəcək. Əlbəttə, rasional seçimdir. Ən azından X yeməyin yeməli olduğuna əminsiz. Sizə minimum lazımdır – doymaq, sağ qalmaq. Y – bəlkə də daha da dadlıdır, amma bu sizi indi çətin ki, maraqlandırsın.
Həyatda ən çətin məsələ gündəlik vərdişdən çıxmaqdır. Həm siyasi, həm də individual mənada. 20-ci əsrin sonlarında yaranmış minlərlə inqilabi yeniliklər həmin əsrin əvvəlində dəfələrlə vərdişlərə uyğun olmadığına görə və ya rutinin insanlarçün ən əlverişli olduğunu düşündüklərinə görə inkar edilmişdir.
Elektrik enerjisi ilə çalışan avtomobillər 20-ci əsrin əvvəlində də kəşf olunmuşdur. Ancaq həmin dövrdə beynəlxalq standartlara görə daxili yanma mühərriki daha asan hazırlandığına görə elektrik mühərriki onunla rəqabətə dözməmişdir və bazardan çıxmışdır.
Standartlar. Bu ifadə iqtisadiyyatda “vərdişlərin” elmi üsul ilə adlandırılmasıdır. Bütün bu ISO 900-910 və s. Sizcə niyə şirkətlər məhz bu standartlara uyğun əmtəə istehsal etməyi özlərinə məqsəd qoyurlar və bunu böyük hərflərlə öz əmtəələrində qeyd edirlər?
Səbəb sadədir. Yerdə qalan şirkətlər artıq bu standartlara uyğun olaraq öz avadanlıqlarını qurub (özlərində vərdiş yaradıblar) və sizin bu standartdan kənara çıxan məhsulunuz olarsa, həmin məhsul çox guman digər şirkətlərin avadanlıqlarına uyğun gəlmədiyinə görə inkar olunacaq.
Əgər sizin nominal gəliriniz varsa siz çətin ki daha da böyük risklərə gedəcəksiz. İnsanlar itkiyə qarşı daha həssasdır nəinki qazanca qarşı (bu cümləyə görə Nobel mükafatı alıblar). Yəni 50% şansla oynayıb sizin 1000 manat itirməyinizin ağrısı 50% şansla 1100 manat qazanmağınızın zövqündən daha ağrılıdır. Başqa sözlə, heç kim 1000 manatı olarkən 50% şansla ya bütün pullarını itirməyi ya da 2100 manata qədər gəlirini qaldırmağa risk etməyəcək. 1000 manatında qalacaq.
Əgər sizi bir diktator idarə edirsə, fəqət sizə çörək verirsə siz bununla barışacaqsız. Dəyişiklikçün inqilab etməyəcəksiz. Dəyişiklik həmişə qorxuludur çünki qeyri müəyyənliklə doludur. İnsanlar qaranlıqdan da elə qeyri müəyyənliyə görə qorxur.
Əgər siz bir şeyi almağa vərdiş etmisizsə, bundan sonra da onu alacaqsız. Marketoloqlar da bəzən əmtəələri sizə buna görə havayı verir ki, onlara öyrəşəsiz sonra da gəlib onlardan bunu pul ilə alasız. Çünki 95% insan vərdişinə tabedir.
"Habbits and frames" – “Vərdişlər və çərçivələr” davranış iqtisadiyyatında çox önəmli mövzudur.
Bütün inkişaf və irəliyə doğru addımlar vərdişlərdən və çərçivələrdən kənara çıxmaqda doğur. Həyatınızda dəyişiklik olmursa, vərdişlərinizi dəyişdirin, çərçivlərinizdən kənara çıxın, özünüzdə inqilab edin.
Farhan Huseynli
Kultura.az