post-title

Herbert Uels: Oğurlanmış basil

- Bax budur, - bakterioloq şüşə lövhəciyi mikroskop altına yerləşdirərək dilləndi, - məşhur xolera basilinin, daha doğrusu xolera mikrobunun preparatı. Solğun bənizli adam mikroskopun gözlüyündən içəri baxdı, - dərhal anlaşılırdı ki, onun bu cür cihazlardan başı çıxmır – eyni zamanda ağappaq əli ilə sol gözünün üstünü örtdü.

 
 
- Axı, heç nə görmürəm, - o mızıldandı.
- Bax o vinti fırladın, - bakterioloq dilləndi, - bəlkə, təsvir gözünüzün fokusuna uymur, axı hər kəsin gözü fərqlidir. Bir azca bu yana burun, sonra da o biri yana.
- Aha, indi gördüm, - o dilləndi, - belə baxanda görməli elə bir şey də yoxdur. Çəhrayı zolaqlar və ləkələrdir. Di gəl ki, bu kiçicik, əhəmiyyətsiz mikroblar çoxalıb böyük bir şəhərin camaatını qıra bilir. Qəribədir!
O ayağa durdu, mikroskop altındakı lövhəciyi götürüb, işığa tutdu, diqqətlə süzdü.
- Nə qədər baxırsan bax, gözə görünmürlər, - o preparata baxıb dedi və bir müddət susaraq əlavə etdi: Bunlar canlı basillərdir? Təhlükəli deyillər?
- Xeyr, onlar öldürülüb, rəngləniblər, - bakterioloq cavab verdi. – Gün o gün olsun yer üzündəki bütün basillərin kökünü beləcə kəsək. 
- Məncə, - solğun bənizli adam yüngülcə təbəssümlə sözə başladı, -  yəqin, siz də üzərinizdə  belə bir varlığı, canlı-canlı gəzdirmək istəməzsiniz.
- Əksinə, biz bu varlıqları mütləq canlı-canlı saxlamalıyıq, - bakterioloq etirazını bildirdi. – Bax məsəlçün... – O otağın o başına keçib, möhürlənmiş sınaq şüşələrindən birini əlinə aldı. – bu var ha, - canlı basildir. Bunu özümüz əkmişik... – Onun dili topuq vurdu. – Belə deyək, şüşəyə həbs edilmiş xolera.
Bir anlığa, qonağın solğun bənizi məmnunluq hissindən işıqlanıb, gülümsündü.   
- Əlinizdə ölümcül silahınız var ki, - o gözünü sınaq şüşəsinə dikib dilləndi. 
 
Bakterioloq qonağının üzündə şübhəli bir sevinc sezdi. Bu adam bir az əvvəl bakterioloqun köhnə dostunun tövsiyyə məktubu ilə yanına gəlib, onda maraq oyada bilib. Bakterioloq dərhal anladı ki, onlar yerlə göy qədər fərqli insanlardır. Düz, qara saçlar, çuxura düşmüş boz rəngə çalan gözlər, sısqa sifət və əsəbi hərəkətlər, basillərə kəskin, ehtiras dolu bir maraq – bütün bu cəhətləriylə o bakterioloqun söhbət etməyə öyrəşdiyi süst, diqqətsiz, fikirli alimlərə heç bənzəmirdi. Açıq-açığına bütün istəyi bakteriyanın nə qədər ölümcül ola biləcəyini bilmək olan həmsöhbət üçün, bunu işdə göstərməkdən yaxşı nə ola bilər.
Bakterioloq bir qədər fikrə gedərək, sınaq şüşəsini əlinə aldı.
 
- Hə, - o dedi, - bu, barmaqlıqlar arasına salınmış xoleradır. Belə bir sınaq şüşəsini şəhər su kəmərinin mənbəyində qırın, bu kiçicik, canlı varlıqlara əmr verin, - elə kiçikdilər ki, onları ancaq ən güclü mikroskoplar altında, özü də rəngləyərək görmək mümkündür, nə qoxuları var, nə dadları, - onlara əmr edin: “İrəli! Böyüyün, artın sisternlərə doluşun!” – bax onda ölüm, sirli və fərq olunmayan ölüm, qəfil və dəhşətli ölüm, əzablı və eybəcər ölüm şəhəri viran qoyacaq, qapı-qapı gəzib öz qurbanlarını axtaracaq. Bir yerdə ərindən arvadını qopardacaq, başqa yerdə anadan uşağını, dövlət xadimlərini vəzifəsindən, zəhmətkeşləri qayğılarından məhrum edəcək. O su kəmərləri ilə irəliləyib, bütün küçələrə yayılacaq, gah bu evə, gah o evə soxulub qaynanmamış su içənləri ölümlə cəzalandıracaq. O mineral su istehsal edən fabriklərin çənlərində özünə yer edəcək, xiyar, pomidoru yuyanda onların üstünə yapışacaq və dondurmaların içində gizlənəcək. O heyvanların yem qabında oturub, yemlə birlikdə udulmağı gözləyəcək, səhlənkar uşaqların küçə fontanlarından su içməsi üçün keşik çəkəcək. Təkcə bu basili su kəmərinə buraxın və biz onu tutub zərərsizləşdirənə kimi, o bütün paytaxtı məhv edəcək!
 
Bakterioloq qəflətən susdu. Hələlik kimsə ondakı natiqlik qabiliyyətini kəşf etməmidi.
 
- Ancaq, gördüyünüz kimi, burda o tamam təhlükəsiz vəziyyətdədir. Solğun bənizli adam başını tərpətdi. Gözləri parıldadı. Öskürdü.
 - O əclaf anarxistlər – axmaqlar, - o dilləndi, kor axmaqlar: belə silah olan yerdə, durub bomba atırlar! Mənə elə gəlir...
Qapı yüngülcə tıqqıldadı, bu səs tıqqıltıdan daha çox cırmaq səsinə bəznəyirdi. Bakterioloq qapını açdı. 
- Bir dəqiqəlik səni olarmı, əzizim, - arvadı pıçıldadı. O laboratoriyaya qayıdanda qonaq saatına baxırdı.
- Heç ağlıma da gəlməzdi ki, bir saatınızı alaram, - solğun bənizli adam dedi, - indi dördə iyirmi dəqiqə qalıb, mənsə üçün yarısı getməliydim. Ancaq göstərdikləriniz elə maraqlı idi ki... Yox ey, qalxmalıyam, heç bir dəqiqə də artıq qala bilmərəm, saat dörddə mühüm görüşüm var!
 
O, gülümsünüb, minnətdarlığını bildirərək, otaqdan çıxdı. Bakterioloq onu qapıya qədər ötürdü, sonra fikirli halda dəhlizlə addımlayaraq laboratoriyaya qayıtdı. O qonağının milliyyətini təxmin etməyə çalışdı. Yüzdə yüz alman deyildi, heç latın xalqlarına da bənzəmirdi. Onda patoloji nə isə var, - bakterioloq öz-özünə düşündü, - ilahi ölüm saçan bu mikrob dolu qablara necə də gözünü zilləmişdi! Qəflətən onu həyəcanlı fikirlər bürüdü. O buxar vannasının yanındakı skamyaya doğru əyildi, sonra cəld yazı masasına doğru yüyürdü və tələsik ciblərini eşələdi, sonra özünü qapıdan bayıra atdı.
 
- Bəlkə mən onu, qabaq otaqdakı stolun üstündə unutmuşam, - deyə mırıldandı. 
- Minni! – o xırıltılı səslə qabaq otaqdan qışqırdı.
- Hə, əzizim? – arxa otaqdan səs gəldi.
- Əzizim bayaq səninlə danışansa, əlimdə nə isə var idi?
Fasilə
- Yox, əzizim, heç nə yox idi, dəqiq yadımdadır...
- Göy basil itib! – bakterioloq qışqırdı. O tələsik çevrilib qapıya doğru qaçdı, pillələri iki bir, üç bir düşüb özünü küçəyə atdı..
 
Qapının çırpılmasını eşidən Minni həyəcan içində pəncərəyə qaçdı. O küçədə arıq bir adamın biratlı faytona əyləşdiyini gördü. Bakterioloq şlyapasız, tərlikdə faytonun arxasınca hirslə əl-qol atır, yüyürürdü. Qaçaqovda tərliyinin bir tayı ayağından çıxsa da, vaxtı itirməmək üçün əyilib götürmədi.
 
- Dəli olubsan nədir! – Minni qışqırdı. – Gör bu əclaf elm adamı nə günə salır!
 
 Minni pəncərəni açıb ərini səsləmək istədi. Arıq adam qəflətən ətrafına boylandı, görünür o da bakterioloqun ağlını itirdiyini düşündü. O tələsik bakterioloqu faytonçuya nişan verib nəsə dedi. Paytonçu atın dəridən hazırlanmış yüyənini dartıb fit çaldı, qamçısını havada yellədib, körpücüyə vurdu və elə o anda fayton və onun arxasınca düşmüş bakterioloq döngədən burulub bir anın içində gözdən itdilər.
Minni bir müddət pəncərədə donub qaldı, sonra isə otağa qayıtdı. Bir az əvvəl keçirdiyi sarsıntıdan rahatlıq tapa bilmirdi.
“Əlbəttə, ərim də normal adam deyil, - o düşündü, - amma yenə də qışın oğlan çağında Londonun küçələrində ayaqyalın, başıaçıq qaçmağın adı yoxdur!...” Birdən ağlından nəsə xoş bir fikir keçdi. Tələsik şlyapasını geyinib, ərinin başmaqlarını da qoltuğuna vurdu, asılqandan onun paltosunu, şlyapasını qapıb özünü küçəyə saldı. Xoşbəxtlikdən elə qapının önündəncə asta sürətlə bir fayton keçirdi və o faytona əl elədi.
 
- Məni bu küçə boyu aparıb, Heyvlok-kresentdən dönərsiniz və məxməri pencəkli, şlyapasız centlmenin arxasınca çatdırarsınız.
- Deməli məxməri pencəkli və şlayapasız centlmenin arxasınca? Baş üstə mem!
 
Faytonçu atları elə bir səriştə və özünə əminliklə mahmızladı ki, deyərsən o hər allahın günü həmin ünvana gedib gəlir.
Bir neçə dəqiqə sonra Haverstok-hilldə çoxlu faytonçunun və sərsərinin toplaşdığı dayanacaqdakılar, faytona qoşulmuş ala atın qan-tər içində çaparaq getdiyinə ağzıaçıq tamaşa etdilər.
 
Fayton gözdən itənə qədər hər kəs səssizcə, heyrət içində ona tamaşa etdi, sonra isə Qoca Çərənçi ləqəbli dolu centlmen sükutu pozub dilləndi:
 
- Bu Harri Hiksdir ki. Görəsən, nə qalmaqaldır?
- Gör hələ qamçıyla necə işləyir, bircə zərbəsi də boşuna çıxmır, - mehtər uşaq əlavə etdi.
- Hələ buna bax, Tommi Bayls qışqırdı, - daha bir dəli gəlir, Tanrı bunlara ağıl versin, elə bil o birini təqib edir nədir!
- Bu da bizim Corcdur, - Qoca Çərənçi araya girdi, - düz deyirsən o da hansısa dəlini aparır, faytondan salmasa yaxşıdır! Belə çıxır, Harri Hiksi qovalayır?
 
Qısa müddətdə ətrafdakılar fayton dayanacağına yığışmağa başladılar. Hamı bir ağızdan qışqırışırdı: “İrəli Corc! İrəli”, “Bax belə çaparlar!”, “Onu haqla Corc!”, “Qovala, qovala!” 
 
- Uf, ovcumun içi qaşınır! – mehtər oğlan dilləndi.
- Baxmaqdan gözüm qaraldı ki, - Qoca Çərənçi dedi, - belə getsə özüm arxalarınca çapacam! Baxın, biri də gəldi! Bu gün Hempstedin bütün faytonçuları ağlını itirib ki!
- Bu dəfəki, arvaddır! – mehtər oğlan dedi.
- Onları qovalayır də, - Qoca Çərənçi əlavə etdi, - adətən əksinə olur, qadın kişinin yox, kişi qadının arxasınca çapır. 
- Əlində tutduğu nədir elə?
- Deyəsən şlyapadır.
- Gör nə qalmaqaldır! Corcun xeyirinə bəhsə girirəm, üçün birə mislinə, - mehtər oğlan təklif etdi, - qoşulan var? 
 
Minni sürətlə ötüb keçdi. Onu alqışlar müşayət etdi. Bu bir az əhvalını korlasa da, amma neyləməli, bu onun qadınlıq borcuydu deyə düşündü. Minninin faytonu Haverstok-hill və Kemdentaun-Hay-stritlə irəliləyir, ərini ondan qaçıran qoca Corcdan gözünü çəkmirdi. 
 
Birinci faytondakı adam faytonun bir küncündə gizlənib, əllərini köksündə düyünləyərək qüvvətli ölüm məhlulunu ovcuna sıxıb durmuşdu. Qarışıq hisslər onu ağuşuna almışdı, bir yandan qorxur, bir yandan fərəhlənirdi. O ən çox məqsədini gerçəkləşdirmədən tutulmaqdan qorxurdu, ancaq ürəyinin dərinliklərində şübhəli hisslər onu boğurdu, dəhşətli cinayəti bənd və bənd yerinə yetirə bilməksə onu daha çox qorxudurdu. Hər necə olsa da sevinc qorxunu üstələyirdi. Onun planlaşdırdığı şeylər hələ heç bir anarxistin ağlına gəlməmişdi. Onun bu cinayəti qarşısında Ravaşolun, Vayanın və həsədini çəkdiyi bütün tanınmış anarxistlərin matı-mutu quruyardı. Bircə özünü şəhər su təminatı stansiyasına çatdırıb, nəhəng su çənlərinin üstündə məhlulu dolu sınaq şüşəsini sındırmaq lazım idi. Bura qədər hər şey dahiyanə bir ağılla hazırlanmışdı. O saxta tövsiyyə məktubu yazmış, laboratoriyaya soxulmuş və vəziyyətdən istifadə edib sınaq şüşəsini çırpışdırmışdı! Axır ki, dünya onu tanıyacaq! Axır ki, onu saya salmayan, incidən cəmiyyət onunla hesablaşmalı olacaq. Ölüm, Ölüm, Ölüm! Gözdən salınmış bir insan kimi nə qədər təhqirlərə dözmüşdü. Sanki, bütün dünya onun arzularını baltalamağa çalışırdı! İndi o insanı saya salmamağın nə demək olduğunu göstərəcək! Deyəsən, bu küçə ona tanış idi. Hə, əlbəttə, bu Sent-Endryu küçəsidir. Bəs onun təqibçiləri hardaydı? O faytondan ətrafa boylandı, bakterioloqla arasında əlli yarddan çox məsafə olduğunu gördü. Bu pisdir! Bakterioloq ona yetişib saxlaya bilərdi. O cibindən pul çıxardıb, faytonun tavanındakı balaca pəncərəyə qalxdı, pulu faytonçuya uzatdı.
 
- Yenə verəcəm, - qışqırdı, - bircə məni aradan çıxart! Faytonçu pulu havadaca qapdı.
- Yaxşı! – faytonçu dedi.
 
Fayonun pəncərəsi bağlanan kimi, atın bərq vuran yanına bir qamçı ilişdi. Fayton təkanla havaya qalxıb yerə düşdü və anarxist hələ yerini rahatlamamış, yıxılmamaq üçün sınaq şüşəsini tutduğu əliylə faytonun divarından yapışdı. O sınaq şüşəsinin ovcunda qırıldığını hiss etdi. Şüşənin yarısı qırılıb faytonun döşəməsinə tökülmüşdü. O söyüş söyüb özünü oturacağa yıxdı və hirslə faytonun divarına tökülmüş məhlul damlalarına baxdı.
Anarxisti titrəmə tutdu.
 
- Neylək, yəqin birinci özüm olmalıyammış. Ah, heç olmasa o dünyaya şəhid kimi gedəcəm. Bu özü də az şey deyil! Amma yaman dəhşətli ölüm olacaq ha. Görəsən, deyildiyi qədər incidirmi adamı?
 
Elə bu dəmdə onun ağlına bir fikir gəldi. O ayağının altındakı qırılmış sınaq şüşəsini axtardı, götürdü, sədaqət naminə dibində qalan məhlulu başına çəkdi. Heç olmasa bunu etməliydi, o daha bir uğursuzluqla üzləşmək istəmirdi!
 
Sonra o bakterioloqdan qaçmağın bir mənası qalmadığına qərar verdi. Vellinqton-stritdə faytonçuya işarə edib faytondan düşdü. Dizlərinin titrədiyini, başının yüngülcə gicəlləndiyini hiss etdi. Bu xolera zəhəri ani təsir edir! O faytonçuyla əbədi vidalaşırmış kimi, ona əl elədi və qollarını köksündə çarpazlayıb səkidə əzəmətli bir heykəl kimi dayandı, bekterioloqun gəlib ona yaxınlaşmasını gözlədi. Onun duruşundan faciəvilik qarışıq əzəmət vardı. Ölümün bir addımlığında dayandığını bilmək onun əndamına ləyaqət qatırdı. O acı təbəssümlə bakterioloqu salamladı:
 
-  Vive l'Anarchie (Anarxiyaya eşq olsun! frn.)! Gecikibsiniz dostum! Sizin məhlulunuzu içdim. Xolera artıq iş başındadır.
Bakterioloq faytondan düşmədən xoş bir maraqla soruşdu:
- İçibsiniz? Anarxist? İndi aydındır!
 
O nə isə əlavə etmək istədi, ancaq özünü saxladı. Üzünə gizli bir təbəssüm qonmuşdu. Bakterioloq faytondan düşürmüş kimi irəliyə doğu yürüdü, bu dəmdə anarxist dramatik bir hərəkətlə əlini qaldırıb vidalaşdı və bakteriyaya yoluxmuş bədənini mümkün qədər çox adama sürtmək üçün Vaterloo körpüsünə sarı addımladı. Minni əlində şlyapa, palto və çəkmə ilə təngnəfəs halda səkiyə çıxanda bakterioloq etinasız baxışlarını anarxistin qarasınca zilləmişdi.
 
- Paltarlarımı gətirdiyinə sevindim, - o dalğın halda dilləndi, onun fikri hələ də uzaqlaşmaqda olan anarxistin kölgəsində idi.
- Otur yanımda, - o başını çevirmədən arvadını səslədi.
 
Minni indi ərinin ağlını itirdiyinə tam əmin oldu və faytonçuya onları evlərinə qaytarmağı işarə etdi.
 
- Nə? Çəkmələrimi geyinim? Əlbəttə, əzizim, geyinərəm, - bakterioloq dilləndi. 
Birdən nə isə bakterioloqu gülüşə qərq etdi, o qəşş edib gülərək dedi:
- Necə olsa bu ciddi işdir. Başa düşürsən, bu gün, bu adam yanıma gəlib, sən demə anarxist imiş, sən canın həyəcanlanma, yoxsa ardını danışa bilməyəcəm. Hardan bilim ki, o anarxistdir? Onu təəccübləndirmək istəyirdim və bu yeni basil kulturasını ona göstərdim. Yadına gəlir sənə onun haqqında danışmışdım? Bu cürbəcür meymun növlərinin dərisində göy ləkələr yaradan zərərsiz bir bakteriyadır. Bir az əylənmək üçün ona bunun Asiya qarın yatalağı basili olduğunu dedim. O isə buna inansın, dursun basili oğurlasın ki, Londonun su şəbəkəsini zəhərləyib, bizim sivil şəhərimizdə bədbəxtliklər törədəcək. Bayaqsa gözümün qabağın basil dolu sınaq şüşəsini götürüb başına çəkdi. Əlbəttə, onun başına nə gələcəyini əvvəlcədən deyə bilmərəm, amma yəqin pişiyimizin və üç küçüyümüzün o basilin təsirindən göy ləkələrlə örtüldüyünü, sərçəmizin isə parlaq-mavi rəngə boyandığını xatırlayırsan. İndi gərək təzədən pul töküb həmin basil preparatından hazırlayım.
 
- Nə? Paltomu geyinim? Belə istidə! Nəyə görə? Missis Cebberlə qarşılaşa bilərik? Amma, əzizim, missis Cebber ki, soyuq hava cərəyanı deyil. Bu istidə missis üçün palto geyinəsi deyiləm... Ah... yaxşı, yaxşı!
 
1894
 
Çevirdi: Namiq Hüseynli
 
Kultura.az
Yuxarı