post-title

Viktoriya Tokareva: Öz həqiqətin

"Marina hakimlik etmək istəyirdi. Bu yolla o, alçalmış uşaqlıq kompleksinə qalib gəlirdi. Tələbəlik illərində onun bircə donu var idi. Axşam yuyurdu, səhər ütüləyirdi. Bircə donu olmasına baxmayaraq, politexnik institutundan Volodka Sidorov ona vurulmuşdu. Onlar rəqs meydançasında tanış olmuşdular."

 
 
(povest)
 
Marina
 
 
Onun həyatı həm sadə, həm də mürəkkəb idi. Hər insanda olduğu kimi.
Marina İvanovna Qusko, sadə rus ailəsində, Bakı şəhərində doğulubdur. Bakı — keçmiş  sovetlər zamanı sülh və qardaşlıq içində bütün xalqları birləşdirən beynəlmiləl bir şəhər idi.
 
Həyat həyətlərdə keçirdi.
 
Balaca Marina qonşu uşaqlar — Xaçik, Solomonçik, Polad və David ilə oynayardı. Nahar vaxtı gələrdi, pəncərələrdən analar, nənələr uşaqlarını çağırardı, hərəsi öz ləhçəsində. Hər şey də adət edildiyitək idi. Başqa cür ola da bilməzdi.
Marina dənizə sarı qaçıb oğlanlarla neft buruğuna, onun lap yuxarısına qalxmağı xoşlayardı. Bu, təhlükəli idi. Uşaqlar ordan aşağı, ölümün qucağına yıxıla bilərdilər. Onlar bu təhlükəni dərk eləmirdilər. Uşaq idilər.
 
Valideynləri Marinayla məşğul olmurdular. O, öz gününü özü qurar, özü də onu doldurardı. Doyunca oynayıb-qaçandan sonra evə qayıdıb ölü kimi yatardı. Ayaqları da kirli-paslı. Lakin uşaqlıq dövrü idi, həyatın başlanğıcı, onun ən kövrək şəfəqlənmə çağı idi. Marina daima qışqırıb-bağıran anasını, daima dalaşan qardaşını sevərdi. Axı sevəndə nəyəsə görə sevməzlər. Sadəcə sevərlər, vəssalam.
 
Marina dərslərindən “üç”, “dörd”, nəğmə dərsindən “beş” qiymətlər alardı. Onun güclü, təmiz səslə yaxşı oxumağı var idi. Onu həmişə məktəb xorunda solist qoyardılar. O, xorun önündə dayanıb mahnını başlayardı. Nəqarətdə isə xor qoşulardı. Hamıdan öndə  fərdi oxumaq bir xoşbəxlik idi.
Marina məktəbi bitirib pedaqoji instituta girdi. Müəllim olmaq həmişə yaxşıdır. Şərəfli və qarın doyuran işdir.
Azərbaycanlı valideynlərin müəllimlərə zəmbillərlə ərzaq gətirdiklərini Marina öz gözləriylə görmüşdü: ev toyuqları, meyvə, göyərti. Əvəzində müəllimlər lazımi qiymətlər qoyurdular. Dərin biliklər şərq qızlarının nəyinə gərəkdir? Məktəbdən sonra ərə gedəcək, uşaq doğacaqlar. Riyaziyyat yalnız bazarda pul saymaq üçün lazım olacaqdır. Rus dili isə bəlkə qətiyyən gərək olmayacaq.
 
Valideyn və şagirdlərin yaltaq sifətlərini Marina unutmamışdı. Qorxu və itaətdə saxlamaq onun ürəyincə idi. Bütün ölkəni Stalin saxladığı kimi, ancaq daha kiçik miqyasda.
 
Marina hakimlik etmək istəyirdi. Bu yolla o, alçalmış uşaqlıq kompleksinə qalib gəlirdi.
Tələbəlik illərində onun bircə donu var idi. Axşam yuyurdu, səhər ütüləyirdi. Bircə donu olmasına baxmayaraq, politexnik institutundan Volodka Sidorov ona vurulmuşdu. Onlar rəqs meydançasında tanış olmuşdular.
 
Volodka, Marinanı dəvət etməkdən öncə öz dostu Borisi bu qızın yanına göndərmişdi ki, soruşsun: onunla rəqs etməyə gedər ya yox.
Boris, uzunboylu yaraşıqlı oğlan, Marinaya yaxınlaşanda qızın ürəyi bərk-bərk döyünməyə başladı. Qız oğlanın qucağına yıxılmağa hazır idi. Amma məlum oldu ki, Boris sadəcə soruşmağa gəlibmiş ki, onun dostuyla  rəqs etməyə gedərmi?
Məyyus halda Marina, “Bəs onun özü hanı?” —  soruşur.  
 
Qısaboylu, yengəc kimi enlikürək Volodka yaxınlaşır. Əlbəttə, Borisə çatmazdı. Ancaq çirkin də demək olmazdı. Özü də yaxınlaşa bilərdi.
Sabahısı kinoya gedirlər. Qaranlıqda Volodka qızın əlindən tutdu. Marina tualetə getmək istəyirdi, seansın ortasında çıxmaq isə yaxşı deyildi. O, əziyyət çəkir, bir təhər dözür, Volodkanın mehribanlığı da lazımi qədər təsir etmirdi.
 
Seansdan sonra parka yollandılar. Volodka Marinanı ağaca söykəyir, qızın incə belindən tutub öz dodaqlarını onun dodaqlarına toxundurmağa başlayır.
Müasir qız rahatca xahiş edərdi: beş metr qabağa keç, üzünü də oyana çevir. On saniyədən sonra da həyat tamam başqa rənglərə boyanardı. Lakin əllinci illərin qızları başqa idi. Oğlanlar bilməməlidir ki, gənc qızlarda sidik yığılır. Ayıbdır. Qızlar — çiçək içində doğulmuş Düyməciklərdir sadəcə.
Qısası, Volodka öpdüyü an Marina tumanına işəyir. Qaranlıq idi, heçnə görünmürdü, yalnız su şırıltısı eşidilirdi.
Volodka qısa boynunu ora-bura döndərib soruşdu:
 
— O nədir?
Marina da, qulaq verirmiş kimi, başını ora-bura döndərib soruşdu:
— Hardadır?
Sonra qız, Volodkanı o ağacdan uzaqlaşdırır, başqa ağacın yanında büsbütün öpüşdə iştirak edir, istəkdən inləyir, başqa əhval-ruhiyyə ilə öpüşür. Oğlanın beldən aşağıya sürüşən əllərini ancaq dayandırırdı.
 
Axşam donu yenə yumaq lazım idi. O vaxt Volodka heçnə hiss etməmişdi. Hiss etsəydi də, asanlıqla bağışlayardı. Marinanı, onun hərarətini, onun ətrini və sirli çığırlarını öyrənməyə heçnə mane ola bilməzdi. Oğlan, qızı daha da dərindən, daha da uzun müddət öyrənmək istəyirdi. Hər zaman.
Onlar evləndilər.
 
Anası qonşulara danışardı: nə vaxt gəlsən — yatırlar. Həqiqət idi.
 
Doqquz aydan sonra onların uşağı oldu. Leninin uşaqlıq çağlarına bənzəyən  açıq rəngli qıvrım saçlı yaxşı bir oğlan uşağı dünyaya gəldi.
Marinanın imtahanları, sessiyası başlamışdı, uşaq bağçaya gedirdi. Evə aparmağa gələndə, uşağı boğazına kimi yaş, soyuqlamış, yarıac görürdü. Adamın başı gicəllənirdi: bilmirsən hansı işdən yapışasan: kirli bələkləri yuyasan, yoxsa konspektləri oxuyasan. Baxışı güzgüyə sataşanda, Marina boz sifətini, altı göyərmiş gözlərini görürdü. Könlündən ancaq yatmaq, heçnəyi düşünməmək, letarqiya yuxusuna dalmaq keçirdi. Volodka kömək etmirdi, onun ağlında bircə şey var idi. Marina əlacsız qoyun kimi tabe olurdu, ancaq sevişəndə də hardan pul tapacağını, sabaha nə bişirəcəyini, imtahanı necə verəcəyini düşünürdü.
Analıq, adət üzrə, xoşbəxtlik sayılır. Xoşbəxtlik — pul, köməkçilər olandadır. Hər şey olanda, uşaq da hər şeyə əlavə olandadır.
Əzab-əziyyətdən başqa heçnə yoxdursa, artlq sən insan yox, yağış altında islanan atsan.
 
 
On il keçdi.
 
İnstitutdan sonra Volodka zavodda kiçik başçı vəzifəsində çalışırdı. Səs-küy, gurultu, sərxoş fəhlələr. Naharadək, yəni saat on ikiyədək oyaq olurdular. On ikidən sonra isə müqəddəs iş başlayırdı. Volodka da onlarla birlikdə. Ancaq öz qədərini bilirdi. Hörmət sahibi idi.
 
Volodka işini xoşlayırdı. Ümumiyyətlə, o, işləməyi sevirdi. Ona iş gedişatının içində olmanın özü maraqlı idi. Yekun məqsəd müəyyənləşdirilmişdi, hər bir gün də məqsədə doğru irəliləyiş idi.
 
Ev isə darıxdırıcı idi. Marina daima nədənsə narazıydı, ona daima pul azlıq edirdi. Oğlu həmişə nəsə tələb edirdi: gah belində gəzdirməli, gah dərs öyrətməli, gah gizlənpaç oynamalı idi. Volodka isə yorğun olurdu. Nə gizlənpaç?.. Onun istədiyi – uzanıb yatmaq idi.
 
O, elə də edirdi. Qazeti sifətinə qoyub yuxuya dalırdı.
 
Balıq qarmağı dartan təki, Marina da gəlib onu suallarla dartırdı. Volodka  yuxuya  dalmasından oyanıb güc-bəlayla gözlərini açırdı. O, dövlətin verdiyi maaşdan atrıq evə gətirə bilmir, vəssalam. Qonaq gedə bilmir, çünki orda darıxır. Onun bacardığı şey — işləmək və yatmaqdır. Bəli. Orqanizmi belədir.
Zaman keçdikcə təzadlar soğulmur, daha da dərinləşirdi. Etiraz əlaməti olaraq Marina öz qadınlıq borcundan boyun qaçırır, ərini həyat qədər vacib olandan məhrum edirdi. Bu vəziyyət, Volodkanın özünə yeni sevgili — erməni qadın — tapmasıyla bitdi. Marinaya xəbər verdilər: o qadının qıçları tüklüdür. Əvvəllər ər, evə gəlir, yeyib yatırdı. İndi isə gəlir, yeyib gedirdi. Erməni qadının evində yatırdı.
Dalaşmağa yeni mövzu tapılmışdı. Öncələr iki mövzu idi, indi üç olmuşdur.
Marina xəyanətkar ərini evdən qovmaq istəyir, anası isə deyirdi:
 
— Dəli olubsan? Adam da doğmaca ərini başqa əllərə verər?
 
Marina fikrə gedir. Onun və yalnız onun olan Volodka birdən-birə başqa bacaqlar, başqa gözlər, hələ başqa daha nələr tapdığını düşünüb üzülürdü.
Marina məktəbdə işləyir, ibtidai siniflərə dərs deyirdi. Bütün boş vaxtını dəftərləri yoxlamaq alırdı.
Müəllimlər otağında hamı onun ailə vəziyyətini müzakirə edirdi. Marina öz rəfiqəsi, coğrafiya müəlliməsi ilə dərdləşmişdi, iki nəfər bildiyini isə bütün aləm bilər, deyərlər. Mahnıda deyilir: “Məni atdığın yox, elin söz-söhbəti yandırır...” 
 
Marinaya elə gəlirdi ki, müəllimlər otağının ortasında çılpaq durubdur, yanındakılarsa ətrafına fırlanıb diqqətlə ona baxırlar. Utanır, üşüyür, özünü də tənha hiss edirdi.
 
Kollektivin əksəriyyəti Marinanın tərəfini saxlayırdı: müstəqildir, namuslu-qeyrətlidir, əla mütəxəssisdir. Sinifində ordu nizam-intizamı var, təlim prosesi təmin edilirdi. Qanun da onun tərəfindədir: pasportda — möhürü, uşağı. Ailəsi. Bəs erməni qadın kimdir?
Lakin erməni qadının tərəfini saxlayanlar da varıydı. Deyirdilər: bu erməni qadın, bütün şərq qadınları kimi dinməz-söyləməz kişiyə tabe olur, artıq suallar vermir, allah göstərməsin, tənqid etmir. Yalnız dadlı yeməklər bişirir və tabe olur, həm də böyük həvəslə. Bütün ürəyini verir. Yenə də — cənub temperamenti. Gözləri də böyük və məxmər kimidir. Bütün cənub insanlarının gözləri böyük və gözəldir. Əla obraz yaranırdı: gözəl, itaətkar, temperamentli... Volodkanı anlamaq olar.
 
Marinanı dərd aldı. Nə etməli?
 
Müəllimlər otağında dostcasına məsləhət verilirdi: ailəni möhkəmlətmək, ikinci uşağı doğmaq lazımdır. Uşaq bağlayacaq. Bir də — alimentlər. İki uşağa aliment – otuz üç faizdir. Aliment verən kişi erməninin nəyinə gərəkdir? Ermənilər pul saymağı yaxşı bacarır. Qız doğulsa, Volodka  heç yana gedən deyil. Atalar qızlarını dəlicəsinə sevər.
 
Necə deyildisə, eləcə də edildi. Marina qoçaqlaşıb hamilə qaldı. Doqquz aydan sonra da qız uşağı doğuldu. Adını Snejana qoydular. Bu incə ad qeyri-rus adı idi. Marina qeyri-rus olan hər şeyə qibtə edirdi, buna “Qərbə sitayiş” deyilir. Ancaq birazdan məlum oldu ki, Snejana bolqar adıdır. Bolqariya isə Qərb sayılmaz. Mariya qoymaq daha yaxşı olarmış, beynəlxalq standartdır. Ancaq Snejana Snejana olaraq qaldı, qısaca Snejka çağırırdılar. Qıza adı çox yaraşırdı.
Volodka fikirli gəzir, amma öz həyat tərzini dəyişmirdi. İşdən sonra evə gəlir, yemək yeyib gedirdi. Həyatının əsas hissəsini isə erməni qadının yanında keçirirdi.
 
Marinanın böyük qardaşı Pavel soruşdu:
 
— İstəyirsən, əzişdirim onu?
Marina fikirli-fikirli cavab verdi:
 
— Bilmirəm.
 
O, həqiqətən də nə edəcəyini bilmirdi. Bir tərəfdən, Volodka heçkəsə çatmasın deyə, onu döyüb öldürmək istəyirdi. Digər tərəfdən isə, əri onun üçün məhz indi, əlindən çıxmaq istədiyi bu məqamda dəyərli idi. Birdən-birə Marina ərində bir çox yaxşı cəhətlər görməyə başladı: az danışandır, dürüstdür, işguzardır, ən əsası da — kişidir. Kişi gücü  onun gözlərində, çiyinlərində, nə qədər qəribə olsa da, həm də sadiqliyindədir. Əri on ildən çox Marinaya sadiq idi, indi də ömrünün sonunadək o biri qadına sadiq olacaq. Görünür, kişi ömrünə bir qadın yetərli deyil.
 
Pavel, Volodkanı icazəsiz döyür. Öz təşəbbüsü ilə. Bu yolla bacısının namusunu qoruyurdu. Tək yox, yoldaşıyla. Volodka yerə yıxılanadək döymüşdülər. Yıxılandan sonra da bir-iki dəfə çəkmə ilə sifətinə təpik atırlar. Var gücləriylə. Volodka evə qayıdır, dişlərini tüpürür, əşyalarını yığır. Şəhərdən çıxıb gedir. Erməni qadınla birlikdə. Onu da döyəcəklərindən qorxurdu.  
 
Marina Paveli danlayır. Pavel planın hamısını pozmuşdu. Qızları böyüyəcəkdi, Volodka da ona alışacaqdı, bəlkə ermənidən ayrılacaqdı da. Ayrılmasa da, iki ev arasında yaşayacaqdı. Heçnədənsə belə daha yaxşı olardı. Bəs indi nə? Otuz iki yaşında, iki uşaqlı qadın. Kimə lazımdır? Yad uşaqlar kimə lazımdır?..
 
Ayaqda qalmaq lazım idi. Lakin necə?
Marina qızını bağçaya verir, özü də ora işə düzəlir. Məktəbdən çıxmalı olur. Bağçada ikisi də tox, uşaq göz qabağında idi. Yeməkxanadan evə də yemək aparırdı: qazançada şorba, üstündə — əriştəli kotlet qazançası, bankada — quru meyvə kompotu. Oğlu Saşa üçün mükəmməl qida alınırdı — zülal, vitaminlər. Yaşamaq olardı, acından ölməzdilər. Geyimə də pul çatırdı: maaşı, üstəgəl Volodkanın alimenti var idi. Qarınları dolu, əyni-başları geyimli, kecimli idi. Bayramlarda Snejana yaşıl məxmər donda və laklı balaca ayaqqabılarda hamıdan gözəl görünürdü.  
 
Ancaq tək qarın doydurmaqla iş bitmir. Xüsusən də cavan yaşlarda.
 
Uşaq bağçasının müdiri Marinayla yaxınlaşmaq istəyirdi, ancaq müdirin ağzı noxud qoxuyurdu. Deyirlər, sevmədiyin adamlar pis qoxar. Sevdiklərin isə — ətir saçar. Qarşılıqlı cazibə qoxularda gizlənir. İtlərdə olduğutək. İnsanların bundan xəbəri yoxdu sadəcə.
 
Marina müdirlə öpüşə bilmirdi. Ürəyi bulanırdı.
 
Sonra dul kişi peyda olur. Kartof növbəsində tanış olmuşdular. Dul kişinin Saşayla yaşıd bir oğlu varıydı. Kişi qoca deyildi, qırx beş yaşındaydı. Pis deyildi. Marina ona diqqət eləməyə başlayır: mənzil sahəsi, maaşı var... Günlərin bir günü isə dul kişi belə deyir:
 
— Oğlunu anana ver. Qoy Snejana bizimlə qalsın. İki uşağımız olar — sənin qızın, mənim də oğlum. Bərabər.
 
Deyilən sözün mənası Marinaya çatanda, mənası isə tez çatmışdı, bir dəqiqənin içində, dul kişi artıq mövcud deyildi. Yəni fiziki cəhətdən hələ də otağın ortasında durmuşdu, lakin dəhlizə çatıb əynini geyinib qapıdan çıxmasına üç dəqiqə lazım oldu. Bundan sonra bu kişi Marinanın həyatından və yaddaşından silindi.
Saşa o vaxt on iki yaşlı idi. Uzunboylu, maral ayaqlarıtək nazik ayaqları və iri dizləri varıydı. O, hər yerdə anasının arxasınca gedir, ağır çantaları daşıyır, əsl kişi kimi kömək edirdi. Marina öz saç düzümü və makiyajı haqda Saşayla məsləhətləşirdi. O da buna bənzər məsləhət verirdi: “Bənövşəyi dodaq boyasını vurma, suda boğulmuşlara oxşayırsan...” Marina o zamanlar dəbdə olan bənövşəyi rəngi dodaqlarından silib zərif çəhrayı rənglə əvəz edirdi. Gerçəkdən də, daha cavan və daha təbii görünürdü.
 
Marina oğlunun tənbəl, təşəbbüskar olmadığını görsə də, onu dünyalar qədər se- virdi... Söhbət öz evladından gedəndə, nöqsanlar görünmür. Marina nöqsanları məziyyətə çevirirdi. Tənbəldir, ancaq sırtıq deyil. Təvazökardır. O “tənbəl olmayanlar” isə bütün bəşəri dəyərləri kərkədan kimi tapdalayıb keçirlər.
 
Dul kişinin arxasınca şappıltıyla qapı örtüləndən sonra Marina ağladı. Lakin göz yaşları nurlu və güclü idi. Marina anladı ki, məhəbbət yolları onun üçün bağlıdır, uşaqları üçün yaşamalı, onları ayaq üstə qoymaq gərəkdir.
 
 
 
 
Snejana birinci sinifə getdi, Marina da məktəbə qayıtdı. Snejana yaxşı oxuyur, dərsi göydə tuturdu. Balaca qızın qeyri-adi olması gün kimi aydın idi. Başqaları da bunu görürdü.
Marina şəxsən özü üçün artıq heçnə gözləmədiyi vaxtda tale ona şahanə bir bəxşiş elədi. Bu bəxşişin adı Rüstəm idi.
Əvvəl Marina onun səsini eşitdi.
Telefon zəng çalanda qadın evdə oturub dəftər yoxlayırdı.
Marina dəstəyi götürdü:
— Alo!..
Xoş kişi səsi dilləndi:
— Xahiş edirəm, Camalı çağırın.
Marina nəzakətlə:
— Səhv düşmüsüz,— deyib dəstəyi asdı.
Diqqətini dəftərlərə yönəltdi, ancaq yenə zəng gəldi və eyni səs xahiş etdi:
— Xahiş edirəm, Camalı telefona çağırın...
— Dedim axı, ora düşməmisiniz. — Marina dəstəyi qoydu.
Beş saniyə keçdi. Zəng. Marina yüngülcə acıqlanaraq tənbeh edici səslə:
— Burda Camal-zad yoxdur. Siz hansı nömrəni yığırsız?
Xoş kişi səsi lazım olan nömrəni dedi.
Marina tələbkar səslə:
— Elə dediyiniz nömrəni də yığın.
Xoş bariton cavab verdi:
— Bağışlayın.
Marina telefonun dəstəyini yerinə qoydu, ancaq fikrini işinin üstünə cəmləşdirə bilmədi. Ona elə gəlirdi ki, o adam yenə zəng edəcək. Etdi də.
 
Marina it kimi:
— Alo!
Dəstəkdəki susurdu. Bədbəxt bariton sahibi, Camalı çağırmağa cürət etmirdi. Marina yoxladı:
— Bu sizsiniz?
Bariton boynuna aldı:
— Mənəm.
Marina ehtimalla:
 — Telefon stansiyasında yanlış calayırlar.
— Bəs nə edək?
— Siz o Camalın nömrəsini mənə verin, mən ona zəng edim deyim, sizə zəng eləsin. Adınız nədir?
— Rüstəm.
— O sizi tanıyır?
— Əlbəttə. Doğma qardaşıyam.
— Yaxşı. Deyərəm, Camal sizə zəng eləsin. Nömrəsi nədi?
— Mənim?
—Yox əşi. Sizinkini neyniyirəm? Camalın telefonunu deyin.
Rüstəm nömrəni dedi. Marina yazıb dəstəyi qoydu. Sonra lazım olan rəqəmləri yığdı. Eynilə əvvəlki səsə bənzəyən səs telefona cavab verdi. Deməli, Rüstəmlə Camal həqiqətən də qardaşdılar.
Marina rəsmi tərzdə:
—Xahiş edirəm, qardaşınız Rüstəmə zəng edin. Onun zəngi sizə çatmır.
Camal soruşdu:
—Bəs siz kimsiniz?
—Telefonçu.
Marina dəstəyi yerinə qoydu. Fikrini işinə yönəltdi. Dörd dəftər yoxlamışdı ki, yenə zəng gəldi.
Rüstəm dedi:
—Çox sağolun. Hər şey qaydasındadır.
—Lap yaxşı.
Birdən Rüstəm soruşdu:
—Sizin adınız nədir?
Marina anlamadı:
—Nəyinizə gərəkdir?
—Necə deyim e, alışdım sizə. Elə gözəl səsiniz var ki.
Marina gülümsədi.
Rüstəm təklif etdi:
—Gəlin görüşək, filmə baxmağa gedək.
—Bəs məni necə tanıyacaqsız?
—Əlinizdə bir qəzet tutun.
Bariton təhlükəsiz və çox zərif idi. Həqiqətən, niyə də kinoya getməyəsən...
Marina soruşdu:
— Yaşınız neçədir bəs?
—İyirmi altı. Çoxdur.
Marina kədərləndi. Özünün otuz iki yaşı varıydı. Altı yaş böyük idi.
Ərə getmir ki. Kinoya isə altı yaş fərqlə də getmək olar.
Marina göstəriş verdi:
—Deməli belə. Əynimdə qara xallı ağ şərf olacaq. Məndən xoşunuz gəlməsə, yanımdan ötüb keçərsiniz.
Rüstəm ürəyiaçıqlıqla etiraf etdi:
—Siz elə indidən xoşuma gəlirsiz.
Gənc avam oğlandır. Bu — həyat təcrübəsi basmış dul kişi deyil.
Marina Snejkanı Saşaya tapşırdı. Necə və saat neçədə yedizdirməyi göstərdi. Özü isə geyinib-keçindi, “Ağ yasəmən” ətri ilə ətirlənib kinoteatra yollandı.
Marina yarım saat gözlədi, Rüstəmin gəlməyəcəyini anladı. Daha doğrusu, gəlib, amma yanından ötüb keçibdir. İki uşaqlı rus xala onun nəyinə gərəkdir... Uşaqlar haqda, əlbəttə, bilmirdi, ancaq xəbər tutacaqdı. Marina köksünü ötürüb evə qayıtmaq üçün avtobus dayanacağına addımladı. On addım getmişdi ki, qəflətən, sanki yerin altından, qarşısında təbii ölçülü Ömər Şərif peyda oldu. Bəyaz dişlər, bəyaz köynək, xurmayı saçlar. Sarıyağız azərbaycanlı. Belə də olur. O, Marinanın əlindən tutub təngnəfəs dedi:
 
—Məni Camal ləngitdi. Axırıncı dəqiqədə gəlib çıxdı.
—Deyərdiz ki, tələsirsiz...
—Deyə bilmərəm. Böyük qardaşdır.
 
Deməli, böyük qardaşı zora salmaq olmaz, Marinanı isə olar. Müsəlman ailə klanının yaxşı tərəfləri də, pis tərəfləri də var, bir çubuğun iki ucu olduğu kimi.
Marinaya aydın oldu ki, bu görüş heçnə verməyəcək. Rüstəm — həddindən artıq yaraşıqlıydı. Bu qadın onun nəyinə gərəkdir? Gülməlidir də. Heyifsilənirmi? Əsla. O, nə bir şey itiririrdi, nə də bir şey qazanırdı. Qurd keçinin nəyini yeyib? Həyat hələ qarşıdadır. Bu olmasın, bir başqası olsun. Bəlkə də — nə bu, nə də başqası. Kişi, nəsil artırmaq üçündür. Uşaqlar da artıq var. Proqram yerinə yetirilibdir.
Rüstəm dilləndi:
 
—Jurnala gecikdik. Amma heçnə olmaz...
 
O, Marinanı çoxdan tanıyırmış kimi əlindən tutdu, qaçdılar. Qara xallı ağ şərf də küləkdə yellənirdi.
Jurnal başlamışdı, ancaq içəri buraxdılar. Öz yerlərinə keçib yanaşı oturdular.
Buğda ölkə ambarlarına tökülür, özbəklər pambıq yığır, pambıq da ağ qar kimi tökülür. Marina həddindən artıq gərgin vəziyyətdə ekrana, Rüstəm isə — qadına baxırdı. Marina yan baxışla görürdü: buna göz qoyulur. Oğlan ölçüb-biçir.
 
Rüstəm — yaxşı Azərbaycan ailəsindən olan yaxşı oğlan idi. Anası — Bakı teatrının qabaqcıl aktrisası — oğluna yaxşı Azərbaycan ailəsindən yaxşı bir qız axtarırdı, aktrisa olmasın, allah eləməsin... Belə qız hələ tapılmırdı. Həyat yoldaşını, gələcək uşaqların anasını seçmək asan iş deyil.
 Qaranlıq zalda cavan rus qadını diqqətlə gözdən keçirir, qadın onun daha da çox xoşuna gəlirdi. Marinanın hər şeyində yumşaqlıq varıydı: sifətinin yumruluğunda, kətan saçlarında, mavi gözlərinin baxışında. Azərbaycan qızlarında belə mavilik, belə kətan yumşaqlıq olmur.
Film bitəndə Rüstəm artıq büsbütün vurulmuş və hər bir avantüraya hazır idi.
 
Avantüra uzun illər sürdü.
 
Marina düşünürdü: “Yaxşı ki, Volodka məni atdı. Yoxsa belə olacağı bilməzdim də...”
Rüstəm hüquq-mühafizə orqanlarında kapitan rütbəsində işləyirdi. Atası ilə qardaşı da bu sahədə çalışırdılar. Atası — general, Camal isə polkovnik idi. Ola bilsin, elə özləri özlərinə rütbə verirdilər...
 
Rüstəm işə gəlir, iş otağının divarlarına göz gəzdirir, sonra da Marinaya məktəbə zəng edirdi. Marina da bu zəngi gözləyir, tez dəstəyi dartıb qaldırırdı.
Rüstəm dillənirdi:
 
— Xahiş edirəm, Camalı çağırın.
 
Marina sevincək  qaqqıldayır, zınqırov kimi cingildəyirdi. Rüstəm qadının xoşbəxt səsini eşidəndə bütün varlığı o səsə əks-səda verirdi. Rüstəm Marinanın qulağına elə şeylər pıçıldayırdı ki, deyiləsi deyil. Marina dəhşət içində o yan-bu yana göz gəzdirirdi: görəsən, eşidən varmı? Yox. Kimsə eşitmir, heç ağıllarına da gətirmirdi.
 
Marinanın ürəyi bu sözlərdən azqala dayanırdı. Nəbzi tamamilə gözlənilməz yerlərdə — boğazında, məsələn, dodaqlarında, daha da aşağılarda vurmağa başlayırdı. Müəllimlər otağındakıları azdırmaq üçün Marina quru səslə “Çox sağolun. Çox nəzakətlisiniz” deyirdi. Qoy elə bilsinlər, işlə bağlı danışır. Ancaq sevgi iş deyilmi? Bu — insan həyatında mövcud olan işlərdən ən başlıcasıdır.
 
Zəng vurulurdu. Marina jurnalı götürüb dərsə gedirdi. O, yuxuda gəzən lunatiklər kimi, heç yana baxmadan, dumanlı-dumanlı gülümsəyərək tərpənirdi.
Rüstəm tezcə plaşını götürüb küçəyə qaçırdı, cəld trolleybusa qalxırdı. İyirmi dəqiqədən sonra məktəbin yanında olurdu. Skamyaya oturub üzünü qaldırır, baxışını ikinci mərtəbəyə yönəldirdi.
 
Marina pəncərəyə yaxınlaşırdı. Rüstəmi görüb baxışını onun gözlərinə yönəldirdi. Onların baxışları kəsişir, baxışlardan da güclü elektrik axırdı. Bu elektrik sahəyə  ağcaqanad, ya bir böcək düşərdisə, o andaca yerə yıxılıb ölərdi.
 
 Marina dərsi keçə bilmirdi. Sinifdən çıxa da bilmirdi. Bu hərəkəti müdürün xoşuna gəlməzdi. Marina məsum uşaqlara müstəqil iş verir, məsələn, quş rəsmi çəkməyi tapşırırdı. Ya da “Yayı necə keçirmişəm” adlı inşa yazmağı tələb edirdi. Sonra yenə pəncərənin yanına qayıdırdı. Donub qalırdı. Böcəklər də onların məhəbbət axışı sahəsindən uçanda ölüb düşürdülər.
 
Axşamlar Rüstəm, Snejanaya dərslərində köməklik edir, Saşa ilə şaxmat oynayırdı. Demək olar, Rüstəm həm ər, həm də ata idi. Uşaqlar, xüsusilə də Snejka, onu sevirdilər. Snejka doğma atasını xatırlamırdı. Qəlbindəki bu yeri Rüstəm tutmuşdu. Çoxları Snejka ilə Rüstəmin bir-birlərinə oxşadığını deyirdi. Həqiqətən də, nəsə var idi.
Hərdən qonaq gedərdilər. Ancaq bu — Marinanın çevrəsi idi. Rüstəm Marinanı öz çevrəsinə çıxarmırdı. Marina məşuqə statusunda idi, Azərbaycanda isə bu status, yumşaq desək, prestijli deyil. Ancaq onlar nə qanır? Heç kəsin heç vaxt belə yaxınlığı olmayıb. Marinayla Rüstəm birlikdə yeyir, birlikdə yatır, birlikdə düşünürdülər. Onları bir-birindən heç bir qüvvə ayıra bilməzdi.
 
ardı var...
 
Ruscadan çevirәn: İlahә Ucaruh
 
Mәnbә: Виктория Токарева “Своя правда”
 
Kultura.az
Yuxarı