post-title

Cəhənnəm adası – Nargin

Kultura.az Nicat Kazımovun "Cəhənnəm adası – Nargin" hekayəsini təqdim edir.

 
 
 
İçimdə böyük qorxu var idi. Getdiyim yerdə məni nə gözləyirdi heç nə bilmirdim. Qayıqda ayağına zindan bağlanmış mənim kimi daha on nəfər də var idi. Tarix 1937-cü ilin sentyabr ayını göstərirdi. Bu qayıqda olanların hamısı repressiya qurbanları idi. Qayıqda əli silahlı beş rus əsgəri də var idi. Bizi Nargin adasına doğru aparırdılar. Bakıdan uzaq düşən bu adanı həmişə sahildə tütün doldurub çəkərkən, şeir yazarkən izləyirdim. İndi isə ilk dəfə ora aparılacaqdım. Uzun zamandan sonra ilk dəfə silahsız idim – nə dəftərim var idi, nə də qələmim. Elə Narginə göndərilməyimə səbəb də yazdıqlarım idi. Cümhuriyyət qurulduqdan sonra Azərbaycan ədəbiyyatının bir fərdinə çevrilmişdim. Digər yazıçı yoldaşlarımla bərabər ölkənin təməlini yazmaqla qoymuşduq. Qırmızı ordu ölkəni öz əllərinə keçirdikən sonra isə ədəbi partizanlar olmuşduq. Yazdıqlarımız ancaq, sovetin əleyhinə və cümhuriyətimizin bərpasına yönəldilmişdi.
Elə iki gün öncə əli silahlı rus əsgərləri evə daxil oldu və yazdıqlarımla bərabər məni götürüb apardılar. Heç yazdıqlarımı yandırmağa da vaxtım qalmamışdı. Qayıq dalğaların üzərində yelləndikcə, xatirələrim göz önündə canlanırdı:
Kölgəsini yerə səpələyən bir ağacın altında başımı Vüsalənin dizləri üstünə qoyub ona yazdıqlarımı oxuyur, o isə dinləyir, öz fikirini bildirirdi:
- Cavad, yazdığın hekayə əla idi, ancaq gərək ki, Cümhuriyyətdən yazmazdın, qorxuram səni əlimdən alarlar. Özün gördün digərlərini nə etdilər… – Vüsalə narahat halda püstə dodaqlarını büzərək dedi.
- Ah canım mənim, əgər həqiqətən dediyin kimi olsa bilərəm ki, yaradıcılığım düzgün istiqamətdədir. Axı, bizim məqsədimiz xalqı həmrəy edib, Cümhuriyyətimizi bərpa etməkdir.
- Bilirəm, bunu mən də çox istəyirəm, əzizim. Ancaq, səni o qədər sevirəm ki, səni yoxluğunu düşünə bilmirəm. Bildiyim bir şey var ki, sənsiz mən heç kiməm. Başa düşürsən?!
Cavad yerindən dikəlib, onun dodaqlarından öpdü. Bu öpüş bir az uzun çəkdi… Onları seyr edən ancaq, ağacın yarpaqları və torpaq üzərində cücərmiş yaşıl çəmənlik idi.
 
***
 
Nargin adasının mayakı artıq göz qamaşdırırdı. Bir neçə dəqiqə sonra artıq qayıq sahilə lövbər saldı. İlk öncə sahildə bizi qarşılayan rus əsgərləri, əllərindəki silahı üzərimizə tuşlayıb sıra ilə qayıqdan düşməyimizi əmr etdi. Qayıqdakılardan biri deyəsən çox işgəncə görmüşdü. Bu səbəbdən nə halı qalmışdı, nə də taqəti. Ayaqlarımıza bağlanan zəncirlər bir-birinə calaq olduğundan hərəkət etməyimizi çətinləşdirirdi. Halsız olan əsir qayıqdan ağzı üstə suya yıxıldı, bu səbəbdən hamımız səndirlədik. Rus əsgərlərindən burnu böyük və üzərindən araq qoxusu gələn bunu bağışlamadı. Silahı əsirə tuşlayıb, atəş açdı. Yazığın qanı hətta qaranlıqda dənizin suyuna qarışdığını görmək olurdu. Digər rus əsgəri isə onun ayağındakı zənciri açıb elə oradaca qoydu. Hamımız çox qorxmuşduq. Heç kim ağzını açmırdı. Silahın lüləyini belimizə döyəcləyə-döyəcləyə bizi hərəkət etdirirdilər. Arada şimşək çaxır, göy gurultusu bütün adanı lərzəyə salırdı.
Bizim hamımızı adada ruslar tərəfindən tikilmiş qalanın bir kamerasına saldılar. Dəmirlərin arxasında heç kimin səsi çıxmasa da, alınan nəfəslərdən başa düşmək olurdu ki, bu qalada həddindən artıq çox əsir var.
Mən hələ azadlıqda olarkən, Sarıqamış döyüşündən sonra burada yüzlərlə türk əsgərləri güllələnmiş, yarısı acından ölmüş, yarısı isə əsir halda öləcəkləri günü gözləyirdi.
Təzə gələn əsirləri bir müddət tək kameralarda saxlayırdılar. Elə mənim də başıma bu gəldi. Çox dar və qaranlıq kamerada üç gün keçirdim. Onlardan biri gəlib qapını açdı və silahı üzümə tuşlayıb: "Ayağa qalx, yoldaş Yermolovun yanına gedirik” dedi.
Üç gün qaranlıqda hərəkətsiz qaldığımdan nə ayaqlarımı tərpədə bilirdim, nə də işıqdan gözlərimi aça bilirdim. Bu səbəbdən də, əsgər məni təpikləyə-təpikləyə ayağa qaldırdı. Bir müddət uzun və qaranlıq koridorlarla getdikdən sonra, məni bir otağa saldılar. Otaq səliqəli idi. Dİvarda Leninin portreti var idi. İçəridə radio açıq idi. Divarda saatın səsi radionun səsindən daha bərk çıxırdı. Üç gün qaranlıq və səssiz kamerada qaldığımdan o saatın səsi mənim beynimi döyəcləyirdi. İçəri hündür boy, burma bığlı, səliqəli geyimli rus zabiti girdi və mənə xüsusi nəzərlə baxdı:
- Mən bu həbsxananın rəisi, Yermolovam. Burada hər şey məndən asılıdır. Sİzlərin güllələnmə əmrini də mən verirəm. Siz isə – masa üzərindəki kağızlara baxaraq – Cavad Süleymanzadə olmalısınız, elə deyil?
- Bəli.
- Yaradıcılıq nə yerdədir, yoldaş? hahahah! -elə güldü ki, onun bütün dişlərini az qala görüm. Yaxşı, yaxşı. Bizə verilən məlumata görə, siz heç bir şey danışmamısınız zirzəmidə. Gəlin belə edək, bizə adlar verin, biz isə sizin canınızı bağışlayaq. Deyin görüm, sizin kimi başqa hans ı vətən xainləri var? Yazıçıların ətrafı böyük olur.
- Mən heç bir təşkilatın üzvü olmamışam. Bu səbəbdən də heç bir şey sizə söyləyə bilməyəcəm. Çünki, bildiyim heç bir şey yoxdur.
- Baxın, fikirləşməyiniz üçün bol vaxtınız var, əks halda burdakı digər insanlar kimi ölmək üçün yalvaracaqsınız. Amma yola getsək, burda heç kim sizə heç nə deyə bilməz.
- Dediyim kimi, bildiyim bir şey yoxdur.
- Əsgər, gəlin bunu salın kameraya – Cavad, dediyim kimi fikirləşməyin üçün bol vaxt var.
 
Bir neçə əsgər qapıda peyda oldu və içəri keçib, qollarımdan tutaraq məni sürükləyə-sürükləyə kameraya saldılar və ən ağır zərbələrini üzümə, mədəmə, qaraciyarımın üstünə endirib kameramdan çıxdılar. Ağrı elə idi ki, vurulmayan yerlərim də sızıldayırdı. Uzanmağa döşək də qoymamışdılar. Quru dalara söykənib, ağrılarımın keçməyini gözləyirdim. Dizlərimi qucaqlamışdım. Dəhlizdən süzülən külək uğuldayaraq səs çıxarırdı. Bu da vahiməli qalanı daha da qorxun hala salırdı.
Gün ərzində səkkiz dəfə içəri girib məni çırpışdırırdılar. Yatdığım zaman isə buz kimi suyu gəlib üzümə tökürdülər. Gündə bir dəfə isə içərisində müxtəlif həşəratlar üzən şorba verirdilər. Qurdları ilk öncə şorbanın içindən çıxarıb, içirdim. Ancaq, gün ərzində aclıqdan mədəm burulduğundan, habelə mədəmin üzərinə bir neçə dəfə ağır zərbə dəydiyindən, gecə boyunca ağrıdan qıvrılırdım. Əlacı isə qurdları yeməkdə gördüm. Əvvəlcə iyrənərək yesəm də, daha sonra elə şorba ilə qaşıqlayıb içirdim. Yaşamaq uğrunda mübarizə aparırdım, gənc olmağıma baxmayaraq, hələ də taqət göstərirdim. Heç kimin adını verməmək üçün öz iradəmi sınağa çəkmişdim. Bir tərəfdən də azadlığı fikirləşir, Vüsalənin püstə dodaqlarını, sığallı seyrək bədən tüklərini, dodaqlarımla qıdıqladığım boğazını, qara gözlərini fikirləşib daha da məst olurdum. Azadlığı Vüsalədə görürdüm. O məni çox sevirdi və hətta bir neçə həftə sonra evlənməyi də düşünürdük. Atam qolçomaq kimİ sovetin ilk qurbanlarından olmuşdu. Uşaqlığımdan əziyyət çəkməmişdik. Amma bu gün isə hər şeyimiz əlimizdən alınmışdı. Mənə ən pis təsir edən isə qələm və kağıza da qadağa qoyulması idi. İndi yeganə sərvətim xatirələrim idi.
Yazıçı olmaq… İllərlə zindanda darıxmamaq deməkdir. Xəyal gücünlə özünə yeni-yeni xatirələr yaratmaq deməkdir. Lakin hər şey, rus əsgərlərinin əllərində qamçı içəri girməsinə qədərdi. Əziyyətlərlə qurduğunuz binanı bir xəyal kimi təsvir edin və sonra da düşünün ki, böyük bir bomba bu binanın üzərinə düşür, bina toz dumanla yerə aşır. Əziyyətlərlə qurduğum xəyalı isə rus əsgərləri gündə bir neçə dəfə dağıdır və mənimlə əylənirdilər.
Əsgərlərdən biri saçımdan tutuaraq sürükləyə-sürükləyə Yermolovun kabinetinə apardı. İçəri girəndə Yermolov gülürdü, içəridə başqa birisi də var idi. Deyəsən, o da əsir idi. Ancaq, üzünü görə bilmirdim. Əsir üzünü çevirib mənə baxanda inana bilmədim. Bu Vüsalə idi. Saçını kişi kimi kəsdirmiş, kişi paltarında qarşımda dayanmışdı. İkimiz də heç nə danışmadıq. Gözləri o qədər dolmuşdu ki, elə bil gözündən damcının düşməməsi üçün özünə, inandığına yalvarırdı. Çünki, o damcıya qüruru kimi baxırdı. Düşərsə, qürurunun sınacağını düşünürdü. Biz heç nə danışmırdıq, eləcə bir-birimizə baxırdıq. Onu bura gətirən səbəbi də bilirdim. Sevgi… Eşq…
Yermolov dedi:
- Hə, yoldaş Süleymanzadə! İndi görüm necə danışmırsınız… Baxın görün bizim əlimizə necə dəyərli bir balıq düşüb. Heç əziyyət də çəkmədik. Qayıqla özü gəldi. Deyəsən, sizi xilas etmək üçün gəlibdir. Difai üzvləri əvvəllər bir müddət buradan türk əsirlərini qaçırırdılar. Amma sonra hamısını qanına qəltan elədik. Yəqin, bu xanım da sizi xilas edəcəyini güman edib, eşitdiyi əfsanələr əsasında. İnanırsınız, əslində çox təsirləndim bu eşq hekayəsindən. Xanımın adını da unutdum, gör sizi necə sevirsə, saçını kəsdirib özünü kişi halına salıbdır. Amma tutulan kimi sizin dalınızca gəldiyini də deməkdən çəkinmədi. Bizim işimizi asanlaşdırdı. Hə, Cavad Süleymanzadə, indi siz onu nə qədər sevdiyinizi sübut edin, bizə danışın hər şeyi. – bığlarını buraraq, xüsusi əda ilə dedi.
- Mənim bildiyim heç bir şey yoxdur. Vüsalənin də günahı yoxdur. Nahaq yerə bura gəlib, buraxın onu.
- Hə? Mənə elə gəlir ki, bu xanım da sizin kimi gizli bir təşkilatın üzvüdür. Əminəm ki, belədir. Əks halda heç bir Azərbaycan qadını əlindəki, ərişdələri, düyüləri qoyub kişisini xilas etmək üçün əsirlər düşərgəsinə gəlməz. Baxın, özünüz bilin! Burada uzun illərdir, qadın üzünə, qoxusuna həsrət qalmış kişilər var. Bir kameranın qapısını açıb, bu qızcığazı kameraya salacam. Qoy bütün qala bu xanımın həzz səslərindən feyziyab olsun.
- Alçaq! Buraxın onu! Mən heç bir şey bilmirəm! – dodaqlarım qaçdı. Ayaqlarım əsdi. Dediklərini təsvirimə də gətirə bilmədim. Nəhayət, Vüsalənin gözündə dolan yaş şappıltı ilə yerə düşdü.
- Dediyim kimi özünüz bilin! Sizə bir gün vaxt verirəm və sizi inandırım ki, xanım bir gün müddətində bizim qonağımızdır. Onu tək bir kameraya salacağıq.
Əsgərlər gəlib qoluma girdilər və dartıb apardılar. Arxamca isə Vüsaləni aparırdılar. Kameralara keçmək üçün qalanın kiçik bir körpüsü var idi. Açıq dəhliz də deyə bilərik. Çox hündürdə yerləşirdi. Arxama baxa bilmirdim, Vüsaləni seyr etmək, onu öpüb qoxlamaq istəyirdim. Lakin, həyat öz acımasızlığını Vüsalə yolu ilə mənə yenidən göstərdi. O körpüdən keçəndə, Vüsalə əsgərlərin əlindən qaçıb körpüdən aşağı atdı. Birinci nə olduğunu anlamadım. Vüsalənin qışqırığı bütün adaya yayıldı və guppultu ilə yerə sərildi. Əsgərləri var gücümlə itələyib, körpüdən aşağı baxdım, mənim hilalımın qanı ətrafa səpəlnmiş və tərpənmədən yerində uzanmışdı. O ölmüşdü…
Qışqırdım… Çox bərk qışqırdım… Avazım bitənə qədər qışqırdım… Nəfəs ala bilmirdim… Olanlara inana da bilmirdim… Məni pis vəziyyətdə qoymamaq üçün özünü öldürdü. Yumruğumu sıxıb bərkdən sinəmə vurdum. Əsgərlər isə kədərimi anlayıb, mənə toxunmurdular. Arada kimsə məni sakitləşdirmək istəyir, lakin onu geri itələyirdim. Bütün günahı Lenində, bu əsgərlərdə, Yermolovda görürdüm. Dözə bilmirdim. Hirsimi nədənsə çıxarmaq istəyirdim. Ayağa qalxıb var gücümlə gözümə görünən əsgərlərə hücum çəkirdim. Yumruğumla yerə aşırırdım. Deyəsən, əlim də qırılmışdı, ancaq bunu hiss etmirdim. Çünki, Vüsalənin mənə verdiyi ağrı bütün bədənimdəki ağrını yadımdan çıxarmışdı. Lakin hər tərəfdə əsgərlər peyda oldu və əlimi arxadan bağlayıb məni kameraya gətirdilər.
 
Qaranlıqda Vüsalənin xəyalına sarılmışdım. Onu öpüb qoxlayırdım, onunla sevişirdim. Köhnə günlərimdəki kimi… Bir anlığa onun xəyalı qollarımın arasından sürüşüb yoxa çıxırdı. Bu vaxt yuxuda olduğu anlayıb, yenidən məni qəhər basırdı. Bu hadisədən sonra isədaha əsgərlər içəri girib məni döymürdülər. Gündə iki dəfə isə şorba verirdilər.
 
Hardansa silah səsləri gəlirdi… Deyəsən, yenə kimisə edam elədilər. Görəsən mənim vaxtım nə zamandır? Sıra mənə nə vaxt gələcək? Həmin günü səbrsizliklə gözləyirdim.
Kaş ki, dostlarımı görə bilsəydim – deyə arada düşünürəm. Görəsən, Müşfiq nə edir? Kaş onu görərdim, şer oxuyardıq. Vüsalə içkiləri gətirərdi və biz də içib, deyib gülərdik. İndi o günlər olmayacaq.
Daş parçası ilə divara şer yazırdım:
 
Özüm zindandayamsa, ruhum mühacirətdə
Gəzirəm Parisi, Romanı, Barselonanı, Bakını
Yanımdaysa dostlarım,sevgilim, ayım, hilalım
Açıram gözlərimi, yuxudaymışam, İlahi!
İlahi, dedim, neyləyim sənin olmayan ədalətini
Ədalətdirmi bu sınaq, sevdiyin bəndənə?
Yalansan, boşsan, inanmıram artıq, sənə.
 
***
 
Bəli, inamsız olmuşdum, Allahsız olmuşdum. İndi məni hər şeydən qoruyan Allaha inanmırdım. Çünki, onun haqqında heç vaxt bu qədər düşünməmişdim. Qaranlıq bir yerdə düşüncələrimin sonu inamsızlıq oldu.
Artıq bir ilim bu zindanda başa çatmışdı. Məni kameradan çıxarıb, adada daş kəsməyimi istədilər. Burada isə minlərlə əsir dayanmadan daş kəsirdi. Günəşin altında işlədilir, sudan məhrum qalırdıq. Ümumiyyətlə, bu lənətə gəlmiş adada su olarkən, çörək olmurdu. Çörək olarkən su olmurdu. Hər kəs bir dəri-bir sümük idi. Üzümdəki və başımdakı bir ilin saqqalı və saçı məni tanınmaz hala gətirmişdi. Bir ildir bədənim hərəkətsiz qaldığından və insan üzü görmədiyimdən ətrafımda işləyən insanların hamısı mənə qorxulu məxluq kimi görsənirdi. Hamısılnın sümüyü az qala arıqlıqdan dərilərini deşib çölə çıxarsın. Adada bir külək yaradacaq heç bir ağac yox idi. Ucsuz bucaqsız dəniz, digər tərəfdə isə Bakının mənzərəsi var idi. Əsirlərin heç biri danışmırdı. Susuzluqdan yerə yıxılan adamlar yerindəcə güllələınirdi. Orta hesabla hər gün həftəyə üçyüz nəfər gətirilir, ikiyüz nəfər adam isə güllələnirdi. Adada ümumi üfunət iyi mövcud idi. Ölülər üçün xəndək qazılmırdı. Adadın şərq tərəfində meyidlərdən az qala təpə yaranacaqdı. Bəzən ölüləri basdırırdılar, ancaq külək qumun üzərini açır və yenidən meyidlərin qoxusu ürək bulandırıcı həddə gətirib çıxardırdı. Daha sonra isə əsgərlər yeni bir variant tapdılar. Ölənlərin ayağına daş bağlayıb dənizə atmağa başladılar. Burada 12 yaşdan 90 yaşa qədər əsirlər mövcud idi. Bu uşaqlardan biri olan 12 yaşlı Muradın həyatı isə məni çox kədərləndirmişdi.
Hələ uşağın heç bığları cücərməmişdi. Atasının siyasi fəaliyyətinə görə övladı ilə birlikdə tutulub bura gətirilmişdi. Uşaq arıq nəcib bir şey idi. Elə bil balaca bir qız idi. Başqa cinayətkar əsirlər o uşağa elə bil tamah salmışdı. Xüsusilə də Sayka adlı biri. Saykada psixoloji problemlər var idi. Amma onu dəlixanaya yox, bura gətirmişdilər. Əslində elə bura da bir dəlixanadır. Sayka Bakıda qadın zorlamışdı və sonra onu öldürmüşdü. Bu səbəbdən də bura gətirmidilər. Həm iri idi, həm də eybəcər idi. Ağzında iki diş qalmışdı. Burnu balaca idi və qaşları bitişik idi. Əsirlikdə günəş altında qalmaqdan isə keçəl başı qap-qara qaralmışdı. Elə bilərsən ki, bu zəncidir. Nəzik dodağının üzərində qalın bığları onu daha da qorxunc göstərirdi. Heç bir əsirlərin arasında hörməti qalmamışdı. Muradın atası güllələndikdən sonra, artıq onu qoruyan heç kim qalmamışdı. Yazıq uşağa uzun vaxtdır tama salan Sayka, onu ölülərin doldurulduğu xəndəyə salıb zorlamışdı. Uşaq yüzlərlə ölünü bir arada gördüyündən və Sayka onu bərk qorxuzduğundan uşaq sarılıq tutdu və heç kim onunla maraqlanmadı. Çox keçmədi ki, uşaq da öldü. Onun ayağını bağlayıb, dənizə atdılar.
 
Növbəti pis xəbər məni daha da qaranlığa apardı. Daş karxanasında qızmar günəşin şüaları altında işləyirdim. Başqa bir əsir də özünə daşlardan kölgəlib düzəldib yerdəcə oturub şer söyləyirdi. Bilinirdi ki, adaya təzə gətiriblər. Saçı və bığı səliqəli idi. Şerdən bir cümlə mənim könlümü oxşadı:
“Oxu tar, səni kim unudar”
Ona yaxınlaşdım və dedim:
- Şer sizin şerinizdir? Çox bəyəndim.
- Yox, rəhmətlik Müşfiqin şeridir.
- Rəhmətlik? Hansı Müşfiq?
- Mikayıl Müşfiq. Keçən il bu şerinə görə elə bu adada güllələndi. Bəlkə meyidi də buradadır.
 
Başıma qaynar su tökmüşdülər. Ən yaxın dostum da edam olunmudu. Yerimdən qalxar-qalxmaz adanın şərqinə doğru qaçmağa başladım. Rus əsgərləri dayanmağımı tələb etsələr də heç birinə məhəl qoymayıb elə hey, qaçdım. Meyidlər tökülən yerə gəlib çıxmışdım. Üfunət iyi, milçəklər, meyidlərin bağırsağını deşib, ağzından çıxan ilanlar, burunlarından tökülən soxulcanlar, daha bütün iyrəncliklər var idi. Bir-bir meyidləri yerə aşırdır. Onların üzünə baxırdım. Bəlkə Müşfiq də burdadır deyə. Onu özüm dəfn edərdim.Heç deyilsə onun cəsədini qucaqlayıb, bütün uşaqlıq xatirələrimi yada salardım. Arxamda əsgərlər əli silahlı dayanıb, mat-məəttəl etdiklərimə baxırdılar. Amma mən meyidi tapa bilmirdim, əlimdən gələni edirdim, bəlkə də göm-göy göyərmiş sifətlərdən Müşfiqi tanıya bilmirdim, bu səbəbdən yenidən meyidləri yoxlayırdım. Paltarlarına yapışdırılan adlara baxırdım. Amma çifayda. Tapa bilmədim. Əsgərlərdən biri havaya atəş açdı və bu zaman mən özümə gəldim. Əsgərlər məni özlərindən xeyli qabağa salıb apardılar. Çünki, üzərimdən gələn iy dəhşətli dərəcədə pis idi.
Çimməyim üçün dənizə girməyimə icazə verdilər. Amma yenə də iy üzərimdən getmədi.
Gecə ikən hər yerim qaşınmağa başlamışdı. Qaşınma dayanmırdı. Az qala dəli olacaqdıq. Deyəsən bit düşmüşdü, ancaq yenə də heç bir həşərat üzərimdə tapa bilmirdim. Qaşınmaqdan artıq bədənimdə yaralar tökülməyə başladı. Ertəsi gün heç kim mənə yaxın durmadı. Hamı pis bir xəstəlik tutuduğumdan şübhələnirdilər. Rus əsgərlərindən biri mənə baxıb dedi:
- Təbrik edirəm, vəba xəstəliyi tutmusan. Sənə deyən var idi, o meyidlərin içinə gir?
 
İki gün sonra mənə ciddi qızdrıma başladı. Haslız düşmüşdüm. Heç bir şey edə bilmirdim. Hərarətim qırxı keçmişdi. Heç bir iynə də vurmurdular. Elə ölməyimi istəyirdilər. Bir tərəfdən də günəşin başıma döyəcləməsi məni daha da pis vəziyyətə salmışdı. Burnumdan tez-tez qan açılırdı. Artıq öləcəyimlə razılaşmışdım. Rus əsgərlərindən birinə dedim:
- Yermolovla danışmaq istəyirəm! Ona digər bütün adları açıqlayacağam! – əlimi divara qoyub dedim.
Rus əsgərinin gözü güldü və məni onun kabinetinə doğru aparmağa başladı. İçəri girəndə Yermolov məni görüb, ilk öncə tanımadı. Rus əsgər üzünü ona tutub dedi:
- Yoldaş Yermolov, bu Cavad Süleymanzadədir. Sizə bütün adları açıqlayacağını söylədi.
- Nəhayət! Demək, başa düşdün ki, sənin də edam vaxtın yaxınlaşmaqdadır. Tanımadım səni! Xeyli arıqlayıbsan! Buyur səni dinləyirəm.
Öskürməyə başladım. Səsim xırıltılı idi. Yermolov danışdıqlarımı eşitmirdi. Bunu qəsdən edirdim. O eşitmədiyindən mənim yaxınlığımda dayandı. Üzümdəki yaralardan xəbəri yox idi ki, mən vəba tutmuşam. Gözlərimi və qulaqlarını dörd açıb məni dinləməyə başladı. Mənsə ürəkdən onun üzün tüpürdüm. Tüpürcəyim, onun düz gözünün içinə girdi. Ona qəflətən bərkdən sarıldım, dərim dərsinə dəydi. Yazıq başa düşmədi, nə etdiyimi. Digər əsgər məni tutmağa çəkindi. Yermolov dedi:
- Əmr edirəm, çıxar onu burdan!
- Əlimi vura bilmərəm, yoldaş Yermolov, o vəbadır!
- Nə?!
Bura gələndən ilk dəfə gülümsədim. Yermolovun üzünə bir dəfə də tüpürdüm. O isə silahını çıxarıb, mənə doğru atəş açdı. Güllə çiynimə dəydi. Bədənimdə sanki qan qalmamışdı. Çox az qan gəldi, ancaq ağrıdan az qala ürəyim partlayacaqdı. Yerə düşməmişdim. Səndirləyə səndirləyə çölə çıxdım. Uzun koridorla var gücümlə özümü Vüsalənin atdığı yerdən atmaq istədim…
 
***
 
Qaynar günəş dəniz ortasındakı Nargin adasını öz hərarəti ilə az qala əridəcəkdi. Dalğalar bir-birlərinin belini qucaqlamaq üçün yarışa durmuşdu sanki. Bura çoxları Cəhənnəm adası da deyirdilər. Bu həqiqətən elə idi. Bura gələn heç vaxt sağ çıxmamışdı. Xəstəliklər, güllələnmə və intiharlar bu adadakı hər kəsin başına gələcək ən adi şeylər idi. Adanın tarixində bura göndərilən ən qəddar baçı A.S. Yermolov oldu. Ancaq, xəstələrdən keçən vəba nəticəsinə o da dünyasını dəyişdi. Bütün əsrlər bunu tanrının ədaləti kimi qiymətləndirmişdi.
Cavad Süleymanzadə azadlığa qovuşmuşdu – o körpüdən tullanmaqla. Əbədi azadlıq hissini daddığı üçün onun cəsədinin üzü gülürdü.
 
Nicat Kazımov
Kultura.az
 
Yuxarı