post-title

Qadından istifadə formaları

Bu yazının adında inad edəcəm. İnad edəcəm ki, redaktorlar içindən seçdikləri bundan daha çəkici, instinktləri oyadan başlığa dəyişməsinlər. İmkan olsa bura saytın imkan verdiyi qədər açıq-saçıq geyinmiş qısa ətəkli qadın şəkli də qoysunlar. Hamı girib axtarsın- “İlahi, görəsən qadından daha necə istifadə etmək olar?”

 
 
“Dindar”lar onu necə halal etməyin yollarını düşünsünlər. Saytlar tıklama sayını artırmaq üçün qadını min cür vəziyyətdə hallandırsınlar. Qadının adından, əzalarından, geyimindən, statusundan, yaşından, vəziyyətindən hərə bacardığı qədər faydalansın. Qadın ticarətinə “media” da, “ədəbiyyat” da,” kino” da qoşulsun. Durub-durub Şərqi pisləsinlər: qadını aşağılayır deyə. Amma hər filmdə, hər xəbərdə  o “şərq”in yerində olmaq istəsinlər. Daha sivil ölkələrin  yoxsul ölkələrdə apardığı, daha çox qadın üzərində qurulan “seks turizmi” biznesini görməzliyə vursunlar.  “Qadın insanın dostudur” ən yaxşı atalar sözü seçilsin.
 
Olmur, yenə də olmur, görsünlər.  Bu məxluqlar o hamar dərilərinin altında nə saxlayır?- şübhə etsinlər. Daha dadlı, daha böyük həzz gizləyir canında sansınlar. Çarşaba bürüsünlər, olmasın. Soyundursunlar, olmasın. Bu qədər bəsit olduqlarının acığını o məxluqdan çıxsınlar.  Hər yeni qadınla qəzəbləri artsın. Olmasın, yenə də olmasın. Qəbrini dərin qazsınlar, olmasın. Adını kadın yazsınlar? olmasın…
 
Birdən durub bir sayt “Sizin seksizm hekayəniz varmı?” deyə ciddi-ciddi soruşsun…Tamam çaşıb qalır adam. Necə yəni seksizm hekayəniz yoxdur? Ayıb olsun… Hər addım, hər açdığımız sayt, hər mindiyimiz avtobus, hətta hər oxuduğumuz mif seksizm hekayəsi deyilmi?
 
Nərmin Kamalın “Sizin seksizm hekayəniz yoxdur?” yazısını müzakirə edirik. Heyətinin çoxu kişi olan redaksiyada yarızarafat yarıgerçək bir cırnatmalar başlayır.
 
O, bunu soruşanda mən mərhum yazıçı, sənətşünas Sara Oğuz Nəzirova haqqında bir yazını oxumağa çalışıram. Sara Nəzirovanın adını “Savab yiyəsi” adlı povestindən tanıyıram. Əsəri orta məktəbin yuxarı siniflərində deyəsən “Azərbaycan” jurnalından oxumuşam. Ondan sonra əlbəttə Azərbaycan dilində çox əsərlər oxudum. Amma Sara Nəzirovanın dil, struktur və mövzu baxımından fərqliliyi “Savab yiyəsi”ni təzə saxladı. O dad bu günədək unudulmadı.
 
...“Mən həyatdakı əsl təyinatıma xəyanət etmişəm və bu məni çox üzür”. Bu sözləri Sara xanım nəsr yaradıcılığı haqqında deyib...
 
...İki sual bu məqaləni oxumağa mane olur. Biri qulağımın dibində bərkdən-bərkdən soruşur: bəs niyə qadınlardan bir yazıçı şair çıxmır? O biri sual gözümün qabağında çığırır: “Sizin seksizm hekayəniz yoxdur?” Bəlkə də ikinci sual özü birinciyə cavab verir. 
 
Sadəcə bu sualı ciddiyə alsan.  Bəs bu sualın ikisinə birdən cavab verməyə çalışsan? Onda necə?
 
Təsəvvür edin ki, sizə yalnızca cinsinizə görə, bütün ömrünüz boyu bədəninizin və familiyanızın keşikçisi kimi bir vəzifə biçiblər.  Kimisinə bunu tez-tez xatırladırlar kimisinə yox. Amma məsələ məhz belədir...
Təsəvvür edin ki, ən yaxşı hallardan birində (bu o haldı ki, qadını adam yerinə qoyub, ona yaşamaq, məktəbə getmək və bu dialoqların ədalətsiz olduğunu hardasa hiss etmək şansını zor-xoş tanıyıblar) siz bu tip söhbətlərlə böyüyürsünüz:
 
“- Filankəsin qızı çox ağıllı qızdır. (Burada ağıllı sözünün həm də namuslu mənaları da var). Çox xoşuma gəldi hərəkəti.  Dayanacaqda bir neçə kişi dayanmışdıq. Başı aşağı yanımızdan keçdi.
 
- Yəni, salam da vermədi?
 
- Yox e, deyirəm, başını yuxarı qaldırmadı heç...
 
- Məncə müəlliminin də dayandığı yerdən salam vermədən keçmək ədəbsizlikdir...
 
- Qətiyyən. Əksinə, çox ağıllı hərəkətdir...”
 
“-  Ay ma, A.gil Ş.-ı bir gün də gözdən qoymur. Eşidiblər filankəslər onu qaçırmaq istəyir, məktəbə də maşınla aparıb gətirirlər.
 
- Ağıllı adamlardır. Gərək qızı qoruyasan.  Gəlib gədə qızın qolundan tutsa məktəbin yolunda... Daha nə oldu? Apar tulla... Bala, qız uşağı ağappaq səhifə kimidir, ona bapbalaca ləkə düşdümü heç nə ilə təmizləyə bilməzsən...”
 
Durun hələ: bunun üstündən arvadların ağzından çürük diş qoxuyan xəbərdarlığı da xatırladım:  İmtahan verməyə gedəndə kənd arvadları bizə təsəlli verirdilər; “Çox da özüvü öldürmə, nədi e, məktəbdi də... Əsas imtahan toydakı imtahandı” deyirdilər...
 
Üstəlik baş qəhrəman olan gözəl  qadınların namusunun qeydinə qalan köhnə türk filmləri və Braziliya serialları... Bu seriallarda, filmlərdə baş qəhrəman olan kişilər yüzlərlə qadınla görüşsə də rejissor qadını finala- vüsala “namusu tərtəmiz”  şəkildə saxlayıb təhvil verirdi. O rejissorlardan Fassbinderin “Mariyanın evliliyi” kimi film çəkməsini gözləmirdik əlbəttə. Çünki heç Fassbinderin adını belə bilmirdik...
 
“Qız uşağısan...”la başlayan cümlələri heç demirəm.  Nərmin çoxunu yazıb.
 
Bu söhbətlərlə, bu filmlərlə tərbiyə alan qızdan “qadınların içindən şair yazıçı çıxmayıb” hegemon intonasiyası ilə ədəbiyyat soruşmaq sərçə yerinə qoyduğun, daşla qanadlarını nişan aldığın quşu qartal kimi dövrə vurmadığına görə qınamaqdır.  Sərf etməyəndə ömrü boyu adam yerinə qoymadığın birindən sərf edəndə fövqəlbəşər olmağı istəməkdir.  Bu filmlərə baxan qızlar necə olmalıdır? Bütün sahələrdə aşağılanan, bütün sahələrdə istifadə olunan məxluqdan ədəbiyyat barədə nəsə gözləməyə dəyməz. Onun ruhu zəngin deyil, başı boşdur, ağlı toyuq ağlı qədərdir. Yəni, özünüz demişkən: “Qadındır də...”
 
Aliyə 
 
Kulis.az
Yuxarı