post-title

Şahanə Manafova: Şüşə konfetlər - HEKAYƏ

Kultura.az Şahanə Manafovanın hekayəsini oxuculara təqdim edir.

 
98-ci ilin soyuq qış günlərindən birində Məzarlı kəndini sıx duman bürümüşdü. Duman evlərin damlarını, çılpaq ağacların  budaqlarını, torpağı üzərindəki daşları ilə birlikdə nəmlətmişdi. Kəndin əsas yolunun qırağında böyürtkən kolu ilə hasarlanmış həyətlərindən birindəki əzəmətli tut ağacının ətəyinə tökülmüş yarpaqları çoxdan saralıb, kənarlarından qurumağa başlamışdı. Həyətin  küncündən metal səsi gəlirdi. Ənvər kişi iri ağacın gövdəsindən kəsilmiş odunun üstündə oturub bir kənarı paslanmış belini çəkiclə döyüb itiləyirdi. Birdən əlini saxladı. Kimsə xırda daşla darvazalarını döyürdü. Zəhmli baxışlarını darvazaya dikib,- Kimsən, gəl görək! - dedi, uca səslə. Darvaza aralandı ağ yun şallı, qara uzun palto geyinmiş bir qadın göründü. Ənvər kişi biraz irəli gəlib üzünə xoş ifadə verməyə çalışaraq, - Xoş gəlmisiz, Möminə! - dedi.
 
-Sabahınız xeyir, çox sağolun - deyib ətrafa boylandı. Biraz duruxduqdan sonra soruşdu:  
 
-Xavər evdədi?
-Yox evdə deyil, işə gedib, -deyib qaşını çatdı və davam etdi- nə olmuşdu ki?
-Mənə süd tapşırmışdı srağagün onu gətirmişəm-deyib əlindəki içində banka olduğu hiss olunan torbanı göstərdi. 
- Hə sağ olun, mənim əlim çirklidir, gözləyin, uşaqları çağırım gəlib götürsünlər. - səmtini evə tərəf çevirərək dedi.
 
Bu vaxt evdə  iki balaca qız üstündəki uzanmış ipdən paltarlar asılmış odun peçinin ətrafında sağa-sola hərəkət edərək qaçdı-tutdu oynayırdılar. Atalarının səsini eşidib dayandılar. Və bir daha həyətdən səs gəldi:
 
- Günel... Səmra... 
 
Qızlar tələsik qapıya qaçdılar. Qapıya bitişik üçpilləli beton pilləkənin üstündə dayandılar. Əvvəl həyətdəki yad qadına, sonra atalarına baxdılar. Ənvər kişi:
 
-Xalanın verdiyi torbanı götürün.- deyib öz işinə davam etdi. 
 
Qadın onlara yaxınlaşıb üzlərindən öpüb torbanı uzatdı, uşaqlar torbanı götürüb evə keçmək istərkən, - Bir dəqiqə gözləyin. - deyib əl çantasını eşələdi, içindən iki konfet çıxarıb uşaqlara uzatdı. Uşaqlar konfetlərə maraqla baxdılar. Hələ dörd ay öncə valideynləri onları məktəb bazarlığına aparıb ərzaq bazarlığını da edib qayıdarkən marketdə eyni cür rəngbərəng sovurmaqçün olan “şüşə” konfetlər görmüşdülər. Anaları işarət barmaqlarını uzatdıqları şüşə konfetləri görüncə əllərinin üstündən vurub, dişlərini bir-birinə sıxaraq “salın əlinizi aşağı!” deyib marketdən çıxarmışdı. 
 
-Götürün, götürün!- deyib Möminə əlilə konfetlərin uclarını tutaraq silkələdi.
 
-Yox sağ olun!- deyərək böyük bacı Günel valideynlərinin qoyduğu qadağalardan ən mühümlərindən birini xatırladı: “heç vaxt heç kimdən heç nə istəmə və götürmə”. Valideynləri bir axşam evə əli almalı qayıdan Güneli görüb danlamış “evdə alma yoxdumu ki, gedib ondan bundan alma alırsan.” - deyə əzmişdilər və Günel onlara  bunu Çiçək xalanın zorla verdiyinə inandıra bilməmişdi. Bunu yadına salaraq bir daha qətiyyətlə: “yox, çox sağ olun. Evimizdə doludur.”- dedi.
 
-Təki olsun, bunu ki mən verirəm, bax götürməsəniz inciyəcəm. - dedi Möminə.
 
Yenidən Səmraya uzadaraq –“Götür” - dedi inamla. Səmra yavaşca əlinin xırda barmaqlarını uzadaraq konfeti götürdü və atası görməsin deyə ovucunda sıxıb gizlətdi. “Ay sağol!” deyib Möminə gülümsədi və digər konfeti Günelə uzatdı, - Bax, bacı götürdü, sən də götür. – dedi. Günel konfeti və görüb-görmür deyə  baxmağa qorxduğu atasını düşünüb - “yox, çox sağolun, evimizdə çoxdu.” – deyə təkrar etdi yenidən. Möminə incimiş səslə – bax artıq səndən küsdüm, mən təkcə Səmrayla dostam- deyib gülərək darvazaya doğru yönəldi. Uşaqlar torbanı da götürüb içəri keçib qapını bağladılar. Süd bankası olan torbanı qapının bərabərinə qoydular. Səmra sevincək əlindəki konfeti soymağa başladı. Günel ona baxıb, - Mənə də verərsən? - soruşdu. “Sən də götürəydin!” - deyib Səmra soyulmuş kağızı əlində bükdü. “Nolar, lap azca ver!”- deyib Səmranın ağzına aparmaqda olduğu konfetli əlini əlilə saxlamaq istədi. Səmra Güneli digər əlilə itələdi. Günel də onu itələyib yerə yıxdı, üstünə çıxıb yuxarıdan yığılmış və oynamaqdan dağılmış saçından yapışdı. Səmra möhkəm qışqırdı. Günel Səmranın möhkəm sıxdığı ovcundan yapışıb, - “ver bura!” - dedi. Səmra daha möhkəm çığırmağa və ovucunu sıxmaga başladı. Elə bu vaxt qapı döyüldü. Günel və Səmra qalxdılar, bir-birlərinin üzünə qorxu, nifrət və peşmançılıq dolu baxışlarla baxdılar. Biraz gözlədilər, artıq döyülmədiyini görərək ürəklənib qapını araladılar. Pilləkənin bir küncünə konfet, bayaqkı konfet qoyulmuşdu. Möminə arxaya baxmadan darvazaya doğru yenidən tələsirdi,  biraz yanda isə Möminənin artıq həyəti tərk etdiyini görərək evə doğru addımlayan ataları göründü. Qızlar tez qapını bağlayıb qarşıda onları nə gözlədiyini təxmin edib ağlamsındılar. “Sən elədin! Əgər konfetdən mənə versən belə olmazdı”- dedi Günel. “Sus, sən özününkünü niyə götürmədinki?!”- deyə Səmra cavab verdi. Qapı açıldı, ataları gözləri ağarmış, qaşları çatılmış, dodaqları kip birləşmiş simayla tez içəri keçib əlini odun peçinin qabağında kiçik manqaldakı soba maşasına atdı, qapı örtüldü...
 
 98-ci ilin soyuq qış günlərindən birində Məzarlı kəndini sıx duman bürümüşdü. Duman evlərin damlarını, çılpaq ağacların  budaqlarını, torpağı üzərindəki daşları ilə birlikdə nəmlətmişdi. Kəndin əsas yolunun qırağındakı böyürtkən kolu ilə hasarlanmış həyətlərindən birində acı uşaq yalvarışları eşidilirdi. Anaları döyülərkən istifadə etdiyi yalvarışları uşaqlar ağlayaraq dillərinə dəfələrlə  gətirərək atalarını yumşaltmağa çalışırdılar.
 
-Ay ata, döymə, qadan alım döymə, bir də etməyəcəm. 
-Ayaqlarının altında ölüm ata, döymə!... 
-Sən Allaha and verirəm ataaa...
 
- Kəsin səsinizi, küçüklər! Sümsüklər! -deyib Günelin ayağına növbəti və sonuncu zərbəni endirib maşanı kiçik manqala fırlatdı. Böyümüş gözlərilə qızlara diqqətlə və acıqlı tərzdə  “Bir də xala nə verəndə götürün, yaxşımı?!” - deyib evdən qapını çırparaq çıxdı.
 
İçlərinə dərin bir rahatlıq gəldi, ağlamaqdan ve döyülməkdən üz-gözləri şişmiş, təngnəfəs olmuşdular, ürəkləri möhkəm döyünürdü. Halsızdılar, döşəmədən belə qalxmağa taqətləri yox idi. Eləcə divara söykənmiş halda yan-yana oturmuşdular. Günelin dodağı partlamışdı. Dodağını sovurub göz yaşilə qarışmış qanının duzlu dadından həzz alırdı. Səmra eyni hərəkəti etməkdən qolu ağarmış jaketilə burnunun suyunu silirdi.  Ağzı aralı qalmış  arabir hıçqırığı  gəlirdi, hər hıçqırıqda göz yaşı sürətlə aşağı süzülüb dayanırdı. Gücdən düşmüş sağ əli azca aralı idi. Oradan şüşə konfetin kağızı parlayırdı.
 
Kultura.az
Yuxarı