post-title

“Bəxtiyar Vahabzadənin anası ermənidir” (?) sualına cavab

"Beynəlmiləlçiliyin bayraq olduğu o zaman şair özünü müdafiə etmək, millətçi deyil, beynəlmiləlçi olduğunu sübüt etmək üçün Mərkəzi Komitəyə yazdığı məktubda qeyd edir ki, “Mən erməni xalqına və onun klassiki Şirvanzadəyə necə düşmən ola bilərəm ki, anam erməni qızıdır”. Bu cümlə, sadəcə o vaxt rejimdən qorunmaq üçün yazılmış qeyri-dəqiq bir cümlə idi".

 
 
Böhtan və məkrlə dolu bir suala cavab 
 
“Alternativ” qəzeti 17-23 iyul tarixli sayında hiddət və nifrət doğuracaq əcaib bir sual – “Bəxtiyar Vahabzadənin anası ermənidir” (?) başlıqlı yazı dərc etmişdir. Redaksiya, məsələnin və redaksiyaya gələn üzdəniraq “oxucu”nun təqdim etdiyi “sənəd”in hamiyyətini lazımınca araşdırmadan “sevincək” olmuş, Amerika açmış bir poza götürərək millətimizin fəxri, şərəf və ləyaqəti simvoluna çevrilmiş, həqiqətən dünyaca taınmış bir xalq şairini əslində ləkələməyi, gözdən salmağı qarşısına məqsəd qoymuşdur. Qayəm belə qələm dəllalarına, iftira və böhtan orqanına cavab vermək deyil. Belə şərəfsizlərə qoşulmaq mənim yaşıma və əqidəmə də yaraşmaz. Amma qoyulan suala konkret cavab verməyi özümə bir borc bilirəm. Çünki əvvəllər də B. Vahabzadənin ülvi sənətinə, milli qeyrətinə kölgə salmaq cəhdləri az olmamışdır. 
 
Mən, Bəxtiyar Vahabzadənin eloğlusu, 70 illik dostu, ailəsini, nəsli-nəcabətini yaxından tanıyan bir adam kimi “Alternativ” qəzetində dərc olunan məqalədəki suala öz münasibətimi bildirmək istəyirəm. Bəxtiyarın həqqi anasına, onu dünyaya gətirənə nənə, analığına isə “ana” deməsi nə ilə əlaqədardır? Aydınlıq gətirmək istəyirəm. 
 
Bəxtiyarın kökünə bələd olan çox yaxın adam kimi deyə bilərəm ki, onun anası xalis türk-müsəlman qadını Xanım Məcid qızıdır. Bu həqiqəti şairin doğulduğu Şəkinin Yuxzarıbaş məhəlləsində bilməyən yoxdur. Xanım arvad vaxtilə mənim anamla birlikdə Şəkinin 3 nömrəli ipək fabrikində barama çeşidləyən sexdə işləyirdi. 
 
1905-ci ildə erməni-müsəlman qarşıdurmasında Vartaşen (indiki Oğuz rayonu) Söyüdlü kəndindən 2-3 yaşında bir erməni qızı Şəkiyə gətirilir. Onu Şəkidə Allahverdi adında xeyirxah bir kişi qızlığa götürür. Adını Gülzar çağırır. Qız bu ailədə müsəlman adətləri ilə böyüyür. Oruc tutur, namaz qılır. 1918-ci ildə bu qızı Şəkinin Yuxarıbaş məhəlləsinin sakini Mahmud Zəkəriyyə oğlu Vahabov adlı gəncə Gülzar Allahverdi qızı adı altında ərə verirlər. 6-7 il keçir.  Gülzarın övladı olmur. Həkimlər onun sonsuz olduğunu müəyyənləşdirəndən sonra Mahmud və Gülzar 1925-ci ildə Zəkəriyyə və Xanımın üçüncü övladı olan Bəxtiyarı oğulluğa götürürlər. 1934-cü ildə Mahmud və Gülzar uşaqla bərabər Bakıya köçür. Bəxtiyar onların himayəsində böyüyür. 
 
Demək, Bəxtiyarın doğma atası Zəkəriyyə Vahab oğlu, anasi isə Xanım Məcid qızıdır. Amma o, uşaqlıqdan doğma atası olan Zəkəriyyəni babası, doğma anası Xanım Məcid qızını isə nənəsi kimi tanıyır. 
Bu barədə şair özü “Şənbə gecəsinə gedən yol” kitabında ətraflı yazmışdı. 
 
1954-cü ildə şair “Sadə adamlar” adlı peoma yazır. Həmin poemada şairin 
 
Öz ana yurduna vurğun deyildir,
Vurğunun şerinə vurulmayanlar. 
 
misrası S. Vurğunun müxaliflərini qəzəbləndirir və 1954-cü ildə “Kirpi” dərgisində B.Vahabzadəni “S.Vurğunun şəxiyyətinə pərəstişə uymaqda” günahlandırırdılar. Gənc şairi daha artıq ittiham etmək üçün onu millətçilikdə, erməni xalqına düşmənçilikdə ittiham edirlər. Poemada oxucu kitabxanaçıdan soruşur:
 
“Namusu” yoxdurmu Şirvanzadənin?
 
Məlumdur ki, oxucu kitabxanaçıdan erməni yazıçı Şirvanzadənin “Namus” kitabını istəyir. Amma şairi millətçilikdə ittiham etmək istəyənlər göstərir ki, şairdə millətçilik o yerə çatır ki, böyük erməni yazıçısı Şirvanzadənin namusu olub-olmadığını şübhə altına alır. 
 
Beynəlmiləlçiliyin bayraq olduğu o zaman şair özünü müdafiə etmək, millətçi deyil, beynəlmiləlçi olduğunu sübüt etmək üçün Mərkəzi Komitəyə yazdığı məktubda qeyd edir ki, “Mən erməni xalqına və onun klassiki Şirvanzadəyə necə düşmən ola bilərəm ki, anam erməni qızıdır”. Bu cümlə, sadəcə o vaxt rejimdən qorunmaq üçün yazılmış qeyri-dəqiq bir cümlə idi. 
 
Burada şairin “səhvi” onda olub ki, “Məni himayə edən analığım” sözünün əvəzinə “anam” sözünü yazıb. Lakin bunu da başa düşmək lazımdır. Bəxtiyar onu böyütmüş, həm də milli və islam ruhunda böyütmüş bir qadına sağ ikən necə “analığım” deyə və yaza bilərdi. Bu onun qəlbinə dəyməzdimi?
 
Əslində həqiqət belədir:
 
Şairin doğma atası baba kimi qəbul etdiyi Zəkəriyyə Vahab oğlu, anası isə nənə kimi qəbul etdiyi Xanım Məcid Qızıdır. Gülzar xanım isə əslində onun ata bir, ana ayrı ögey qardaşının arvadıdır. 
 
“Yeni müsavat” qəzeti, N202, 1 avqust 2003.
 
Şirməmməd Hüseynov
 
Yuxarı