post-title

Xərçəng tropiki

Köhnə kitabçılarda dolaşmaq, xəbərin olmadan qızıl yatağının üstündə yerimək kimi bir şeydir. Tənbəllik etməyib bir az qurdalansan, qarşına elə bir xəzinə çıxa bilər ki, nə zamansa ona toxunmaq heç yuxuna da girməzdi. Bir dəfə başqa ölkədəki köhnə kitabçılardan birində nimdaş kitabların qoxusuna təzəcə alışmış və bir balaca qurdalanmağa başlamışdım ki, qəfil qarşıma Henri Millerin “Həyatımdakı kitablar”ı çıxdı. İlk nəşrin nüsxələrindən biri. Elə kitabın vərəqləri arasındakı toz və bozarmış əlfəcin də bəlkə 50-60 ilin yadigarı idilər.

 
 
Henri Miller üslubunu, düşüncəsini, Millerin həyata baxışını anlamaq üçün bu kitab çox önəmlidir. Ona görə də Millerin hansısa bir əsəri haqqında danışmazdan öncə xatırlamağı lazım bildim. Burda Miller oxuduğu, təsirləndiyi kitablar, müəlliflər haqqında uzun-uzadı söhbət açır. Siyahı təqdim edir. Oxuduğu hər kitabın öz tarixçəsi var. Bu tarixçələr və kitabların seçilməsi prosesi Miller ədəbiyyatının mahiyyətini anlamaqda yardım edir. Kitabdakı bir neçə cümlə isə təkcə Millerin deyil, onun üslubuna və ruhuna yaxın müəlliflərin yaradıcılıq baxışlarının qısa xülasəsidir sanki: “Bizim təhsil nəzəriyyəmiz çox absurd bir prinsipə əsaslanır – guya biz suya girməzdən öncə torpaq üzərində üzməyi öyrənməliyik... Yazı sənəti də, sənətin başqa sahələri kimi həyatın qızğın mərkəzində öyrənilmək əvəzinə, sinif otaqlarında, başqalarının işlərini araşdırmaqla, planlar və layihələr qurmaqla öyrədilir. Belə halda biz daha çox mühəndis yaradırıq, nəinki yazar, daha  çox sənaye mütəxəssisi yaradırıq,  nəinki rəssam.”   
 
Henri Millerin yaradıcılığı həyatın özüdür ki, var. Amma bu o demək deyil ki, o, ancaq gördükləri ilə, yaşadıqları ilə kifayətlənib, mütaliə filanı bir kənara buraxmışdı. Elə yuxarıda söylədiyim kitabı vərəqləsəniz, nə qədər geniş və fərqli mütaliəyə malik olduğunu görərsiniz. Sadəcə bu tip yazarların özəlliyi oxuduqlarını, bildiklərini, fəlsəfədən tutmuş musiqiyə qədər hər şeyi həyat materialının içində həll edib avtobioqrafik məhsul kimi oxucuya təqdim edə bilməkdir. 
 
Henri Millerin həyatı və yaradıcılığı barədə “Alman dərzinin fərsiz oğlu” adlı bir yazıda bəzi məqamları qeyd etmişdim. Bu dəfə “Xərçəng tropiki” romanı haqqında danışaq bir az. Millerin ilk və əsas məşhurluq gətirən romanıdır. Bu yaxınlarda Azərbaycan dilinə tərcüməsi nəşr edildi (Henri Millerin Azərbaycan dilinə tərcümə olunan ilk kitabı - “Cənnətdə bir iblis” adlı romanı ötən il nəşr olunub).
 
Üzərindəki kiçik təqdimatda yazıldığı kimi, “Xərçəng tropiki” Millerin Paris həyatından bəhs edir. Amma Millerin Parisi başqa Parisdir. Parisin bu rəsmində dəbdəbəli, bahalı, mədəniyyət mərkəzi bir şəhər deyil, bədbəxtlərin, uğursuzların son ümid kimi gəldiyi, amma daha da uçuruma, iyrəncliyə yuvarlandıqları bir məkandır. “Paris fahişə kimidir. Uzaqdan məftunedicidir, qucaqlamaq üçün səbirsizlənərsən. Və beş dəqiqə sonra özünü bomboş hiss edərsən. Özündən iyrənərsən. Aldadılmış hiss edərsən özünü.” 
 
Tiplər baxımından çox zəngin romandır. Hər biri ayrıca bir romana, hekayəyə ağalıq edəcək tiplər Millerin bu romanında bir yerə toplanıb. Uğursuz yazarlar, rəssamlar, korrektorlar, jurnalistlər, ev kirayədarları, evsizlər, dilənçilər, fahişələr, sütenyorlar, musiqiçilər, yerlilər, gəlmələr, barmenlər... Miller hamımızın zaman-zaman rastlaşdığımız, amma “görə” bilmədiyimiz bu insanların obrazlarını yaratmaqda, aydın cizgilərini çəkməkdə mahirdir. Hər şeyə “durğu işarələrindən” baxan korrektorlar, öz balaca studiyasında zülmlə bir rəsm sərgisi hazırlayan, amma son gün dostunun xəstələnib elə həmin studiyada yatdığını görəndə təşvişə düşən uğursuz rəssam, sidik üçün nəzərdə tutulan pissuarı bilmədən nəcislə dolduran gənc hindli və pissuardakı nəcisi görüb qışqırışan fahişələr, illər boyu “yazacam, yaxşı bir əsər yazacam” deyib, bir cümlə də yazmayan yazar...
 
“Xərçəng tropiki” kifayət qədər açıq-saçıq yazılmış, söyüşdən, jarqondan bol bir əsərdir. Nəşr olunduğu illərdə yazarın öz vətəni ABŞ-da, sonra İngiltərədə və başqa ölkələrdə pornoqrafik ədəbiyyat iddiası ilə qadağan olunmuşdu. Yalnız 30 ildən sonra ABŞ məhkəməsi əsərin pornoqrafik olmadığı qərarını verir. Amma hələ də bu kitabın pornoqrafiya olduğunu iddia edən ölkələr və tənqidçilər var. Ədəbiyyat mütəxəssislərindən biri “Xərçəng tropiki”nin pornoqrafiya deyil, əksinə, artıq klassika olduğunun səbəbini belə izah edir ki, pornoqrafiya oxucunu və ya tamaşaçını əyləndirmək, onun cinsəl instinktlərini oyandırmaq məqsədi daşıdığı halda, “Xərçəng tropiki”ndə sadəcə həyatın hər üzünü göstərmək, tabuları qırmaq, ədəbiyyatın, ümumiyyətlə dünyanın saxta əxlaq anlayışını dağıtmaq məqsədilə belə səhnələrdən istifadə olunub. Doğrudan da, ağlı başında, normal oxucu “Xərçəng tropiki”ni oxuyarkən ehtiraslanmaz, cinsəl duyğuları qabarmaz. 
 
Millerin bu dağıdıcı yanaşması və üslubu sonralar “bitnik”lərin də əsas ilhamına çevrildi. Digər tərəfdən, artıq iki dünya müharibəsi görmüş dünya üçün o vaxta qədər diktə olunmuş əxlaq, səliqəli incəsənət artıq mənasız görünürdü. Dağıdıcı incəsənətin, avanqard cərəyanların yaranmasının əsas səbəblərindən biri də budur. 
 
Henri Miller hər şeyə ironiya etməyi bacaran yazardır. Elə ədəbiyyatın özünə də. Öz həyatı kimi əsərləri də bir qəlibə sığmır. “Xərçəng tropiki” kimi.  Xaotik, süjetsiz. Sıradan oxucunun öyrəşdiyi təhkiyə, hadisələrin inkişaf xətti, düyün nöqtəsi, açılma, final filan yoxdur. Əsərin hər hissəsi özlüyündə bir mərkəzdir. O mərkəzdən yola çıxıb ətrafda gəzişmək, yenidən o mərkəzə qayıtmaq olar. Ziqzaqvarıdır. Bir səhifədə həm şüuraxını ilə yazılmış xəyali seks səhnəsini, həm də Osvald Şpenqlerin qəliz bir fikrini oxuya bilərsiniz. Bir cümlənin əvvəlində söyləməyə belə utanacağınız bir sözə, ya ifadəyə, cümlənin sonunda isə gözəl bir intellektual bənzətməyə rast gələ bilərsiniz. 
 
Bu cür ədəbiyyat bizim kimi toplumlar üçün bir az yaddır. Səbəbi anlaşılandır. Ədəbiyyatın yalnız hikmətli sözlər, aşıq ustadnamələri, ölüm haqqında sicilləmə şeirlər kimi öyrədildiyi, mədəniyyətin keçdiyi yolun ilk addımlarının hələ də müasir mədəniyyət kimi təqdim olunduğu məkanda belə əsərlərin qəbul edilməsi, sevilməsi bir az təəccüblü olardı.
Yenə də, gəlin şeytanın vəkilliyini edib sual edək: Henri Millerin yazdıqları yeni bir şeydirmi? Xeyr. Dünya ədəbiyyatı artıq bu tip yazıları bir qədər geridə qoyub. Və ya başqa bir sual: Henri Miller bu gün sıradan Azərbaycan oxucusunun oxumalı olduğu ilk onluqda yer alırmı? Bunun da cavabı “xeyr”dir. Heç ilk iyirmilikdə də yer almır. Hazırlığı olmayan, ədəbiyyatdan anlayışsız birinin əlinə aldığı ilk kitab, məsələn, “Xərçəng tropiki” olarsa, görmək istədiyimiz reaksiyanı ondan gözləmək sadəlövhlük olardı. O zaman “Xərçəng tropiki”nin tərcüməçisi kimi özümdən niyə tərcümə etdiyimi soruşa bilərəm. Cavabım odur ki, istənilən halda belə kitabların tərcümə edilməli olduğunu düşünürəm. Oxunma reytinqindən, anlaşılmasından və sevilməsindən asılı olmayaraq, tərcümə olunmalıdır. Ehtimal olunan oxucuya alternativ ədəbiyyat təqdim olunmalıdır. Bu kitablar az-çox mütaliə ilə məşğul olan, yazmağa başlayanlara fərqli ədəbiyyatı göstərir. Yalnız belə kitabların oxunulduğu halda, ədəbiyyatın ana, vətən, qeyrət aşılamalı olduğunu bağıran qoca kahinlərin sözlərini oxucu bir qulaqdan alıb, o birindən buraxa bilər. Belə əsərlər oxunduqdan, tanındıqdan sonra yerli yazarların oxşar əsərləri rahat anlaşıla, ciddi ədəbiyyat kimi qəbul oluna bilər. Qüsurları da daha süjetsizlik, hikmətsizlik, biədəblik kimi arqumentlərlə gülünc tənqidlərə məruz qalmaz. 
 
Tomas Man yazırdı ki, əgər Bethovenin vaxtında Bax unudulmuş olmasaydı, hələ də anlaşılsaydı, Bethoven də sağlığında daha asan anlaşılar və sevilərdi. Ədəbiyyatda da belədir. Bir öncəkini tanımadan, sonrakını anlamaq çətindir. 
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı