post-title

Jozef Stalinin ədəbiyyat dərsləri

Onun şairanə istedadının olmasını şeirlərinin sonrakı taleyi təsdiq edir. Belə ki, "Səhər" şeiri 1912-ci ildə Yakob Qoqebaşvilinin "Ana dili" dərsliyinə daxil edilir. 1899-cu ildə romantik-şair, dramaturq və tərcüməçi Eristaviniyə həsr edilmiş şeir Çavçavadze, Sereteli və b. əsərləriylə birlikdə yubiley toplusunda çıxır. 1899-cu ildə Kelenceridze özünün "Nümunəvi ədəbi əsərlərin təhlilində üslubiyyat nəzəriyyəsi"ndə Rustaveli, Çavçavadze, Barataşvili, Kazbeqinin şeirləriylə yanaşı, gənc Sosonun iki şeirini də təhlil edir.

 
 
İosif Stalinin anadan olmasının 135 illiyinə
 
Stalinin doğum tarixi 1879-cu il 21 (9) dekabr sayılır. Ancaq Qorinin Uspenski kilsəsinin doğum şəhadətnaməsinə əsasən İosif Cuqaşvili 1878-ci ilin 6 dekabrında (köhnə stillə) anadan olmuş, 17 dekabrda isə pravoslav mərasiminə uyğun olaraq xaç suyuna salınmışdır.
 
Stalinin doğum tarixini dəyişdirməyə məcbur edən səbəbləri münəccim və okkultistlərin (az qala Qurcievin özü) tövsiyyələrilə izah edirlər. Bu belədirmi – demək çətin məsələdir. Hər bir kult fiqur kimi Stalin də çoxlu miflərlə əhatə olunub.
 
Daha aşağı ekzotik miflər də var. “Patriotik” mif Stalini protokeşiş Avvakumla, müqəddəs Serafim Sarovskiylə, Karamzinlə, Puşkinlə və hətta gülməli də olsa! - Dostoyevskiylə bir cərgəyə qoyur. Ya da onu müqəddəs (şəhid) elan edirlər. “Liberal” mif də elə də yaxşı deyil, ona əsasən Stalin – psixi sapmaları olan yarımçıq təhsilli seminariya tələbəsi, antisemitdir, Trotskiyə görə partiyanın “ən görkəmli ortabablığıdır”.
 
“Patriotik” mif qüsurludur, ona görə ki Rusiyaya bu sərt və amansız siyasətçinin kölgəsini arzulayır. “Liberal” mif də qüsurludur, çünki tarixi belə təhrif edir: əgər Stalin savadlı və ağıllı olsaydı, QULAQ da olmazdı və sair ilaxır. Hərçənd Stalin, bu arada, həm istedadlı, həm ağıllı və həm də savadlı adam idi. 
O kitabla böyümüş uşaq idi. İlk kitabını 6 yaşında ikən oxumuşdu – bu, Bibliya idi. Qori dini məktəbindəki bütün məşğələlərin demək olar hamısı gürcücə idi, daha sonra Tiflisdən gələn əmrə uyğun olaraq ruscaya keçildi. Nəticədə, İosif rus dilini doğma dili kimi öyrəndi.
 
Məktəbdə liberal abı hava hökm sürdüyündən Stalin Kalandadzenin şəxsi kitabxanasının daimi ziyarətçisi oldu. O poetik sözlərə qarşı həssas və sentimental idi. O zamanlar o, İlya Çavçavadze, İqnati Ninoşvili, Akaki Seretelinin şeirlərini sevirdi. 
 
Seretelinin şeirinə yazılmış "Suliko" mahnısı onun sevimli mahnısı olacaqdı: "Mən əzizimin qəbrini axtarırdım, / Ürəyimi mənim qəm sıxırdı..." Sanki o öz qadınlarının gələcək qəbirlərini qabaqcadan duyurdu...
 
Sosoya ən çox təsir edən isə Ninoşvilinin gürcü kəndlilərinin əsarətindən bəhs edən "Qoqiya Upşvili" hekayəsi idi. Əlbəttə ki, həm də Kazbeqinin "Ata qatili" romanı. Onun idealı Şamilə qulluq edən,  romantik quldur, yolkəsən Koba oldu.
 
Robert Takerin fikrincə, roman "Sosoya təkcə qisasçı rolunda olan qəhrəmanın ideallaşdırılmış obrazını vermədi, həm də onu inandırdı ki, edilmiş hərəkət - intiqamın zəfəri - ləyaqətli işdir və buna həyatı həsr etmək olar". İstənilən halda, ədəbiyyat ona çox şey öyrətmişdi.
Qori dini məktəbini cəmi iki dördlə bitirdi (yunan dili və hesab), qalanları hamısı beş idi.
 
Tiflisdəki dini seminariya boyskautlar düşərgəsi kazarmadan fərqləndiyi kimi Qori məktəbindən o cür fərqlənirdi. Burada gürcü ədəbiyyatına və qəzetlərə sərt qadağa qoyulmuşdu. Teatra baş çəkmək ölümcül günah hesab edilirdi. Həyatın sərt qaydalara salınması, donos və izləmə sistemi, tədrisin doqmatik manerası – bütün bunlar o vaxtı İosif Cuqaşvilinin çox da xoşuna gəlmirdi. O artıq birinci şagird olmağa can atmır, təkcə vətən tarixi və məntiq üzrə uğur qazanırdı. Və məmnuniyyətlə xorda ifa edirdi.
 
Seminariya tələbələri yalnız gizli oxuya bilərdilər, bu da məşğuliyyətə xüsusi cazibədarlıq qatırdı. İnspektorun 1896-cı ilin noyabrı ərzində davranış jurnalındakı yazısından parça: "Cuqaşvilinin, demə, "Ucuz kitabxana"ya abunə kağızı var... Bu gün mən ondan V.Hüqonun "Dəniz zəhmətkeşləri" adlı əsərini müsadirə etdim.... Uzunsürən karserə salmaqla cəzalandırmaq – artıq mən tərəfindən ona yad kitab – V.Hüqo, "93-cü il" haqqında xəbərdarlıq edilmişdir". İcazəsiz oxuma üstündə Soso karserə birinci ya, ikinci dəfə deyildi ki, düşürdü. Ədəbiyyatın yüksək qiyməti belə dərk edilmişdi və yəqin ki, onun şüuraltısında bədii əsər və ona verilmiş cəza bu cür əlaqələnmişdi.
 
Seminariyanın birinci ilində Soso ədəbi dərnəyə daxil olur. Ordakı iştirakçılar dünya, rus və gürcü ədəbiyyatından olan əsərləri təhlil edir, "Kvali" qəzetində gedən müzakirələri izləyirdilər. Onlar dilşünas Marrın gürcü dilinin yaranmasının qeyri-müstəqil xarakteri haqqında olan ideyasını böyük həvəs və maraqla müzakirə edirlər. Elə ondandı ki, 1950-ci ilə Stalin dilçilik məsələləriylə məşğul olacaq və marrizm haqqında ciddi müzakirə açacaqdı. (Həmin il Stalinin “Marksizm və dilçilik problemləri” adlı kitabı çıxır – tərc.) Onda həyat xalçasının qatlanmış naxışları üst-üstə düşəcəkdi. "Dil – ruhun materiyasıdır", - o, Böyük sovet ensiklopediyasında Marr haqqında məqalənin kənarında yazacaqdı.
 
1895-ci il 14 iyununda "İveriya" qəzetinin birinci səhifəsində redaktor şair İlya Çavçavadze "İ. C-şvili" imzalı "Səhər" şeirini dərc edir. İlin sonuna kimi gənc şairin burada daha dörd dəfə "Soseslo" və "İ.C-şvili" imzaları ilə şeirləri çıxacaqdı.
 
Bu ölkədə o kölgə idi,
Xəbərsiz gəlmiş qonağın
O ölməz simlərə toxunurdu,
Qeyri-adi mahnılar oxuyurdu
 
Onun şairanə istedadının olmasını şeirlərinin sonrakı taleyi təsdiq edir. Belə ki, "Səhər" şeiri 1912-ci ildə Yakob Qoqebaşvilinin "Ana dili" dərsliyinə daxil edilir. 1899-cu ildə romantik-şair, dramaturq və tərcüməçi Eristaviniyə həsr edilmiş şeir Çavçavadze, Sereteli və b. əsərləriylə birlikdə yubiley toplusunda çıxır. 1899-cu ildə Kelenceridze özünün "Nümunəvi ədəbi əsərlərin təhlilində üslubiyyat nəzəriyyəsi"ndə  Rustaveli, Çavçavadze, Barataşvili, Kazbeqinin şeirləriylə yanaşı, gənc Sosonun iki şeirini də təhlil edir.
 
O, seminariyada nəzərdə tutulmuş altı ilin beş ilini oxumuş, 6-cı ilə keçid vaxtı "imtahanlara gəlməmə səbəbindən" kənarlaşdırılmışdı. (Stalin özü bunu 1932-ci ildə belə izah edəcəkdi: "Marksist təbliğatına görə pravoslav dini seminariyasından qovulmuşdur."). İosif Cuqaşvili onda yaratdığı asılı olmağa nifrət hissindən əlavə, seminariyadan həm də əsasən oxuyub tanış olduğu marksizm ideyaları ilə ayrılmışdı. Rus mədəniyyətini o doğma mədəniyyət kimi qəbul etmişdi. Sevimli yazıçıları Qoqol və Çexov idi... Xüsusilə Çexov.
 
Çar həbsxana və sürgünlərinin şəraiti sovet katorqasıyla müqayisədə firavan idi və inqilabçılar öz "həbsxana universitetlərini" hansısa bir xüsusi sevinc və qürurla xatırlayırdılar. Sürgündəkilər öz şeirlərini oxuyanda Koba tənqidçi rolunda çıxış edirdi: "… yalnız öz bədii intuisiyana güvənən ədəbiyyatçı, şair öz üzərində işləmir, hətta onun məhsulu gözəl olsa və ahəngdar səslənsə belə o insanların şüurunda heç bir iz buraxmır, unudulur və müəllif özü bayıra atılır". O yoldaşalarına Puşkin və Tolstoyun öz əsərləri üzərində necə işləmələri barədə danışırdı. 1920-ci illərdə Stalin Bret Hartın əsərləriylə maraqlanır və qızıl mədəni sənayesinin işçilərinə onu oxumağı məsləhət görür. (Bret Hart – amerikan nasiri və şairi, əsərlərində qızıl axtaranların həyatını təsvir edib – tərc.)
 
Stalin özünün gündəlik mütaliə normasıyla – günə 500 səhifə – fəxr edirdi. O peşəkar ədəbiyyatçılardan daha böyük zövq sahibi idi. Məsələn, çox gözəl səhnələrdən biri. 1923-cü il, yeni ilin ilk günü... Kremldə Kamenevgilin ədəbiyyat salonu. Qonaqların arasında Stalin, Kuybışev, Dzerjinski, Sokolnikov, həmçinin ədəbiyyatçılar – Demyan Bednı, Voronski və Pyotr Semyonoviç Koqan var. Veresayev "Dalanda" romanından bir fəsil oxuyur. Dantedən epiqraf – "Mələklər də bu mənfur güruha / Qarışıblar...".
 
Veresayev xatırlayırdı ki, oxudan sonra, ona "kəskin hücum çəkdilər". Kamenyev ondan şikayətlənirdi ki, "belletristlər Vətəndaş müharibəsinin cəbhəsindəki igidlikləri təsvir etmirlər, ancaq Çeka haqda uydurulmuş vəhşiliklərə üstünlük verirlər". Demyan Bednı və professor Koqan  da həmçinin qəti fikirdə idilər. Stalin isə "romanı təqdir etdi və dedi ki, dövlət nəşriyyatına belə romanı çıxarmaq, əlbəttə, yaraşmaz, ancaq, ümumiyyətlə, dərc etmək lazımdır". Dzerjinski Stalini dəstəklədi: "Tənəyə gəlincə ki, o guya Çekaya şər atır, onda, yoldaşlar, öz aramızda qalsın, keçmişdə çox şey olub...".
 
1922-ci ilin mayında Stalin, bu zaman o artıq partiyanın birinci katibi idi, "Novaya Rossiya" jurnalıyla əlaqədar İsay Lejnyovun işinə qarışır. "Rus messianizminin imperializmi (okeandan okeana), rus messianlığı (Şərqdən işıq), rus bolşevizmi (ümumdünya miqyasda) - bütün bunlar kəmiyyətcə eyni ölçüdür" - birinci nömrədə (1922) Lejnyov yazırdı. Məhz bu fikirlər Petroqradda Zinovyevin xoşuna gəlmir, amma o, Moskvada Leninin başçılığı və Stalinin iştirakıyla Siyasi Büro tərəfindən qorunur. Lejnyovun jurnalında Andrey Belı və Voloşin, Aleksandr Qrin və Valentina Katayev, Mandelştam, Pasternak, Prişvin, Nikolay Tixonov və  Aleksey Tolstoy çıxış edirlər... 1923-cü ildə burada Bulqakovun "Manjetlərdə qeydlər"i çap edilir, 1926-cı ildəysə "Ağ qvardiya"nın nəşri başlanır. Görünür, bu üç nəfərin - Lejnyovun, Bulqakov və Stalinin mövqeyi hansısa bir anda üst-üstə düşürdü. (1933-cü ildə Estoniyada sürgündən yenicə qayıtmış Lejnyovun partiyaya üzvülük tövsiyyəsini şəxsən Stalin özü verəcəkdi)
 
Qalanları yaxşı məlumdur. Məsələn, niyə Mandelştamı düşərgəyə göndərdilər, (orda da məhv oldu) ancaq Pasternakı yox. Stalin necə Bulqakova və Şoloxova himayəçilik edirdi. Və necə oldu ki, Anatoli Rıbakov II dərəcəli Stalin mükafatını aldı. O da məlumdur ki, Stalin, ümumiyyətlə, yazıçıların başına hansı oyunlar açırdı. Və təkcə yazıçıların yox…
 
Beləliklə, kim deyib və nə səbəbə deyib ki, ədəbiyyat xeyir öyrədir?
 
RİA Novosti.
 
Viktoriya Şoxina
 
Ruscadan tərcümə: Elçin Mann
 
Kultura.az
Yuxarı