post-title

Baninin varisi: "Azərbaycan onun üçün itmiş xəyallar ölkəsi idi..."

“Mən Baninlə tanış olanda o, 17 il idi “Qafqaz günləri”romanını öz hesabına çap etdirmişdi və Fransa onu unutmuşdu. O hələ də məşhur yazıçı deyildi. Bunu qorxuram deməyə, amma o indi də Fransada məşhur deyil”.

 
 
"Əminəm ki, düşüncələrinin dərinliyində, o, Azərbaycan haqda düşünmürdü. Özünün dediyi kimi Azərbaycan onun üçün itmiş xəyallar ölkəsi idi..."
 
Əslən Azərbaycandan olan fransız yazıçısı Baninin ədəbi varisi Rolf Stürmer AzadlıqRadiosuna danışdı
 
Arayış: Fransada yaşamış azərbaycanlı yazıçı Ümm-əl-Banu Əsədullayeva (18 dekabr 1905 - 23 oktyabr 1992) (Umm-El-Banine Assadoulaeff) məşhur neft milyarderləri Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat naziri olmuş Mirzə Əsədullayevin qızıdır.
 
1920-ci ildə rus qoşunları Azərbaycan Xalq Cümhuriyyətini devirir, bundan sonra – 1922-ci ildə Ümm-əl-Banu Bakını tərk edir və ailəsinin yanına - Fransaya mühacirət edir. O, Parisdə “Banine” təxəllüsü ilə yazmağa başlayır.
 
Banine 11 kitabın müəllifidir. Azərbaycan dilinə onun hələlik iki kitabı “Qafqaz günləri” və “Paris günləri” romanları tərcümə edilib.
 
 Fransada mühacirətdə yaşamış azərbaycanlı yazıçı Baninin ədəbi varisi Rolf Stürmer AzadlıqRadiosunun müxbirinin ona ünvanladığı suallarına cavab məktubu yazıb. Həmin məktubu sizə təqdim edirik.
 
Məktubun ingilis dilindən tərcüməsi
 
 
"Nəhayət ki, mən Fransadakı istirahət günlərindən istifadə edib, bir kənara çəkilib, sizin Ümm- Əl-Banu haqqında maraqlı suallarınıza cavab yaza biləcəm.
 
Banin Bakıda. Foto 1922-ci ilə qədər çəkilib.
 
 
Gəlin əvvəlcə “Banine” təxəllüsü haqqında söhbət açım. O, bu təxəllüsü məşhur fransız yazıçısı Jean Paulhan’ın məsləhəti ilə götürüb. Məqsəd isə bu idi ki, oxucular bu adı daha yaxşı yadda saxlaya bilsinlər. Görünür, bu qərarı verərkən onlar digər fransız yazıçısı- öz adının yerinə tez qavranan təxəllüs götürmüş “Colette”dən nümunə götürüblər. Sonralar Ümm-əl-Banu qərara gəlir ki, özəl həyatında da “Banine” çağrılsın.
 
Amma Baninin vəfatından sonra qərara gəldim ki, bütün yazışmalarımda onun ilk adından istifadə edim. Bu, mənim Ümm-Əl-Banunun köklərinə və onun qeyri-adi həyat hekayəsinə olan sayğımdan irəli gəlirdi.
 
Baninlə 1980-cı ildə alman yazıçısı Ernst Jünger vasitəsilə tanış olmuşuq.
 
Jünger özü Baninlə 1940-cı ildən dostluq edirdi. Banin onun ictimaiyyətlə əlaqələrini təşkil edirdi və yazıçının oxucuları, fanatları ilə yazışmalarını aparırdı.
 
Həmin illərdə mən yazıçı olmağa cəhd edən cavan oğlan idim. Ailəm alman və polyak kökənlidir. Həmin dövrdə Parisdə bir neçə il yaşadım, kitabsatan işlədim, fransız dilindən alman dilinə kitab tərcümə etdim.
 
Alman dili Banin üçün daha əziz idi, çünki onu alman əsilli Fräulein Anna böyütmüşdü - Banin alman dilini uşaqlıqdan öyrənmişdi.
 
Banin Parisə gəldikdən sonra moda evində model kimi çalışır.
1920-ci illər. Mənbə: Azər Zeynallı
 
 
Banin və mən bir-birimizi yüksək qiymətləndirirdik. Mən ondan əlli yaş kiçik idim və Baninin həyat hekayəsi, onun Parisdəki ədəbi mühit haqqında xatirələri məni heyran edirdi. O çoxlu sayda məşhur adamlarla görüşmüşdü və lətifələr (bəzən də bir az kobud lətifələr) danışmağı xoşlayırdı.
 
Banin baməzə və əyləncəli adam idi. İçində hələ də yaşatdığı gənc qızı tez –tez büruzə verirdi.
 
Amma o zamanlar mən hələ anlamırdım ki, Banin depressiyaya qarşı ağır bir mübarizə ilə üz-üzədir və bunu gizlətməyə çalışır.
 
Ölümündəm sonra mən onun şəxsi gündəliklərini, hələ çap olunmamış xatirələrini oxudum.. Onun həyatındakı dramları da burdan öyrəndim..
 
Banindən qalan miras yalnız ədəbi mirasdır. O çox kasıb idi, amma varlı və nüfuzlu dostları onun qayğısına qalırdılar. Fransa hökuməti ona sosial yardım edirdi. Banin başqasının mənzilində yaşayırdı. Bu, kiçik də olsa, rahat və doğma mənzil idi.
 
Mən Baninlə tanış olanda o, 17 il idi“Qafqaz günləri”romanını öz hesabına çap etdirmişdi və Fransa onu unutmuşdu. O hələ də məşhur yazıçı deyildi. Bunu qorxuram deməyə, amma o indi də Fransada məşhur deyil.
 
Baninin ən böyük uğuru 1940/50-ci illərdə, daha sonra isə 1960-cı illərdə “Qafqaz günləri” və “Mən tiryəki seçdim“ (burda söhbət dindən gedir- o, Karl Marksın “din xalq üçün tiryəkdir” fikrini əsas götürüb) romanları olub. Sonuncu kitab ispan, holland, italyan, alman, hətta yapon dilinə tərcümə olunub.
 
Mən Banini bir gənc fransız naşiri ilə tanış etdim və 1987-ci ildə onun Ernst Jünger haqqında üçüncü kitabı işıq üzü gördü. Banine buna görə mənə minnətdar idi və bu jesti heç vaxt unutmadı. Onda elə bir rəy yaranmışdı ki, mən onun ədəbi irsinin qayğısına qalacaq ən doğru adamam.
 
Mən ondan ailəsi haqqında heç nə soruşmazdım, amma özü mənə deyərdi ki, ailəsindən sağ qalan yeganə şəxsdir. Hərçənd bu o qədər də doğru məlumat deyil - təsadüfən öyrənmişəm ki, Baninin böyük bacısı Qövsərin oğlu sağdır və fars incəsənəti üzrə mütəxəssisdir. Onlar mənimlə əlaqə saxlamırlar. Səbəbini bilmirəm, bununla heç maraqlanmıram da.
 
Baninin vəfatından sonra onun daha bir qohumundan xəbər tutdum. Bu, 1970-ci illərdə 50 yaşlarında vəfat etmiş “Tommy Franklin” imzalı (qoyma addır) başqa bir fransız jurnalistidir (idman yazarı). 67 yaşlı həmin qadın Fransanın cənubunda yaşayır. Tommy Franklin Baninin böyük bacısı Sürəyyanın oğludur. Sürəyya onu doğulandan dərhal sonra bir ingilis dayəyə verib - ana və oğul bir daha görüşməyiblər. Bu, kədərli həqiqətdir.
 
Baninin Parisdəki evi. 1988-ci il.
Foto: Rolf-Heinrich Stürmer.
 
Ümumiyyətlə, Əsədullayevlərin ailəsinin tarixçəsi çox kədərlidir: onlar yalnız bolşevik inqilabının qurbanı deyillər, həm də ailə daxilində də dramlar yaşayıblar. Mənim şəxsi qənaətim belədir.
 
Odur ki, Banin ailəsi haqda çox adama danışmazdı. Mən isə istisna idim. Bir dəfə ondan ailəsi haqda soruşanda, dedi: “Bu, keçmişdir və daha məni maraqlandırmır”.
 
Məncə, o, Kübra və Sürəyyanı çox istəyirdi.Ögey qardaşı Şəmsi 1980-ci ildə vəfat etdi. Banin onunla sıx əlaqə saxlamırdı. Öz gündəliklərində Banin qardaşı haqda onun vəfatından başqa bir şey yazmayıb. Şəmsi tək yaşayıb, bacıları Sürəyya və Banin kimi vəsiyyət edərək orqanlarını elmə bağışlayıb.
 
Banin də bədənini, orqanlarını elmi məqsəd üçün bağışlayıb. Mən də, ona yaxın olan başqa dostları da bu haqda yalnız onun ölümündən sonra xəbər tutduq və şok keçirdik. Banin bunu öz vəsiyyətnaməsində yazıb xahiş etmişdi.
 
Halbuki, o həmişə mənə deyirdi ki, yaşadığı məhəllədəki, Eyfel qülləsinə yaxın ərazidə yerləşən kiçik “Cimetière de Passy” qəbiristanlığında basdırılmaq istəyir.
 
Bilmirəm Banin sonda öz qərarını niyə dəyişdi. Bəlkə də Avropada dəfn xərcləri baha olduğundan dostlarına əziyyət vermək istəməyib. Bu sualın cavabını heç kim bilmir.
 
Mən buna görə kədərlənirəm, çünki Banine’in ruhuna yad etmək üçün gedə biləcəyim bir yer yoxdur. Qoy o, Allahın köməyi ilə insanların düşüncələrində və qəlblərində yaşasın.
 
Siz Baninin hobbiləri haqda soruşursunuz. Məncə, onun hər hansı hobbisi yox idi. Mən onu tanıyanda o, çoxlu oxuyurdu və oxuduqları haqda çox danışırdı. Evdən çıxmağı sevmirdi, ancaq yaxın dostları ilə görüşürdü. Amma qonaq qəbul etməyi sevirdi.Adamlar çox vaxt ondan Ernst Jünger haqda soruşardılar, Baninin öz yaradıcılığı ilə arabir, nəzakət xatirinə maraqlanırdılar. Amma mən belə deyildim. Məni Banin Ernst Jünger’dən daha çox maraqlandırırdı. Bəlkə də onun mənə sevgisinin səbəbi də bu idi.
 
Banin öz kreslosunda uzun-uzadı oturub düşünməyi sevərdi. Özü bunu pişiyin günəşlənməsinə bənzədərdi. Onun yuxusuzluq problemi var idi. İcazə vermişdi ki, istəsəm lap gecə yarısı da ona zəng edim. Banin klassik musiqini xoşlayırdı. Gəncliyində yaxşı piano çalıb. Amma yaşlı vaxtlarında çalmağa pianosu yox idi.
 
Uzun ömür yolu boyunca, xüsusilə də uğurlu dövrlərdə Banin yazıçılarla, siyasətçilərlə dostluq edir, Fransanın mədəni-siyasi həyatına qaynayıb qarışırdı. Banin bu insanlara doğrudan dayaxın idimi? Məncə, yox. Onun şəxsi sənədlərini oxuyandan sonra qənaətim budur ki, ən isti münasibət saxladığı adamlar yunan yazıçısı Nikos Kazantzakis və onun arvadı Elena olub. Möhtəşəm insan və ilhamverici şəxsiyyət olan Kazantzakis Baninə gözəl məktublar yazıb.
 
Banin həmçinin Marguerite Yourcenar, Henry de Montherlant, Julien Gracq’i (fransız yazıçıları-red.) tanıyırdı, məşhur şair Paul Eluard ilə də münasibəti var idi.
 
O, sadə adamlardan Parisdə yaşayan ispaniyalı rahibə Maria Gloria Capella ilə çox yaxın idi. Bu qadın hələ də sağdır, amma nədənsə öz keçmişi haqda danışmaq istəmir.
 
Banine, Rue Lauriston, 1987-ci il. Foto:
Rolf-Heinrich Stürmer
 
 
Sizin Baninin Azərbaycan xalqına və Azərbaycandakı siyasi proseslərə münasibəti haqqında sualınıza cavab vermək mənimçün çətindir. (Sualımız Baninin Xalq Cumhuriyyətinin mühacirətdə olan nümayəndələri ilə əlaqələrinin olub-olmaması haqqında idi-red.)
 
Düşünmürəm ki, onun Azərbaycan siyasi elitası ilə hansısa əlaqəsi olub.
 
Atası Mirzə Əsədullayev Fransada mühacir olarkən ölkəsinin mühacir siyasətçiləri ilə əlaqə saxlayıb. Bəs qızları necə? Bilmirəm. Bəlkə Ramiz Abutalıbov (keçmiş diplomat, Azərbaycan mühacirətinin araşdırıcısı-red.) bunu yaxşı bilər. O, bu işlə məşğul olurdu.
 
Sizin sualınızla bağlı yalnız bir şeyi deyə bilərəm ki, Banin Fransanı öz ölkəsi hesab edirdi.
 
O, həyatının 19 ilini Azərbaycanda, 60 ildən artıq bir hissəsini Fransada keçirib.
 
Fransa həyatı onun üçün azadlıq demək idi. Azərbaycan xatirələri isə Rus imperiyası və onun ailəsi, sonra bolşevik inqilabı, atasının həbsi, sonra onun atasını həbsdən çıxarmaq üçün məcbur qalıb razılaşdığı evliliyi ilə bağlı xatirələrdən ibarətdir. Azərbaycan bu gənc qızın nəzərində bu anlama gəlirdi: “Mənim heç bir seçimim yox idi! Mən atamın seçiminə tabe olmalı idim…”
 
Banin ölkəsinə o qədər də yaxşı bələd deyildi. O, yalnız Bakının bəzi küçələrini, Mərdəkan bağlarını, öz evlərini və dostlarının evlərinin xatırlayır.
 
Xahiş edirəm, məni bu ifadəyə görə bağışlayın, amma Azərbaycan Banin üçün bir həbsxana idi, uşaqlığının və gəncliyinin acıları idi.
 
O nəhayət ki, sevmədiyi, seçmədiyi əri ilə birgə öz ölkəsini tərk edəndə, bunu azadlığa qovuşmaq kimi qəbul edirdi.
 
O, artıq Fransada yaşayan bacılarına qoşula bilərdi və Fransa onun üçün azadlığın özü demək idi.
 
O, bu ölkəni mənimsəmişdi, özünü fransız sayırdı və nəhayət ki, əgər yer üzündə insan övladı üçün ev deyilən anlayış varsa, onun üçün ev Fransa idi. Sizin sualınıza cavab verə bildimmi?
 
Banin
 
Azərbaycan? Əlbəttə, Banin Ramiz Abutalıbov və onun ailəsi ilə görüşməyə çox şad oldu.
 
Amma bildiyiniz kimi Banin onlarla Azərbaycan dilində yox, rus dilində danışdı. Banin onları xoşlayırdı, bunu bilirəm. Ramiz Abutalıbov yaxşı adamdır, mən də onu yüksək qiymətləndirirəm.
 
Bakıda səfərdə olanda, mənə çox yaxşılıqlar edib. O, 2003-cü ildə mənim Bakı səfərimi təşkil edib.
 
Amma Banin ilə görüşəndə - ya 1970-ci illər idi, ya da 1980-ci illər, Ramiz Sovet hökuməti üçün işləyirdi. O, buna məcbur idi. Banin də onun işinin bir hissəsi idi. O, işinin öhdəsindən yaxşı gəldi, məncə, Baninin də heç bir illüziyası yox idi. O, faydalı olmağı, xüsusilə də ömrünün sonunda faydalı olmağı xoşlayırdı. Odur ki, Banine “Le Monde” qəzetində Qarabağ konflikti haqqında məqalə yazdı.
 
Bəlkə də bu məqaləni Ramiz özü yazmışdı və Banin həmin yazını fransız yazı stilinə salmışdı.
 
Mənim Ramiz Abutalıbova böyük hörmətim var, hətta onu özümə dost hesab edirəm, amma özümü korluğa vurmaq istəmirəm.
 
Mən sizinlə reallıqdan danışıram, siyasi arzulardan danışmıram. O siyasi arzulardan ki, nə məni, nə də ömrünün çox hissəsini bədbəxt yaşayan, bu bədxah dünyada sevgi, dostluq, bir az şöhrət, bir az tanınmışlıq axtararaq bir yol tapmaq istəyən Banini maraqlandırmır. O, bir yazar idi. Onun bizim hamımız kimi zəiflikləri var idi. Əminəm ki, düşüncələrinin dərinliyində, o, Azərbaycan haqda düşünmürdü. Özünün dediyi kimi Azərbaycan onun üçün itmiş xəyallar ölkəsi idi: orda uşaqlığı qalmışdı, uşaqlığının dumanlı xatirələri itmişdi. Birdəfəlik itmişdi. Amma həm də həmişə ağrı və ümidlə birlikdə bəslənib qorunmuşdu".
 
Rolf Stürmer
 
27.12.2014
Yuxarı