post-title

Həmidə xanımın xatirələri barədə

Həmidə xanım haqqında səthi bir neçə məlumatım var idi. Cəlil Məmmədquluzadənin həyat yoldaşı olduğunu, o dövrdə baş örtüsüz gəzməsi bir yana, həm də maarifçi bir xanım olduğunu eşitmişdim. Xeyli sual yaranmışdı. Görəsən, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Azərbaycan mühitində belə bir qadının varlığı necə mümkün ola bilərdi? Onun "Xatirələrim" adlı kitabı çıxmışdı. Artıq həm bu suallara cavab tapmaq, həm o dövr tarixi ilə tanış olmaq, ən əsası isə dahi Cəlil Məmmədquluzadə haqqında onun həyat yoldaşının xatirələrini oxumaq arzusu ilə kitabı oxumağa başladım.

 
Əsər 1930-cı ilin ikinci yarısında yazılıb bitirilməsinə baxmayaraq, uzun müddət arxivdə qalıb. Bunun səbəbi isə Həmidə xanımın şəxsiyyətinin başqa nümunəvi özəlliyilə bağlıdır. Belə ki, Həmidə xanım bu kitabı o vaxt birinci katib Mircəfər Bağırovun təklifi ilə yazır. Bağırovun kitabda öz inqilabi fəaliyyəti haqqında "fakt"ları görmək istəyinə Həmidə xanımın “mən görmədiklərimi yaza bilmərəm” cavabı bu kitabın taleyini uzun müddət sual altına qoyur. Hazırda isə kitabın bizə gəlib çatmasını başqa bir xanımın mübarək əməl və niyyətinə borcluyuq. Bir oxucu kimi Mehriban Vəzirə bu kitaba verdiyi dəyərə və çəkdiyi əziyyətə görə təşəkkür edirik. Təsəvvür edin, əslində dövlətin görməyə borlcu olduğu işi bir xanım öz təşəbbüsü ilə heç bir qarşılıqsız həyata keçirir, ancaq kitabın mikrofilminin hazırlanması üçün lazım olan, Axundov adına milli kitabxanaya Yaponiya səfirliyinin hədiyyə etdiyi avadanlığı kitabxana müdiriyyəti pullu istifadəyə verir. Həm də belə milli və tarixi baxımdan əhəmiyyətli bir işdə. Hətta işin ortasında xidmətin qiymətini iki qat artırır. Nə demək olar? Mehriban xanıma cəmiyyət və tarix üçün bu yararlı işinə görə çox sağ ol deyirik. Gələcək işlərində uğurlar arzulayırıq. Milli kitabxananın müdirinə isə öz biznesində bol ruzi-bərəkət diləyirik. Nə qədər eybəcər olsa da, bu fakt Mehriban xanımın işini daha da qiymətləndirir, onu bizim gözümüzdə ucaldır. Kitabxana müdiriyyətinin işini isə hər kəs öz bildiyi kimi dəyərləndirə bilər.
 
Kitabın elə ilk səhifələrində, Həmidə xanımın atası ilə bağlı xatirələrini yazdığı hissədə suallarıma cavab tapdım. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində baş örtüsüz, maarifçi, xeyriyyəçi qadının varlığı yalnız maarifçi atanın sayəsində mümkün ola bilərdi. Həmidə xanımın atası Əhməd bəy Cavanşir təhsilini Rusiyada almış, dövrün ağıllı insanlarından biri olub. Özü də yazı-pozu və tərcümələrlə məşğul olan bu maarifçi şəxs öz dövrünü yaxşı görürdü və elə ona görə də uşaqlarını təlim - tərbiyə üçün rus ailəsinə vermişdi.
 
 
Yüz illərin ənənəvi boşboğazlığı, dini dünya görüşü əvəzinə, daha üstün mədəniyyət, həqiqi elm və maariflə tanışlıq, həqiqi tərbiyə normal və ağıllı insan yetişdirə bilərdi. Maarif və mədəniyyətin önəmini isə ancaq oxumuş ağıllı adam başa düşə bilər. Öz milli kimlikləri, dədə baba qaydaları və yaşam tərzləri ilə qürur duyan kişilər Həmidə yaşındakı qızlarını qoca mollalara, axundlara ərə verdiyi vaxtda xalq arasında urus Əhməd kimi tanınıb etimad göstərilməyən Əhməd bəy balaca Həmidənin oxuyub ağıllı başlı adam olması üçün təlim tərbiyəsini rus ailəsinə tapşırır. Məhz bununla bizim milli dəyərin yaşam və dünyagörüşün yetişdirmək iqtidarında olmadığı bir vücud yetişə bildi.
 
Bir mənalı olaraq, maarif və mədəniyyəti olmayan xalq heç bir dəyər ərsəyə gətirə bilməz. Sübut üçün bəhs edilən dövrə baxmaq kifayətdir. Nə qədər Həmidə xanım nümunəsi var? Bir, ya iki. Niyə belə az? Çünki dövrün dəyərini Əhməd bəy kimi tək-tük adamlar yox, molla təfəkkürlü, ibtidai həyat sürən, abırsız, hayasız kişilər müəyyənləşdirirdi. Bu növ sürü isə heç bir vaxt, heç yerdə heç bir dəyər, yaxşı nümunə yarada bilməyib. Onların müasir davamçıları da həmçinin.
 
Həmidə xanım Azərbaycanda ünvanına bir neçə ilklər almış qadındı. İlk qadın xeyriyyə cəmiyyəti və ilk qız-oğlan məktəbini (bu məktəbin partalarını Cəlil Məmmədquluzadə özü şəxsən rəngləyib) Həmidə xanım yaradıb. Bundan əlavə, o vaxt Qarabağda tez-tez baş verən aclıq və səfalət vaxtı öz var-dövlətindən kasıb camaatın qarnını doyuzdurmaqdan tutmuş, müxtəlif cür xəstəliklərin qarşısını almaq üçün xaricdən dərman alıb, şəxsən uşaqları peyvənd etməyə qədər mümkün olan hər formada avam xalqın vəziyyətini yaxşılaşdırmağa çalışıb, bunlara biganə qalmayıb. Təsəvvür edin, Həmidə xanımın yerinə hansısa savadsız bir qadın olsaydı, biz onun hansı məziyyətindən danışa bilərdik? O nəinki belə bir xatirə yazmağı bacarmaz, heç Cəlili və onun yaradıcılığını başa düşməyə, onun kimliyini dərk eləməyə qadir olmazdı. Halbuki "Xatirələrim"dən göründüyü kimi bütun bu işlərdə Həmidə xanımın rolu əhəmiyyətli dərəcədə idi. Beləliklə, Həmidə xanım bu gün üçün bir dəyərdi, bu dəyəri isə nə xalqın qədimliyi, nə onun dini, nə də yaşayış forması yaratmayıb. Onu və o dövrün digər dəyər sayılacaq şəxsiyyətlərini - bu gün bizim hələ də gəlib çatmadığımız, çatmaq da istəmədiyimiz müasir mədəniyyət, elm və maarif yaradıb. Həmidə xanımın timsalında bu cür şəxsiyyətlərin yer aldıqları topluma faydası sonsuz olub. Onların oxunub yayılması isə ən ümdə borc olmaqdan əlavə, həm də bu böyük işlərdə bu gün kiçik bir qatqıdır.
 
Nurlan Hüseynov
 
Kultura.az
Yuxarı