post-title

Keçmək istədiyim körpü

Hər dəfə Viktor Pelevini oxuyanda qarışıq hisslər keçirirəm. Burda təəccüb də var, rəğbət, heyranlıq da, sevinc də, kədər də. Oxu əsnasında hisslər bir-birini əvəzləyir, sona çatan anda kədər digərləri üstələyir və adamı adsız, boş bir qəmginlik bürüyür. Ancaq bu kədər başqalarına bənzəmir, Platonov kədəri, Lermontov kədəri deyil. Oxuyanlar təsdiq edər ki, rus ədəbiyyatının mayası kədərlə yorğulub. Bəs bu yazıçı qəmginliyinin, belə demək mümkünsə, bədii mətndən doğan kədərin səbəbi nədir?

 
 
Pelevin haqqında bir neçə dəfə yazmışam. Bəzi dostlar oxuyub axırda deyiblər ki, elə eyni yazıçıdan yazırsan. Mənim cavabım əvvəl necə idisə indi də elədir, dəyişməyib: mən oxuduğumu, bildiyimi yazıram. Bilmədiyimdən yazıb, bəziləri kimi gülməli vəziyyətə düşmək istəmirəm. Taqorun xatirələrində belə bir cümlə oxumuşdum: Ədəbiyyata səmimi məhəbbət hissi ədəbiyyatı dərindən bilməkdən daha nadir bir hadisədir. Ola bilər kimsə bu fikirlə razılaşmasın. Görünür, onlar həm də fikirləşirlər ki, mən başqa müəllifi oxumuram. Mən kitabları heç vaxt görüntü, küçə-tin jarqonuyla desəm “pokazuxa” xatirinə oxumamışam.
 
Pelevinin kitablarının birində belə bir cümlə var: “Biz zamanı yox, zaman bizi seçir”. Pelevin 60-cı illərdə anadan olub. Onun uşaqlığı və ilk gəncliyi kosmik 60-cı illərə və qayğısız, sabit, standart 70-ci illərə düşür. 80-ci illərin sonu, 90-cı illər onun gözünün qarşısında bütün sovet, kommunist dəyərlərinin darmadağın olduğu dövrdür. İnternetdə bir videoya baxmışdım. 91-ci il, qar yağıb, Moskvada mitinqdir. Bir gənc əlində qırmızı bayraq tutub jurnalistin uzatdığı mikrofona danışır: “Mən universiteti təzə bitirmişəm, hər şey dağılır, mənim işim, sabahım, gələcəyim necə olacaq bilmirəm...”. Sovet İttifaqı birdən dağıldı, çox adamdan soruşmuşam, heç kəs gözləmirdi. Sovetlərin ümumi evi uşağın düzəltdiyi qumdan ev kimi qəfildən çökdü. İnsanların bir vaxtlar inandıqları dəyərlər yoxa çıxdı. Bu yaxında bir kitab keçdi əlimə. Müharibədən sonra kommunist partiyası xalqa – xüsusilə gənclərə müraciət edib ki, ölkənin yenidənqurmasında iştirak edin, uzaq yerlərə, ayaq dəyməmiş yerlərdə şərait qurulmasında yardımçı olun. Təsəvvür edin, qısa bir vaxtda onminlərlə gənc yollanıb Sibirin it ulayan, soyuğun ülgüc kimi kəsdiyi yerlərə. İçlərində təzəcə məktəbi bitirmiş bütöv siniflər varmış. Hər şey sıfırdan başlandı. Bu gənclər həyatlarının ən yaxşı illərini xaraba yerləri adam yaşayan yerlərə çevirmək işinə sərf etdilər. Adama nağıl kimi görünür.
Pelevin Rusiyanın ən intellektual yazıçılarından biri sayılır. Bir internet səsverməsində Limonovu, Struqatskini də ötərək ölkənin ən intellektual yazıçısı adını almışdı. Kitablarının arxasında çox vaxt belə bir informasiya olur: “French Magazine jurnalı onu müasir dünya kültürünün ən dəyərli 1000 xadimi sırasına daxil edib”. Bir adam nə qədər intellektual ola bilər axı.
 
 Bu adam nə yeyib, nə içib? Söhbət faktoloji bilgilikdən getmir. Ona qalsa bizdə də bir-iki avara intellektual var. Hələ də 20 il bundan əvvəl oxuduqları kitabların havası başlarından getməyib, 20 il əvvəl oxuduqları kitabdan danışırlar. Ayda, ildə bir-iki yazı yazırlar, o da boş, cansız, quru faktologiya. Yazı bir yana qalsın, yaş keçib, kitabları yoxdur. Rusiyada ortabab bloqqerlərin belə kitabı var. Ona görə də biz bu adamları doğru olaraq böyük zövqlə intellektual avaralar adlandıra bilərik. Bundan başqa hərdən intellektual gəvəzələr də qəfildən qarşımıza çıxır. Onlar kimdir? Onlar bir kitab oxuyub postmodernizm fəlsəfəsini yerlə yeksan edənlər... 
 
Ümumiyyətlə, söhbətdən bir az kənara çıxsam da yeri gəlmişkən deyim, fakturalı intellektualların sonu gəlib, elm və texnologiya o qədər inkişaf edib ki, fakt sadalamaqla ağıllı görünməyə çalışan adamlara ehtiyac qalmayıb, əlimizin altında Google var, vəssalam. Bu, tək kitablarda yox, filmlərdə də belədir. Cəmi 15-20 il qabaq bir nəfər məşhur filmdən danışanda qalanları ağzını açıb heyranlıqla ona baxırdı. Bu heyranlığın bir mənası da bu idi ki, adam görəsən o filmə necə və harda baxıb. Mən o dövrləri dumanlı şəkildə xatırlayıram, uşaq idim, hər adamın evində videomaqnitafon yox idi. Bizim evə necə gəlib düşmüşdü bilmirəm. “Prokata” kaset verən köşklər vardı, iri kasetlər yəqin çoxunun yadına gəlir, əldən-ələ gəzirdi, lent axırda zay olurdu. Mən o köhnə kasetlərdə çoxlu döyüş, dava filmlərinə baxmışam. Kim bilir bəlkə də mən o dava filmlərinin yerinə məsələn, Kusturitsaya baxsaydım indi bu cümlələri başqa cür yazardım. Vəziyyət dəyişib. İndiki dövrümüzdə istənilən avara biri evinə internet çəkdirib günə çox yox iki film olmaqla çay, kofe içə-içə, pirojna yeyə-yeyə uzağı 5-6 ayın içində dünya kinematoqrafiyasının bütün şedevrlərinə baxa bilər.
 
Pelevinin əsərlərilə tanışlığım bir neçə il əvvəl Sabir bağında keçirilən kitab yarmarkasından başlayır. Bloq yazdığım vaxtlar idi. “Omon Ra” kitabını oxuyub yazı yazmışdım. Pelevinin əsərlərində hüdudsuz bir sinizm görünür. Bu, yazıçının sinik olması anlamına gəlməməlidir. Pelevin o yazıçılardandır ki, yazıçının hansı dəyərin tərəfində olduğu əsərdən hiss olunmur, tərəf tutmur. Pelevini oxuduqdan sonra fədakarlıq, xeyirxahlıq və mərhəmət kimi dəyərlərə əvvəlkitək inanmaq olmur. Klassika, ənənəvi ədəbiyyat kömək eləmir. Şair demişkən, oxuduqlarımı həyatla tutuşdururam. Bu mənada Pelevin çox amansız və qəddardır, inanmağa ümid yeri qoymur. Bir yazıçı istəsə öz gündəliyində bu hissi təxminən belə ifadə etmiş olardı: “Fədakarlıq, xeyrixahlıq və mərhəmət anlayışları gəncliyimdə mənim üçün böyük şey kəsb edirdi. Fədakarlıq, xeyrixahlıq və mərhəmət kitabları bir vaxtlar kitabxanamda ən əlçatan yerdə idi...”.
 
Pelevin haqqında əsasən iki şeyi deyirlər: Birincisi budur ki, onun yaratdıqları tam ədəbiyyat deyil, publisistikadır, indi bəziləri deyir leksiyadır. Bu fikirdə müəyyən qədər həqiqət var, ancaq müasir dövrdə artıq belə arqumentlər gülməlidir. Bartdan, Fukodan sitat gətirib baş yormaq istəmirəm. Elə adam var oxuyub başa düşmür, məsələn “Çapayev və Boşluq” kitabını aldığım bukinistin sahibi açıq deyir ki, qəliz yazır, başa düşmürəm. İkincisi, yazıçının şəxsiyyətilə bağlıdır, zahid həyatı keçirmək, qara eynək filan. Zahid həyatı dedikdə yazıçılardan ağlıma birinci həmişə Selincer gəlir. Əgər bir yazıçı öz hücrəsinə çəkilib yazıb-yaradırsa məncə onu heç də qınamaq olmaz. Sənət sənət üçündür. Limonov adında bir yazıçı var. Daha doğrusu var idi deməliyəm, çünki yazmağın daşını bilmərrə atıb, yazmır. Əvəzində siyasətlə məşğuldur. Fəaliyyətini internet üzərindən izləyirəm. Mütəmadi Amerikanı tənqid edir, gah bir də görürsən hərbi formada, “BTR”-lərin fonunda şərqi Ukraynada peyda olur. Limonov mövcud hakimiyyətin alovlu müdafiəçisinə çevrilib. Halbuki o ədəbiyyatla məşğul olsaydı siyasət girdabına batmazdı, yazıçı üçün vacib olan azadlığını da qorumuş olardı. Pelevin axırıncı romanında (“Üç Zukerbrinə sevgi”) bir fəslin əvvəlində Limonovun əsərindən balaca epiqraf vermişdi. Limonov da elə bilmişdi həmkarı onunla məzələnir, adının məşhurluğundan istifadə edir. Hər şey ola bilər. Limonov da əsəbiləşib biabırçı bir cavab yazısı yazmışdı. Həvəsi olanlar axtarıb oxusun.
 
Gəlib çatdıq yazının adına. Pelevinin “Keçmək istədiyim körpü” adlı kiçik bir yazısı yaxud essesi var. Təzəlikcə oxudum. Məndə yaranmış hissi cümlələrlə tam ifadə edə bilmədiyimə görə artıq danışmayacam. Bircə onu dəqiq bilirəm ki, onu oxumasaydım bu yazı da heç yazılmazdı.  
 
Elçin Mann
 
Kultura.az
Yuxarı