post-title

Akademik neytrallıq haqsızlığı müdafiə edəndə

Son illərdə azərbaycanlılar arasında yeni trend peyda olub. Bu o qədər incə trenddir ki, onu asanlıqla müəyyən etmək çətindir. Bunun üçün uzun müddətli müşahidə, sağlam götür-qoy etmək lazımdır. Bu trend əsasən azərbaycanlının xaricdə təhsil alarkən öyrəndiyi biliklərdən məharətlə istifadə edərək, öz cəmiyyətində sosial, iqtisadi və siyasi məsələlərə haqsız bəraət qazandırmaqdan ibarətdir. Bunun baş verməsi üçün çox şərt ola bilər, amma bu şərtlərdən ikisi vacibdir. Birinci şərti akademik-neytrallıq adlandıraq. İkinci şərti isə, Trotskinin ruhunu şad etmək üçün, opportunizm.

 
Akademik-metodoloji neytrallıq
 
Deyək ki, bir azərbaycanlı dostumuz hansısa səbəbdən təhsili bizdən daha çox inkişaf etmiş ölkələrdən birinə iqtisadiyyat oxumağa gedir. Orada bizim dostumuza müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi tarix və hesablama metodları öyrədirlər. Fərz edək ki, bu bilik və bacarıqlara yiyələnmək, dostumuzda mütləq onları Azərbaycana tətbiq etmək, Azərbaycan cəmiyyətini analiz etmək və onun inkişafına töhfə vermək üçün eyni zamanda həvəs və məsuliyyət yaradır. Bu, çox yaxşı əlamətdir. Azərbaycanda onun həsrətini çəkən insanlar oturub düşünür ki, qızım-oğlum çoxlu biliklər qazanaraq vətənə qayıdacaq və buranı daha yaxşı bir yerə çevirmək üçün işləyəcək, həm özünə, həm bizə gün ağlayacaq, həm də cəmiyyətinə töhfə verəcək. Buradan oxumağa gedənlərin 90%-i məhz bu sözləri öz ərizə/məktublarına böyük uzaqgörənlik nümayiş etdirərək yazır və yazdırırlar. 
 
3-5 il sonra bu adam qayıdır ölkəsinə, başlayır iş axtarmağa və tezliklə yaxşı maaşlı bir işə yiyələnir. Bu, hansısa dövlət, yaxud özəl müəssisə, məsələn, bank, otel və yaxud kafe və s. ola bilər. Bu insanların bir çoxu cəmiyyətin inkişafına öz töhfələrini məhz öz işlərinin öhdəsindən uğurla gəlməkdə görürlər və bununla kifayətlənirlər. Digərləri ictimai müzakirələrdə iştirak etməklə cəmiyyətə xeyir vermək istəsələr də, müxtəlif səbəblərdən bu addımı atmırlar, yaxud cəmiyyədə xeyir verməyin çoxlu digər və bəzən daha yaxşı üsulları ilə məşğul olmaq qərarına gəlirlər. Belə insanları heç kim qınaya bilməz və onlar zatən Azərbaycana qayıtmaqla inkişafa az da olsa, öz töhfələrini vermiş olmuşlar. Bəlkə də, elə ən doğrusunu onlar edirlər. 
 
Dostumuz isə, bir müddət işlədikdən sonra təsadüf, yoxsa qismətdənmi öz siyasi və ictimai fikirlərini öz dar çevrəsindən çıxararaq, qoşulur virtual və real sosial şəbəkələrdə müzakirələrə və başlayır ilk baxışdan qulağa həqiqət kimi səslənən, dərininə vardıqda isə insanı təəccübləndirən fikirlər səsləndirməyə. Vacib ictimai hadisəyə çayxanada, yaxud facebook səhifənizdə münasibət bildirərkən siz deyirsiniz:
 
“Milyonlarla neft pulu büdcə xərcləri çərçivəsində uzunmüddətli inkişafı nəzərə alacaq yatırımlar əvəzində, qısa-müddətli mənfəət naminə tikinti sektoru vasitəsilə səmərəsiz və nəzərdə tutulmadığı istiqamətlərə xərcləndi”. 
 
Dostumuz dərhal cavab verir:
 
“Bilirsiniz, əslində Azərbaycanda neft pullarının tikinti sektoruna sərmaye şəklində yatırılması, hətta bunun necə yatırılmasını hesaba alsaq belə, Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir, çünki infrastruktur iqtisadi inkişafın əsasında dayanır. Baxın, ÜDM düsturuna görə Y = C+İ+G+EX-İM (Belə də yazırlar. Ümumiyyətlə, Avropada 10-cu sinifdə keçilən və 70 yaşı olan bu primitv düstur bizim “iqtisadi ekspertlərimizin” silahına çevrilib) dövlət xərcləri (G) artıqda bu zaman ümumi gəlir (Y) də artır”.
 
İlk baxışdan məsələni anlamaq çətindir. Bizim xarici təhsilli dostumuz xaricdə qazandığı bilikləri cəmiyyətimizin inkişafına sərf edir, elə deyilmi? Deyil. Çünki, onun yazdıqları, hətta hansısa iqtisadi məntiqlə həqiqət olsa belə, akademik neytral metodlardan istifadə edərək əxlaqla mühakimə olunmalı olan (sırf bu məsələyə ideologiyanın aidiyyatı yoxdur; bu problemi sağçı da, solçu da, keynezçi də, monetarçı da, Gesellçi də, Misesçi də müşahidə edir və izahları fərqli olsa da, oxşar mühakimə edir) məsələlərə bəraət qazandırmaqdan ibarətdir. Başqa sözlə, akademik biliklər ideoloji mənada neytral olmasa belə, [iqtisadi] siyasət mənasında neytraldır. Yəni, iqtisadi nəzəriyyə məsələnin iqtisadi tərəfinə bəraət qazandırmaq üçün istifadə oluna bilər, amma məsələnin ədalətlilik tərəfinə bəraət qazandırmaq üçün istifadə oluna bilməz. İqtisadi siyasət isə, cəmiyyətdə baş verən proseslərdən təcrid olunmuş şəkildə baş vermir. Bizim dostumuz isə, məsələnin ədalətlilik tərəfinə iqtisadi məntiqlə bəraət qazandırmaqla məşğuldur. 
 
Bugün beynəlxalq münasibətlər, siyasi nəzəriyyə, fəlsəfə, hüquq, iqtisadiyyatın müxtəlif sahələri və s. istiqamətlərdə Qərb təhsilli azərbaycanlılar akademik-metodoloji neytrallıqdan istifadə edərək öz sahələrində əsaslı mühakimə tələb edən məsələlərdə həm (!) akademik, həm də əxlaqi mənada əsassız fikirləri müdafiə etməyə çalışırlar. Hüquqşünas insan hüquqları məsələsində (insan haqları mücərrəd anlayışdır, hər yerdə pozulur), siyasətçi demokratiya məsələsində (bilirsiniz, demokratiya çox mücərrəd anlayışdır və əslində Avropamərkəzçi ideyadır; bizim öz demokratiyamız var), iqtisadçı iqtisadi siyasət məsləsində (statistik araşdırmalar göstərir ki, Azərbaycan sürətlə inkişaf edir), beynəlxalq münasibətlər oxuyan bu sahədə (dünya realizm dünyasıdır. Realist olmaq lazımdır, liberalizm, konstruktivizm mənasızdır), fəlsəfə oxuyan fəlsəfədə (Hər şey nisbidir. Həqəqət mütləq deyil və post-modernizm Kantın “kateqorik imperativ” konsepsiyasını rədd edir) akademik-neytrallıqdan istifadə edib haqsızlığıbu qədər rahatlıqla müdafiə etməyin mümkün olduğunu hesab edirlər, baxmayaraq ki, metodoloji neytrallıq sui-istifadəyə asanlıqla imkan vermir. Sadəcə olaraq auditoriya savadsızdır. 
 
Məyər fəlsəfə üzrə dörd il təhsil almış biri həqiqətin axtarışında az da olsa, ədalət söhbətlərindən özünə heç nə götürmədimi? O hansı filosofdur ki, yazdığı tezislər ədalətsizliyə haqq qazandırmağı rəva bilir? Bu sualın cavabı oportunizmdədir. 
 
Opportunizm 
 
Adətən, insanlar hər hansı bir hadisə yaxud məsələ barədə fikir yürüdərkən əvvəlcə öz inanc, bilik və təcrübələrinə əsaslanaraq müəyyən arqumentləri qəbul edir, yaxud inkişaf etdirir, bu arqumentlərin köməyilə bir mövqeyə yetişirlər və müzakirədə iştirak edərək mövqelərini müdafiə edirlər. Fərz edək ki, dinə bağlı, həyatını ilahi prinsiplər üzərində qurmuş biri düşünür ki, filan-filan səbəblərdən dini təhqir etmək olmaz. Sonra görür ki, kimsə dini təhqir edir və müzakirələrdə iştirak edərək deyir ki,  mən buna qarşıyam. Başqa sözlə, adam, yanlış, yaxud doğru olub-olmamasından asılı olmayaraq, buna həqiqətən qarşıdır. Amma, digər bir qrup insan var ki, onların hansısa məsələ barədə arqumentləri yalnız həmin məsələ barədə subyektiv mövqe seçəndən sonra formalaşır. Yəni bu insanların siyasi, sosial və iqtisadi məsələlərə mövqeyi müəyyən ideoloji çərçivələrdən qaynaqlanan arqumentasiya üzərində qurulmur. Onlar hansısa başqa səbəbdən, əsasən praqmatik əsaslarda şəxsi gəlir-çıxarlarını və mənfəətlərini hesablayaraq əvvəlcə məsələyə münasibətlərini müəyyənləşdirirlər, ondan sonra bu mövqeni müdafiə edəcək arqumentlər axtarıb tapırlar və müzakirəyə qoşulurlar. Məsələn, bir çox insan var ki, onlar nə dindandırlar, nə də hansısa meyarlarla onları dindar adlandırmaq olar. Di gəl ki, hansısa dindara yaltaqlanmaq, özünü təəssübkeş, əhəmiyyətli göstərmək və çoxlu başqa səbəbdən bu adam müstəsna canfəşanlıq və təkidlə deyir ki, dinə həqarət etmək olmaz. Oturur bunun üçün arqumentlər axtarır və müzakirədə iştirak edir. Başqa sözlə, bu mövqe onun prinsiplərini və dəyərlərini əks etdirmir. O, sabah əgər bu fikri müdafiə etməyin çıxarları gəlirlərindən çox olarsa, təcili şəkildə bu fikri tərk edəcək, özünə yeni bir fikir müəyyənləşdirəcək və eyni tərzdə öz sosial iştirakına davam edəcək. Bu insanlar opportunistdir. Yəni, onlar bir şəxs kimi inkişafları zamanı müəyyən dəyər və prinsiplərə sahib olmadan yalnız qısa-müddətli praqmatik əsaslarda yaşamağa öyrəşiblər. 
 
Gəlir-çıxarlarnı düşünmək insanın təbii halıdır. Bir çox hallarda praqmatik olmaq vacibdir. Amma, məsələ ictimai hadisələr barədə mühakimə yürütməkdən gedirsə,  praqmatik olmaq problemə çevrilir. Ona görə ki, siyasi-ictimai müzakirədə fikir səsləndirən, siyasi mövqeni müdafiə edən biri cəmiyyətin, yəni başqalarının rifahı naminə danışır. Həqiqət axtarır. Bu, məişət həqiqəti deyil – evə kiçik divan alsam yaxşı olar, yoxsa böyük divanmı alım məsələsi sırf praqmatik əsaslarda həll oluna bilər, amma “dövlətin (yəqin kimsə mütləq şərh yazacaq ki, dövlətlə hakimiyyətin fərqini bilmirsiniz) filan hadisəyə münasibəti, yaxud filan siyasəti necə olmalıdır” məsələsi kiminsə praqmatizminə görə həll oluna bilməz, çünki, bu zaman biz fərdi deyil, cəmiyyətin gəlirlərini-çıxarlarını düşünürük. Divan alanda gəlir və çıxarın nədən ibarət olduğunu hesablamaq mümkündür: meyarlar müəyyən olunur, ona uyğun gəlir-çıxar hesablanır. Meyarlar üzərində dava uzaqbaşı ərlə arvadın davasına gətirib çıxarır. Cəmiyyətin gəlir-çıxarını hesablayanda meyarlar üzərində dava ideoloji fərqlərin yaranmasına gətirib çıxarır. Bu zaman, cəmiyyətin rifahı və inkişafı naminə fikir söyləyən şəxsin şəxsi gəlir-çıxarlarını hesablayaraq münasibət bilirməsi opportunizmdir və həmin şəxs bu meyarları elə seçir ki, o gəlirlərini maksimum artıraraq çıxarlarını maksimum azalda bilsin. Yəni, bu insan səmimi deyil. 
 
Təhlükəli birlik
 
Yuxarıda qeyd etdiyimiz akademik-metodoloji neytrallıqdan istifadə etmək və opportunizm ayrı-ayrılıqda mövcud ola bilər. Savadsız opportunist meşşandır; Akademik neytrallığa sığınan amma müəyyən ideologiyası olanlar əvvəl axır ikisindən birini seçmək məcburiyyətində qalır: bir tərəfdən özlərinin nisbətən yüksək təhsilləri və savadlarını ictimai məsələdə istifadə etmək məsuliyyəti hiss edirlər, eyni zamanda öz şəxsi gəlir-çıxarlarını bu məsuliyyətə qurban verə bilmirlər.
 
Akademik-metodoloji neytrallıqdan istifadə ilə opportunizm birləşəndə isə qorxulu mənzərə yaranır. Bu birləşmə, insanın inandığı, yaxud sadiq olduğunu bəyan etdiyi prinsip və dəyərlərə xəyanətidir. Təhlükə var ki, bu xəyanət tərbiyəsizliyə çevrilə bilər. Bu insanlar “gəlin pozitiv olaq, neqativ şeylərdən danışmaq insanın ətrafına neqativ enerji saçır” deməklə hər cür ədalətsizliyə haqq qazandıran kəslərin bir üst kateqoriyasıdır. Bu adamların müdafiə etdikləri siyasi-ictimai mövqe birbaşa onların şəxsi maraqlarına qulluq etmiş olur. Nəticədə, aldadıcı bir mənzərə yaranır. Bəzən bu təhsilli opportunistlər birləşirlər, hətta akademik disiplinlərarası koalisiya formalaşdıraraq hər biri öz sahəsində front yaradırlar, bir-birlərini müdafiə edir, ən pis halda “dostumdur, əslində ağıllı adamdır, belə düşünmür, amma ola bilsin... insan səhv də edər” deyərək sükutu seçirlər. Məsələnin detallarından xəbəri və mövcud ictimai problemlərə formalaşmış münasibəti olmayan insanlar isə asanlıqla bu tələyə düşürlər. Nəticədə, opportunistlər açıq niyyətləri olmaya-olmaya ictimai inkişafın yavaşlamasına töhfə vermiş olurlar. Bu isə, onları bu töhfəni açıq niyyətlə həyata keçirən savadsız meşşanlardan daha təhlükəli edir. 
 
Tarixən cəmmiyyətlərin inkişaf dövründə müxtəlif ictimai-siyasi gərginliklər zamanı opportunistlər göbələk kimi peyda olur və öz şəxsi maraqlarını təmin etmək üçün ətraflarına özlərini həqiqəti dərk etmiş, “qızıl ortanı” tapmış liderlər kimi təqdim edirlər. Amma məsələyə uzun müddətli yanaşanda, bu gərginlik artığı zaman getdikcə onların müəyyən siyasi mövqeni ardıcıl olaraq müdafiə etməsi çıxarlarını gəlirlərinə nisbətən artıraraq vəziyyəti çətinləşdirir. Bu zaman onlar tez-tez mövqelərini dəyişmək məcburiyyətində qalırlar və insanların güvənlərini itirirlər. Beləliklə, bu opportunistlər uzun-müddətli ictimai-siyasi mübarizəinin içində əriyib yox olurlar, tək-tük “sağ” qalanları isə etibarını itirmiş olur. 
 
Nicat Qarayev
 
Kultura.az
 
 
Yuxarı