post-title

55 yaşlı Gənc - Şərif Ağayar

Rasim Qaracanın 55 yaşına

 
 
Səni anlamadılar deyə bilmərəm.
 
Amma etiraf etməyə qorxdular.
 
Danmağa çalışdılar...
 
O kəslər ki, günəşi sevməyən yarasalar kimi zülmət və rütubət axtarırdılar.
 
Fəqət, ən vicdansız adamlar belə axıracan dana bilmədilər Səni!
 
Çünki ortalıqda adamın gözünü deşən böyük həqiqət vardı!
 
Bir yanda; 30-cu illərdən bəri quyruq bulamağa öyrəşmiş məddahlar, ən yaxşı halda, qorxudan səsini çıxara bilməyən mütilər dəstəsi...
 
O biri yanda; müstəqillik dövrünün alternativ ədəbiyyatı...
 
Sən həp azad ədəbiyyatın başında gəldin.
 
Qısqandılar...
 
Paxıllıq etdilər...
 
Qara yaxdılar...
 
Cırnadılar...
 
Məəttəl qaldılar...
 
Ac-yalavac, evsiz-eşiksiz gənclərin bu boyda fədakarlıq göstərəcəyini heç kim gözləmirdi.
 
Heç kim hesablamamışdı.
 
Ona görə müdafiəsiz idilər.
 
İdarə olunan mətbuat da bu azadlığın qarşısında tab gətirmədi.
 
Səhifələrini gəncliyin, səmimiyyətin, işığın qədəmlərinə sərməyə başladı. 
 
Azad gənclik qarşısında “avtoritet”lərin dekorativ şöhrəti alt-üst oldu.
 
Qohumbazlıq, dostbazlıq, yerlibazlıq, qonaqlıqbazlıq, yaltaqlıq, yalaqlıq, g...girənlik Sənin sayəndə ədəbiyyatdan uzaq düşdü.
 
Səni Azərbaycanda zaman-zaman sınaqdan çıxmış ən namərd üsul olan təriflə də yolundan döndərə bilmədilər.
 
Aldanmadın, sınmadın, əyilmədin, dönmədin və bu Səni həmişə mutlu etdi.
 
Bundan sonra da edəcək.
 
İnsanın qəbir evinəcən apara biləcəyi yeganə sərvət onun ləyaqətidir. 
 
Sən çox varlısan bə, abi!
 
Sən çox xoşbəxtsən!
 
Sənə baxanda insanlığa olan inamım birə-min artır.
 
Bu dünyada qəlbin səsiylə yaşamağın, mübarizə aparmağın və qələbə çalmağın mümkünlüyünü dərk edirəm...
 
İyi ki, varsan!
 
Bir məmləkət, o, Azərbaycan olsa belə, əsla və əsla Sənin kimilərin dəyərini bilməyəcək, zəhmətlərini unudacaq qədər cahil deyildir.
 
Yoxsa, nə Lorka olardı, nə Nazim Hikmət, nə Əli Kərim...
 
Yoxsa nə söz olardı, nə ədəbiyyat...
 
Biz də olmazdıq, yoxsa...
 
Qalstuk taxıb, üstümüzə kəsafət gəyirən “qoca”ları mədh etməklə məşğul olardıq.
 
Necə ki, qarşımızda belə insanların böyük bir ordusu var...
 
Başqa bir yol vardı ki, onu azadlıq dövrünün gəncliyinə Sən və dostların göstərdiniz. 
 
Həqiqət yolu...
 
Ədəbiyyat yolu...
 
Əbədiyyət yolu...
 
İyi ki, varsan!
 
Havası zəhərlənmiş Azərbaycan ədəbiyyatının üzünə nəfəslik kimi açılan insan...
 
Sən mənim nəzərimdə əbədi olaraq gənc qalacaqsan.
 
15 yaşında qocalanların məmləkətində 55 yaşlı gənc kimi qutlayıram Səni.
 
Sabaha, İşığa və Gəncliyə salam və ehtiramlar olsun!
 
Şərif Ağayar
 
Kulis.az
Yuxarı