post-title

Adam olmaq üçün texnoloji yenilik

İllər əvvəl tələbə olanda universitetdən bir qız tanıyırdım. Xüsusi parlaq gözəlliyi olmasa da, standart gözəlliyi vardı, cəlbediciydi. Amma həyatı çətiniydi. Onu daim bir dəstə adam güdürdü, fasiləsiz müşahidə və nəzarət altında idi.

 
 
Hər səhər qardaşı onu maşınla universitetə gətirir, dərs qutarandan sonra da maşına mindirib geriyə, evə aparırdı. Qardaşının işi çıxanda maşınla atası gəlirdi, onun da vaxtı olmayanda əmioğlulardan, dayıoğlulardan kimsə tapılırdı. Qıza nəzarət mexanizmi alman dəqiqliyi ilə işləyirdi. 
 
Bakıda onsuz da olduqca cansıxıcı keçən tələbəlik həyatı onunçün lap dözülməz olmuşdu. Heç bir əyləncəyə, rahatlığa, şəxsi təşəbbüsə yer yox idi. Qrup yoldaşları ilə ən adi bir gəzintiyə çıxası olsa, saatlarla izahat verməli, icazə almalı idi. İzn verəndə də zənglərlə, mesajlarla o qədər təngə gətirirdilər ki, axırda hər şey burnundan gəlirdi. Ona yağdırılan sualları təsəvvür eləmək çətin deyildi: hara getdin, hardan gəldin, kimlə idin, gecikmə, filan vaxt evdə ol, 15 dəqiqə gecikmisən, niyə, tez cavab ver və s. və ilaxır.
 
Universitetdə dərs-filan oxumurdu. Eyni cür düşünən, eyni cür danışan, eyni cür hərəkət edən yeknəsək tələbə sürüsünün içində itib-batırdı, amma iti gözləriylə oğrun-oğrun ətrafı izləməyi də vardı, hər boş saniyədən istifadə eləməyə çalışırdı... 
 
Və bir gün ümumiyyətlə yoxa çıxanda, gözlər önündən silinəndə səbəb çox sadə oldu. İlk fürsətdə imkan düşən kimi kiməsə qoşulub qaçmışdı. Və bununla da məsələ həll olunmuşdu... 
 
Şərq qadının adi həyat hekayətlərindən biri. 
 
Daim üzərində nəzarət olan insan başqa cür necə ola bilər ki? 
 
Bu yaxınlarda onu yanında 2 uşaqla birlikdə görəndə qəribə hisslər keçirdim. Kökəlmiş, vücudu xarablaşmışdı, sallaq üzündəki biganə gözlərdə maraqsız həyatın sönük işartıları sezilirdi. 
 
Uzun müddət görmədiyin insan qəfildən tamam başqa görkəmdə qarşına çıxanda təntiyirsən, yəni, bu, odur? 
 
Hə, odur. 
 
Birazdan isə o yenidən yoxa çıxır, sən də çıxıb işinin-gücünün dalınca gedirsən. Bir də allah bilir görəcəksənmi, görməyəcəksənmi? Bir də görəndə təəccüblənəcəksənmi, təəccüblənməyəcəksənmi?
 
Amma bütün bunlara baxmayaraq, bu, adicə bir əhvalatdır, adicə bir insan ömrüdür.
 
Bilirəm, başqalarının yaddaşında qadınlarla bağlı daha təsirli, orijinal hekayətlər var. Bu barədə həm də çox yazılıb, çox danışılıb. Bu hekayətlərin əksəriyyətinin sonluğu bədbəxtçilik olmaya da bilər, amma xoş bir şey də nadir tapılar. Şərq ölkəsində qadın olmaq çətin məsələdir çünki. 
 
Müqayisələr aparası olsaq, hələ Azərbaycan qadın hüquqları məsələsində müəyyən qədər yaxşı vəziyyətdədir. Uzun illər Rusiya imperiyasının tərkib hissəsi olmaq, bizi türkün, farsın, ərəbin zərərli təsirlərindən müəyyən qədər uzaqlaşdırıb. Rusiya vasitəsilə Avropa mədəniyyətilə tanışlıq, xristian xalqlarla qonşuluq, SSRİ-nin qoyub getdiyi sekulyar irs bizi irəli atıb. İndiki dövrdə də müasir texnologiya bizi sivil dünyaya yaxınlaşdırır. Amma yenə də bir çox məsələlərdə, xüsusilə qadına münasibət məsələsində şərqli zehniyyəti özünü biruzə verir. Zahirdə bir çox şey normal görünür, amma daxilən yenə orta əsrlər dövrüdür. 
 
Onsuz da indi bizim məktəblərdə, universitetlərdə fərd yox, sürü yetişdirirlər (müəllimlərin özlərinə tərbiyəçi lazım olduğu başqa söhbətin mövzusudur), amma yenə də sürünün qadın cinsindən olan üzvləri kişi cinsindən olanlardan daha şanssızdırlar. Qadın cinsindən olanlar hər addımda  qadağalarla üz-üzə və nəzarət altındadırlar. Onlar evdə, məktəbdə, universitetdə, ofisdə, küçədə - hər yerdə göz həbsi altındadırlar, hara getsələr, bir dəstə adam əl-ələ verib onları güdür, hökm etməyə çalışır. 
 
Laboratoriya siçanı kimi daim müşahidə altında olan insan isə travmalı məxluqdur. Ondan heç də hər zaman hansısa məsələdə adekvat münasibət gözləmək olmaz. 
 
10 il ərzində ictimai-siyasi-mədəni sferada müxtəlif təşkilatlardan, qurumlardan olan və ayrıca fərd kimi onlarla qız tanımışam. Savadlı, bacarıqlı, işgüzar olanları da olub, olmayanları da. Və təcrübə göstərib ki, onların böyük əksəriyyətinin fəaliyyəti mövsümi xarakter daşıyıb. Gəliblər və gediblər. Və çoxu da evlənəndən sonra yoxa çıxıb...
 
Seçim qarşısında qalıblar, ya ora, ya bura. Seçimləri də indi ortadadır. 
 
Onlar gedəndən sonra yaranan boşluqlar isə gün keçdikcə böyüyür və bu boşluqların bir gün təhlükəli quyulara çevrilmək ehtimalı böyükdür.
 
Ola bilsin, bizdə qadınlar o biri zəlil gündəki ölkələrdəki kimi qara çadranın içinə həbs olunmurlar, daşlanmırlar, bellərina bomba bağlanmış şəkildə haranısa partlatmağa göndərilmirlər... amma məişət həbsinə məruz qalırlar. Və həbs də həbsdir. 
 
Ərinə, ailəsinə, qohumlarına, qəbiləsinə, mətbəxə, bişirib-düşürməyə məhkum olunmuş qadın elə həbs, məhkum həyatı yaşayır. 
 
Çox vaxt yaşadığı həyatdan xəbərsiz olsa belə, o qeyri-rəsmi məhkumdur. 
 
Şərq ölkələrində qadın hər zaman məhkumdur, ən yaxşı halda məişətə, ən pis halda isə terrorçu kimi ölməyə. 
 
*** 
 
Coğrafi inkişaf nəzəriyyəsinə görə cəmiyyətlərin, xalqların, ölkələrin inkişafı həm də onların yerləşdiyi coğrafiyadan asılıdır. İnsan təbiətin bir parçası olduğundan təbiətin xarakteri onun xarakterində də öz əksini tapır. 
 
Yüksək inkişafa nail olmuş ölkələrin əksəriyyətində havanın maksimal  temperaturu 16 dərəcədən yuxarı olmur (isti iqlimdə özləri üçün qurduqları bir-iki ölkə istisnadır). Təbiət nə qədər mülayimdirsə, insanlar da o qədər açıq fikirli, tolerant və mülayimdirlər. Təbiətin mülayimliyi torpağın məhsuldarlığına, əkinçiliyə və mədəniyyətin doğuşuna səbəb olub. Kültür, mədəniyyət sözü də elə burdan gəlir, latın mənşəli “Cultura” terminin yeri şumlamaq, əkib-becərmək mənasını verməsi təsadüfi deyil. 
 
İsti, sərt iqlim şəraiti olan ölkələrin əksəriyyəti isə hər mənada inkişaf məsələsində axsayırlar. Torpağı quraq, barsız, iqlimi isti olan ölkə insanı da qeyri-tolerantdır, zorakıdır, despotdur. İqlim nə qədər sərtdirsə, insan da o qədər sərtdir. 
 
Coğrafi inkişaf məsələsi təkcə demokratiya, iqtisadiyat-mədəniyyət-təhsil-səhiyyə kimi sahələrdə deyil, insanlararası münasibətlərdə, xüsusilə qadınlara münasibətdə də öz əksini tapır. Bu coğrafiyada qadın əşyadır, ev qulluqçusudur, seksual həzz almaq üçün vasitədir... 
 
Bəlkə də yeganə ümid texnologiyayadır. Öz başına qalsa, bu coğrafiya insanının dəyişməsi yüz illərlə vaxt alacaq, o zaman ərzində də yenə müharibələr olacaq, baş kəsiləcək, qan töküləcək, diskriminasiya, misoginiya (qadın düşmənçiliyi) baş alıb gedəcək. Bəlkə də həqiqətən insanı təbiətdən ayırmaq, təbiətdən ayrı təsəvvür etmək mümkün deyil. Gəlsə-gəlsə yüksək texnoloji inkişaf bu problemin öhdəsindən gələ bilər. 
 
Con Lennonun dediyi kimi, təsəvvür et, texnologiya o qədər yüksək səviyyəyə çatır ki, bir qırmızı “knopka”ya basırsan, despot çönüb normal, bəşəri bir insan olur. Ondan sonra da camaatdan əl çəkir və gedir öz həyatını yaşamağa...
 
Cavid Ramazanlı
ANN.Az
 
Yuxarı