post-title

Allahın ölümündən yazan peyğəmbər

Bu vaxta qədər az kitab oxumamışam. Amma üç kitab mənim həyatımda olduqca dərin iz buraxıb. Bu üç kitabı bir neçə dəfə oxusam da, dərindən başa düşə bilməmişəm...

 
Bunlardan biri Aristotelin “Metafizika”sı, biri İ.Kantın “Təmiz idrakın tənqidi”, üçüncüsü isə Nitsşenin “Zərdüş”tü olub. Bir daha deyirəm ki, bu üç kitabı başa düşmək üçün çox çalışmışam. Hətta filosofların onlar haqqında yazdıqlarını belə oxumuşam ki, bəlkə bir şey başa düşdüm...
  
Amma hələ də hesab edirəm ki, mən onları başa düşə bilməmişəm. Ona görə də kimsə soruşanda ki, filan əsəri oxumusan, adətən belə cavab verirəm ki, yox, oxumamışam, hərçənd onların hər birini bir neçə dəfə oxumuşam...   
 
Fəqət, bu yaxınlarda bir söhbət oldu, Nitsşe yada düşdü. Nəsə mənə elə gəldi ki, onu başa düşməyən tək mən deyiləm, elələri var ki, məndən fərqli olaraq başa düşmədikləri halda bunu etiraf etmirlər, hətta müzakirə də edirlər...   
 
Qərəz, Nitsşe ilə mənim tanışlığım yenidənqurma illərinə təsadüf edir. 80-ci illərin ikinci yarısı idi. Siyasi mühit nisbətən mülayimləşmişdi. Bundan istifadə edərək sovet hakimiyyətinin yasaq etdiyi ədəbiyyatı böyük tirajlarla dərc edirdilər.   
 
Tez bir zamanda əlimə onun “Zərdüşt”ü düşdü. Özüm adını bütöv yazmıram. Adətən bu əsəri elə belə də adlandırırlar. Sonra Nitsşenin bioqrafiyasını tapdım. Qərəz, bu filosofla bağlı əlimə nə keşirdisə, acgözlüklə oxuyurdum və başa düşməyə çalışırdım... Etiraf edim ki, əvvəl elə bilirdim “Zərdüşt” əsəri elə bu adlı peyğəmbər və onun dini, fəlsəfəsi ilə bağlıdır. Amma kitabı oxuyandan sonra dərk etdim ki, yox, Zərdüşt Nitsşe üçün sadəcə, bir simvoldur...   
 
Sonra haradasa oxudum ki, Nitsşe özü bu əsəri beşinci İncil adlandırırımış. Bu haqda oxuyandan sonra əsərə yenidən qayıtdım... İndi də yaddaşımı qurdalamağa çalışıram ki, görüm, bu əsərdən yadımda nə qalıb?   
 
Təbii ki, birinci yadda saxladığım fikir Tanrının ölümü ilə bağlı yazılanlar idi və bu, mənə çox təsir etmişdi. O vaxt mən artıq Nitsşenin özünün də əslində peyğəmbər olması ilə bağlı bəzi filosofların yazdıqlarını oxumuşdum...   
 
Bəs peyğəmbər adlandırılan kəs necə Tanrının ölməsindən yaza bilərdi? Burada mənə bir detal kömək edir. Nitsşenin fəlsəfəsi fövqəlinsan fəlsəfəsi idi və mən belə başa düşürəm ki, bu filosof dinin özünə də, Tanrı ideyasının özünə də bir mərhələ kimi baxırdı. Onun fikrincə, elə bir məqam yetişəcəkdi, daha bu ideyalara ehtiyac qalmayacaqdı, insan elə bir mərtəbəyə çatacaqdı ki, o özü də Tanrı ideyasına müraciət etmədən əxlaq yaradacaqdı...   
 
Məhz buna görə Nitsşe israrla deyirdi ki, öz əxlaqınızı yaradın. Burada mən bir başqa yazarı xatırlamaq istəyirəm. Bu Dostoyevskidir. Bu yazar da çox israrla belə bir sual qoyurdu: Tanrı yoxdursa, deməli, hər şeyə izn var?..   
Nitsşe bu dilemmanı özü bildiyi kimi açırdı: onun yazdıqlarından belə nəticə hasil etmək olardı ki, fövqəlinsan özü Allah ideyasına müraciət etmədən əxlaq yaradacaq və belə bir fikri təlqin etməyə cəhd edirdi ki, əslində, insan yeni bir keyfiyyət göstəricisinə - fövqəlinsana keçid ərəfəsində bir mərhələdir...   
 
Bu kitabda ən çox təsadüf edilən frazalardan biri də “yaxınını uçuruma itələ!” sözləri idi. Bununla Nitsşe nə demək istəyirdi? Bəlkə o da Hobbs kimi “insan insanın düşmənidir” fikrini təlqin etmək istəyirdi?   
 
Çox güman ki, Nitsşe sadəcə, bunu demək istəyirdi: o şey ki artıq dövrünü başa vurub, o kəs ki artıq ayaqları üstündə dik dayana bilmir, ən başlıcası isə bunu istəmir, ona yardımçı olmağa, onu saxlamağa çalışmağa dəyməz, çünki sürünmək üçün nəzərdə tutulanlar uçuş üçün deyil, elə bu səbəbdən də buna vaxt və enerji sərf etməyə dəyməz. Nitsşedə mənim diqqətimi cəlb edən bir detal da onun oxucuya çağırışı idi. Bu, qeyri-adi dərəcədə orijinal çağırış idi. Başqa filosoflardan fərqli olaraq o insanlara demirdi ki, mənim təlimimə gəlin. O deyirdi ki, məni tapmaq üçün məni tərk elə, özünü tapmaq üçün məni tərk elə...   
 
Bu, qeyri-adi bir çağırış idi. Çox, olduqca çox düşünəndən sonra görürsən ki, bəli, Nitsşenin qulağı deşən “qəddar” çağırışlarında əslində çox böyük, qüdrətli bir humanizm gizlənib. Bəlkə də o, bəşər tarixində təsadüf olunan ən böyük və ən ardıcıl humanist idi: Nitsşe insanın fövqəlgücə malik olduğuna inanırdı, onu əyilmiş vəziyyətdə görmək istəmirdi.  
 
Bir detal da var. Bu detal bəlkə də onun böyük humanizminə sübut ola bilər. Artıq sarsıntılar yaşadığı bir vaxt o öz dostu ilə gəzintiyə çıxıbmış. Kiçik bir qızın yanından keçəndə filosof ayaq saxlayır, qızın saçlarınn tumarlayır və qayıdır ki, deyirlər, mələklər yoxdur, məgər bu, mələk deyilmi?..
 
Hüseynbala Səlimov
 
Axar.az
Yuxarı