post-title

Manatın taleyi

Ölkə iqtisadiyyatında olan hazırkı vəziyyət və gələcək mərhələlərin necə olacağı barədə bir neçə qeydi bölüşmək istərdim. Keçək mətləbə.

 
 
Neftin satışından alınan gəlir dollar valyutası ilə ödənilir. Qiymət uzun müddət X (deyək ki 100$) qədər olanda valyutaların həcmi bu qiymətə tarazlanır. Qiymət X/2 (deyək ki 50$) olanda isə dolların axını iki dəfə azalır. Buna görə bazarda dolların çatışmazlığı yaranır. Bir valyutanın təklifi az olanda onun qiyməti qalxır.
 
Bunun qarşısını almaqçün adətən MB süni olaraq manatı alır və dolları satır ki bazarda dolların təklifi artsın. Məsələ burada manatın az olmasında yox, dolların az olmasındadır. Bundan sonra spekulyasiyalar və panika başlayır. Ən pis bu hissədir. Çünki belə olduqda hazırda hələ dollara ehtiyacı olmayan insanlar da dollar almaq istəyir. Beləliklə dollara tələb daha da artır və qiymət daha da bahalaşır. Yerli valyutaya ən böyük zərbə adətən bu olur.
 
Təəssüf ki, biz hələ bu panikanın başlanğıc fazasındayıq. Adətən vəziyyətin stabilləşməsinə qədər valyutanın dəyərdən düşməsi prosesi biraz da mürəkkəbləşir və mən inanıram ki vəziyyət hələ öz pik həddinə çatmayıb. Bunun yeganə çıxış yolu bu vəziyyəti öncədən görüb, bu həddə gətirib çıxarmayıb, anti-böhran tədbiri hazırlamaq idi. Digər tərəfdən yerli əhali də lazım olmadıqca dolları almayıb, banklara biraz nəfəs almağa imkan verə bilər. Əgər heç kim bu gün valyuta dəyişmə məntəqələrinə getməsə o zaman dolların bahalaşması elə də dağıdıcı olmaz. Amma məsələ burasındadır ki bu utopik yanaşmadır və hər bir individual öz mənfəətini düşünərək dollar almağa tələsəcək. 
 
Valyutanın dəyərdən düşməsi həm yaxşı, həm də pis ola bilər. Məsələn, Avro dəyərdən düşür. Bu Almaniya üçün yaxşıdır. Çünki Almaniya əmtəə ixrac edəndir və Avro ucuz olduğundan çinlilər daha az pul ilə daha çox Avro alıb daha çox Mercedes maşınları ala bilərlər. Beləliklə Almaniyada istehsal daha da artacaq.
 
Azərbaycanın halında isə baş verən yerli qiymətlərin bahalaşması olacaq. Çünki Azərbaycan hər şeyi xaricdən idxal edir və belə də xaricdə olanlar dollar ilə ödəniş tələb edir. Yerli alıcı X məhsulu 100 dollara alıb 80 manata satırdısa indi 100 dollar olub 105 manat. Rentabellik itir. Buna görə də o yerli qiymətləri 105 manata qaldırmalı olur.
 
Növbəti mərhələ nə olacaq? Xaricdən idxal olunmuş məhsulların qiyməti qalxacaq və harasa səyahət etmək daha da bahalaşacaq. Bundan əlavə ölkə səviyyəsində inflyasiya iki rəqəmli göstəriciyə qalxa bilər. Çox güman ki, Mərkəzi Bank faiz dərəcələrini qaldıracaq. Bunun iki səbəbi ola bilər. Birincisi artacaq inflyasiyanı qarşılamaqçün, ikincisi isə yerli valyutanın dəyərdən düşməsinin qarşısını almaqçün. Belədə yerli valyutanın alışı yerli banklara daha baha olacaq və yüksək faiz dərəcələri yerli valyutanı xarici investorlarçün daha da cəlbedici edəcək. Amma bunun pis tərəfləri də var. İnsanların alıcılıq qabiliyyəti düşəcək və yerli iqtisadiyyat kiçiləcək. 
 
İqtisadiyyatı diversifikasiya olunmayanda və yalnız neftdən asılı olanda belə hadisələr baş verir. Bu qarşısı alınmaz bir məsələdir. Makroiqtisadi səviyyədə müəyyən addımlar və instrumentlər yalnız vəziyyəti nisbətən yavaşlada bilər. Ancaq qarşısını ala biləcəyini düşünmürəm. İstənilən halda panikanın daha da artmaması üçün mütləq qısa zamanda addımlar atılmalıdır. Bu hallarda edilən bəyənatlar bəzən destruktiv də ola bilər. Əgər açıqlama neqativ notlarda olarsa, o zaman panika daha da arta bilər, yox əgər pozitiv bir açıqlama olarsa və bundan sonra MB etdiyi bəyənatı yerinə yetirə bilməzsə, bu panikanı daha da artıracaq və MB-a insanların inamını azaldacaq. Odur ki, olduqca ehtiyatlı olmaq lazımdır. Hesab edirəm ki, hazırkı vəziyyətdə MB gücsüzdür. İqtisadiyyatın kiçilməsi, qiymətlərin qalxması, onsuz da olduqca yüksək olan kreditlərin daha da artması və büdcə kəsrləri qaçılmazdır. Kiçilmənin baş verməməsi üçün yeganə hal neftin qiymətlərinin qalxması olardı. Ancaq təəssüf ki, neftin qiymətinin qalxması hələ üfüqdə görünmür. 
 
Farhan Huseynli 
 
Kultura.az
Yuxarı