post-title

De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında

"Həyat yolundakı bu hadisə Qiyotanın sonrakı yazıçı taleyini təyin edir. Qiyota “Əlcazair müharibəsi” nəslinə aid olan fransız yazarları və intellektualları arasında mübahisəsiz ilk sıralarda olan ulduz yazarlardandır".

 
 
Marusya Klimova
 
Pyer Qiyota
 
Görünür iyirminci əsr mədəniyyətinin ən xarakterik cəhətlərindən biri, sənətdə ənənəvi forma və janrların qlobal səviyyədə dağıdılmasıdır. “Predmetsiz təsvirlər”, “şüur axını”, “avtomatik yazı ”, və s. bu qəbildən olan, göz və qulaqlarımızın təzə-təzə öyrəşdiyi, keçən əsrin sənət hadisələri Pyer Qiyota üçün xarakterikdir, onun yaradıcılığı özünəməxsusluğuna, yaratdığı qalmaqallarına və “qeyri-ənənəviliyinə” baxmayaraq, elə də qorxunc və gözlənilməz deyil. Hətta deyərdim ki, Pyer Qiyota iyirminci əsrin ədəbiyyat ruhunun bir parçasıdır. Qiyota müasir ədəbiyyat üçün simvolikdir, çünki iyirminci əsr ədəbiyyatında baş qaldıran bir çox yeni əsas tendensiyalar, ilk dəfə ən parlaq və qabarıq formada məhz onun əsərlərində üzə çıxıb. O xüsusilə ənənəvi ədəbi formaların dağıdılmasıyla məhşurlaşıb. 
 
 
Qadağan olunmuş ədəbiyyat
 
Pyer Qiyota 1940-cı ildə Fransanın mərkəzi vilayəti Luarın kiçik Burq-Arjental şəhərində doğulub. Atasının təkidi ilə bir neçə katolik kollecində oxuyub və dərin dini təhsil alıb. 18 yaşı olanda anasının ölümü ilə, müstəqil yaşamaq xəyalı gerçəkləşən Pyer baş götürüb Parisə qaçır. Ancaq 1960-cı ildə onu hərbi xidmətə çağırıb, azadlıq müharibəsinin alovlandığı Əlcəzairə yollayırlar. 1962-ci ildə Qiyota hərbi xüsusi xidmət orqanları tərəfindən həbs olunub, bir neçə gün aralıqsız sorğu-suala tutulur və nəticədə hərbi mühitdə əxlaq qaydalarını pozma, fərariliyə cəhd maddələriylə həbs olunur. Onu gizlincə (ona rəsmi cinayət işi qaldırılmamışdı) üç ay boyu yeraltı hücrədə saxlayırlar, yazıçının öz dediyinə görə, bir gecə kamerasına daxil olan sərxoş zabitin bıçaqlı hücumundan çətinliklə qurtula bilib. Bundan sonra onu nizam-intizam bölüyünə keçirirlər. Həyat yolundakı bu hadisə Qiyotanın sonrakı yazıçı taleyini təyin edir. Qiyota “Əlcazair müharibəsi” nəslinə aid olan fransız yazarları və intellektualları arasında mübahisəsiz ilk sıralarda olan ulduz yazarlardandır. O az qala bütün kitablarında Əlcazairdəki təəssüratlarına yenidən qayıdır. Ərəb dünyası, ərəb mədəniyyəti və hətta müəyyən formada ərəb dili də onun yaradıcılığının ayrılmaz hissəsidir, seks və təcavüz isə həmişə onun baş mövzusu olur.
 
Hərbi xidmətdən sonra Parisə qayıdan Qiyota əvvəlcə “Nuvel Observator” dərgisində ədəbi redaktor vəzifəsində çalışır. 1965-ci ildə o ilk romanı “Aşbi”ni yazır. Bir növ romantik nağılları xatırladan roman dərhal məşhur “Sey” nəşriyyatı tərəfindən çap olunur və hətta Fransa Akademiyasının mükafatını da alır, amma əksər tənqidçilərin nəzərindən yayınır. Qiyotanın həyatında hər şey qaydasına düşmüş kimiydi... Ancaq bir neçə ay sonra o hər şeyi atıb ortalıqdan yoxa çıxır, hamı onun yenidən hansısa ərəb ölkəsinə getdiyini ehtimal edir. Sonralar Qiyota müsahibələrində Ərəbistana “insan səhrasını öyrənməyə” getdiyini bildirir. 1965-ci ildə onun hələ fransız cəmiyyətinin sönməmiş ehtirası - Əlcəzair müharibəsindən bəhs edən “Beş yüz min əsgər üçün qəbir” romanın əlyazması hazır olur. Romanda bol-bol rast gəlinən seksual təcavüz və qətl səhnələri üç nəşriyyatın ard-arda ondan imtina etməsinə səbəb olur, daha sonra imtina edənlər arasında olan Qallimar nəşriyyatı, kitabın başqa, kiçik nəşriyyat tərəfindən çapına razılıq alındığını bilərək özü nəşr etməyə qərar verir.
 
“Beş yüz min əsgər üçün qəbir”i Qiyotanın ədəbiyyat aləminə müthiş və qalmaqallı gəlişi hesab etmək olar. Tənqidçilər bir yandan bu kitabdan qəzəblənir, bir yandan da ona məftun olurdular, Qiyotanı de Sad və Jan Jene ilə müqayisə edirdilər. Həqiqətən Jene ilə Qiyotanın ortaq cəhətləri vardı, xüsusilə ərəblərə münasibətdə rəhmdillik və homoseksual erotikanın çoxluğu ilə onlar bir-birinə yaxın idi, lakin Qiyotanın yaradıcılığındakı seks də, zorlama da sələfinə nisbətən daha əzablı boyalarla işlənmişdi.
 
1970-ci ildə Qiyotanın yeni romanı “Edem, Edem, Edem” işıq üzü görür. Üç yüz səhifə boyu davam edən bir cümlədən ibarət bu roman da “Beş yüz min əsgər üçün qəbir”-dəki kimi bütün çılpaqlığı ilə əlcəzair müharibəsindən bəhs edir. Bu məqamda şişirtməsiz iyirminci əsr fransız ədəbiyyatını sarsıdan, ən qalmaqallı və səs-küylü bir hadisə baş verir. “Edem, Edem, Edem” yayımlandıqdan bir ay sonra Fransa Daxili İşlər Nazirliyi tərəfindən qadağan edilir, kitabın yayımı, reklamı, həddi-buluğa çatmayanlara satışı cinayət məsuliyyəti sayılır. Həmişə azad sözün, azad fikrin beşiyi hesab olunan Fransa üçün, xüsusilə sənət sahəsində belə qadağanın qoyulması görünməmiş hadisəydi və dünya tərəfindən birmənalı qarşılanmır. Çoxsaylı beynəlxalq təşkilatların kitabla bağlı Fransa hökumətinə müraciəti, həmçinin Fransua Mitteranın Milli Assambleyaya şifahi müraciəti, Fransa prezidenti Pompidunun Daxili İşlər Nazirliyinə müraciəti nəticəsiz qalır. “Edem, Edem, Edem”ə qoyulmuş qadağaya qarşı əksər görkəmli fransız intellektualları: Jak Derrida, Flipp Sollers, Klod Simon, Natali Sarrot, Klod Moriak, Mişel Fuko, Marqeret Dyuras, Simona de Bovuar, Jan Pol Sartr, Rolan Bart, Pyer Bulez və.s etiraz edirlər. Roman “Mediçi” ədəbi mükafatına namizəd göstərilsə də, mükafatsız qalır. Hətta buna etiraz əlaməti olaraq gələcək nobel mükafatçısı Klod Simon münsiflər heyətindən istefa verir. Həmçinin, qeyd edim ki, “Edem, Edem, Edem”in ilk üç çapına Rolan Bart, Filipp Sollersom və Mişel Leyrisom ön söz yazmışdı. (Həmçinin məxsusi bu roman üçün Mişel Fukonun yazdığı ön söz ayrıca “Nuvel Observater” dərgisində çıxır (Michel Foucault. “Il y aurait scandale, mais…”:“Nouvel Observateur”, 7.09.1970) ). Amma bütün cəhdlər nəticəsiz qalır!
 
1972-ci ildə Qiyota “Qadağan olunmuş ədəbiyyat” essesini yazıb, orda “Edem, Edem, Edem”in bədii və humansit məqsədindən bəhs edir və onun qadağan olunma tarixçəsini göstərir. 1973-cü ildə onun “İrəliyə sıçrama” (teatr üçün) əsəri çıxır və Lya Roşel teatrında oynanılır. Bu mətn sonradan, 1975-ci ildə yazılmış “Fahişəlik”romanının sonluğuna salınır. 1979-cu ildə Qiyota “Kitab” romanını çap etdirir, ardınca hələ də çap olunmamış, beş yüz səhifəlik “Samora Maşelin Əhvalatları” əsəri üzərində işləməyə başlayır. Onun son illərdəki yaradıcılığı ancaq “Yaşamaq” (1984), “Bivuak” (1988) pyesi və üç cildlik “Şəcərə” romanından ibarətdir. “Şəcərə”nin sonuncu cildi lap bu yaxınlarda “Qallimar” nəşriyyatı tərəfindən çap olunub... Qiyotanın məhşurluğunun zirvə nöqtəsi ilk romanının yayımlanmasından sonra yaranmış qalmaqallar dövrünə təsadüf edir...
 
 
De Sad və Məsih arasında
 
“Edem”ə qoyulan qadağa ancaq 1981-ci ildə götürülür. Elə bu ərəfədə rejissor Antuan Vites Parisdəki Şayo teatrında “Beş yüz min əsgər üçün qəbir” romanını səhnələşdirir. Rejissor romanda cərəyan edən hadisələri səhnədə canlı yansıtmaq üçün gözlənilməz üsula əl atır, o səhnə boyu çiy ət tikələri səpələyir. Rejissoru az qala satanizmdə günahlandırırlar, ancaq o özünü təmizə çıxarmaq üçün bildirir ki, Qiyotanın romanındakı qəhrəmanlar, həlak olaraq, öldürərək, zorlayaraq və zorlamağa məcbur edilərək, bir növ sanki daima “insan bədəni ilə qidalanır”, “gizli dini ayin”lərini həyata keçirirlər. (“Je voudrais dire des choses…” – Jean Georges s’entretient avec Antoine Vitez: “Gai Pied” N32, 1981.)...
 
Mənim fikrimcə, bu teatral üsul, həqiqətən Qiyotanın yaradıcılığını çox yaxşı ifadə edir, sadəcə bunu anlamaq üçün Qiyotanı yaxından tanımalısan. Səhnəyə səpələnmiş ət parçaları Məsihdən daha çox markiz de Sadı xatırladır. Təsadüfi deyil ki, “Beş yüz min əsgər üçün qəbir” və “Edem” çapdan çıxanda tənqidçilər tez-tez Qiyotanı de Sadla müqayisə edirdilər.
 
İstər-istəməz 18-ci əsrdə yaşamış və zamanla yarı unudulmuş yazıçı de Sadın yenidən üzə çıxması və məhz iyirminci əsrdə gündəmə gəlməsi adamı düşünməyə vadar edir. Onu indiki dövrlə səsləşdirən nədir? Məncə, de Sad öz əsrinin çərçivələrindən kənara çıxıb, çünki 18-ci əsrin pudralanmış pariki, qızılı saplarla işlənmiş komzolu onun üçün böyük bir maskarad kimiydi. Eyni şeyi o dövrün ədəbiyyatı haqqında da demək olar. O dövrün yazarlarının çoxu yaradıcılıqda ibarəli mətnlərə, dəbdəbəli təsvirlərə, romantik eşq hekayələri yaradıcılığına üstünlük verirdi, de Sad isə yalançı dəbdəni qəbul etmək istəmirdi. O ilk növbədə obrazlarının paltarlarını cırıb atmaq və lütləmək istəyirdi. Bu yazarın bütün diqqəti yaratdığı surətlərin cürbəcür ağlagəlməz işgəncələrin obyektinə çevrilən bədəninə yönəlmişdi. Bu mənada o öz dövrünü qabaqlayırdı, əlbəttə, bəlkə də bunu mütərəqqi bir şey hesab etmək doğru deyil, amma mənə elə gəlir soyunmaq, öz daxilindəkiləri ifadə etməyə çalışmaq və ənənəvi formaları total şəkildə dağıtmaq XX əsr mədəniyyətinin ən köklü ənənələrindən biridir. Yəqin XX əsr sənət tarixinin, “soyunma tarixi” olduğunu desəm ifrata varmış olmaram. Yeri gəlmişkən, bənzər tendensiyanı, dövrümüzün geyim dəbində də müşahidə edirik. Bu mənada de Sad Qiyotaya öz dövrünün bütün yazarlarından daha yaxındır.
 
Paltarlardan xilas olma ehtirasına mübtəlalıq təkcə ənənəvi roman formasını deyil, həm də təhkiyənin özünü dağıdıb yeni qaydalarla qurdu. Təkcə paltarından yox, dərisindən də üzülüb xilas olma arzusunda can atan Qiyota XX əsr mədəniyyəti üçün simvolikdir. Bəlkə də Qiyota olmasaydı, ədəbiyyatdakı ənənəvi roman formasının dağıdılması ilə soyunma arasında bir bağlılıq olmayacaqdı. Onun bütün yaradıcılığında hüdudsuz bir amansızlıq, insafsızlıq duyulur, buna həm də daxili bir diktə ilə hərəkət edən şüursuzluq adı vermək olur, bəlkə də əslində bu çıxılmaz vəziyyətin yaratdığı səmimi anlaqsızlıqdır. Bir nöqtədən sonra soyunmağa bir şey qalmır, bunun üçün də son çıxış yolu kimi dərini soyub qana boyanmış ətini çıxarıb ətrafa səpələməlisən!..
 
Heç kimin ağlına gəlməz ki, “Edem”in səhnə uğuru qazandığı bir dövrdə, 1981-ci ildə, Pyer Qiyota dərin yaradıcılıq və mənəvi böhranla üzləşir, o öz bədəni üzərində amansız bir təcrübə aparmağa çalışır, uzunca bir müddət yeməkdən imtina edib koma vəziyyətində xəstəxanaya çatdırılır. Həkimlər onun həyatını böyük çətinliklə xilas edə bilirlər.
 
 
Bütün dünya fahişəxanadır, insanlarsa onun içində fahişələr!
 
“Fahişəlik” romanı 1975-ci ildə “Edem, Edem, Edem” dən dərhal sonra çap olunur. “Fahişəlik ”i Pyer Qiyota yaradıcılığında bir növ sınma nöqtəsi hesab etmək olar, o bu romanda təkcə əvvəlki kitablarındakı kimi ənənəvi roman formasından yox, həm də normativ fransız dilindən imtina edir. Qiyota bu romanı yazarkən bir növ Coysun “Finnegan's Wake”sinin dilini xatırladan hermetik fransız dili yaradıb. Daha dəqiqi “Fahişəlik” müəllifin “yazıdan”, “danışığa” keçdiyi, yəni danışıq dilini yazıya aldığı ilk kitabıdır. Bu dil Əlcəzair müstəqillik qazanana qədər orda danışılan ərəb, fransız, italyan, ispan jarqon sözlərindən ibarət süni bir dildir. Həmçinin kitabdakı hadisələr də həmin dövrdə, Əlcəzairdə baş verir.
 
“Fahişəlik” və Qiyotanın ondan sonra gələn əsərləri olduqca çətin anlaşılan bir dildə yazıldığı üçün böyük oxucu kütləsinə gedib çatmır, halbuki Qiyotanın ilk romanları Fransaya görə nəhəng tirajlarla təkrar-təkrar çap olunmuşdu. Hətta “Fahişəlik”lə tanış olmuş tənqidçilərdən biri zarafatla demişdi ki, “Qiyotanı fransız dilinə tərcümə etmək lazımdır”. Bunu nəzərə alan müəllif oxuculara kömək üçün, romanın başlanğıcında, romanın qısa məzmununu ayrıca verməyi qərara alır.
“Fahişəlik”romanının adından gördündüyü kimi, roman fahişələrin yaşadığı, bir dünyadan bəhs edir. Bu dünya əslində bizim dünyamızın bənzəridir və Şeksprin teatr haqdakı məhşur deyiminin yüngülcə dəyişdirilməsiylə romanın qısa məzmununu təyin edə bilərik: “Bütün dünya fahişəxanadır, insanlarsa onun içində fahişələr”. Romanın qısa məzmunu ilə tanış olsaq, Qiyotanın orda elə öz daxili yaşantılarını, ağrılı ziddiyyətlərini əks etdirmək üçün uyğun ifadələr axtardığını görərik: “...mən onun şairlik vergisini qoruya bilmək üçün yenidən köləyə, fahişəyə, əzabkeşə çevrilirəm. Nə Dövlət, nə Din, nə Qanun bu çıxılmazlığa bir çarə tapır: gənc şairin insanlara dünyada ən iyrənc, ən dəhşətli olan şeylərini çatdırmaq kimi dahiyanə bir istedadı var”.
 
“Fahişəlik”də hadisələr kişi fahişəxanasında cərəyan edir, müəllif savadsız, amma bəlağətli söhbətlər edən yaraşıqlı ərəb oğlanlarının fahişəliyini təsvir edir. 240 səhifə boyu müəllifin jarqon dilində ehtiraslı monoloqu verilib, monoloq ərəb, ispan, fransız, italyan dilinin müthiş şəkildə qarışdırıldığı bir dildə təhkiyə olunur. Qiyota yaradıcılığının tədqiqatçısı, yazıçı və jurnalist Marianna Alfan haqlı olaraq roman haqqında yazır: “Mətni oxuyanda ilk əvvəl sənə elə gəlir, arqo sözlüyünü oxuyursan. Tezliklə anlayırsan ki, Qiyota hansısa məqamda Coysu da geridə qoyur – bu çılğın arqo qarşısında Molli Bulumun belə nitqi quruyardı. “Fahişəlik” romanını oxumaq çətindir, yaxşı olar onu dinləyəsiniz, o hətta sizə dini mahnıları da xatırlada bilər. Bu mətn hər cür sintaksisdən azaddır, ənənəvi dil normaları burda işləmir, eynilə klassik musiqidəki kimi o da özündə hansısa sirrləri gizlədir”. (Marianne Alphant. “Les Cahiers du Chemin”. N 27, 1976.)
 
Yazıçı və ədəbiyyatşünas Mişel Syria isə daha da irəli gedərək yazır: İncildə deyilir ki, “Əvvəlcə söz yarandı”, Pyer Qiyota “Əvvəlcə fahişələrin yarandığını” iddia edir. Deməli, əvvəlcə ən aşağı, ən mənfur təbəqə, bununla belə həm də ən böyük azadlığın yaradıcıları fahişələr mövcud olublar. Onların gətirdikləri azadlığın miqyasları o qədər böyük idi ki, bunu hətta ilahi azadlıq adlandırmaq olardı. Nitsşe deyirdi ki, ancaq rəqs edə bilən bir Tanrıya inana bilərəm, Qiyota isə belə görünür, ancaq fahişə bir Tanrıya inanır. (Michel Surya. “Mots et monde de Pierre Guyotat: “Lignes”, octobre 2000)
 
Yeri gəlmişkən, Qiyota özü müsahibələrinin birində deyirdi: “Gərək tez-tez Pazolininin “Matfeyin İncili” filmindəki Məsih obrazını yadına salasan”: o həmişə iri addımlarla yeriyir, öyüdlərindən ən müəmmalı, ən güclü parçaları söyləyir, arxasınca çatmağa çalışan şagirdlərinin üzlərinə belə baxmır. Mənim üçün “ideal şair” obrazı elə odur, o həmişə irəlidədir və dayanmaq bilmir, o həmişə nəsə yeni bir şey deyir, yaxınları isə istənilən an onu yalnızlığa tərk etməyə hazırdır. (Il y a peut-etre plus fort que dieu” – Michel Surya s’entretient avec Pierre Guyotat: “Le Matin des Livres”. 31.01.1984.)”
 
Çevirdi: Namiq Hüseynli
 
Kultura.az
Yuxarı