post-title

Bizim “dünya şöhrətli” boşboğazlar

Bilmirəm nə qədər doğru məlumatdır, keçən il oxumuşdum ki, hazırda təxminən 10.000 azərbaycanlı xaricdə təhsil alır. Bunun müəyyən hissəsi dövlət proqramı, digər hissəsi isə öz hesabına inkişaf etmiş ölkələrin universitetlərində tibbdən tutmuş, siyasi nəzəriyyəyə qədər müxtəlif sahələr üzrə təhsil alırlar. Çoxları təhsillərini bitirib xaricdə işləyir, bir xeylisi qayıdır, bəziləri isə oxumağa davam edir. Aydındır ki, bu çox yaxşı göstəricidir. Hətta hər il 100-150 nəfər ölkəyə qayıdıb işləyirsə, bu artıq bizim gələcək inkişafımıza istər-istəməz öz təsirini göstərəcək. Keçək məsələnin məğzinə.

 
Məlumdur ki, Azərbaycanda iqtisadiyyat fənninin tədrisi bərbad vəziyyətdədir. İqtisad universitetində tələbələrə nağıl danışırlar. Heç bir elmi əsası olmayan və hansısa azərbaycanlı “alim”-in uydurduğu nağıllar. 
 
Bunda universitet rəhbərliyinin günah payı çoxdur, amma onların də iradəsindən asılı olmayan məsələlər var. Vəziyyəti düzəltmək üçün müəyyən savada malik xarici təhsilli gənc müəllimlər əlaqəsiz formada müxtəlif universitetlərdə qənaətbəxş iqtisadiyyat dərsləri təklif edirlər. Bu müəllimlərin sayı azdır və pedaqoji təcrübələri yoxdur, amma öz işlərini aşağı maaşa və eyni zamanda böyük həvəslə yerinə yetirməyə can atırlar. 
 
Yaranmış vəziyyətin, təbii ki, səbəbi var. Amma, səbəblər düşdüyümüz vəziyyətə bəraət qazandırmır. Üstəlik, hər kəsi narahat etməli olan xüsusi bir məsələ var. Moralistlik etmək kimi çıxmasın, dünyanın ən adlı-sanlı universitetlərində təhsil alıb ölkəyə qayıdan adamların bir çoxu deyəsən, ya özlərini, ya da bizim camaatı axmaq yerinə qoyublar.
 
Son illərdə Avropa ölkələrinin, ABŞ-ın, Cənubi Koreyanın və digər inkişaf etmiş ölkələrin universitetlərində sosial elmlər, xüsusilə iqtisadiyyat oxuyan gənclər qayıdır Azərbaycana. Mən özüm azı 10 nəfər tanıyıram ki, Oksford, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Hamburq universiteti və İngiltərənin, Almaniyanın Hollandiyanın digər universitetlərində iqtisadiyyatın müxtəlif sahələri üzrə təhsil alıb və Bakıda müxtəlif şirkətlərdə ya da dövlət qurumlarında işləyir, universitetlərdə dərs deyirlər. Sonra bu adamlar başlayırlar öz öyrəndiklərini paylaşmağa. 
 
Aydındır ki, elm və bilik sarıdan kasad olan cəmiyyətimizdə savadlı insanlar istər-istəməz öz biliklərini paylaşmaq istəyirlər. Amma gəlin görək necə paylaşırlar. Bir nəfər tanıyıram, ABŞ-da təhsil alıb. Azərbaycanda yaxşı bir şirkətdə işləyir. Oturub ərinmədən və səmimi hisslərlə “İqtisadiyyatın Əsasları” (şərti ad kimi götürək) kitabını yazıb. Düz edib.Yazmaq və paylaşmaq bu insanların qarşısında duran ən vacib mənəvi vəzifələrdəndir və bu vəzifəni həyata keçirmək yalnız alqışlana bilər. Əmması budur ki, öz sahəsi üzrə yaxşı təhsil almış bir Azərbaycanlı “İqtisadiyyatın əsasları” kitabını yazmamalıdır. İqtisadiyyatın əsasları kitabını dünya şöhrətli iqtisadçılar, aralarında Nobel mükafatı lauriyyatları olan Greqory Mankew, Paul Krugman, David Romer, Manfred Gartner, Olivier Blanchard və digərləri yazır. Xaricdə magistratura oxumuş Azərbaycanlının “İqtisadiyyatın əsasları” kimi fundamental və nəzəri-pedaqoji kitab yazması heç kimə lazım deyil. Bu bilirsiniz nəyə oxşayır? Azərbaycanlının fizika üzrə magistratura dərəcəsi bitirib “Nisbilik Nəzəriyyəsi” kitabını yazmasına. Qardaş, sən o iqtisadiyyatın əsasları kitabında nə yaza bilərsən ki, onu yuxarıda adlarını sadaladığımız iqtisadçılar yazmamış olsun? Daha yaxşı olmazdımı ki, məsələn, sən oxuduğun iqtisadiyyat kitablarını tərcümə edəsən? Bu istiqamətdə bir təşəbbüs göstərəsən? Hər hansı bir nəzəriyyəni Azərbaycandakı iqtisadi vəziyyəti öyrənmək üçün tətbiq etmək çox yaxşıdır, bu başqa, amma sən bu nəzəriyyəni üstəlik heç bir pedaqoji dərslik yazma təcrübən olmadan, niyə özün yazmaq istəyirsən axı? Bu şöhrətpərəstlik haradan qaynaqlanır? Bugün Azərbaycanda minlərlə tələbəsi olan İqtisad Universitetində bir dənə normal makroiqtisadiyyat, mikroiqtisadiyyat, ekonometrika, iqtisadi-sənaye siyasəti kitabı yoxdur. Hər müəllim öz imkanı daxilində müxtəlif yerlərdən yığıb tərcümə edib ortaya bir qənaətbəxş material çıxarır. 25 ildi bu ölkədə hər kəsin qəbul etdiyi, ən qabaqcıl nəzəriyyələrin parametrlərini izah edəcək iqtisadi terminlər lüğəti yaranmayıb. Olanlar da, çox primitiv və müasir mürəkkəb nəzəriyyələri izah etmək qabilliyyətinə malik olmayan lüğətlərdir. Biri yığım deyir, o birisi əmanət, başqası depozit. Bir terminin 10 fərqli tərcüməsi var - fərqlənmə, kənarlaşma, sapma, səbatsızlıq. Tələbənin günahı nədir axı? 4-5 il əvvəl bir dənə normal kitab tərcümə olunub (Mankew, Ekonomiksin Əsasları), bütün Azərbaycan iqtisad Universiteti və digər universitetlərin iqtisad fakültələri qalıblar bu kitabın ümidinə. Amma, bizimkilər oturub iqtisadiyyatın əsasları haqqında kitab yazırlar. Elə bil bura Azərbaycan deyil, İsveçdi. Sanki bunlar müasir iqtisadi nəzəriyyənin ən qabaqcıl sərhədlərində mətinlə irəliləyərək yeni üfüqlər açmaqdadırlar. Bu, savadın və enerjinin boşuna sərfindən başqa bir şey deyil. Bu iqtisadçılar əgər bir işə yaramaq istəyirlərsə, onda heç olmazsa birləşib bir təşəbbüs hazırlayıb dünyanın qabaqcıl tədris müəssisələrində istifadə olunan dərsliklərin tərcüməsi ilə məşğul olsalar, dəfələrlərlə çox xeyir verərlər. Bizim dünyadan xəbərsiz universitet tələbələrinə də öz biliklərini və savadlarını genişləndirmək üçün geniş imkanlar yaratmış olarlar. Kim bilir, bəlkə elə dahilər onların arasından çıxacaq? Üstəlik, bu tərcümələrin müqabilində məqbul ödəniş də ala bilərlər, elə İqtisad Universitetinin özündən. Yox, gərək bunlar göylərə iddialı olsunlar. Öz imzalarını iqtisadiyyat elminin tədrisi üçün fundamental hesab edilən kitabların tərcüməsinin altına atmaq və tarixdə qalmaq əvəzinə, bizimkilər mütləq velosipedi yenidən kəşf etməlidirlər.
 
Başqa bir iqtisadçı tanıyıram. Çox savadlıdır. Beynəlxalq jurnallarda çap olunmuş araşdırmaları var. Bir bloq açıb özünə. Həqiqətən də, bloqu özünə açıb. Çünki, ingilis dilində yazır. Mənə maraqlıdır, magistratura dərəcəli bir Azərbaycanlı iqtsiadçının iqtisadi nəzəriyyə haqqında ingilis dilində bloqunu kim oxuyacaq? Heç kim. Uzağı, ingilisdilli iqtisadçı dostları. Onlar da, əgər dəyərli vaxtlarını ingilis dilində iqtisadi nəzəriyyə oxumağa sərf etmək istəyirlərsə, gedib yuxarıda adlarını sadaladığım adamların bloqlarını oxuyacaqlar. Bəs bu adamın ingilis dilində bloq yazması kimə və nəyə xidmət edir? Bilinmir. Yəqin ki, özü özünə savadlı olduğunu sübut etmək istəyir. Başqa bir səbəb tapa bilmirəm. 
 
Oxşar vəziyyətlər bütün sahələrdə müşahidə edilməkdədir. Ölkədə normal kimya, fizika laboratoriyaları yoxdu, amma bunlar mütləq gərək fizika nəzəriyyələrinin sərhədlərində dolansınlar. Mövcud olan, hər kəs tərəfindən tədbiq olunan əlifbanı öyrətmək əvəzinə, bizimkilər yeni əlifba yaratmaq iddiasına düşürlər. Bilmirəm yarımçıq savadın nəticəsidir, yoxsa dahilik xəstəliyinə tutulublar. Bəlkə onlara elə gəlir ki, onlar dünya şöhrətli iqtisadçılardır və bugün-sabah nobel mükafatına layiq görüləcəklər. 
 
Görülmürlərsə, demək ki, onların əməyi dəyərləndirilmir. Onlar Azərbaycanca yazmırlar, facebookda 3-4 özləri ağılda adamlarla ingilis dilində (!) iqtisadi siyasət müzakirə edirlər. Əgər Azərbaycan dili bunlara özlərini ifadə etməyə imkan vermirsə, onda günah elə həm də onların özündədir. Bəs bu adamların savadları nəyə lazımdır? Onlar əgər ictimaiyyət qarşısında mənəvi vəzifə məsuliyyəti hiss edirlərsə, onda nəyə görə bu məsuliyyəti belə faydasız və səmərəsiz üsullarla həyata keçirməkdədirlər? 
 
Heç kim başqasına əxlaq normalarını, nə etməli olduğunu təlqin edə bilməz. Amma, tənqid haqqı da var. Ən azından, nəzərə alaq ki, ölkəni qarşıda ciddi və ən azı orta-müddətli iqtisadi böhran gözləyir və bu vəziyyətdə bizimkilərin öz bilik və savadlarını səmərəli şəkildə istifadə etmələri cəmiyyət üçün vacibdir. Ümid edək ki, bizim yüksək təhsilli gənclər öz potensiallarını mənasız işlərə sərf etməyə davam etməyəcəklər.   
 
Nicat Qarayev
 
Kultura.az
Yuxarı