post-title

Tural Metesoy : Millətçilik 2

Əli bəyin millətçilik ruhunun təbliği yolunda istifadə etdiyi yollardan biri də pafos idi. İstənilən irqin millətçisində bunu görmək elə də çətin deyil. Əli bəy yenə tarixə əsaslanmadan güya türklər tarix boyu heç vaxt qul olmayıblar, islamın əsas bayraqdarları olublar və s kimi pafoslu çıxışlar etməklə türk millətinin yüksək keyfiyyətlərini şişirtməklə yanaşı həmçinin bir növ məsumlaşdırırdı

 

Birinci dünya müharibəsindən sonra böyük imperialist dövlətlər dünyanın siyasi xəritəsini yenidən dəyişməyə başladı. Bundan əlavə 1917 ci il oktyabr sosialist inqilabının Rusiyada baş verməsi onlara əks mövqe sərgiləyən kapitalist dövlətlərini də hərəkətə keçməyə  vadar etdi. Beynəlmiləlçiliyə qarşı milllətçiliyin mühafizəkarlıq təlimi qoyulmağa başladı. Sözdə hər bir xalqın öz müqəddaratını özü təyin etməsini təbliğ edən 2-ci və 3-cü dərəcəli dövlətlərin millətçi ideoloqları mahiyyətdə mənsub olduğu millətin geriləməsini azad təfəkkürün inkişafi ilə cəmiyyətin başqa sferalarında da inkişafına əngəl törədib havadarları olan imperialistlərin siyasətlərini möhkəmlətmək idi.  Biz bunu o dövrdə Azərbaycanın ictimai siyasi-ədəbi mühitində də çox aydın görə bilərik.

 

Azərbaycanda millətçilik Əli bəy Hüseynzadənin adilə bağlıdır. Azərbaycanın milli burjuasından lazimi maliyyə yardımı ala bilən bu ideoloq nəinki Azərbaycanda həmçinin 3 qitədə əraziyə sahib çökməkdə olan Osmanlı imperiyasında da öz təsir güçünü göstərə bilmişdir. Onun fikrilərinin ən güçlü davamçısı isə imperiya ərazisində öz millətçi fikirlərilə tanınan Ziya Gökalp olmuşdur. Əli bəyin də şəxsən iştirakilə yaradılan “İttihad və tərəqqi” cəmiyyəti yarandığı ilk illərdə mədəni maarif islahatlarına başlandı. Osmanlı dövlətinin ana sütunu olan islamçılıq ideologiyasını millətçilik, türkcülük ideologiyasilə əvəzlənməsi yolunda müstəsna xidmətləri olmuşdur, bu isə heç şübhəsiz sonradan imperiyanın qeyri türk xalqlarının böyük etirazilə qarşılanmış və çökməkdə olan dövlətin iflasını daha da sürətləndirmişdi. Bütün bunlar ingilis, fransız imperialist siyasətinə tam uyğun gəlirdi. Zahirdə “Müsəlman etiqadlı, türk qanlı, firəng (modern) qiyafəli” gənclik yaratmağı qarşılarına məqsəd qoyan ittihadçılar nəinki irəli sürdükləri bu ziddiyyətli tezislə inkişaf etmədilər, özlərinin tələb etdiyi islahatların demək olar ki heç birini həyata kecirə bilmədilər. Nəticədə həm dövlət iflas etdi, həm də osmanlı türk xalqı həmişəlik əsarət altına düşdü.

 

Əli bəy Hüseynzadənin millətçilik hərəkatını bütün dünya millətçi ideoloqlarının ümumi prototipi kimi götürsək yanılmarıq. Öz təsir dairəsi kimi rasional təfəkkürdən tamamilə kənar, saxta tarixi dəlillərə istinad, alovlu pafosdan ibarət cıxışlar hər bir millətçi ideoloqun əməl etdiyi umumi prinsiplərdir.

 

Millətçiliyin türk xalqı arasında genişlənməsi istiqamətində ilk tələb hər bir millətçinin istifadə etdiyi tarixi saxtalaşdırmaq əməlidir, mənsub olduğu xalqın mədəniyyəti ifrat halda şişirtmək, əjdadların apardıqları mübarizədə niyyətlərinin təmiz olmasını insanlara inandırmaqdan ibarət idi. Bunu eynilə erməni millətçiləri də müasir günümüzə qədər daha davamlı və sistemli şəkildə edirlər. Belə ki, Əli bəy Hüseynzadə və onun tələbələri Ziya Gökalp, Yusuf Akcura və başqaları öz fikirlərinə haqq qazandırmaq, özlərini tərəqqipərvər göstərmək üçün inkişaf etmiş Fransa dövlətçilik tarixinə bir başa istinad edirdilər. Onların fikrincə güya 1789-cu il Fransa burjua inqilabı millətçiliyin yaranma səbəbi idi.  Bu cür tarixi hadisənin yanlış təhlili deyərdim ki, Peterburq Universiteti kimi nüfuzlu ali məktəbin məzunu olmuş bir kəsin tarixi biliyinin az olmasinda yox, sırf məqsədyönlü fəaliyyətinin məhsulu idi. Fəlsəfə tarixindən az məlumatı olan hər bir kəs aydın görə bilər ki, Fransa burjua inqilabının əsas təmsilçiləri, ideoloqları  fransız maarifçiləri, ensiklopedistləri Volter, Monteskye, Russo, Lametri, D.Didro və başqaları olmuşlar. Onların əsərlərdə isə nəinki millətçilik ruhu özünü göstərmir, əksinə bəşəriyyətin xilasi üçün yüksək humanist fikirlər, azad vətəndaş cəmiyyəti, zəif xalqların əzilməsinə etiraz,  hüquq və sosial yönümlü bərabərlik kimi mövzular təbliğ olunur. Düzdür Əli bəyin məqalələrində də bu cür maarifçi və humanistik fikirlər özünü göstərir, lakin fransız maarifçilərindən bir fərqlə. Bu da təbliğ etdiyi fikirlərinin praktiki olaraq türk soylu siyasətçilərin iqtidar olması və türk xalqlarının vahid  halda birləşməsi yolu ilə. Bu isə absurd  olduğu qədər də ecazkar və o dövr üçün təsir edici fikirlər idi.  Təəssüf olsun ki, günümüzdə həm Azərbaycan,  həm də Türkiyədə biraz savad göstəricisi yüksək olan hər bir millətçi eynilə millətçiliyin müsbət tərəfi kimi Əli bəyin təkrarladığı yanlış tarixi təhlilə istinad edir

 

Daha sonra Əli bəyin millətçilik ruhunun təbliği yolunda istifadə etdiyi yollardan biri də pafos idi. İstənilən irqin millətçisində bunu görmək elə də çətin deyil.  Əli bəy yenə tarixə əsaslanmadan güya türklər tarix boyu heç vaxt qul olmayıblar, islamın əsas bayraqdarları olublar və s kimi pafoslu çıxışlar etməklə türk millətinin yüksək keyfiyyətlərini şişirtməklə yanaşı həmçinin bir növ məsumlaşdırırdı.  Tarixə istinad edərkən isə türklərin də digər xalqlar kimi zaman-zaman qul halına salındığının şahidi oluruq. Misal üçün, ərəb xilafətində yüzlərlə türk qızı kəniz halına salınmışdı. Əli bəy isə öz fikirlərini tarixi əsaslara yox, əsasən mifologiyaya daha dəqiq dastanlara istinad edirdi. Bu isə onun nə dərəcədə obyektiv olmadığını sərgiləyirdi.

 

 Bütün bunlar isə qeyd etdiyimiz kimi bir məqsədə xidmət edirdi, o da millətin əzilən təbəqəsi arasında fikir yayındırmaq, humanist və tərəqqi yönümlü maarifçiliyin mühafizəkarlıqla əvəzlənməsi, geriçiliyin qorunub saxlanması. Bunlar isə həm Çar Rusiyasının siyasi dairələrində, həm də Osmanlı dövlətininin yüksək dairələrində yüksək qiymətləndirilir, zahirdə bu cür şəxslər mübariz qəhrəmanlaşdırılması yolunda münbit şərait yaradılırdı. Bu gündə öz millətçi ruhuna bağlı olan bir sıra ziyalılar, sənətkarlar daha doğrusu 30 il əvvəl kommunist partiyasının ən mübariz şəxsləri şəraitin tələbilə Əli bəyi böyük ideoloq kimi qiymətləndirir. Onun fikirlərini millətin tərəqqisinə xidmət etdiyini söyləməklə öz imiclərini qorumaq, özlərinin ideoloqları kimi mübariz, xalq fədaisi kimi qələmə verirlər. Xalqlar arasında mehriban munasibət, humanist düşüncənin formalaşması əvəzinə bir-birinə kin küdurət aşılayırlar.

 

Tural Metesoy

Yuxarı