Corc Oruellin daha bir əsəri Azərbaycan dilində
"1984" və "Heyvanıstan"ı ilə məşhur olan ingi…
Siz yəqin dəvələrin nə cür heyvan olduğunu bilirsiniz, yəqin onu da bilirsiniz ki, onlar isti ölkələrdə yaşayır, qızmar günəşdən qorxmur, susuzluğa dözür, karvanla yol gedirlər, onlara nahaq yerə səhra gəmisi demirlər. Müharibədə gözlənilmədən dəvələrlə rast gəlməsəydim, mənim də onlar barədə anlayışım bundan artıq olmazdı.
1942-ci il. Ölkəmin ağır günləriydi. Bizim hərbi hissə yayın axırında Həştərxana gəldi, bərəylə Volqanı keçib şimala doğru hərəkət etdik. İki gündən sonra axıb tökülən qumu zorla bərkidib saxladığımız səngərlərdəydik. Ətrafımız sonu görünməyən qumluq idi. Nə bir ağac, nə də su vardı. Orda-burda saralan təpələrin arasında suyu qurumuş gözaldadıcı duz gölməçələri ağarırdı. Səhərdən axşamacan günəş bu yerlərə dəhşətli dərəcədə od səpələyirdi. Bəzən küləyin qaldırdığı qum tozanağı bürküyə qarışırdı. Belə anda biz düzəltdiyimiz qazmalara girir, əlimizə nə keçdi, götürüb girəcəyi örtür, saatlarla beləcə qalırdıq.
Axşamüstü külək dayanırdı. Günəş asta-asta təpələrin arxasında əriyirdi. Saralmış səhra əvvəl qızarır, sonra isə maviyə çalırdı.
Qarşıda, təpələrin arxasında, mərmilərdən dəlmə-deşik olmuş, yeganə şosse yolunda almanlar yerləşirdi. Görünür, almanlar az idi, çünki Həştərxana soxulmağa cürət etmirdilər. Gecələr uzaqdan topların küt səsi eşidilirdi. Yanğınlardan səma qırmızıya çalırdı. Burda, qumluqda isə sakitlik hökm sürürdü, heç cürə inana bilmirdik ki, orda, Volqanın yaxınlığında dəhşətli, ağlagəlməz vuruşlar gedir.
İnsan hər şeyə alışır, biz də bu darıxdırıcı qumluğa öyrəşmişdik. Ancaq bizim atlar, Uzaq Sibirdən gətirdiyimiz mehriban atlar burdakı şəraitə heç cürə alışa bilmirdilər. Bir-bir qəfildən yollarda dayanır, yaxud taqətdən düşür, gözlərini yumub, tirlənirdilər ki, bir daha ayağa qalxmasınlar.
Belə anda təsadüfən bir cüt yaxşı dəvə tapdıq. Hələ əvvəllər Saratovun cənubunda qatardan bu qeyri-adi qozbellərə tamaşa edərdik. Əsgərlərimiz maraqla bu, uzun boyunlarını çox gülməli şəkildə tutan, ağır-ağır irəliləyən, sanki qəribə bir təbəssümlə ətrafı nəzərdən keçirən dəvələrə baxırdı. Həmin günlərdə bu dəvələr barədə nələr danışmırdıq!
Deyirdilər ki, dəvələr tərs, hiyləgər və kinlidir... Onları bir dəfə incitsən, unutmayacaq, uzun zaman yadda saxlayacaqlar. Fürsət düşən kimi intiqam alacaqlar. Dəvələr azı bir ay ac-susuz qala bilir. Həmişə də tüpürürlər, özü də uşaqların üstünə cumurlar... Bir sözlə, bizim vaqonda bu yazıqlar barədə deyilənlərin yarısını belə yada salmaq mümkün deyil.
Əslində isə onlar mehriban, mülayim heyvanlarmış. Biz onlarla uzun müddət bir yerdə yaşadıq. Düzü, bizim dəvələrin də bəzi qəribəlikləri var idi. Ən çətini onları arabaya qoşmaq idi. Təkcə birindən başqa o, həm qocaydı, həm də özünü ağır aparırdı, sanki, dünyada çox görüb-götürmüşdü, dinməzcə tabe olurdu. Bizim kiçikboylu, cəld sürücümüz Denisenko onun yanında ora-bura vurnuxur, halqaları, qayışları, dişləni səhmana salınca dəvə yuxarıdan aşağıya sürücünü, ətrafı süzürdü. Ancaq o biri, nəhəng ağımtılı, dəvələrə məxsus gözəlliyə malik olanı sürücünü dolayırdı. Dəvə uzun müddət iki-üç metrlik addımlarını ata-ata, iri cəmdəyinə baxmayaraq, qumda yüngüllüklə qaçır, tamam tərin içində olan Denisenkonun başına min bir oyun açırdı; həmişə boynundan sallanan ipi ələ vermirdi. Denisenko aşpazın, demək olar ki, bütün rotanın köməyilə nəhayət öz ipə-sapa yatmazını tutub arabaya qoşub sürəndə bizim gözəllər gözəli elə dəhşətli, ağlagəlməz səs çıxarırdı ki, sanki gəmi fiti ilə yanğınsöndürən maşının vıyıltısı bir-birinə qarışıb. Araba dayanan kimi dəvə səsini kəsirdi, elə ki, yenə yerindən tərpəndi, qulaqlarını yum, qaç. Bu qeyri-adi musiqiyə görə əsgərlər ona zarafatla “Həştərxan bülbülü” adını vermişdilər.
Biz iki ay qumluqda qaldıq. Bürkülü yayı quru, isti payız əvəz elədi. Xəzər dənizi tərəfdən külək əsirdi, közərmiş səma buludsuz idi. Səngərlərimizə bir damla yağış da düşməmişdi. Sevimli dəvələrimiz bizim üçün ən yaxşı maşınlardan əziz idi. Onlar olmasaydı çörəksiz, tənbəkisiz qalardıq. Atlar üçün çətin olan bu yerlərdə rota əsgərlərinin zarafatla “D-2” sistemli yedəkçi adlandırdıqları dəvələr hər işi görürdülər. “Bülbül”ün nəriltisiylə onlar ağır yüklənmiş arabaları qumluqdan çətin seçilən yollarda çəkib aparırdılar.
Sevimli dostun həm pis, həm də yaxşı cəhəti adama əziz olduğu kimi, indi biz də öz dəvələrimizin addımlarında məğrurluq, baxışlarında odlu məhəbbət, “bülbül”ün kobud səsində isə qəhrəmanlıq görürdük.
Bəzən bizim starşina araba ilə uzaqdan gələndə səngərdəki əsgərlər deyirdilər:
– Bülbül mahnı oxuyur. Tənbəki gəlir.
Doğrudan da, bir azdan uzaqda, təpənin ətəyində dəvələr qoşulmuş, arabanın silueti görünürdü. Starşina axşamçağı, günbatan tərəfdən gələndə daha aydın seçilirdi.
Bir də görürdün ki, dağ boyda bu canlı uzun ayaqlarını altına yığıb dincəlir. Gövşəyir, yanından adam keçəndə başını mütləq qaldırıb, uzun-uzadı baxır, diqqətli nəzərlərilə onu süzürdü. Dəvələr qalxanda görəydiniz necə gülməlidirlər: əvvəlcə dal ayaqlarını uzadır, sonra birdən-birə hoppanıb qalxır... dayanan kimi yuxarıdan aşağıya baxırlar.
Dəvələrin ancaq bir qüsuru vardır: üzüaşağı enəndə at kimi, arabanı ehmalca saxlaya bilmirdilər. Onlar sürətlə, az qala uçacaqdılar, elə bil arabadan qorxurdular. Belə hallarda starşina mütləq arabadan düşürdü. Denisenko isə yerini daha da bərkidib, ukraynaca deyirdi: “Ну, було, небуло!”. Sonra arabanın yanlarından möhkəm tutub gurultuyla dəvələrin dalınca aşağı uçurdu, bir sözlə, əsl sirk nömrəsi idi!
Əsgərlər bəzən Denisenkonun qəzaya uğramadan düzə çıxdığını görəndə gülür, bəzən bu barədə özlərindən nəsə uydururdular:
– Kaş ki, iki yox, yüz dəvə olaydı, hərəsinin donqarına bir pulemyot qoyub bizim “bülbül”ün nəriltisi altında düşmənə hücum edəydik... faşistlər qorxudan dabanlarına tüpürüb elə götürülərdilər ki, gəl görəsən...
Bizlərdən heç kim bilmirdi ki, tezliklə əziz dostlarımızdan biri ilə vidalaşmalı olacağıq. Hadisə belə olmuşdu. Bir dəfə oktyabrın axırlarında, böyük həmləyə keçməzdən əvvəl qərargaha getdim. Yolum təpələrin, dağların arasından, qumluqdan keçirdi. Bizim ipə-sapa yatmayan “bülbül”ün cəhcəhi altında narahatcasına bir yandan o biri yana atıla-atıla “D-2” məni bu çətin yolla aparıb qərargaha çatdırdı. Mən komandirdən əmri alan kimi geri yollandım. Denisenko ilə evə qayıtmağı qərara almışdıq. Müharibədə ev isə hərənin öz hərbi hissəsidir, hissə harada yerləşirsə yerləşsin, fərqi yoxdur, sənin evin oradadır. Biz belə güman edirdik ki, hələ qaranlıq düşməmiş evə çatacağıq. Ancaq yolun tən ortasında, iki yol ayrıcında, – əgər qumdakı bu təkər izlərini yol adlandırmaq mümkünsə – bizə çox tanış olan hadisəylə üz-üzə gəldik. Qan-tərin içində, iki gözəl topçu atı əsgərlərin səs-küyü altında var-gücləri ilə quma batmış tankvuran topu dartıb çıxarmaq istəyirdilər. Yaxınlıqda başında təzə şapkası olan cavan leytnant dayanmışdı. O, dərindən nəfəs alır, gözlərini yazıq-yazıq döyürdü.
Sürücünün fışqırığı, hədə-qorxusu, adamların az da olsa köməyi, gənc komandirin qəzəbi, hamısı əbəs idi. Denisenko ilə mən bu yerlərin sakinləri kimi yaxşı bilirdik ki, atlar topu heç cürə çəkib apara bilməyəcəkdir.
Leytnant hələ xam idi, deyəsən, hərbi məktəbi bu yaxınlarda bitirmişdi. Görünür, bu ona verilən ilk tapşırıq idi, o, da çalışırdı ki, tam yerinə yetirsin... Burdan da belə hadisə!
Fikirləşib Denisenkoya dedim ki, gəl bizim “bülbül”ü onlara verək, özümüzə bir dəvə də bəsdir.
Dərhal sürücünün sifətində qeyri-adilik duydum. Az qala gözləri yaşaracaqdı. Hərbi qulluqda komandirin əmri sözsüz yerinə yetirilməlidir. Komandir isə sözünü geri götürə bilməz.
Denisenko “bülbül”ü onlara verdi, özü də xam topçulara dəvəni topa qoşmaqda kömək elədi. Elə ki, qoşqu işi qurtardı, nəhəng, ağ dəvə asanlıqla topu yerindən tərpətdi, sonra uşaq arabası kimi çəkib apardı. O, qərbə doğru addımlaya-addımlaya bizə baxır, sanki vidalaşırdı.
Gənc leytnant qaçıb əlimi sıxdı:
– Sağ olun, sağ olun... Görünür, bir də görüşməli olacağıq. Mənim də sizə köməyim dəyər, – deyib “bülbül”ün mahnısına uyğun şən və gümrah addımlayan əsgərlərinə doğru yüyürdü. Bilirdim ki, onlar düşmənə zərbə endirmək üçün ön xəttə toplaşan qoşunlarımızın yanına gedirlər. Fikrən onlara – topçularımıza müvəffəqiyyət arzulayırdım. Yolboyu Denisenko ağzını belə açmadı. Bizim qoca, sakit dəvəmiz də dinməzcə qaçırdı, ona görə də yol bir növ cansıxıcı idi. “Axı niyə birdən dilimə gəldi ki, – öz-özümə dedim – “bülbülü topçulara verim”. Axı, onlara topa qoşmaq üçün “bülbül”ün yerinə qoca dəvəni də verə bilərdik.
Gecə qayıtdıq. Səngərdə olanların hamısı yuxudaydı, bu məni onların verəcəkləri anlaşılmaz suallardan, narazı baxışlardan xilas elədi. Ertəsi gün isə bizi təcili olaraq cəbhənin başqa – qumsuz, qeyri-sakit sahəsinə aparırdılar, buradasa nəinki darıxmaq, heç baş qaşımağa belə vaxt yox idi.
Bir neçə ildən sonra Nevskdə, bir yerdə qumluqda vuruşduğumuz cəbhə yoldaşımla rastlaşdım. O, Ukraynanın Kovel şəhərində yaşayırdı, Leninqrada məzuniyyətə gəlmişdi. Çox şeyi, tanışlarımızı yada salırdıq. O, həm də dedi ki, qələbə günü alman paytaxtında bir dəvəyə rast gəlib. Görəsən bizim “Həştərxan bülbül”ü deyildi ki?
– Berlində, – deyir, – ağ başını məğrurcasına qaldırıb ətrafa yuxarıdan aşağı baxa-baxa addımlayırdı. Bığlı sürücünün sinəsində Stalinqrad cəbhəsi medalı vardı. Səkilərdə dayanmış almanlar təəccüblə baxır və fikirləşirdilər ki, bu, hərbi silahın hansı növüdür? Ancaq bu dəvə bağırmırdı, bəlkə elə bizim “bülbül” imiş, ancaq bu illər ərzində ağıllanmışdı, hər şeydən ötrü narahat olmurdu...
Tərcümə: Ramin Qasımov
Kultura.az