post-title

Rus məhkəmələrini necə durdurmalı?

Aleksey Navalnıya qarşı məhkəmə hökmü Rusiyadakı durumun yeni inkişaf mərhələsini göstərdi. Əvvəllər hökumət kiçik fiqurların gözünü qorxudurdusa, indi müxalifət lideri kimi tanınan şəxsi heç bir əsas olmadan, həyasızcasına həbsə yolladı. Daha Rusiyada siyasi mübarizə yolunun məcburən düşərgə baraklarından keçəcəyi ilə bağlı açıqca anons verdi.

 
Qanunun tələblərinə hörmət qoymayan dövlət idarəolunmaz adamları iki yolla aradan qaldırır. Birinci və ən yoxlanılmış yol – öldürməkdir. İkincisi – istintaq və məhkəmə. Məsəlçün, Navalnını sağ buraxdılar, ancaq istəsəydilər, indiyə cəsədi çoxdan torpağa qarışardı.
 
Bir sual ortaya çıxır: “Niyə xüsusi-xidmət orqanlarında bu qədər təlim görmüş, vicdan nə olduğundan xəbərsiz qatili olan dövlət idarəolunmazların hərəsinin üstünə bir poloniumlu agent yollamır?” Uzun məhkəmələrlə baş ağrıtmaqdansa, bu asan, ucuz və effektiv yoldan niyə yararlanmasınlar?
 
Məsəlçün, adamları məhkəməsiz-filansız edam edə biləcək Stalin, niyə üzücü məhkəməmə prosesslərinə və “troyka”nın üç nəfərlik imzasına möhtac idi?
 
Məqsəd qisasçılığa legitimlik qazandırmaqda deyil. Belə məsələlərdə hakimiyyət gözdən qanunilik pərdəsi asmaq üçün özünə zəhmət belə verməz. Haqq-ədalətin kriminal məqsədlərlə istifadəsi hökumətə başqa müstəvidə lazımlıdır.
 
Qətldən sonra ortada cəsəd və cinayət faktı qalır, necə olsa bu faktı araşdırmaq lazımdır. Qətl öz qatilini təqib edən bir cinayət işi doğurur. Əks halda Şekoçixin (1) və Politkovskaya (2) məzarında heç vaxt rahat uyumaz. Ancaq cinayət məhkəmə və bürokratik maşın tərəfindən törədildiyi təqdirdə günahkar axtarışı qüvvədən düşür. İdaərolunmazların təqibini məmur maşınının öhdəsinə buraxaraq, yaramaz əməllərin məsuliyyətindən yaxa qurtarmaq mümkündür. Hər şey rəngsiz, kimliksiz, adsız klerklərin arasında, onların kağız-kuğuzlarında və prosessual prosedurlarında xırdalanıb toza dönür. 
 
Yəhudilərin məhvi ilə bağlı Yerusəlimdə məhkəməyə çəkilən SS oberştrumbanfüreri Adolf Eyxman, sona qədər cinayətdə əli olmamasını, öz iradəsinin əhəmiyyətsizliyini vurğulayır və özünü yuxarıların sifarişini yerinə yetirən çalışqan məmur kimi qələmə verirdi. Məhkəmə yoluyla qisas alma qatili cinayətin icrasına görə şəxsi cavabdehlikdən azad edir. Cinayət qayda və protokollar əsasında hərəkət edən şəxssiz avtonomiya maşınının dişləri arasında üyüdülüb yoxa çıxır. 
 
Ədliyyə əsgərləri vəkilinin gözləri qarşısında Mariya Alyoxinanı (3) döyə bilərlər, Maqnitsikiyə (4) həbsxanada işgəncə verə bilərlər. Tutaq ki, döymək və işgəncə  protokol qaydalarına görə cinayət hesab olunmayan “tənbehlə” pərdələnib. Ancaq içəridə qətlə yetirilən Maqnitskinin cəsədi hələ soyumamış bürokratların başının üstünü qara buludlar aldı. Ölü auditora qarşı iyrənc məhkəmə - bir növ qətldən sonra tələsik cəsədi aradan götürmə, bürokratik qan batırma idi, axırda isə günahı prosessual qarışıqlığın üzərinə atacaqdılar.
 
“Maqnitski siyahısı” ilə bağlı qalmaqal məhz, cinayəti pərdələmək qaydalarının pozulması üzündən yarandı. Qatil-bürokratların qəflətən cinayətkar adıyla damğalanması sistemdaxili şərin banallığı və cəzasızlığı prinsiplərini pozdu. Siyahı Kreml və əhatəsində elə bir fırtına qaldırdı ki, artıq dövlətin cinayətlər törədib cəzasız qalacağı şübhə altına düşdü. 
 
Axı, sistem bir cinayət törədirsə, onun bütün təmsilçiləri bu cinayətdə günahkardır. Əlində daha çox hakimiyyət toplayan, cinayət qarşısında daha çox cavabdehlik daşıyır.
 
Hakimiyyət bu cür davranaraq, əslində öz sisteminin süqutuna gətirib çıxarır. Hər bir yeni məhkəmə prosesi daha çox diqqət və qəzəb oyadır. Kafkasayağı kələklərə bürünüb görünməz olaraq qisas almaq üsulu get-gedə özünü daha çox faş edir və daha çox insanın diqqətini çəkir. Şəxssizlik qaydası aşınmaya uğrayır. Maqnitski siyahısı və buna bənzər siyahıların daim genişləndirilməsilə bağlı tələblər, cəzasızlığa əsaslanan dövrün sona çatmasına gətirib çıxardı. 
 
1 – Yuriy Şekoçixin (1950-2003)  Rus jurnalisti və yazıçısı. Hərbi-siyasi araşdırmalarına görə təqiblərə məruz qalmış və 2003-cü ildə zəhərlənərək öldürülmüşdür. 2008 və 2010-cu illərdə ayrı-ayrılıqda onun ölümü ilə bağlı Rusiya baş prokurorluğu cinayət işi başlatsa da, sonradan cinayət tərkibi olmadığı üçün iş bağlanmışdı. 
 
2 – Anna Politkovskaya (1958-2006) Rus jurnalisti və hüquq müdafiəçisi. Çeçen müharibəsi zamanı rus ordusunun və Ramzan Kadırovun başçılıq etdiyi çeçen hökumətinin sivil xalqa qarşı qanunsuz hərəkətlərini  araşdırıb. 2006-cı ildə Moskvadakı evinin qarşısında güllələnib. Onun ölümündən sonra Moskva hərbi-məhkəməsi tərəfindən cinayət işi qaldırılıb və bir nəfər həbs olunub.
 
3 – Mariya Alyoxina – məşhur rus feminist Pussy Riot musiqi qrupunun üzvlərindən biri. 2012-ci ildə qrup kilsədə Putin əleyhinə fleşmob keçirdikləri üçün həbs olunub, iki aydan sonra azadlığa buraxılıblar.
 
4 – Aleksandr Maqnitski (1972-2009) iqtisadçı və auditor. 2008-ci ildə qurama ittihamlarla həbs olunmuş, bundan 11 ay sonra Moskvadakı “Matrosskaya tişina” həbsxanasındakı hücrəsində öldürülmüşdür. 2010-cu ildə Amerika senatoru Benjamin Kardinin təşəbbüsü ilə Maqnitskinin ölümündə birbaşa yaxud dolayı yolla əli olan altmışa yaxın Rusiya hüquq-mühafizə orqanları işçisinin Amerikaya girişinin qadağan edilməsini və müxtəlif sanksiyalar tətbiq edilməsini nəzərdə tutan “Maqnitski siyahısı” qəbul edilib. 
 
Mixail Yampolski
 
Çevirdi: Namiq Hüseynli
 
Kultura.az
 
Yuxarı