post-title

İqtisadi böhranın öhdəsindən necə gəlməli?

İnsan bədənində soyuqdan, istidən, qidalanma yetərsizliyindən və ya çox qidalanmadan, xarici və ya daxili müxtəlif səbəblərdən qızdırma baş verir və bildiyiniz kimi bu qızdırma əsasən lazımlıdır, bədən infeksiyaya qarşı müqavimət göstərir, hansısa mikrobu öldürür, lakin bu da bilinir ki, bütün bunlarla bərabər həddən artıq qızdırma ölümcüldür. Bizdə qızdırmalı uşağın temperaturunu salmaq üçün çox vaxt uşağın üstünü yorğan döşəklə bərk-bərk basdırırıb tərlədirlər. Həkimlər daha dəqiq bilər ki, bu səhv müalicə yoludur, qızdırmanı bir az da qaldırır, halsız uşağın düzəlməyini bir az da gecikdirir. Düzgün metod isə, temperaturu salmaq üçün ilıq su ilə duş al(dır)maqdır.

 
 
İqtisadi böhranlar da ölkənin iqtisadi ömrü timsalında qızdırmaya bənzəyir. Müxtəlif səbəblərdən olur, tsikllik xarakter daşıyır, tənzimləmə xüsusiyyəti var.  Əgər bu böhranlar da qızdırma kimi düzgün idarə edilməsə ölümcül ola bilər. Azalan gəlirlər, yoxsulluğun və işsizliyin artması, etibarsızlıq və soyğunçuluq halları, sabitliyin pozulması və təhlükəsizliyi təmin edə bilməyin çətinliyi ölkə üçün sarsıdıcı ola bilər. 
 
Harda görülüb ki, xəstəhal adamın qidalandırılması kəsilsin, əgər belə olarsa, onsuz da funksiyalarını yerinə yetirməkdə çətinlik çəkən orqanların vəziyyəti daha da pisləşər, xəstəlik uzanar. Necə ki, qızdırmanı salmaq üçün duş lazımdırsa, necə ki, insan xəstəhal olanda onu düzgün qidalandırmaq vacibdirsə, eləcə də iqtisadi böhran zamanı genişləmə siyasəti aparılmalı, xərclər artırılmalı, qənaətdən uzaq durulmalıdır.  Qənaəti yaxşı zamanlarda etmək lazımdır, pis zamanlarda isə əksinə. Xərcləmək bu deməkdir: Dövlət sektoru xərcləməlidir, özəl sektor xərcləməlidir, vətəndaşlar qazanmalıdır və xərcləməlidir. Mənim xərcim qəssabın gəliridir, onun xərci kəndçinin gəliridir, onun xərci tacirin gəliridir və beləcə iqtisadiyyat dövr etməkdədir.
 
Genişləmə siyasəti isə budur ki, Mərkəzi Bank daha çox pul çap etməli, bazarı dirçəltməli, faizləri aşağı salmalı, kredit almağı asanlaşdırmalıdır, tələbi stimullaşdırmalı və bu tələb öz təklifini yaratmalıdır,  beləcə işsizliyin qarşısı alınır, iş yerləri qapısını qıfıllamır, fəaliyyətini davam etdirir, vergisini verir, dövlət də burdan gəlirini əldə edir.  
 
Bu gün biz nə görürük, Mərkəzi Bankın qeyri-qənaətbəxş siyasətini görürük, banklar kredit verməyi azaldıblar, deyilənlərlə əməl olunanların üst-üstə düşməməsi sayəsində bazarda etibarsızlıq hökm sürür.  Etibarsızlıq isə iqtisadiyyatda ciddi məsələdir, etibarsızlığın iqtisadi dəyəri milyardlarla ölçülür, bazarı etibarlı etmək, insanların banklara güvənini təmin etmək illər alır, bu etibarı məhv etməyin qeyd etdiyim kimi Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyi adına milyardlarla zərəri var. Bu gün isə bu etibar yerini etibarsızlığa verməkdədir. Son 10 ildə insanların banklara etibar etməsində ciddi irəliləyiş əldə edilmişdi, bu gün isə artıq yenidən geriyə gedirik, 90-cı illərdə olduğu kimi artıq heç kim əmanətlərini banka qoymaq istəmir, əksinə əmanətlərini bankdan çıxarıb yastıq altına qoyur  və  bir 10 il də lazım olacaq ki, bu etibar yenidən qazanılsın.
 
Bir gündə o miqyasda olan devalvasiya problemli qərar idi,  Azərbaycan xalqının bir gündə 35% kasıblaşması kimi tarixə düşdü.  Devalvasiya olmalı idi, ancaq bu qədər olmamalı idi və olanda da bunu göstərə-göstərə deyil, birdən etmək lazım idi, göstərə-göstərə edəndə də əlbəttə çoxluq bizdə olduğu kimi iki gün ərzində bütün yığımını dollara çevirəcəkdi və bizdəki şəkli ilə devalvasiya mənasız və ədalətsiz olmuş olacaqdı.  Devalvasiyanın ixracı stimullaşdırmaq kimi müsbət xüsusiyyəti var, ancaq bizə yox, birincisi bizdə idxal iqtisadiyyatıdır, ikincisi də qonşuların devalvasiyaya getdiyi vaxtda bunun müsbət təsiri olmayacağı aydındır.  Həm də yeni iqtisadi siyasət aparıb, neftdən başqa ixrac qabiliyyətini artırmaq üçün daha ucuz xammal ala bilərdik.  Bu devalvasiyanın Azərbaycan xalqına deyil, sadəcə xarici şirkətlərə, xarici neft şirkətlərinə faydası oldu, xərcləri bir gündə %35 azaldı. Buna görə hərdən mənə elə gəlir ki, bu devalvasiyaya xaricilərin təzyiqi ilə gedildi, təzyiq olmasın, olsun məsləhəti ilə. İqtisadi cəhətdən səriştəsiz olanlar, hər bir halda bir az çətinə düşən kimi xaricilərdən məsləhət almağa məcburdurlar.
 
 Rezervlərə gəlincə, Mərkəzi Bankın rezervləri adı üstündə strateji valyuta ehtiyatlarıdır, onun əriməsi mahiyyətində var, belə vaxtda əriməyib nə vaxt əriməlidir ki. Onun artması Mərkəzi Bankın uğuru olmadığı kimi, azalmağı da Mərkəzi Bankın uğursuzluğu deyil. Neft fondunun rezervlərinə gəlincə, yanlış investisiya edilməkdədir, qızıla yatırılır, qızılın qiyməti düşür; əmlaka yatırılır, əmlakın qiyməti düşür; çin yuanına yatırılır, çin yuanının qiyməti düşür. Maraqlı olan isə odur ki, bütün bu bacarıqsızlığa görə niyə görəsə heç kim məsuliyyət daşımır.
 
 Yenicə büdcə də açıqlandı. Dövlət səlahiyyətlilərinin və bəzi iqtisadçıların ağzından düşməyən "qənaət" sözü artıq əməli olaraq burda öz əksini tapmışdır. Keçən ilə görə 25% büdcə kiçilmişdir. Bu artıq Azərbaycan iqtisadiyyatının acınacaqlı vəziyyətə sürükləyəcəkdir. Yazını burda dayandırıram, büdcə haqda ayrıca yazmaq lazımdır. Mövzunu davam etdirəcəyəm.   
 
Aqşin İbişov
 
Kultura.az
Yuxarı