post-title

Səhra dövrü

Bir neçə ay bundan əvvəl kanadalı bir yazıçıyla tanış olmuşdum. Yaxşı dövrləriydi. Hələ ölkəmizdə Avropa əleyhinə isterika başlamamışdı. Əksinə, Bakıda Avropa Oyunları keçirilirdi, küçələr, prospektlər, avtobuslar, maşınlar Avropa Oyunları şüarları ilə bəzədilmişdi. Mətbuatda, internetdə dayanmadan Azərbaycanın Avropanın tərkib hissəsi olmasından, onun mədəni və idman həyatında böyük rol oynamasından, buna görə də ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin heç də təsadüf olmadığından bəhs edilirdi.

 
 
Kanadalı yazıçı oyunların sorağını eşidib, ukraynalı sevgilisini qoltuğuna vurub gəlmişdi Bakıya - həm gəzməyə, həm də iş görməyə. 10 gün Bakıda qaldı, bu zaman ərzində biz dostlaşdıq, çox gözəl vaxt keçirdik. İndi Avropanın daş-qalaq edildiyi bu günlərdə onun müşahidələrini və söhbətlərini xatırlayıram...
 
Mövzunun davamını gətirmək üçün gərək əvvəlcə bu maraqlı adam haqqında məlumat verim. 
 
Li Renli adlı irland əsilli bu adam uzun illər Kanadanın intellektual immiqrasiya xidmətində çalışıb. Kanadada işləyib-yaşamaq üçün müraciət edən yüksək ixtisaslı kadrların seçilməsi prosesinə nəzarət edən top-işçilərdən biri sayılıb. Yüksək maaş, komfortlu həyat və parlaq karyerası olub. Amma günlərin birində bütün bunlardan imtina edib. Kresloya yapışıb qalmaqdansa, həzz içində qıvrılmaqdansa, arzularının dalınca getmək qərarına gəlib. Arzusu isə uşaqlar üçün kitablar yazmaqdır. 
 
Li işindən çıxdıqdan sonra həm maraqlı, həm ucuz, həm də mədəni ölkədə yaşamağa qərar verib. Beləliklə, 4-5 il bundan əvvəl o, Ukraynaya köçüb və o zamandan bəri orada yaşayıb yaradıcılıqla məşğul olur. İndi onun təvəzökar həyat tərzi var, aza qane olsa da, öz istədiyi həyatı yaşayır. Əlinə imkan düşəndə isə səyahətlər edir, həyatını minumum imkanlar daxilində maksimum maraqlı keçirməyə çalışır. Bakıya gəlməyi də təsadüfi deyildi. Birinci səbəb oydu ki, Xəzər dənizində çimmək istəyirdi... Linin qəribə bir arzusu var, o, ömrünün axırına kimi imkan tapıb dünyanın bütün okenlarında, dənizlərində çimməyi qarşısına məqsəd qoyub. Xəzər dənizi növbəti hədəfi idi və o bunu gerçəkləşdirdi. 
 
Bakıya gəlişinin ikinci səbəbi isə yazdığı kitabla əlaqədar idi. Onun hazırda üzərində işlədiyi və uşaqlar üçün yazdığı kitabda şərq ədəbiyyatı və incəsənətiylə bağlı da məqamlar var, xüsusilə Nizami Gəncəvinin əsərləri və Molla Nəsrəddinlə bağlı əhvalatlar...
 
Avropa Oyunlarının açılış mərasimində Nizami Gəncəviylə bağlı hissə xoşuna gəlmişdi. Bəyəndiyi digər şeylər də vardı: Qobustan, Atəşgah, palçıq vulkanları, Bakının isti təbiəti, ölkədəki sekulyar həyat tərzi, idman infrastrukturları və s. 
 
Bir gün o bizi gecə saat 12-dən sonra darta-darta palçıq vulkanlarına apardı. Bir dəfə getmişdi, indi ikinci dəfə gedirdi, bu yer o qədər xoşuna gəlmişdi ki, doğum gününü məhz burda qeyd etmək istəyirdi. Etiraz edə bilməyib yayın cırhacırında uzaq isti çölün ortasına getdik. Getmək istəmirdim, narazıydım. Amma palçıq vulkanlarına gəlib çatanda dünyanın ən gözəl mənzərələrindən biriylə rastlaşdım. Ətraf qaranlıq olsa da, lap uzaqlarda şəhərin işıqları görünürdü, göydə ulduzlar sayrışırdı, sükutu yalnız vulkanların pıqqıldayan səsi pozurdu. İnanmaq olmurdu ki, səs-küylü şəhərin böyründə belə maraqlı, əsrarəngiz bir yer var. Li pivədən içir, mahnıların müşayiətiylə rəqs edir və gülə-gülə deyirdi: “Mən xoşbəxtəm, mən xoşbəxtəm, mən xoşbəxtəm...” 
 
Ancaq onun həm də müşahidələri və fikirləri maraqlıydı, hərdən isə dürüstcəsinə işlətdiyi ifadələr arı neştəri kimi adamı sancırdı... 
 
Li Xəzər dənizində çimməklə arzusuna çatmışdı, ancaq Nizami Gəncəvi və Molla Nəsrəddinlə bağlı Bakıdakı axtarışları onu qane etmirdi. Bir gün vaxtını şəhərin bütün kitab dükanlarını gəzməyə həsr elədi, ancaq nə qədər axtarsa da, Nizaminin külliyatının ingiliscə tərcüməsini tapa bilmədi. Heç cür başa düşə bilmirdi ki, ölkədə Nizami Gəncəvi bu qədər populyar olduğu halda, Avropa Oyunlarının açılışına onun yaradıcılığına xüsusi yer verildiyi halda, necə olur ki, hətta şəhərin mərkəzindəki kitab mağazalarında klassik şairin əsələrinin ingiliscəsini tapmaq olmur? Mən də nə qədər çalışdımsa, ona yardım edə bilmədim, axırda dedi ki, eybi yoxdur, istəyirdim Bakıdan alım, xatirə olsun, artıq “Amazon”a sifariş verərəm, gətirərlər... 
 
Yeri gəlmişkən, bu günlərdə televiziyada Avropanın qabırğasına döşəyən təhlilçilərdən biri məhz belə deyirdi: “Azərbaycanın Nizami kimi dahiləri var ki, avropalıların ondan xəbəri yoxdur. Əgər onlar Nizamini mənimsəsələr, Avropadakı böhran da dayanar, bu bölgənin vətəndaşlarının mənəvi iztirablarına da son qoyular...” 
 
Belə anekdot kimi söhbətləri ciddi-ciddi danışan adamlar var, özü də televiziyada...
 
Li Molla Nəsrəddinlə bağlı da istədiyi ingiliscə tərcümələri tapa bilmədi. “New York Times”-da çıxan və bizim “Molla Nəsrəddin” haqqında “Dünyanı dəyişdirən jurnal” adlı yazıyla tanış idi, amma Bakının kitab mağazalarında “Molla Nəsrəddin”lə bağlı ingilis dilində, keyfiyyətli materiallar tapa bilmədi...
 
Bir gün Linin dediyi bir ifadə məni bərk incitdi, nə qədər ürəyimə salmamağa çalışsam da, hiss etdim ki, xeyli narahat olmuşam. Artıq neçə günüydü Bakıdaydı, xeyli gəzmiş, adamlarla söhbət etmiş və müşahidələr etmişdi. Oturub Avropa Oyunlarından, Azərbaycanın tarixindən, Avropaya bağlılığından danışırdıq, qəfildən o dedi ki, sizə bir söz desəm, Azərbaycan Avropa deyil desəm, inciməzsiz? Dedik ki, yox, incimərik. Li sözünün davamını gətirdi: “Azərbaycanlılar kafelərdə oturub pivə içməklə, “Facebook”a girməklə, cırıq şalvar, qısa yubka geyinməklə özlərini avropalı sayırlar. Göydələnlər tikmək, London taksiləri sürmək, Avropa Oyunları keçirmək zahiri məsələlərdi. Bunları hər yerdə eləmək olar, Avropa sivilizasiyası isə həm də başqa şeylərdi,  ola bilər yanılıram, ancaq mən azərbaycanlıların Avropanın həqiqi dəyərlərinə üz tutduğunu görmədim. Gürcüstan və Ukraynada görmüşəm. Görmüşəm ki, insanlar həqiqətən də Avropaya can atırlar, avropalı olmağa çalışırlar, ancaq bunu azərbaycanlılarda görmədim...”
 
Dedim ki, dediklərindən incimirəm, ancaq həqiqətən də incimişdim, narahat olmuşdum. Necə yəni Avropaya dəxlimiz yoxdur, bəs harayıq, hara aidik, hara gedirik?
 
Sonra Li getdi və söhbətimizin üstündən üç ay keçməmiş Azərbaycan Avropayla bağlı da qərarını verdi. Öncə neftə əlvida deyildi, sonra manata, indi də Avropaya əlvida deməyin vaxtı gəlib çatdı... Yəqin, bu dövr əlvidalar dövrü kimi tarixdə qalacaq... 
 
İndi ortaya çıxan sual budur ki, indi Avropadan üz döndəririksə, hara gedirik? Rusiyaya gediriksə, uçuruma gedən ölkənin dalınca getmək məntiqli olmaz, İrana gedə bilmərik, çünki gərək molla olaq, Türkiyənin isə başı ərəblərə qarışıb. Bəs biz hara gedirik?  Neçə müddətdir bu barədə düşünürəm. Axır ki, sualın cavabını tapmışam... 
 
Bu günlərdə dünyanın müxtəlif ölkələrindən olan alimlər Bakıda toplaşıb iqlim dəyişikliyini müzakirə edirdilər. Konfrans zamanı çıxış edən AMEA Coğrafiya institutunun rəhbəri isə etiraf etdi ki, Azərbaycan qlobal istiləşmə, qlobal iqlim dəyişikliyi probleminə ən həssas ölkələrdən biridir və ən narahatedici məqamlardan biri də odur ki, Azərbaycan səhralaşır...
 
Hər şey aydındır, indi bəlli olur yolumuz hayanadır. Qabaqdan səhra, dəvələr və çəyirtkələr dövrü gəlir...
 
Uca yaradan tutub söhbəti, bilir neynəmək lazımdır... 
 
Cavid Ramazanlı
 
Qaynar.info
Yuxarı