1998-ci ildə Parisdə “Prix Novembre” mükafatının jüri üzvlərindən biriydim: adından da göründüyü kimi, bu, ədəbiyyat mövsümünün axırında verilən bir mükafat idi. “Qonkur” jürisinin Uelbekin romanını səhv başa düşməyindən və onun səhvlərini düzəltmək üçün başqa jürilərin bacarıqsız cəhdlər etməyindən sonra, “Prix Novembre” bu ilki son və qəti hökmünü verəcəkdi. Bir fransız ədəbiyyat mükafatının dəyişən jüriyə sahib olması, heyətinə xaricdən ekspertlər çağırması – aralarında Mario Varqas Lyosa da vardı – və qalibə ciddi pul miqdarda verilməsi (təxminən 30 min dollar) vərdiş olunmuş məsələ deyildi.
O ilin vacib mükafatlarının hamısı Mişel Uelbekin “Elementar hissəciklər” romanını şərəfləndirməkdən geri durmuşdu, “Uelbek hadisəsi” neçə aydır pıqqapıqla qaynamaqdaydı. Müəllimlər kitabdakı açıq-aşkar cinsəlliyə etiraz etmiş, yazıçı intellektual sapqınlıqda günahlandırılıb mənsub olduğu bədii-fəlsəfi qrupdan qovulmuşdu. Provokasiya yaratdığı düşünülən təkcə kitab deyildi, müəllifin özünə də münasibət birmənalı deyildi. Jürinin qadın üzvlərindən biri demişdi ki, yazıçını televizorda görənə qədər romana heyran qalmışdım. Mükafatın əvvəlki illərdə gözə dəyməyən, heç nəyə müdaxilə etməyən biznesmen sponsoru Uelbekə qarşı uzun və atəşin bir hücuma keçdi. Ən azı göstərmək istəyirdi ki, verdiyi pul hara getməməlidir.
Xeyli gərgin mübahisələr gedərkən “Elementar hissəciklər”in ən yaxşı təyinatını Lyosa verdi: “Həyasız” kitabdır. Lyosa təbiəti etibarilə bu sözü tənqid yox, tərif kimi deyirdi. Keçərli bütün mütaliə vərdişlərimizi sistematik şəkildə nişan alan, beynimizdəki ehtimalları sadəlövh kəslərin illüziyaları kimi görən bəzi kitablar var; acı gülüşlə dolu olan, dərin pessimist kitablar. Ədəbiyyatda həyazıslığın ən yetkin nümunəsi kimi Volterin “Kandid” əsərini misal çəkmək olar. Fərqli tərzdə olsa da, La Roşfuko da dərində həyasızdır; Bekketin sevimsiz, Filip Rotun coşqun həyasızlığı var. Həyasızlığın kitabları özlərinə hədəf kimi məqsədli bir tanrını, optimist və nizamlı bir kainatı, insani altruizmi, azad iradənin varlığı kimi anlayışları seçirlər.
Uelbekin romanı – ikinci romanıydı bu – intellektuallıqla erotizmi birləşdirməsiylə son dərəcədə fransız idi; öz nəzəri skeletindən götürdüyü aşkar qürurla Mişel Turnyeni xatırladırdı. Romanın qüsurları da vardı: müəyyən bir mən-bilərəmçi ton və personajların dialoq qurmaq əvəzinə moizə oxumaq meyli. Ancaq böyük yanğısı və uzlaşmazlığı mükafatın digər nominantından açıq-aşkar üstün idi; o biri nominantın romanı bir cəhətdən son dərəcə fransız romanı idi: zərif, nizam-intizamlı və köhnə dəbli, ya da daha dəqiqi, jüri üzvlərinin jarqonuyla desəm, classique.
Uelbek bir xal fərqiylə qalib oldu. Sonradan jürinin yazıçı, jurnalist sədri Daniel Şneydermanla mükafatı qazanan yazıçının mediada, televiziyada yaratdığı dedi-qodular barəsində danışarkən, ortaya belə fikir atdım: bəlkə də Uelbek mediatik yox, mediagenikdir. (Mediagenik – mediaya xoş gələn – tərc.) Şneyderman belə dedi (xatırladım ki, xalını Uelbekə vermişdi): “Əksinə, o, anti-mediatik olaraq mediatiklik qazanır. Çox ağıllı hərəkətdir.”
Bir saat sonra Bristol otelinin salonunda, ədəbiyyatçılar Parisinin ən şıq geyinmiş şəxslərinin qabağında, enli sviter, qırmızı rəngli qırış-qırış cins geyinmiş pəjmürdə bir tip mükafatın çekini aldı və romanının ruhuna uyğun olaraq, son dərəcə burjua olan həzz və minnət ifadəsi bildirmədən çəkilib kənarda durdu. Salondakı heç kimin xoşuna gəlmədi bu. Bir fransız naşir qulağıma belə pıçıldadı: “Çimməmiş, ya da kimyəvi təmizlənməyə getməmiş mükafat almağa gəlməsi də jüri üzvlərinə təhqirdir.”
Sponsorumuz da incik idi; növbəti il “Prix Novebmre”ın fasiləyə gedəcəyini açıqladı, dediyinə görə, beləliklə, mükafatın gələcəyi ilə bağlı müzakirə imkanı əldə edəcəkdik. Əksər jüri üzvü bu qərarın həyasız olmasa da, gərəksiz olduğunu düşünürdü; biz özümüzə təzə sponsor tapmaq yolunu seçdik; mükafatın adını da “Prix Decembre” olaraq dəyişdirdik. Bu ərəfələrdə Uelbekin romanı ingilis dilinə “Atomised” adıyla tərcümə olundu. İngilisdilli oxucular Şneydermanın mənə dediyi şeylərin fərqinə vardı: müəllif anti-mediatik olaraq mediatik olan biriydi. Ədəbiyyat dünyası pis şöhrətə sahib olmağın ən asan olduğu yerlərdən biridir, Uelbek də ondan istəniləni haqqıyla yerinə yetirirdi. “Observer”in qadın müxbiri axşam vaxtı onunla görüşə gedəndə, Uelbek lül-qənbər olana qədər içmişdi, başı qabağındakı boşqaba düşürdü; müxbir qadına dedi ki, əgər mənimlə yatsan, suallara cavab verərəm. Uelbekin arvadı da fotoqraflara alt paltarı ilə pozalar verib diqqətə dəyər sözlər səsləndirərək bu pantomimaya daxil oldu. Arvadı müxbir qadına demişdi: “Mişel depresiyada deyil, depresiyada olan dünyanın özüdür.”
“Elementar hissəciklər” romanı sübut göstərilərək deyilir ki, Uelbek Turnyedən bu yana potensial olaraq ən ağır fransız romançıdır (intizar uzun çəkmişdi, buna görə də aşırı təriflər başa düşüləndir), onun üçüncü romanı “Platforma” isə sabiq bir yerə salam verərək başlayır. Heç bir fransız yazıçısı bir romana Kamyünün “Yad”ını yada salmadan “Atam keçən il öldü” cümləsiylə başlaya bilməz. Uelbekin təhkiyəçisinin adı Renodur, bəlkə də yazıçı bu adamın mexankiləşən cəmiyyətdə sadəcə bir vintcik olduğuna eyham vurmaq istəyir, amma bu ad eyni zamanda Kamyünün təhkiyəçisi Merso ilə qafiyələnir. Və bir məqam da vacibdir: Renonun atası Aişə adlı Şimali Afrikalı bir qulluqçu ilə yatmaqdadır, Aişənin qardaşı isə bu qoca kişini ölünə qədər döyür. Oğul atasının qatili ilə üz-üzə gətiriləndə belə düşünür: “Əgər əlimdə bir silah olsa, düşünmədən atəş açardım. O cındırı öldürmək…mənə əxlaqi baxımdan neytral bir iş kimi gəlirdi.” Bu, Mersonun Əlcəzayirdəki çimərlikdə Ərəbi vurub öldürməsinə çox oxşayır və onun öldürmə aktına göstərdiyi oxşar əxlaqi laqeydliyi göstərir.
“Yad”la “Platforma” arasındakı altmış ildə özgələşmə və anomiya (Anomiya – bir ictimai qrupdakı ortaq dəyərlərin itməsi – tərc.) inkişaf edib. Anaya, ataya göstərilən hörmətsizlik də həmçinin. 1960-cı illərdəki tələbəliyimdə Mersonun romanın əvvəlindəki həddini aşan sözlərini (“Anam dünən ölüb, ya da bu gün, dəqiq bilmirəm.”) bir şillə kimi qəbul etmişdim (dindar bir oğul da sayılmazdım.)
Bu gün daha sərt bir şillə vurmalısınız:
“Qocanın tabutunun qarşısında ayaq üstə dayanarkən, ağlıma naxoş şeylər gəldi. Qoca qəhbə balası həyatdan istədiklərinin çoxunu almışdı, vagina ağızlı çox ağıllı idi. Şövqlə belə dedim: “Uşaqların oldu, ay cındır, yekə şeyini anamı qayırdın.” Şeydir, etiraf etməliyəm ki, bir az gərgin idim; insanın ailəsində hər gün ölüm olmur.”
Culian Barns
Uelbek oyundakı əmsalları yüksəldir, amma “Şeydir, etiraf etməliyəm ki, bir az gərgin idim” kimi ironik ifadələrlə tabut qarşısındakı giley-güzarı davam etdirmək də onun əmtəə nişanıdır. “Elementar hissəciklər” mətni ağırlaşdırmadan icmallaşdırılmasl çətin romandı (son iki min ilin üçüncü “metafizik mutasiyası” haqqında bir roman; klonlaşdırmanın ölüm qorxusuna, genetik fərdiyyətçiliyin yaratdığı səfalətin axırına çıxdığını görəcək molekulyar biologiyanın mutasiyası haqqında), bu əsərin səhifələrində onu tənqid edənlərə tuşlanmış parodik bir zəfər işarəsi, anti-utopik qatında bir məzələnmə duyğusu vardı.
“Platforma” da eynilə “Elementar hissəciklər” kimi, dünyanın saflığını kəskin şəkildə tənqid edən, informasiya dövrünün övladı olan, canında fundamentalist bir məsafəliliyin izlərini daşıyan kişi təhkiyəçinin sözləriylə başlayır. Təxminən hər şeyə yanaşmasında “Menecerlərə xas olan qazanc güdməzlik tipində davranmağı” tənqid edir. Emosional və sosial olaraq reaksiyasızdır, buna görə də Aişəylə az qala heç danışmır. Aişə islamı tənqid etməyə başlayanda, az-maz onunla eyni fikri bölüşür, sözün düzü, bu mövzuda da sərt mövqe bildirmir. “İntellektual olaraq, müsəlman vaginalara müəyyən bir arzu bəsləyirdim.”
Hələlik əsəbləşən yoxdur ki? Gəl gör ki, Uelbek, ya da daha dəqiqi, təhkiyəçi hələ təzə-təzə danışmağa başlayıb. Aşağıdakılar üçün tüstüsü təpəsindən çıxır, qəzəbini gizlətmir: Frederik Forsayt və Con Qrişem, Jak Şirak, “Guide de Routard”, tur-paketlər, Fransa (“uğursuz bir ölkə, tamamilə uğursuz və bürokratik”), çinlilər, Omaha qumsalında “demokratiya uğrunda ölmüş” “moronlar yığını”, çoxlu kişi, çoxlu qadın, uşaqlar, cazibədarlığı olmayanlar, qocalar, qərblilər, müsəlmanlar, fransız kanalı TV 5, müsəlmanlar, çoxlu sənətçi, yenə müsəlmanlar və son olaraq, tez-tez ifadə edildiyi kimi, təhkiyəçinin özü.
Mişel nələri təqdir edir? Pusmağı, masaj salonlarını, pornoqrafiyanı, Tai fahişələrini, alkaqolu, Viaqranı (alkaqolun təsirini azaltmaqda kara gəlir), siqaretləri, bəyaz olmayan qadınları, masturbasiyanı, lezbianlığı, qrup seksi, Aqata Kristini, daldan-qabaqdan qayrışmağı, oral seksi, seks turizmini və qadın alt paltarlarını. Bu siyahıda digərlərinə uyğun gəlməyən bir cütlük görürsünüz: Frederik Forsayt “ağıldankəmin biridir; Con Qrişemin kitabları isə içinə kəfləmə atmağa yarıyır: həzzin iniltisiylə iki səhifənin arasına boşaldım. Səhifələr bir-birinə yapışacaqdı, vacib deyil, ikinci dəfə oxunası kitablardan deyildi.” Amma Aqata Kristi xüsusilə “ümidsizlik günahı”nı başa düşdüyünü ifadə etdiyi “Oyuq” adlı romanıyla Uelbek tərəfindən iki səhifə boyunca təriflənir. Belə deyir Mişel: “Bu, özünüzü isti və canlı bütün insani təmaslardan qoparmağın günahıdır.”, bu, əlbəttə ki, Mişelin günahıdır. Belə deyir sonra: “Başqa insanlarla qurduğumuz münasibətlərdə öz varlığımızın fərqinə varırıq, başqalarıyla olan münasibətləri dözülməz edən də elə budur.” Belə də deyir: “Həyatdan vaz keçmək ən asan şeydir. Həyatda hər şey ola bilər, xüsusilə də heç nə.”
Əzab çəkən adam hedonist olanda ümidsizlik günahı dərinləşir.”Platforma” böyük mənada turizm, seks və bu ikisinin kombinasiyasıyla bağlı romandır. İndiki məqamda turizm planetdəki yeganə böyük industriyadır, təklifin və məqsədyönlü şəkildə yaradılmış tələbin saf görüş nöqtəsidir. Romançı üçün bunun ən cazibədar tərəfi turizmin psixologiyasıdır: xüsusilə də ummağın və xatırlamağın (broşuraların saxta xoşbəxtlik vədləri, tətillərdə çəkilmiş fotoların hırtıldayan yalanları) anın özündən daha canlı, etibarlı olduğu floberanə bir ironiya. Romançı üçün açar məqam olan təhlükə (burada həmin təhlükədən qaçmaq mümkün deyil) zəhmətsiz həcv təhlükəsidir: turistlər yalnız teroristlər üçün asan hədəf deyillər.
Uelbek personajını günəşlənmək, sekslə məşğul olmaq üçün gedilən bir tətil mərkəzinə göndərir; xeyli gönüqalın dostlarının içində dözüləsi, əslində, pozitiv mənada cazibədar olan Valeriya da var; qadın sözügedən səyahət şirkətində işləyir. Sujetin böyük bölümü onun və həmkarı Jan-İvin işlədikləri şirkətin ziyana işləyən hissəsini yenidən canlandırma cəhdləri üstündə qurulub.
Bunların hamısı romanda kifayət qədər işlənir, sözün düzü, Uelbekin romançı kimi güclü tərəfləri və maraqları məxsusi şəkildə ənənəvi təhkiyə qurmağa konsentrasiya olmur. Onun bir səhnəyə, bir temaya yanaşması mənə çox vaxt yevro çevrələrində uzun müddətdir danışılan bir lətifəni xatırladır. Avropa Birliyi Komitəsinin Britaniyalı nümayəndələrindən biri öz ölkəsinin gətirdiyi təkliflərin əsas məqamlarını ifadə edən bir icmal çıxarır; Britaniyalı olduğu üçün bu təkliflər gözlənilən kimi praqmatik, məntiqli və detallıdır. Fransız nümayəndə bu təkliflər qarşısında başını yelləyərək uzun-uzun düşünür və axırda bu qənaətə gəlir: “Şeydir, bu planların praktikada işləyəcəyini başa düşürəm, bəs nəzəriyyədə işləyəcəkmi?”
Beləliklə, sekslə turizm arasındakı birinci dərəcəli açıq əlaqə cismani, şəxslərarası (və şəxsi olmayan) əlaqədir. Ancaq Uelbek üçün önəmli olan həm də nəzəri əlaqə tapmaqdır. Uelbek bunu tapır: həm seks, həm də turizm ən azad nöqtədə sərbəst bazar nümunəsidir. Uelbekin fikrincə, seks həmişə kapitalizmə xas bir şey kimi görünüb. Bəli, budur birinci romanı “Mübarizə meydanının genişləndirilməsi”dən əxz edilmiş formul:
“Haqsız işdən çıxarılmaların qadağan olunduğu iqtisadi sistemdə hamı aşağı-yuxarı öz yerini tapır. Zinanın yasaqlandığı cinsi sistemdə aşağı-yuxarı hamı bir yataq yoldaşı tapır. Bütövlükdə liberal olan iqtisadi bir sistemdə bəzi insanlar çox böyük sərvət yığırlar, bəziləri isə işsizlik, səfalət içində ətalətə gömülür. Bütövlükdə liberal olan cinsi sistemdə bəzi insanların fərqli və həyəcanlı erotik həyatı olur, bəziləri isə masturbasiyaya və tənhalığa məhkum olur.”
Bu cür tez-bazar və cəsarətli paralellər qurmaq Uelbekin ən yaxşı bacardığı şeydir; o, “Elementar hissəciklər” adlı romanında “Şimali Amerikalı libidinal-hedonist seçim” adlandırdığı şey üstündə işləməkdən zövq aldığı qədər heç nə qədər ləzzət almayıb. Ancaq “Platforma” romanındakı sekslə bağlı yazısı qəribə şəkildə həm pornoqrafik, həm də sentimentaldır. Bütün həmlələrini, obrazlarını pornoqrafiyadan alması baxımından pornoqrafikdir; kim nəyi hara qoydu və çırpınışlar içində fışqırma, inildəmə baş verənə qədər haraya qədər hərəkət etdirdi; bununla yanaşı, roman çox da aşırı olmayan, orta xətti götürən bir pornoqrafiya kimi yazılıb. Romanın doğurdan da müsbət, açıq sözlü personajlarının şərqli masajist qadınlar, fahişələr olması duyğusaldır; onlar qüsurları olmayan, xəstəliksiz, mamarozaları, narkotik asılılıqları, ya da hissi problemləri olmayan şəxslər kimi təqdim edilir. Cinsi akt baxımından heç nə qətiyyən axsamadığı üçün pornoqrafik və sentimentalcasınadır: cinsi orqanların funksional xoşbəxtliyi həmişə əldə olunur, heç kim YOX, ya da DAYAN, hətta GÖZLƏ belə demir, oteldəki ağ-dərili-olmayan qulluqçunun lapdan otağa girməsi, lifçiksiz olduğunu tezcə faş etməsi və qrup seksə qatılması üçün ona bir əl işarəsi bəsdir. Uelbek pulla baş tutan seksdən başqa dünyadakı hər şeyin iç üzünü görür, o, bu seksi bəlkə də lazım olduğu kimi, bir tətil broşurasında gördüyü hər sözə, rəsmə inanan bir adam kimi təsvir edir.
Və sevgi var. “Qadınları həqiqətən sevirəm” – Mişel bunu bizə romanın açılış səhifələrində deyir. Sonra təfərrüatlara keçir: “Vaginalar üçün hiss etdiyim ehtiras azsaylı insanın bildiyi digər xüsusiyyətlərimdən biridir.” Qadınları sevsə də, Mişel məqsədli şəkildə anasının adını çəkmir. Bu depressiv, qırx yaşında qocalmış seks turisti get-gedə özünü Valeriaya daha yaxın hiss etməyə başlayanda, fikirləşirsiniz ki, Uelbek bu işin içindən necə çıxacaq. Nə də olsa belə bir personajı tezcə kiməsə aşiq etmək bədii həyasızlıq kimi görünə bilər. Mişel üçün sevgi pulla satın alınan seksdən nə baxımdan fərqlidir? Belə baxanda heç nəylə. Valeria əvvəlcə çox qılıqsız, sərt görünsə də, axırda məlum olur ki, əla döşləri olan bir qadındır; üstəlik, yataqda Tai fahişələri qədər yaxşıdır; yəni ki, üçlü cinsi münasibətlərə asanlıqla girməkdən çəkinməməklə yanaşı, bu cür münasibətləri təşviq də edir. Xaraktercə yolagedəndir, yaxşı işi var və yaxşı da pul qazanır; Mişel kimi o da məşhur dizaynerlərin marka paltarlarına barmaqarası baxır. Və məsələ də əslində elə budur. Hislərdən danışmaq, ya da onları düşünmək kimi o köhnə-külüş şeylərdən heç birini etmirlər; birgə çox da çölə çıxmırlar, düzdür, Mişel onu bir svinger-barına və Sado-mazoxistlər klubuna aparır. Mişel mətbəx işləyirlər elə-belə maraqlanır, Valeria işdən çox vaxt elə yorğun qayıdır ki, Mişelə ancaq səhəri gün xala xətrin qalmasın minet eləyə bilir. Bu ifadələr həyasızlıqdan çox bədiilik baxımından xəyal qırıqlığı yaradır. Aa, Valeria xoşbəxtliyi tapıb öz yarıyla cənnət adasında yaşamağa qərar verəndə, əlbəttə ki, ölməlidir. Bunun qurulması, yerinə yetirilməsi Qrişem, ya da Forsayt tərəfindən daha irəli götürülə bilərdi.
Əvvələ qayıdası olsaq, Mişel atasına niyə bu qədər nifrət edir? Atasının tabutu qarşısındakı ittiham dolu çıxışdan sonra normal marağı olan bir oxucu belə bir sual verə bilər. Bu “qəhbə balası, bu “vagina ağız”, bu “şortikli moron”, “yirminci əsrin iyrənc üzünü təmsil edən bu adam” haqqında nələr öyrənirik? Öləndə yetmiş yaşındaymış, Aişənin “ondan xoşu gəlirmiş”, davamlı fiziki məşqlər edirmiş və bir Toyotası varmış. Fikirləşə bilərsiniz ki, bunlar qocadan nifrət etmək üçün yetərli səbəblər deyil. Ancaq sonra bunu da öyrənirik ki, bu əclaf bir dəfə qəfildən səbəbləri açıqlanmayan bir depresiyaya girib.
“Dağ bələdçisi dostları onun ətrafında səy-səy topalaşmışdılar, xəstəlik qarşısında aciz idilər. Bir dəfə mənə dedi ki, bu qədər idman etməyinin səbəbi özünü axmaqlaşdırmaq, düşünməkdən təcrid etməkdir.”
Bu informasiyalar təzədir (kişinin dağ bələdçisi olduğu bizə deyilməmişdi), Mişel özü də depressiyada olduğu üçün, düşünə bilərsiniz ki, ona simpatiya bəsləmək olar. Fəqət bütün öyrəndiyimiz elə bundan ibarətdir, çünki ata Mişelin düşüncələrindən də, təhkiyədən də tez-bazar yoxa çıxır.
Romandakı oğulun ataya olan nifrəti açıqlana bilməyən informasiyadır. Bununla yanaşı, kitablarla bağlı söhbətlər (heç vaxt küçümsəmək olmaz) Uelbekin bir neçə ay əvvəl “Lire” jurnalına verdiyi bir müsahibəni yada salır. Romançının beş yaşı olanda valideynləri onu nənəsinin himayəsinə verərək tərk ediblər. Uelbek deyir: “Atam çox keçməmiş hədsiz suçluluq hissinə qapıldı. Bir dəfə mənə çox qəribə bir şey dedi: bu qədər davamlı şəkildə məşq etməyinin səbəbi idmanın onu düşünməkdən təcrid etməsiymiş. O dağ bələdçis idi.”
Bu qərifə etirafın bir romançı tərəfindən istifadə edilməsində qəribə heç nə yoxdur, amma əgər bu etiraf bir işə yaramalıdırsa, bədii cəhətdən əsaslandırılmalıdır. “Platforma”dakı Mişel Reno ilə Mişel Uelbek arasındakı bağ bu xırda avtobioqrafik detalın bizə ifadə etdiyindən daha ciddidir. Mişel Reno tərəfindən, birinci şəxsin təkində nəql olunan, ancaq bizə sadəcə Mişel Uelbekin bilə biləcəyi şeyləri demək istəyəndə, bunları separat şəkildə üçüncü şəxsin dilindən ifadə edən təhkiyədə bəzi problemlər var. (Hətta Mişel Renonun bizə hələ tanış etmədiyi personajla bağlı hökmlər verdiyi məqam bədii cəhətdən problemlidir) Mişelin içində də qəribə parçalanma, ikiyə bölünmə var. Beləliklə, tətilə “hava limanında tamamilə təsadüfi şəkildə satın aldığı iki amerikan bestseller”i ilə gedir (bunu da Forsayta, Qrişemə yuxarıdan aşağı baxa-baxa edir); özüylə “Guide de Routard” da götürüb. Seks turizmində işləyən biri üçün bunun kifayət qədər mənalı olduğunu düşünə bilərsiniz. Sonralar, qəribə şəkildə, yanında oxuyacaq heç nə götürmədiyini düşünərək panikaya düşür. Lap sonralar, vətənə qayıdanda, Auqust Komt ilə Milan Kunderanın ciddi oxucusu kimi qarşımıza çıxır; Kantdan, Şopenhauerdən və sosioloqlardan inamlı sitatlar çəkir. Görəsən bu inandırıcı olacaq şəkildə həmin personajdır, yoxsa anın ehtiyaclarını ödəməyə çalışan başqa biri?
Uelbekin ağıllı adam olsa da, ağıllı romançı olmaması romanın İslama münasibətində də xeyli məqamı dalana dirəyir. Struktural cəhətdən finalda məlum olur ki, Mişelin “cəfəng din” adlandırdığı dinin funksiyası xoşbəxt seks turistlərinin ölçüsüz və qanlı inkarıdır. Bununla yanaşı, bu gedişatın varlığı dalbadal gələn üç qəzəb məqamına söykənir. Birincisi, ondan istənməsə də Məkkə zehniyyətinin axmaqlaşdırdığı atası ilə yararsız qardaşlarını ittiham etməyə girişən Aişənin dedikləri.
“Pastis içərək bir yandan lül-qənbər sərxoş olurlar, amma bir yandan dan yeganə həqiqi inancın mühafiçələri kimi burcuda-burcuda ətrafda gəzişirlər. Onlar kimi axmaq qəhbə balaları ilə evlənməkdənsə çölə çıxıb işləməyi seçdiyim üçün mənə fahişə kimi baxırlar.”
Bundan sonra, ikinci yerdə, Mişelin Krallar Vadisində qarşılaşdığı son dərəcə mədəni və ağıllı bir gen mühəndisi olan misirli var; onun üçün müsəlmanlar “Səhranın Məğlubları”; İslam isə “dəvələrini qayırmaqdan” başqa heç nə etməyən “pis bədəvilər” arasında yaranmış bir dindir. Sonra Bankonqda rast gəldiyi İordaniyalı bankir gəlir; o da ümumi ittihamlar arasında İslam şəhidlərinə vəd edilən cinsi cənnətin hər hansı bir otelin masaj salonunda çox daha ucuz qiymətə əldə edilə bilən şey olduğuna eyham vurur. Üç fərqli qitədən təsadüfi seçilmiş bu üç qarşılaşmanın İslamdan gileylənən, onu aşağılayan üç ərəbin dilindən verilməsi və işləri bitəndən sonra onların tez-bazar təhkiyədən yox olması fövqəladədir. Bu, tarazlıq yaratmaq üçün baş barmağını tərəzinin tən ortasına qoyan bir yazıçıdan daha çox, tərəzi daşlarından birinin üstünə çıxan və orda step rəqsi oynayan bir yazıçının yanaşmasıdır. (Mötərizə: Uelbek “Lire” jurnalına anasının müsəlman olduğunu demiş, “İslamın dözülməz olduğunu” söyləmişdi.)
Bu kitabı oxumağa başlamışdan qabaq bir fransız dostum mənə gözlənilməz bir xəbərdarlıq etdi: “Dinardakı dəniz suyu ilə müalicə mərkəzindəki hamamda təhkiyəçinin sevgilisi və başqa bir qadınla cinsi münasibəti girdiyi qrup seks səhnəsi var. Eee, mən də o yerdə olmuşam” deyə sözünə davam etdi dostum, səs tonu get-gedə sərtləşdi, “bu heç cür mümkün deyil.” Dostum yekəxana deyil, buna görə də mövqeyi məni təəccübləndirdi. Amma indi onu tamamilə başa düşə bilirəm. Bədii həyasızlıq çox yüksək riskli şeydir: “Elementar hissəciklər”də olduğu kimi, sizi qulağınızdan, beyninizdən tutaraq çəkib aparmalı, ritorikanın gücü və ümidsizliyin əsaslandırılması ilə inandırmalıdır. Əsər “dayan, bu düz deyil; ya da insanlar qətiyyən o qədər pis deyillər, hətta, əslində bu məqamı bir dəfə də yaxşıca düşünmək istərdim” tipində reaksiyalara qəti imkan verməməlidir. “Platforma” gücünü təhkiyənin özündən, çox fərqli fikirlərdən, təkrarlanan ifadələrdən və epotaj anlarından aldığı üçün, belə suallar oxucuda tez-tez yaranır. Seks belə bir şeydirmi? Sevgi belə bir şeydirmi? Müsəlmanlar belədir? Bəşəriyyət belədir? Mişelmi depressiyadadır, yoxsa depressiyada olan dünyadır? Merso ilə müharibədən sonrakı ədəbiyyatın ən uyuşmaz personajlarından birini yaradaraq romançılıq həyatına başlayan Kamyü, axırda, sıradan həyatları son dərəcə zəngin müşahidə gücü və həmdərdliliklə təsvir etdiyi “İlk adam”ı yazdı. Uelbekin isə ümidsizlik günahından xilas olma ehtimalı deyəsən daha azdır.
Tərcümə: Qismət
Sim-sim.az