post-title

Fərd olmaq haqqında

Azərbaycanlı alim əlində mikrofon tutmuş jurnalistin sualına cavab verir. Adama baxanda fikirləşirsən ki, axı bu necə alimdir, danışığında xüsusi heç nə yoxdur. Alimin ağzı tərpənəndə, elə bil bütöv bir qəbilə də onunla birgə danışır.

 
 
Azərbaycanlı ictimai-siyasi xadim, şair, müğənni, ya da aktrisa televiziya proqramında çıxış edir. Yenə düşünürsən ki, bunları kim çıxarıb bura? Müğənni, şair, aktrisa və ictimai xadimin üzündə elə ifadə var, elə bil, bu sözləri ilk dəfə onlar deyir, amma xəbərləri yoxdur ki, ağızlarından çıxanların hamısı sabun köpükləridi.
 
Azərbaycanlı gənc sosial şəbəkələrdə, ya da hansısa yazının altında öz fikrini bildirir. Yenə gəncin yazdığı şərhdən mentallıq, üfunətli təkrarçılıq iyi gəlir. O da özünü ifadə edərkən tək deyil, sözlərinin arxasından yekə bir tayfa boylanır.  
 
Azərbaycanda beləcə, əksəriyyət bir-birini təkrar edir. Fərq yalnızca sözlərin düzülüşündə, intonasiyadadır. 
 
10 milyona yaxın əhalisi olan ölkədə alim də, ictimai-siyasi xadim də, aktrisa da, müğənni də, gənc də, məktəbli də təkrarçılıqla, kütlənin xoşuna gəlməyə çalışmaqla məşğuldu. 
 
10 milyona yaxın əhalisi olan ölkənin ən böyük problemlərindən biri, bəlkə də birincisi fərdiyyət problemidir. Bizdə fərdlər o qədər azdır ki, barmaqla saymaq olar. 
 
Azərbaycan dilinin izahlı lüğətində fərdiyyət sözünün iki cür açıqlaması verilib: 
 
1. Bir şəxs və ya hadisəni başqalarından ayıran səciyyəvi və tipik xüsusiyyətlərin məcmusu. // Təklik.
 
2. Fərdi, özünə xas əlamət və xüsusiyyətləri olan şəxs; şəxsiyyət, fərd.
 
Terminologiyadan çıxıb lori dillə desək, fərd olmaq özünəməxsus olmaq deməkdir, fərd olmaq şəxsiyyət olmaq deməkdir. Bir fərdin dünya barədə, inanc barədə, yaşam barədə, sevgi, sevişmək və s. barədə öz şəxsi fikirləri olur. Fərd zorakı məcburiyyət olmasa, heç vaxt kiminsə xoşuna gəlmək, kiməsə yarınmaq üçün çalışmaz. Fərdin təklənmək, səhv başa düşülmək kimi qorxusu yoxdur. Fərd özünə əmindir, güclüdür. 
 
Cəmiyyəti dəyişənlər, irəli aparanlar da kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, həmişə fərdlər olublar. Kimisi kiçik bir çevrəyə təsir edib, kimisi isə daha böyük inqilablar edib. Fikrini inkar etməkdənsə, dərisinin soyulmasına razılıq verən İmadəddin Nəsimi fərd idi; Yerin dünyanın mərkəzi olduğunu inkar etdiyinə görə, tonqalda yandırılmağa belə göz yuman Cordano Bruno fərd idi. Qaliley, Volter, Russo, Axundov, Zərdabi, Sabir, Məmmədquluzadə, Haqverdiyev, çadranı üzərindən çıxardığına görə heykəli qoyulmaq şərəfinə nail olan ilk azad qadınların hamısı fərdlər, şəxsiyyətlər idilər. 
 
Bəşəriyyəti, cəmiyyətləri irəli aparanlar həmişə fərdlərdir. 
 
Kütlə heç vaxt heç bir dəyişiklik etmir, kütlə idarə, manipulyasiya oluna, istifadə edilə bilər, amma heç vaxt şüurlu şəkildə müsbətə doğru dəyişiklik edə bilməz. Kütlə üzvü öz yeknəsək ömrünü yaşayır, törəyir və həyatını başa vurur, onun həyatdakı missiyası yalnız bundan ibarətdir. 
 
Dəyişiklikləri gətirənlər isə həmişə fərdlər olur. 
 
Kütlə zamanında həmişə fərdləri lənətləyir, gözümçıxdıya salır, təqib edir. Sonra isə onlara heykəl qoyur, təzim edir. Çünki kütlə həmişə gücü sevir, özünə əminliyi sevir, xarakteri olan insana hörmət edir, onu qəhrəman sayır, hətta onun mənfi xüsusiyyətlərini qeyri-adilik kimi xarakterizə edir... 
 
Fərdlər həm də kütlələrin həyatını mənalandırır və rahatlıq gətirirlər. 
 
Müasir dünyanın ən inkişaf etmiş ölkələrinin güclü olmasının sadə bir səbəbi var: orada fərdlərin, şəxsiyyətlərin sayı çoxdur. Fərd düşünür, ideya verir, yaradır, istehsal edir, yenilik edir, təqdim edir, töhvə verir, lazım gələndə etiraz edir, razılaşmır. Beləcə inkişaf yaranır. Ona görə də onların alimi başqa cürdü, bizimkisi başqa cür; onların siyasətçisi başqa cürdü, bizimkisi başqa cür; onların müğənnisi, aktrisası, idmançısı başqa cürdü, bizimkisi başqa cür.
 
Azərbaycanda tək-tük fərdlərə hər yanda basqı var. Ölkədə yerlibazlıq, bölgəbazlıq, tayfabazlıq, nəsilbazlıq geniş yayılıb. Ona görə də fərd təkcə ailədə sıxışdırılmır, həm də tez-tez qəbiləylə üz-üzə qalır. O, həlledici anda ya təslim olmalı, ya da fərdiyyətini qorumağa çalışmalıdır. 
 
Əksəriyyət təslim olur, çünki davam etmək hədsiz çətin görünür, adını dəliyə belə çıxara bilərlər. Təslimiyyətin səbəblərindən biri də ənənənin və nümunələrin az olması, mühitsizlik, ən əsası isə kitabsızlıqdır. 
 
Tez-tez kitab oxumaq nəyə lazımdır tipli sual verənlər olur. 
 
Küyə düşüb “kitab oxuyun” deyən adamın öz fikrini əsaslandıra bilməməsi nə qədər gülüncdürsə, kitab oxumağı lazımsız hesab edən insan da o qədər gülüncdür. 
 
Kitab, kino, incəsənət qədər fərdin formalaşmasına töhvə verən ikinci bir şey yoxdur. Onlar fərdin yoluna işıq salırlar. Onlar fərdə öz sərhədlərini müəyyənləşdirməyə və öz azadlığının hüdudlarını genişləndirməyə imkan verirlər. 
 
Kitablarda, kinolarda, incəsənətdə saysız-hesabsız qəhrəmanla, əhvalatla, rənglərlə, çalarlarla, hisslərlə həmahəng olursan, özünü zənginləşdirirsən, məfhuma məna verirsən, nəticə çıxarırsan. 
 
Söhbət kitab oxuyub yazıçı olmaqdan, kinoya baxıb aktyor olmaqdan və incəsənətlə maraqlanıb rəssam olmaqdan getmir, söhbət fərdlərin yetişməsindən, çoxalmasından, beləcə mühitin, ənənənin formalaşmasından gedir. Yazıçı, rejissor və rəssam olmaq isə sadəcə seçim və həvəs məsələsidir. 
 
Təkcə instinktlərinə arxalanan fərdlər həmişə yollarını azır, sonda kütlənin tələsinə düşürlər. Azərbaycanda kitabsızlıq, dünyagörüşsüzlük şairə xəngəl qonaqlığına görə mədhiyyələr yazdırır; üsyankar repçini sonda kərbəlayiyə çevirir, müğənnini təlxək edir, aktyorları bir-birlərini söydürür, döydürür... 
 
Bu qısa həyatda insanın başına gələcək ən gözəl şey onun özünü tanıması, özünə sahib olması və özünəməxsus şəkildə özünü ifadə etməsidir.
 
Nitsşenin fərdiyyət haqqındakı aforizmi ən dəqiq və gözəllərindən biridir, alman filosofu vaxtilə belə demişdi:
 
“Fərd qəbilə təfəkkürünün bir parçası olmamaq üçün daim mübarizə aparmalıdır. Əgər sən bunu etsən, özünü tez-tez yalqız hiss edəcəksən, hətta bəzən qorxulara qapılacaqsan. Ancaq bu dünyada heç bir şey sənin özünə sahib olmağın qədər dəyərli ola bilməz...”
 
Cavid Ramazanlı
 
Qaynar.info 
Yuxarı