post-title

Rəşad Şirin: Böhran sağlamlaşma imkanıdır

\"Azərbaycan üçün 8-ci əsrdən başlayan İslam, 19-cu əsrin əvvəlindən başlayan Rus və 20-ci əsrdən başlayan bir Qərb dövrü var. Bu dövrlərin heç biri bitməyib, paralel olaraq davam edir. Bunlar bəzən bir-birini dəstəkləyir, bəzən zidd olur bir-birinə...\"

 
 
Siyasi təhlilçi Rəşad Şirinlə söhbət
 
- Rəşad bəy, Azərbaycan gündəmindəki son hadisələri (prezidentin çıxışları, "MTN işi" və s.) vətəndaş necə başa düşməlidir?
 
- Son hadisələr daha çox iqtisadiyyatla bağlıdır.
 
Ölkə son 10 ildə çoxlu neft gəlirlərinə sahib oldu. Neftin həm hasilatının, həm də qiymətinin kəskin şəkildə azalması ciddi problemlər yaratdı. Dövlət üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdiyini anlayır. Bunun üçün nə isə dəyişməlidir. 
 
Ölkə rəhbərliyi daha az gəlir itkisi olan mexanizmləri qurmaq üçün işə başlayır. Məncə, dövlət elə bir mərhələyə girir ki, gəlirlər mərkəzləşəcək, oliqarxik sistem sarsıdılacaq və s. Bu, çox maraqlı və uzun zamandır gözlənilən transformasiyadır.
 
Son günlər gömrük, vergi, yoxlamalar sahəsində olan bəyanatlar onu göstərir ki, dövlətin vətəndaşa, sahibkara, vergi ödəyicisinə ehtiyacı yaranır.
 
Xüsusilə, “sahibkar” sözü həm prezidentin, həm də məmurların dilindən düşmür. Dünən bir məmur hətta "sahibkarlarımız səbrli olsunlar" dedi. 
 
Əslində bu, sağlam bir prosesdir. Ümumiyyətlə, böhran çox zaman sağlamlaşma imkanı deməkdir. Əgər təbii ki, prosesi düzgün aparsalar.
 
Mənə elə gəlir ki, siyasi iqtisadın maraqlı qaydaları, cəhətləri var. Misal üçün, resursların və pulun coxluğu yaxşı sistem olmadan da effektivliyi təmin edir.
 
Yəni şəffaf mexanizmlər olmadan da, bacarıqlı işçilər olmadan da, qayda-qanun olmadan da, çoxlu pul varsa, effektiv iş qurula bilir. Sadəcə olaraq, bu sistem gəlirlər gəldiyi müddətə effektivdir.
 
Uzun zamandır, bir cox müstəqil analitiklərin və ekspertlərin təklif etdiyi dəyişikliklərə start verildi. Məsləhətçilər hər halda dövlət başçısına sistemin transformasiya olunmasını bir daha xatırladırlar.
 
Təbii ki, bu xatırlatma əvvəlkindən daha səmərəlidir, çünki indi şərait imkan verir ki, fərqli addımlar atılsın.
 
Yenə də əsas çətinlik ondan ibarət olacaqdır ki, mövcud monopolist sistemin oyuncularının maraqlarından hansı dərəcədə vaz keçə biləcəklər və ya vaz keçməyə məcbur ediləcəklər.
 
 
- Gündəmə görə yox, ümumiyyətlə, fəlsəfi gözlə baxsaq, sizin gözünüzlə baxsaq, Azərbaycanda nə baş verir, hara gedirik?
 
- Cəmiyyət, dövlət, siyasət, tarix haqqında düşünməyin, fikir söyləməyin bir qeyri-adi çətinliyi var.  Buna çox zaman fikir verilmir, amma bu çox vacib məqamdır, məncə.
 
Biz sadəcə indiki zamanın və məkanın içində yaşamırıq. Yaşadığımız vaxt həm də daha böyük zaman və məkan qavramlarının bir parçasıdır.
 
Çətinlik isə ondadır ki, bizim 1 ay, 6 ay, 2 il müddətlərində düşündüyümüz hadisələr daha uzun tarixi dövrlərə (tsikl) aiddir.
 
Misal üçün, Sovet İttifaqı 70 illik bir zaman və məkan nəsnəsi idi. 60-cı ildə heç kim 90-ci illəri görə bilmirdi və 65-ci il haqqında danişırdılar. Heç kimin ağlına belə, gəlməzdi ki, 1991-ci ildə SSRİ dağılacaq.
 
Siyasət fəlsəfəsinin dəyəri və üstünlüyü bu kateqoriyalarda düşünə bilməkdir. Uzun zaman kəsimləri var. 50, 70, 100, 200 illik.
 
Misal üçün, Azərbaycan üçün 8-ci əsrdən başlayan İslam, 19-cu əsrin əvvəlindən başlayan Rus və 20-ci əsrdən başlayan bir Qərb dövrü var. Bu dövrlərin heç biri bitməyib, paralel olaraq davam edir. Bunlar bəzən bir-birini dəstəkləyir, bəzən zidd olur bir-birinə. Bu gün də bunu sezmək olur və bu prosesləri anlamağı bacarmaq lazımdır. 
 
"Hara gedirik" sualı çox maraqlıdır və populyardır. Strukturalist yanaşma adlı bir şey var; cəmiyyət bir orqanizm kimi düşünülür, müxtəlif hissələri müxtəlif funksiyalar yerinə yetirir.
 
Bəzən funksiyalar pozulur, cəmiyyət və elita bir-birinden uzaqlaşır, hərə özü üçün yaşayır. Amma tarixdə həm də olur ki, zaman-zaman vəziyyət dəyişir və funksionallıq bərpa olunur.
 
Şərtlərdən, ətrafdan, daxili strukturdan (həm də ekonomik) çox şey asılıdır. Cəmiyyət, dövlət, hökumət, ordu və s. - hamı özünü bir orqanizm kimi hiss edən vaxtlar qayıdır həmişə geri. 
 
Azərbaycanda bugün bir çox post-Sovet dövlətlərindəki kimi dövlət və millət qurulur, mərkəzləşir, konsolidasiya olunur.
 
Digər məsələlər hal-hazırda ikinci dərəcəlidir. Bu proses ağrılı, keşməkeşlidir, bəzən insanı heçə sayır və insan faciəsinə səbəb olur. Bu, sanki kollektivizm və fərdiyyətçiliyin münaqişəsidir, amma o qədər də elə deyil.
 
Azərbaycan insanı heç vaxt bu qədər azad olmayıb. İnsanlar istədikləri yerdə yaşayır, istədikləri insanla evlənir, istədikləri ölkəyə səyahət edir. Siyasi və ənənəvi məhdudiyyətləri nəzərə almasaq, digər yandan insanların həyatına birbaşa çox müdaxilə yoxdur.
 
 
- Azərbaycanda dövlətin mədəni siyasəti necə olmalıdır, necə olsa daha yaxşı olar?
 
- Sual əslində maraqlı qoyulub. Siz məhz dövlətdən danışırsınız mədəniyyətin təbliğində.
 
Sizə bir şey deyim: mənim Azərbaycanda ən çox dinlədiyim radio AzTV-nin radiosudur. Çox maraqlı mədəni verilişlər olur, tarix, ədəbiyyat, incəsənətlə bağlı. Bütün digər radio kanallarını əsasən bayağı və zövqsüz görürəm.
 
Dövlət siyasəti bu baxımdan çox önəmlidir. Məncə, Azərbaycan dövləti həm klassik, həm də modern mədəniyyətə yer verməklə çox işlər görə bilər.
 
Sovet dövründə qurulmuş mədəniyyəti həm öz insanımıza, həm də dünyaya tanıtmaq vacibdir, məncə. İdeoloji məsələləri kənara qoysaq, Sovet sənəti və mədəniyyəti çox güclü resurslara sahib idi. 
 
Müasir Avropa mədəniyyəti, fəlsəfəsi, tarixi, elmi ilə birləşmək bizim gələcəyimiz üçün çox güclü vasitədir.
 
Geosiyasi mənada harada olmağımızdan asılı olmayaraq, mədəni baxımdan, Avropanın yanında olmaq vacibdir.
 
Zatən SSRİ də bunu edib, Qərblə siyasi mənada fərqli qütblərdə olsa da, mədəniyyət baxımından, bir Avropa dövləti olub (təhsil, sekulyarizm, sənaye və s.)
 
 
- Biliyin və ürəyin paralel inkişaf etdiyi azsaylı bilgə insanlardansınız. Niyə kitab yazmırsınız?
 
- Yaxşı sualdı. Hesab edirəm ki, zəif tərəflərimdən biri odur ki, bədii ədəbiyyata marağım yoxdur.
 
Oxuduğum bədii kitablar barmaqla sayılacaq qədərdir. Ona görə bədii bir əsər yazacağımı heç düşünə bilmirəm, təxəyyülüm çatmır sanki.
 
Amma eyni zamanda hisslərimi çox güclü şəkildə ifadə etməyi sevirəm, bəzən ağil yolu ilə, düşünərək, sorğulayaraq. Çox zaman bədii şəkildə. Musiqi və görüntüyə çox həssasam. Dərvişlik güclüdür içimdə, səyyaham, müxtəlifliyi sevirəm, fərqliliklər məni həyəcanlandırır.
 
Yeni bir şeyi öyrənmək, anlamaq və ya anlamağa çalışmaq mənə həyat enerjisi verir. İnsanları sevirəm, onları danışdırmağı, yaxşı tərəflərini üzə çıxarmağı, bölüşməyi çox sevirəm. 
 
Və çox insan mənə deyir ki, niyə kitab yazmırsan?
 
Bilmirəm niyə. Mənə elə gəlir ki, indi, bu an paylaşmalıyam hər şeyi. Sosial şəbəkələr bu baxımdan bizi korladı sanki, qısamüddətli düşünməyə başladıq. Bu an ağlımıza gələni yazıb paylaşırıq və dərhal reaksiya alırıq, sevinirik, kədərlənirik və s.
 
 
- Çox səyahət eləyən bir insan kimi səyhaət etməyən gənclərə nə məsləhət görürsüz? Şeytanın qıçını necə sındırmaq olar?
 
- Səyahət həqiqətən də çox vacibdir, ən azından mənim üçün. Amma elə insanlar var ki, onlar evdə oturaraq dünyanı kəşf edirlər.
 
Moskvada çox gözəl bir insanla, MDU professoru ilə tanış olmuşdum, deyirdi ki, “ya domosed”, yəni evdə oturmağı sevirəm, amma çox bilgili və dünyagörmüş insan idi.
 
Dünyanı və özünü tanımağın yoludu səyahət etmək. Çox klişe səslənir, bilirəm. Amma onu da deyim ki, səyahət etdikdən sonra heç vaxt eyni insan deyilsiniz. Hər dəfə qayıdırsınız, geri dönürsünüz. Yenə getmək üçün.
 
Yəni səyahətdə hüzur tapa bilərsiniz, amma ümumən həyatda narahat ola bilərsiniz, yenidən səyahət edənə qədər. Bu, bir növ narkotikə çevrilə bilər.
 
Məsləhətim odur ki, dünyanı öyrənməyə çıxın, sadəcə gəzməyə yox. O zaman səyahətinizin dəyəri artacaq, yeni şeylər öyrənib həyatınızda istifadə edə biləcəksiniz, kamil və zəngin olacaqsınız, ruhən və fikrən.
 
 
- Son oxuduğunuz kitabların adlarını, təəssüratınızı bizimlə bölüşün lütfən.
 
- John Keane’in "Demokratiyanın Həyatı və Ölümü "(The life and death of democracy) və Boris Pasternak’ın “Doktor Zhivago”sunu oxuyuram hal-hazırda.
 
Çox vacibdir ki, tənqidi ədəbiyyat oxuyasınız.
Keane mənim gözümü demokratiyanın hərtərəfli dəyərləndirməsinə açır.
 
Çox vacibdir ki, tənqidi ədəbiyyat oxuyasınız. Misal üçün, bu yaxınlarda Keane’in bir fikrini paylaşdım:
 
"Demokratiyanı, demək olar ki, heç yerdə demokratik yolla qurmaq mümkün olmayıb. Çox nadir hallarda demokratiya aydın niyyətlər və təmiz əllərə sahib olan insanların demokratik vasitələrdən istifadə etməsinin nəticəsidir.
 
Təsadüflər, bəxtin gətirməsi və gözlənilməz nəticələr həmişə öz rolunu oynayır. Demokratiyanın qurulması hər zaman yalan, saxtakarlıq və zorakılıqla müşayiət olunur.”
 
Sarsıdıcıdır. Amma bunları bilmək lazımdır. Zamanla öyrənəcəyik hər şeyi.
 
Pasternakın dili və təsvirləri çox xoşuma gəlir. Rusiyanı, insanları, fikirləri, hadisələri çox incə və dərin təsvir edir...
 
Azadliq.org
Yuxarı