post-title

Azərbaycanda dini inqilab mümkündürmü?

Dini zəmində etiraz aksiyalarının keçirilməsi, dindarların küçələrə çıxaraq haqq tələb etmələri, güc strukturları ilə qarşıdurmaya getmələri maraqla izlənildiyi kimi, narahatlıqla da müşayiət olunur.

 
 
Təbii ki, söhbət İslam dini və onun tərəfdarlarından gedir. Onların ən dinc aksiyaları belə, bu ölkədə sanki, “şəriət dövləti qumaq istəmələri” ilə bağlı fikir mübadilələrinə səbəb olur.
 
Azərbaycan İslam ölkəsi olmasa da, burada müsəlmanlıq geniş yayılıb. Belə ki, digər sosial və ictimai qruplar kimi, dini kəsimin də hansısa bir prosesə cəlb olunması və yaxud orada iştirak etməsi bəzi hallarda, hakimiyyəti də, müxalifəti də, hətta liberalları da “eyni çətirin altında toplayır.”
 
Çoxluq dini qaydalarla idarə olunan dövlət istəmir. Hətta, Aşura və Məhərrəmlik mərasimlərində dindarların kütləvi yürüş keçirmələri, şüarlar səsləndirmələri, Qurban və Ramazan bayramlarında məscidlərə kütləvi axını yuxarıda sadalanan qüvvələrin hər birini sanki narahat edir.
 
Hakimiyyətin narahatlığı aydın məsələdir. Müxalifət və özlərini bütün siyasi qüvvələrdən ayrı və bəzən də üstün tutan liberallar isə “nə üçün ölkədə insan azadlıqları ilə bağlı etirazlar təşkil olunanda dindarlar dəstək olmur” kimi fikirlər səsləndirirlər. Anoloji hallarda da, dindarlar öz azadlıqlarını tələb edəndə, meydanlarda özlərindən başqa kimsə olmur.
 
Konkret, Azərbaycanda nə zamansa İran kimi şəriət qanunlarına söykənən bir dövlətin qurulacağı təlaşı var.
 
Təkcə, dindarların özlərinə aid olan bir məsələdə hakimiyyətlə sonadək mübarizə aparması, onların həbs olunması, əfv ərizəsi yazmamaları, ən nəhayət kütləvi yürüş və aksiyalar keçirməsi belə bir təəssürat yaradır ki, sabah dini liderlərdən biri çağırış etsə və bütün islamçılar küçələrə çıxsa ölkə çevrilib olacaq İran.
İranın İslam Respublikasına çevrilməsinədək mövcud olmuş vəziyyəti bugünki Azərbaycanı az da olsa xatırlada bilər.
 
Belə ki, İranda 1978-1979-cu illərdə keçirilmiş etiraz aksiyalarının əsas məqsədi ölkədə insan hüquqlarının kobud şəkildə pozulması, iqtisadi ədalətsizlik idi – əhalinin bir qrupu sürətlə varlandığı halda, digəri isə elə həmin sürətlə də kasıblaşırdı.
 
İnsanların kütləvi şəkildə qətli qığılcımı qısa zaman ərzində alova çevirdi. Sonuncu məsələ Azərbaycanda olmasa da, Azərbaycandan fərqli olaraq, İrandakı inqilabın və inqilabadək mərhələnin analizi bunu göstərir ki, orada dəyişiklik üçün sosial baza vardı.
 
İnqilabi proseslərə yalnız islamşçılar deyil, bütün narazı qruplar - liberallar, sosal-demokratlar, hətta kommunistlər də - cəlb olunmuşdu. Lakin son anadək ən yaxşı təşkilatlanma və qətiyyət islamçılara məxsus idi.
 
Ölkədə baş vermiş etiraz müəyyən qrupu, dairəni və yaxud ərazini əhatə etmirdi. İnqilabi durumu labüd edən insan faktoru idi, yəni toplum. Azərbaycana baxsaq, burada eyni prosesi görmərik.
 
Azərbaycanda aparıcı müxalifət partiyalarının bir araya gəlib və dağılması artıq ənənə halını alıb. Noyabrın 1-də keçirilmiş Parlament seçkisində isə müxalifətin hansısa birliyinin ümumiyyətlə şahidi olmadıq.
 
Son dövrlərdə gənclərin dinə maraq göstərməsi, məscidlərə axın etmələri narahatlıq yaradan məqamlardandır.
 
Ölkədə təhsilin səviyyəsinin aşağı olması, eləcə də ali məktəblərə hər il keçirilən qəbul imtahanlarında keçid ballarının aşağı düşməsi bəzi gənclərin dinə maraq göstərməsinə əsas yaradan amillərdən biri kimi sadalanır.
 
Azərbaycanda din bir ideologiya kimi təsir mexanizmlərinə malik deyil. Azərbaycanda dini durum da ciddi nəzarət altındadır.
 
İrandakı Şah rejiminin yeganə “qüsuru” bu idi ki, o, sekulyarlaşdırma siyasətini həyata keçirərkən İran cəmiyyətinin de-islamlaşmasını qarşısına məqsəd qoysa da, məscidlərə toxunmur, hətta qəddarlığı ilə seçilən SAVAK dövlət təhlükəsizliyi xidmət orqanı da məscidləri izləmirdi.
 
Təbii ki, bundan istifadə edən islamçılar orada gizli görüşlər keçirir, qadağan olunmuş və ölkədə qaçaq yolla gətirilmiş video və audio lentləri izləyir, dərnəklər qururlar...
 
İran inqilabdan öncə ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi idi. On minlərlə amerikalı İranın bütün sahələrinə nüfuz etmişdi. ABŞ neft şirkətləri İran neftinin emalını öz əlində cəmləmişdi.
 
Buna baxmayaraq, o vaxtkı Ağ Ev rəhbərliyinin İran siyasəti özünün iqtisadi maraqları üzərində qurulduğundan əhali arasında ABŞ-a nifrət yüksək səviyyədə idi. İslamçılar da bu kartdan yaxşı istifadə edirdilər.
 
Baxmayaraq ki, İslam faktoru Azərbaycanın bəzi regionlarında “partlayış effekti” səviyyəsindədir, din xadimləri və fəalları ölkə üzrə o qədər də böyük nüfuz sahibi deyillər.
 
Eyni zamanda, onların hamısı da İranmeylli deyil. Aralarında Səudiyyə Ərəbistanında təhsil alanlar və Türkiyəyə rəğbəti ilə seçilənlər də var.
 
Hazırda iki dini təriqət - süni və şiələr arasındakı fikir ayrılığının olması da hakimiyyətin istifadə etdiyi ən böyük “kart”dır.
 
Sünnilər şiələri, şiələr də sünniləri dəstəkləmir, biri digərinin etirazına qatılmır, hətta hakimiyyətin yanında qərar tutduqları məqamlar da az deyil. Göründüyü kimi, bu məsələdə də vahid uzlaşma yoxdur.
 
Əsas məsələ bundan ibarətdir ki, Azərbaycan iqtidarı da dünyəvi idarəçiliyin tərəfdarıdır. Ölkədə din dərsləri keçirilmir, dini ədəbiyyatın gətirilməsi, yayılması ciddi nəzarət altındadır, məscidlər və digər dini obyektlər qeydiyyatdan keçməlidir, dini liderlər icra oqranlarından xüsusi icazə almaqla fəaliyyət göstərə bilərlər.
Bunlardan əlavə, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.
 
Bundan sonra, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatlarını da ala biləcək.
 
Rəsmi olmayan məlumatlara görə, İranda 25-30 milyon nəfər azərbaycanlı yaşayır və rəsmi Tehran qonşuluğunda müsəlman, həm də şiələrin çoxluq təşkil etdiyi sekulyar Azərbaycanın mövcudluğundan narahatdır.
 
Buraya, ABŞ və İsraillə olan münasibətləri əlavə etsək, o zaman vəziyyətin İran üçün başqa prizmadan da xoşagəlməz olduğunu aydın sezmək olur və İran hökuməti hər zaman bunu açıq şəkildə bəyan edib.
 
Amma bu da məlumdur ki, İrandakı dini rejimin hakimiyyəti dünya üçün yaxşı örnək və quruluş deyil. SSRİ-də proseslər “dəmir pərdə” arxasında baş verirdisə, İranda vəziyyət “din pərdəsi” altında təzahür edir.
 
Bütün bunların fonunda da orta statistk azərbaycanlı yaşadığı dövlətdə belə bir rejimin qurulmasını arzulamır və burada hakimiyyətlə onun mövqeyi üst-üstə düşür.
 
Seymur Kazımov
BBC Azəri
Yuxarı