post-title

Aygün Muradxanlı: Nardaran dərsi

Ancaq bu kənddə bir ağsaqqallıq institutu da olub. Bu institut toplum içərisindəki problemləri çözüb, yeri gələndə vətəndaşla hökumət arasında vasitəçi olub. O namazqılan kişilərin canamazlarının üstündə möhür, böyründə təsbeh olub, tapança, qumbara yox. Son 20-25 ildə Nardaranda həm də bu institut dağıdılıb. Kənardan ixrac olunan “din” bu gələnəyin axırına çıxıb.

 

Həbs və təqiblərə səbəb olan hökumət-vətəndaş qarşıdurması, ya da illərlə sabitliyi pozmaq üçün yetişdirilən qüvvələrin açıq mübarizəyə başlaması çox arzuolunmazdır. Bunlar toplumu bölən, inkişafdan qoyan, sağlam dayaqları zədələyən məsələlərdir. Hələ ən azını deyirik. Ən pis halda nəticə sonu görünməyən vətəndaş savaşı ola bilər. Nardaranda ötən gün baş verən proses göstərdi ki, üz-üzə duran tərəflər bir-birinə qarşı çox aqressivdirlər.

“Nardaran” indinin problemi deyil. İllərdir bu kənd Azərbaycandan ayrı yaşayır. Az qala 20 ildir Nardaran əhalisinin bəlli bir qismi açıq-aşkar “bizim rəhbərimiz imam Xamneyi ağadır” deyir. İnternet üzərindən axtarış verib Aşura günü Nardaran pirində çəkilən videogörüntüləri izləsəniz, bu şüarı hər il yenilənən gəncliyin dilindən eşidəcəksiz.

Axı niyə dünyəvi dövlətdə yaşayan fərd insan haqlarının ən kobud şəkildə pozulduğu, haqqını tələb edənlərə qarşı ortaçağ cəza metodlarının işlədildiyi Tehran rejiminin tərəfdarı olsun? Niyə ölkəsinin, xalqının, məhəlləsinin, ailəsinin rifahını, gələcəyini təhlükəyə ataraq yaşadığı dövləti özünə düşmən elan eləsin? Bir insan bu qədər cahil olarmı? Ümumiyyətlə bunu edən cahillərdimi? Məncə, yox. Cahillər sadəcə alətdi.

Müstəqilliyin ilk illərində Azərbaycanın güneyində, Bakı kəndlərində, o sıradan Nardaranda çox sayda İran mollası, Tehran missioneri görmək olardı. Aylarla, bəziləri hətta illərlə kəndlərdə yaşayır, ətraflarına xeyli tərəfdar toplayır, gəncləri İrana “dini təhsil” almağa göndərirdilər. 1997-ci ildə mərhum prezident Heydər Əliyevin göstərişi ilə onlara qarşı geniş əməliyyat keçirildi. Noyabrın 26-dakı kimi yox... səssiz-küysüz, qansız. Səhəri oyandıq ki, qonum-qonşudakı mollalar “qeybə çəkilib”. Gecə ilə onları yaşadıqları evlərində tutub bir də İran sərhədində buraxmışdılar...

Qısa müddət sakitlik oldu. Çox qısa. Ardınca Tehran “dini təhsil” verib Azərbaycana göndərdiyi bu ölkənin pasportunu daşısa da, İranın maraqlarına xidmət edənlər arasında dayaqlar axtarmağa başladı. Məhz onların sadə insanların beynini zəhərləməsinin hesabına hər dəfə Nardaran ziyan çəkdi. Hökumət qüvvələri ilə dəfələrlə qarşıdurma yarandı, polisi silahla, dəyənəklə, daşla qarşıladılar, ölən, həbs edilən oldu.

Nardaranlıları dəfələrlə dinləmişəm. Deyirlər ki, biz dini baxışlarımıza görə təqib olunuruq, qadınlara hicab problemi yaradılır, ona görə qızlar dərsə gedə bilmir, işsizlikdi, bizi işə götürmürlər və s. Bu sözləri eşidəndə dəfələrlə qəzetçiliyi bir kənara qoyub onlara opponentlik eləmişəm. Nardaranlılar dini baxışlarına görə necə təqib olunur ki, hər il Aşurada ölkənin ən böyük mərasimi Nardaranda keçirilir və ölkənin hər yerindən bura insanlar gəlir, hər cümə insanlar namazlarını sərbəst qılır, insanlar şəriət qaydaları ilə yaşayır? Qadınlara hicab problemi ilə qismən razılaşmaq olar, çünki başörtülü qadınların heç şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur. Nardaranlı qızların başörtüsünə görə təhsildən kənarda qalmasını demək isə dünyanın ən böyük riyakarlığıdır. Bu kəndə bələd olanlar bilir, Nardaranda heç kim qızını oxutdurmur. 10 yaşına qədər bəlkə məktəbə göndərərlər, ondan sonra Quran dərsi, hicab və ev. Vəssalam. İşsizliyə gəlincə, bu təkcə Nardaranın problemi deyil ki?

Bir dəfə aksiyada işsizliklə bağlı bar-bar bağıran birindən soruşdum - kənd sakinlərindən kim, hansı iş üçün hara müraciət edib və cavab almayıb? Ümumiyyətlə bu kənddə işsiz müəllim, həkim, hüquqşünas, mühəndis, mühasib... var? Adam rüşvətdən, korrupsiyadan danışdı, amma kadrları olub-olmadığını demədi. O demir, biz deyək. Nardaran təhsil səviyyəsinə görə ən aşağı yerlərdən birini tutur. Məktəblərin yuxarı sinifləri boşdur. 5-10 təhsilli var, onlar da kənddən uzaqlaşıb. Dünyəvi dəyərlərlə yaşamaq istəyən insanlar kəndin basqısına dözə bilmirlər. Dini siyasətə alət eləmək istəyən rejimlər üçün bundan münbit şərait? Təhsillə, mədəniyyətlə işıqlanmayan insanı adını din qoyub qaranlığa sürükləməyə nə var?

Gələk məsələnin belə demək mümkünsə, rəsmi hissəsinə. Hökumətin, dövlətin birinci məsuliyyəti vətəndaşını qorumaqdır. Ordunun da, polisin də, kəşfiyyatın da əsas missiyası budur. Hökumətin missiyalarından biri də ölkə qanunlarına tabe olmayan, xarici ölkələrin maraqlarına xidmət edən, vətəndaşlarını qanuni qaydada cəzalandırmaqdır. Ortada ölkənin, dövlətin təhlükəsizliyi məsələsi varsa, qətiyyət vacibdir. Ancaq bu məsələni qanlı qarşıdurmaya qədər gətirmək də hökumətin məsuliyyətidir. Bu məsuliyyəti daşıyanlar hansı səbəbdən xarici dövlətlərlə işbirliyi şübhə doğuran şəxslərin ilkin mərhələlərdə zərərsizləşdirmədiklərinin hesabatını verməlidirlər.

Nardaran əhalisi tarixən dini adətlərlə yaşayıb. Namazlarına, çarşablarına, şəriət tələblərini yerinə yetirmələrinə heç ateist sovet rejimi də mane ola bilməyib. Ancaq bu kənddə bir ağsaqqallıq institutu da olub. Bu institut toplum içərisindəki problemləri çözüb, yeri gələndə vətəndaşla hökumət arasında vasitəçi olub. O namazqılan kişilərin canamazlarının üstündə möhür, böyründə təsbeh olub, tapança, qumbara yox. Son 20-25 ildə Nardaranda həm də bu institut dağıdılıb. Kənardan ixrac olunan “din” bu gələnəyin axırına çıxıb. Məsələnin pis tərəflərindən biri də budur. Bu institut dağıdıldığına görə Nardarandan “Hacı Taleh azad edilməsə, ölkəni qan götürəcək” mesajlarının yiyələrinə yerini göstərən, onları bədbəxt olmaqdan qurtaran kimsə yoxdur.

Allah Azərbaycan dövlətinin bütövlüyü uğrunda həyatını itirən bütün şəhidlərə rəhmət eləsin.

 

Musavat.com

 

Yuxarı