post-title

Amos Oz: Norveç kralı (hekayə)

Amos Oz (d. 4 may 1939) İsrailli romançı, jurnalist, yazar və sülhməramlı aktivistdir. Universitet illərindən bəri İsrail-Fələstin münaqişəsi üçün təqdim etdiyi sülh yolu ilə həll təklifləri və müsbət bildirişləriylə tanınır. İki dövlətli həll planının İsraildəki ilk müdafiəçilərindən olan Oz, İsraildəki barış təşkilatı Peace Now–ın qurucularındandır. 2005-ci ildən bu yana Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilməkdədir. Ayrıca 2008-ci ildə \"Keçmişin Yaradıcı Tərcüməsi\" səbəbiylə Dan David mükafatına layiq görülmüşdür. Sionist Sol fikirli olduğunu ifadə edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkətə qarşı tənqidləriylə də tanınır.

 
 
****
 
Qaldığım Yekhat kibusunda Zvi Provizor adlı biri vardı. Təxminən əlli yaşlarında, alçaqboylu, subay kişi idi. O, tez-tez göz qırpmağı və bəd xəbərlər verməyi sevirdi: Zəlzələlər, təyyarə qəzaları, sakinlərin üstünə uçan evlər, yanğınlar, sellər. Səhərin gözü açılmamış hamıdan qabaq qəzet oxumağa, radiodakı xəbərlər buraxılışına qulaq asmağa tələsirdi ki, yeməkxananın kandarında görünən kimi xilas ümidi olmayan iyirmi çin şaxtaçısı və ya Karib dənizində fırtınadan sonra tərs çevrilmiş bərə ilə birlikdə dənizin dibinə getmiş altı yüz sərnişin barədə məlumatla hər kəsi sarsıtsın. O, diqqətlə matəm elanlarını izləyir, məşhur adamların ölümü barədə bizdən əvvəl xəbər tutur və bütün kibusu xəbərdar edirdi. Bir səhər ambulatoriyanın yaxınlığında yolumu kəsib dedi:
– Vislavski adlı yazıçı var. Eşitmisən?
 
– Hə, nə olub ki?
 
– Ölüb. 
 
– Təəssüf.
 
– Yazıçılar da ölür…
 
Bir dəfə də məni yeməkxanaya keşik çəkəndə tutdu:
 
– Babanın vəfatı barədə elanı gördüm…
 
– Hə.
 
– Üç il əvvəl də baban ölmüşdü.
 
– Hə.
 
– Deməli, bu sonuncusu olmalıdır…
 
Zvi  Provizor tək işləyirdi. O, kibusun yaşıllaşdırılması ilə məşğul olur, ərazinin gözəlliyinə nəzarət edirdi. Adətən səhər saat beşdə oyanıb sulama cihazlarını işə salır, çiçək ləklərinin torpağını yumşaldır, şitillər əkir, kəsir, qazır, sulayır, səs-küylü otbiçən maşınla çəmənlikləri qaydaya salır, cücülərlə mübarizə üçün dərman səpir, kimyəvi gübrələr verirdi. Kəmərindən tranzistorlu radioqəbuledici əksik olmazdı. Bu cihaz Zvini gündəlik xəbərlərlə təmin edirdi. O, yalnız özünə lazım olan dəhşətli xəbərləri yadda saxlayırdı. Belə xəbərlərin isə ardı-arası kəsilmirdi:
– Anqolada dəhşətli qətliam olub. Eşitmisən?
 
Ya da:
 
– Dini işlər üzrə nazir ölüb. Bu barədə on dəqiqə əvvəl xəbər verdilər. Eşitmisən?
 
Kibusun üzvləri ondan uzaq gəzir, yeməkxanada onunla bir masa arxasında əyləşməkdən çəkinirdilər. Zvi yay axşamlarında, yeməkxananın qarşısındakı geniş çəmənliyin kənarındakı yaşıl skamyada oturub, oynayan uşaqlara tamaşa edirdi. Axşam mehi onun köynəyini yellədir, tərini soyudurdu. Hündür sərv ağaclarının üzərində parlaq qırmızı ay yüksəlirdisə, havanın bürkü və boğanaq olacağını bilirdik. Zvi Provizor qonşu skamyada oturan qadına müraciət etdi (onun adı Lona Blank idi):
 
– İspaniyada yetimxana yanıb və səksən yetim tüstüdən boğulub. Eşitmisiniz?
 
Məktəbdə müəllimə işləyən qırx yaşlı dul alnındakı təri silib dedi:
 
– Bu dəhşətdir, bu faciədir…
 
– Üçünü xilas etmək mümkün olub, ancaq onların da vəziyyəti ağırdır. 
 
Kibusda Zvinin abadlaşdırma və yaşıllaşdırma işləri sahəsində uğurlarını qiymətləndirib hörmət edirdilər. İşlədiyi iyirmi iki il ərzində əmək kitabçasında iş buraxdığı barədə bircə qeyd belə yox idi. Hətta xəstəliyə görə də icazə almamışdı. Onun zəhməti və qayğısı sayəsində kibusun ərazisi çiçəklənir, xoş ətir saçır və yaşıllığı ilə ürək oxşayırdı. O, bütün boş torpaq sahələrində mövsüm çiçəkləri əkmişdi. Bəzi yerlərdə daş hasarlar çəkib görünməmiş kaktus növləri yetişdirərdi. Əkdiyi tənəklərə yuva olan çardaqlar da tikmişdi. Yeməkxananın qarşısında isə dibində qızıl balıqlar və cürbəcür yosunlar olan fontan quraşdırmışdı. Şübhəsiz, Zvi əsl gözəlliyin, biz isə Zvinin dəyərini bilirdik. Buna baxmayaraq, onu öz aramızda “Ölüm mələyi” adlandırır, arxasınca danışırdıq. 
O, heç vaxt qadın cinsinin nümayəndələri ilə maraqlanmazdı. Səhv anlamayın. Elə kişilərə də yaxın getməzdi. Roni Şindlin Zvini elə yaxşı təqlid edirdi ki, biz hər dəfə gülməkdən uğunub gedirdik. Günortadan sonra kibusun sakinləri – hərə öz ailəsi ilə – evlərinin verandasında oturub kofe içəndə və ya çəmənlikdə uşaqları ilə oynayanda Zvi Provizor kluba yola düşürdü. O, burada özü kimi mətbuat və qızğın mübahisə həvəskarı olan subay, boşanmış, dul qocalarla birlikdə qəzet oxuyurdu. Balacaboy, keçəl, yarasa qulaqlı Reuvka Rot deyirdi ki, ordunun xüsusi bölməsinin terroristlərə qarşı keçirdiyi intiqam əməliyyatından sonra tökülən qanları dayandırmaq mümkün olmayacaq. Çünki intiqam, intiqam gətirir. Həmin dəqiqə hamı qışqıra-qışqıra onun üstünə düşürdü:
– Sən nə deyirsən? Sakit dayanmaq olmaz! Cavab verməsək, passivliyimiz ərəblərin həyasızlığına güc verər.
 
Bu yerdə Zvi Provizor adəti üzrə gözlərini qırpıb fikrini bildirirdi:
 
– Baş verənlər əvvəl-axır müharibəyə səbəb olacaq… Bizi dəhşətli müharibə gözləyir. 
 
Pəltək İmmanuil Qlozman əsəbləşirdi:
 
– Mı-mı-müharibə. La-lap y-yaxşı. Biz qa-a-lib gə-ə-ləcəyik və İy-iordaniyaya qədər o-onların bütün ə-ərazilərini tut-tutacayıq. 
 
Reuvka Rot fikirlərini dilə gətirdi:
 
– Ben-Qurion əla şahmatçıdır. Həmişə beş gediş əvvəli görür. Ancaq məsələ burasındadır ki, o, həmişə hər şeyi güclə əldə edir.
 
Zvi Provizor belə cavab verirdi:
 
– Əgər uduzsaq, ərəblər bizi yer üzündən siləcək. Qalib gəlsək, ruslar bombardman edəcək.
 
İmmanuil Qlozman dostlarına müraciət edirdi:
 
– Bə-ə-sdir, ki-kifayətdir, dostlar. S-sakit. Qo-qo-qoyun, sakitcə qə-ə-zetimizi oxuyaq. 
 
Ancaq Zvi münasib məqamı gözləyib hamıya xəbər verdi:
 
– Burada yazılıb ki, Norveç kralı xərçəng xəstəliyinə tutulub. Bizim regional şuranın başçısı da xərçəng idi. Eşitmisiniz?
 
Zarafatcıl Roni Şindlin Zvi ilə pinəçinin, ya da geyim anbarının yanında qarşılaşanda soruşurdu: 
– Hə, Ölüm mələyi, bu gün hansı təyyarə qəzaya uğrayıb?
 
Zvi Provizor hər axşam Lona Blank ilə fikir mübadiləsi aparmağa öyrəşmişdi. Zvi çəmənliyin kənarındakı sol skamyanın sağ küncündə, Lona isə sağ skamyanın sol güncündə oturardı. Zvi gözlərini qırpa-qırpa danışır, Lona əlindəki yaylığı ovcunda sıxırdı. Onun əynində qəşəng, yüngül yay paltarı olardı. O, Zvinin yaşıllaşdırma işlərini tərifləyir, deyirdi ki, Zvi sayəsində biz “çiçəklənən, yaşıl vadidə, barlı meyvə bağının kölgəsində, açılan çiçək ləklərinin arasında” yaşayırıq… Bu xanımın təntənəli, boğazdan yuxarı sözlərə meyli var idi. Lona üçüncü sinif uşaqlarına dərs deyir və karandaşla incə eskizlər çəkirdi. 
 
Onun işləri balaca mənzilərimizin divarlarını bəzəyirdi. Lonanın yumru, gülümsər sifəti, uzun kiprikləri, seyrək qırışlı boğazı, çox nazik ayaqları var idi. Döşləri isə demək olar ki, yox idi. Əri bir neçə il bundan əvvəl orduda xidmət zamanı Qəza sərhəddində ölmüşdü. Övladı olmamışdı. Hamımız ona xoş münasibət bəsləyirdik. Çünki başına gələn bədbəxtliyə ləyaqətlə dözür, özünü pedaqoji fəaliyyətə həsr edirdi. Zvi onunla qızılgüllərin növləri barədə danışırdı və Lona səslənən hər sözlə ürəkdən razılaşırmış kimi başını yelləyirdi. Sonra Zvi Sudanı bürüyən çəyirtkə basqınının təfərrüatlarını danışmağa başladı… Lona dedi:
 
– Siz qeyri-adi dərəcədə həssas insansınız.
 
Zvi gözlərini qırpıb dedi:
 
– Çəyirtkəsiz də orada yaşıllıq azdır. Sudanı deyirəm.
 
Lona dedi:
 
– Niyə dünyanın bütün fəlakətlərini ürəyinizə bu qədər yaxın qəbul edirsiniz.
 
Zvi cavab verdi:
 
– Məncə, həyatın qəddarlığına göz yummaq həm axmaqlıq, həm günahdır. Əlimizdən bir şey gəlmir. Heç olmasa, xəbərimiz olsun…
 
Bir axşam Lona, Zvini evinə, qəhvə içməyə dəvət etdi. Zvinin əynində hər axşam geyindiyi şeylər – xaki rəngli uzun şalvar və qısa qollu mavi köynək – var idi. O, saat səkkizdə ev sahibəsindən üzr istəyib son xəbərləri dinlədi. Divarda sadə çərçivəyə alınmış bir neçə eskiz asılmışdı. Bu eskizlərdə xəyalpərəst qızlar, qayalıq mənzərələri, zeytun ağacları əks olunmuşdu. Pəncərənin yanındakı iki nəfərlik yatağın örtüyü və yastıqlar şərq üslubunda naxışlarla bəzənmişdi. Ağ rəfdəki kitablar “boy sırasına” görə düzülmüşdü. Əvvəlcə Van Qoqun, Sezannın, Qoqenin işləri olan albomlar, sonra Umberto Kassutonun şərhləri ilə 15 cildlik Tanax və “Xalq kitabxanası”nda çap edilmiş bir sıra romanlar. Otağın mərkəzində dairəvi qəhvə stolu və sadə stullar qoyulmuşdu. Stolun üstünə krujevalı süfrə sərilmiş, qəhvə və pirojna üçün iki dəst düzülmüşdü. Zvi Provizor dedi: 
– Eviniz qəşəngdir, – və əlavə etdi, – Təmiz. Səliqəli. Lona Blank utanıb dedi:
 
– Sağ olun, bəyəndiyinizə sevindim. 
 
Ancaq onun səsində sevincdən çox, gərginlik və utancaqlıq hiss edilirdi. Sonra onlar qəhvə içib pirojna yedilər, dekorativ və bar gətirən ağaclardan, köçəri quşlardan danışdılar, hər şeyin azad olduğu müasir dövrdə şagirdlərin intizam problemlərini müzakirə etdilər. Zvi gözlərini qırpıb dedi:
– Qəzetlərdə yazılıb ki, bombardmandan on il keçsə də, Hiroşimada quş yoxdur.
Lona cavab verdi:
 
– Dünyanın bütün qəmini öz çiyninizə götürürsünüz. Sırağagün pəncərəmə uzanan budaqda şanapipik görmüşəm. 
 
Beləcə, hər axşam görüşməyə başladılar. Bəzən gözəl yaşıl guşələrdən birində, şaxəli ağacların sıx kölgəsindəki skamyada oturub söhbət edir, bəzən də Lonanın evində qəhvə içirdilər. Zvi saat dörddə işdən qayıdır, duş qəbul edir, saçlarını darayır, xaki rəngli ütülü şalvarını və mavi köynəyini geyinib Lonanın görüşünə gedirdi. Arada Lonaya mövsüm çiçəklərinin şitilini gətirir, həyətindəki balaca bağçada əkirdi. Hətta bir dəfə Yakov Fixmanın seçmə şeirlər toplusunu da gətirmişdi. Lona isə ona xaşxaşlı korjlar və iki sərv ağacı ilə bir skamya əks olunmuş şəkil hədiyyə etmişdi. Onlar səkkizdə və ya doqquzun yarısında ayrılırdılar və Zvi evinə qayıdırdı. Bu evdən kəskin subaylıq qoxusu gəlirdi. Zarafatcıl Roni Şindlin kibus yeməkxanasında demişdi ki, Ölüm mələyi mehrini Qara dula salıb. Nahardan sonra qəzet oxunan klubda Reuvka Rot, Zviyə yaxınlaşıb yarı ciddi, yarı zarafatyana soruşdu:
 
– Hə, nə oldu, həmdəmini tapdın?
 
Ancaq Zvi və Lona şaiyələrdən, kinayədən qorxmadılar. Əksinə münasibətləri günü-gündən möhkəmlənirdi. Zvi Lonaya bir sirrini açmışdı. O, boş vaxtlarında Yaroslav İvaşkeviçin romanını polyak dilindən ivritə çevirirdi. Zvinin dediyinə görə, yazıçı bu dünyadakı vəziyyəti həm maraqlı, həm də həssas hesab edirmiş. Lona başını yana əyib, dodaqlarını aralayıb ona qulaq asır, arada Zvinin qəhvəsini təzələyirdi. 
 
Lona Zvinin söhbətlərindən təsəlliyə ehtiyacı olduğunu hiss edirdi. Elə bil, tökdüyü qəhvə, az da olsa, yazıçı İvaşkeviçin də, Zvinin də ağrılarına və peşmanlığına məlhəm olacaqdı. Lona bir-birinə bənzəyən günlərinə rəng qatan dostuna dəyər verirdi. Bir gecə yuxuda birlikdə at çapdıqlarını görmüşdü. O, sinəsini Zvinin kürəyinə söykəyib qollarını belinə dolamışdı. Hündür dağların arasında, uçurumun kənarı ilə gedirdilər. Aşağıda çay ilan kimi qıvrılır, köpüklənirdi. Digər yuxuları tələsmədən, təfərrüatları ilə danışsa da, bu yuxusunu Zviyə danışmamaq qərarına gəldi.. 
Zvi isə gözlərini qırpa-qırpa uşaq olanda qurduğu tələbəlik xəyalları barədə danışırdı. Polşada, Yanov adlanan yerdə oxumaq istəyirdi. Ancaq həmin vaxt Gənc pioner hərəkatı onun diqqətini yayındırır və Zvi onlara qoşulub universitet təhsilindən imtina edir. Hərəkatın üzvləri müvafiq hazırlıqdan sonra İsrail torpağında məskunlaşmağa hazırlaşırdlar. Buna baxmayaraq, Zvi hər gün öyrənir, oxuyur, kitablarda yazılanları dərk etməyə çalışır. 
 
Lona ehtiyatla süfrəyə düşmüş iki qırıntını götürüb dedi:– Yəqin utancaq oğlan olmusunuz. İndi də bir qədər utanca
 
qsınız.
 
Zvi cavab verdi:
 
– Məni tanımırsınız.
 
Lona dedi:
 
– Danışın. Mən qulaq asaram.
 
Zvi xəbər verdi:
 
– Bu gecə radioda eşitdim ki, Çilidə vulkan püskürüb. Dörd kənd tamamilə lava axının altında qalıb. Sakinlərin çoxu qaçmağa macal tapmayıb.
 
Bir axşam Zvi Somalidəki vəhşi heyvanlardan – aslan, leopard, kaftar, çaqqal – danışanda, Lona onun əlindən tutub özünə çəkdi və ovcunu sinəsinə qoydu. Zvinin tükləri biz-biz oldu. Əlini xilas etməyə tələsdi. Gözlərini sürətlə qırpdı. Demək olar ki, ömrü boyu heç kimə toxunmamışdı. Toxunuşlardan az qala qanı donurdu. O, yumşaq torpağın, şitillərin zərif toxunuşunu sevirdi. Ancaq yad bədənlərin təması onu sıxır, alov dilləri kimi yandırırdı. Ona görə həmişə əl sıxışmaqdan, çiyinə vurulan yumruqlardan, yeməkxanada adam çox olanda təsadüfi toxunuşlardan qaçırdı. Bundan sonra Zvi çox gözləməyib evinə getdi və səhəri gün qonaq getmədi. Zvi bilirdi ki, bu münasibətin çatacağı nöqtədə bədbəxtliklər, pisliklər, fəlakətlər onları gözləyir.
 
Lona isə heç nə başa düşmədi. Bircə ehtimal var idi: yəqin onun xətrinə dəyib. Üzr istəmək qərarına gəldi, ancaq niyə üzr istəyəcəyini bilmirdi. Bəlkə yersiz sual verib? Ya da sözlərində gizlənmiş mənanı anlamayıb? İki gün sonra Zvi evdə olmayanda Lona qapının altından kağız tulladı. Kağızda iri hərflərlə bu sözlər yazılmışdı: “Əgər xətrinizə dəymişəmsə, üzr istəyirəm. Danışa bilərik?” Zvi də yazılı cavab verdi: “Lazım deyil. Bunun axırı yaxşı olmayacaq”. Buna baxmayaraq, Lona şam yeməyindən sonra yeməkxananın yaxınlığındakı iri ağacın altında gözləyib Zvinin qarşısına çıxdı:
 
– Nə günah işlətdiyimi izah edə bilərsiniz?
 
– Heç bir şey.
 
– Onda niyə məndən uzaqlaşırsınız?
 
– Başa düşün… bu, artıqdır.
 
Həmin gündən sonra görüşmədilər. Hətta eyni cığırla gedəndə, üz-üzə gələndə və ya təsadüfən ərzaq anbarının yanında qarşılaşanda sözsüz salamlaşır, bir saniyə tərəddüd edib yollarına davam edirdilər. Roni Şindlin nahar edəndə masa qonşularına demişdi ki, Ölüm mələyi bal ayını yarımçıq qoyub və yenə hamımız təhlükədəyik. Həqiqətən Zvi günortadan sonra klubda yığılan kişilərə Türkiyədə hərəkətin intensiv olduğu vaxtda aşan körpü barədə məlumat verdi. 
 
İki-üç ay sonra Lona klassik musiqi sevənlər dərnəyinin görüşlərinə getməməyə başladı. Hətta pedaqoji şuranın iclaslarında da iştirak etmirdi. Saçlarını misə çalan qırmızı rəngə boyayıb əlvan dodaq boyası istifadə etməyə başlamışdı. Vaxtaşırı yeməkxanadakı şam yeməyinə gəlmirdi. Payızda keçirilən Sukkot bayramında isə şəhərə gedib hamının çox açıq-saçıq hesab etdiyi – yan tərəfdən dərin yarığı var idi – bir paltar almışdı. 
 
Payızın əvvəlində Lonanı böyük çəmənliyin yanındakı skamyada basketbol məşqçisi ilə oturarkən görmüşdük. O, Lonadan on yaş cavan idi və həftədə iki dəfə Netaniyadan gəlirdi. Roni Şindlin istehza ilə deyirdi ki, indi Lona gecələr driblinq öyrənir. İki-üç həftə sonra o, basketbol məşqçisindən uzaqlaşdı və kibusu qoruyan bölüyün komandiri ilə birgə görünməyə başladı. Bu bölüyün əsgərləri hərbi xidmətlə yanaşı kənd təsərrüfatı sahəsində bacarıqlara yiyələnirdilər. 
 
Komandirin iyirmi iki yaşı var idi və bu dəfə susmaq olmazdı. Ona görə kibusun təhsil məsələlərinə baxan komissiya qapalı iclas keçirdi və bu cür görüşlərin mümkün aspektlərini müzakirə etdi. Zvi Provizor hər axşam fontanın yanındakı skamyada oturub oynayan uşaqlara baxırdı. Bu skamyanı öz əlləri ilə düzəltmişdi. Yanından keçəndə “Axşamın xeyir” deyən olsaydı, “Axşamın xeyir” deyər və Çinin cənub-şərqini batıran leysan və sel barədə xəbər verərdi. 
 
Qışın əvvəlində, tədris ilinin qızğın vaxtı Lona Blank heç kimə xəbər vermədən və kibusun katiblərinin icazəsi olmadan yığışıb Amerikada yaşayan bacısının yanına yola düşdü. Deyəsən, bacısı bilet göndərmişdi. Həmin səhər Lonanı avtobus dayanacağında görmüşdülər. Əynində şəhərdən aldığı açıq-saçıq paltar, boğazında rəngbərəng yaylıq, ayağında dikdaban çəkmə var imiş. İri çemodanını arxasınca sürüyə-sürüyə gedirmiş.
 
– Elə bəzənmişdi ki, guya gedən kimi Hollivuda düşəcək, – dedi Roni Şindlin…
 
Katiblik əsaslı araşdırmaya qədər onun kibusdakı üzvlüyünü ləğv etmək qərarına gəldi. Roni Şindlin isə masa qonşularına dedi:
 
– Qara dul Ölüm mələyindən qaçır.
 
Lona Blankın qıfıllı mənzili qaranlığa qərq olmuşdu. Ancaq kibusun məişət komissiyasında bu yaşayış məntəqəsinə göz dikənlər var idi. Çünki evə həmişə ehtiyac olur. Balaca verandada beş-altı dibçəkdə filodendron, ətirşah və kaktus qalmışdı. Zvi Provizor arada gəlib bitkiləri sulayır, torpağı yumşaldırdı. Sonra qış gəldi. Buludlar lap ağacların üstündə asılı qalmışdı. Talalarda və meyvə bağlarındakı torpaq palçığa döndüyü üçün kibusun əkinçiləri zavod işinə keçmişdilər. Boz yağışların ardı-arası kəsilmirdi. Gecələr su boruları danqıldayır, soyuq külək jalüzilərin dəliklərindən evlərə dolurdu. Zvi Provizor hər axşam on birin yarısına qədər son xəbər buraxılışlarına qulaq asa-asa stolüstü lampanın işığında polyak yazıçısı Yaroslav İvaşkeviçin əzabla dolu sətirlərini ivrit dilinə tərcümə edirdi.
 
Yatağının başında Lonanın hədiyyə etdiyi rəsm – iki sərv və skamya – asılmışdı. İndi sərvlər kədərli, skamya isə tənha görünürdü. Zvi on birin yarısı gödəkcəsini çiyninə salıb verandaya çıxır, başının üstündəki buludlara, fonarın sarı işığına boyanmış tənha yollara baxırdı. Yağış səngiyəndə gəzintiyə çıxır, Lonanın verandasındakı çiçəklərə baş çəkirdi. Artıq xəzan yarpaqları pillələrin üstünü örtmüşdü. Bəzən Zvi bağlı qapının arxasından gələn sabun (bəlkə də şampun) ətri duyurdu. 
 
Burdan aralanıb bir qədər tənha cığırlarda dolaşırdı. Yağış damlaları budaqlardan düşüb onun çılpaq başına dəyirdi. Gəzintini tez bitirib evə qayıdır və qaranlıqda gözlərini qırpa-qırpa son xəbər buraxılışına qulaq asırdı. Səhəri gün isə sübhdən oyanır və səhər sağımına tələsən maldarlardan birini saxlayıb kədərli xəbəri verirdi: 
 
– Bu gecə Norveçin kralı ölüb. Qara ciyər xərçəngindən. Eşitmisən?
 
Tərcümə etdi: İlahə Əkbər
 
Sim-sim.az
Yuxarı