post-title

George Orwell. İntellektual dürüstlüyü siyasi kredoya qurban verməyin

\"Bütün bu dövr ərzində forma məzmun üzərində hakim olub, “sənət sənət üçündür” prinsipi ağıllı fikir hesab olunub. İstisnalar olub, məsələn, Bernard Şou belə mülahizələrlə razı olmayıb, bununla belə, bu baxış üstünlük təşkil edib\".

 
 
George Orwell
 
İncəsənətlə propaqandanın sərhədi
 
Bu an fikrimin predmeti - ədəbi tənqiddir, hərçənd, indiki şərtlərdə ədəbi tənqid  haqqında danışmaq elə sülh haqda danışmaq kimi etibarsızdır.
 
Bizim dövrümüzü nə sülh dövrü, nə də tənqid dövrü adlandırmaq olar.
 
Son on ildə köhnə tipli Avropa ədəbi tənqidi – düşüncəli, vicdanlı, ədalətli, sənət əsərinin sırf sənət kimi öz-özülüyündə qiymətli olmasına inanan ədəbi tənqid demək olar ki, yoxdur.
 
Son on ilin ingilis ədəbiyyatına baxsaq, ona hakim olan baxışların estetizmə nə qədər yad olduğunu görərik. Propaqanda ədəbiyyatı basıb udub.
 
Hesab etmirəm ki, bu müddətdə yazılan bütün kitablar pisdirlər. Sadəcə, bu dövrü xarakterizə edən Oden, Spender, Maknis kimi müəllilər siyasiləşmiş mənəviyyatçı-yazıçılar olublar, estetika yadlarında olsa da, əsas diqqəti ədəbi texnikaya deyil, mövzuya veriblər.
 
Nisbətən parlaq ədəbi tənqidçilərə baxsan, görürsən ki, marksist-yazıçılardır, Kristofer Koduell, Filip Henderson və Eduard Apvord, onlar hər kitaba baxanda sözün hərfi mənasında siyasi pamflet görürlər. Onları əsərlərin sosial-siyasi qiyməti ədəbi məziyyətlərindən daha çox maraqlandırır.
 
Bu, adamı heyrətə salır, bu dövrün özündən əvvəlki dövrlə kəskin kontrastı gözə atılır.
 
1920-ci illərdə T.S.Eliot, Ezra Paund, Virciniya Vulf kimi yazıçılar axı sırf texnikaya, özü də xüsusilə diqqət yetirirdilər. Əlbəttə, onların öz düşüncələri və inandıqları şeylər vardı, amma ədəbiyyatın texniki yenilikləri onları əsərin mənəvi tərəfindən, mənasından və ya siyasi fonundan daha çox maraqlandırırdı.
 
Onların arasında ən yaxşısı, Ceyms Coys – böyük virtuoz (başqa söz əlavə etməyə ehtyac yoxdur), “xalis incəsənət” adlanan o şeyə hamıdan daha çox yaxınlaşdı.
 
Hətta D.Q.Lorens, — o yazıçı ki, müasirlərindən daha çox “ideya yazıçısı” adlandırmaq olar, o, ictimai şüur məsələsində ağını çıxarıb günaha batmır.
 
Mən indi 1920-ci illərin çərçivəsindən kənara çıxmıram, amma əvvəllər də, 1890-cı illərdən başlayaraq belə olub.
 
Bütün bu dövr ərzində forma məzmun üzərində hakim olub, “sənət sənət üçündür” prinsipi ağıllı fikir hesab olunub. İstisnalar olub, məsələn, Bernard Şou belə mülahizələrlə razı olmayıb, bununla belə, bu baxış üstünlük təşkil edib.
 
1920-ci illərin ən nüfuzlu tənqidçisi Corc Seyntsberi 1930-cu illərə qədər öz nüfuzunu saxlamış yaşlı və hörmətli şəxs, incəsənətdə texniki priyomların əhəmiyyətini qətiyyətlə müdafiə edirdi. O deyirdi ki, kitabı həmişə yalnız və yalnız hansı stilistikayla yazıldığına əsasən qiymətləndirir, yazıçının baxışlarına əhəmiyyət vermir.
 
Bəs 1920-ci illərlə 1930-cu illər arasındakı bu kəskin dəyişikliyi necə izah etmək olar?
 
1920-ci illərin sonunda Edit Situell (Edith Sitwell), Pop (Alexander Pope) haqda kitabında ədəbi texnikanın rolunu qabardır. Ədəbiyyatın sözü öz mənasından ayırmaqla məşğul olmasını ən düzgün yol hesab edir.
 
Bir neçə ildən sonra marksist tənqid ortalığa çıxır, məsələn, E Alvord hesab edir ki, yalnız marksist kitablar “yaxşıdır”. Hər iki mövqe öz dövrünə görə səciyyəvidir. Sual edirəm, niyə bu baxışlar belə fərqləndi, bir-birindən belə kəskin ayrıldı?
 
Səbəblərin xarici şəraitlə bağlı olduğunu düşünürəm. Ədəbiyyat sahəsində həm estetik, həm siyasi tərəfə üstünlük verilməsi bu və ya digər dövrün ictimai atmosferindən asılıdır.
 
İndi, tarixi dövrün bitdiyi bir vaxtda  (şübhəsiz ki, Hitlerin 1929-cu ildə Polşaya hücum etməsi bir epoxaya qətiyyətlə nöqtə qoydu, necə ki, 1931-ci il böhranı özündən əvvəlki epoxaya nöqtə qoymuşdu) düşünmək və bir neçə il əvvəlkindən daha aydın başa düşmək üçün imkanımız yaranıb: Ədəbi prinsiplər xarici şəraitdən nə dərəcədə asılıdır?
 
Son yüz ildə ədəbi tənqidə müraciət etmək insanı kədərləndirir: demək olar ki, 1830-1890-cı illərdə əsl ədəbi tənqid olmayıb. Bu o demək deyil ki, yaxşı kitablar olmayıb. O dövrün bir sıra yazıçıları  — Dikkens, Tekkerey, Trolpop və başqaları xələflərindən daha uzun müddət xatırlanacaqlar.
 
Amma Viktorian İngiltərəsi Flober, Bodler və Göte ilə yanaşı qoyulası literatorlar tanımır.
 
O illərdə estetik dürüstlük anlayışı ola bilsin ki, mövcud deyildi. İngilis yazıçıları üçün kitab ya gəlir mənbəyi idi, ya da propaqanda vasitəsi.
 
İngiltərə çox sürətlə dəyişildi, köhnə aristokratiyanın dağıntıları üzərində yeni maliyyə elitası formalaşdı, Avropayla əlqələr zəiflədi, incəsənətdə köhnə ənənələrə son qoyuldu.
 
XIX yüzilin ortalarının ingilis yazıçıları barbar idilər, hərçənd, onların arasında Dikkens kimi istedadlı sənətkarlara rast gəlinirdi.
 
Əsrin sonlarına doğru Avropa ilə əlaqələr, Metyu Arnold, Peyter, Oskar Uayld və bir çox başqaları sayəsində bərpa olundu, ədəbi formaya və texnikaya hörmətli münasibət qayıtdı. Məhz o zaman “sənət sənət üçündür” anlayışı ortaya çıxdı – o, bizə köhnə dəbli görünür, amma ondan yaxşısını hələ fikirləşməyiblər.
 
1890 - 1930-cu illər sülh və təhlükəsizlik dövrü oldu, bu yanaşma dayanıqlı və uzun illər ağlabatan sayıldı. O, belə demək olarsa, kapitalizmin qızıl günortası idi, hətta Birinci Dünya Müharibəsi ona ciddi xələl gətirə bilmədi.
 
O müharibə on milyon insanı məhv etdi, amma dünyanı indiki müharibənin etdiyi qədər silkələyə bilmədi.
 
O zamanın hər bir avropalısı inanırdı ki, sivilizasiya əbədidir. İnsan xoşbəxt və ya bədbəxt ola bilərdi, amma ürəyinin dərinliklərində belə bir hiss var idi: dünyanın dayaqları möhkəmdir. Belə atmosferdə biganə intellektual da olmaq olardı, dilletant da.
 
Məhz bu, tənqidçi, konservator, ingilis kilsəsinin sadiq oğlu Seyntsberiyə  siyasi və mənəvi baxışlarını heç bəyənmədiyi müəlliflərin də əsərlərini ədalətli qiymətləndirməyə imkan verdi.
 
1930-cu ildən etibarən əminlik hissi həyatımızdan getdi. Hitler və böhran nə dünya müharibəsinin, nə də rus inqilabının edə bilmədiyini etdi.
 
1930-cu ildən sonra gələn yazıçılar elə bir dünyada yaşayırlar ki, orada nəinki insan həyatı, onun dəyərlər sistemi də təhlükə altındadır. Belə şərtlərdə isə biganə olmaq olmaz.
 
Səni ölümə aparan xəstəliyə sırf estetik gözlə yanaşmaq olarmı?
 
Sənin boğazını kəsməklə hədələyən insana biganə yanaşmaq olarmı?
 
Faşizm və sosializmin savaşdığı dünyada hər bir düşünən şəxsiyyət bu və ya digər yolu seçməyə məhkumdur; yazıçı təkcə əsərlərində deyil, ədəbi mülahizələrində də öz hisslərinə çıxış verir.
 
Ədəbiyyat siyasiləşməyə məcbur oldu, əks halda o, intellektual qeyri-dürüstlük olardı. Simpatiya və antipatiya şüurun üzünə çıxdı, onları artıq görməzlikdən gəlmək olmur.
 
Kitablarda nəyin yazılması o qədər əhəmiyyətli sayıldı ki, onların necə yazılması mənasını itirdi.
 
Son on ildə bədii ədəbiyyat və hətta poeziya pamfletə yaxınlaşıb, bu, ədəbi tənqidə böyük xidmət etdi, “xalis” estetizm haqda illüziyaları dağıtdı.
 
Bu dövr bizə hər bir kitabda bu və ya digər formada propaqandanın gizləndiyini xatırlatdı, hər bir incəsənət əsərinin mənası və məqsədi var – siyasi, sosial və ya dini — bizim estetik mülahizələrimiz isə həmişə mülahizələrimizin və inanclarımızın rənginə boyanır.
 
O, “sənət sənət üçündür” anlayışını dağıtdı, bununla belə, bizi dalana dirədi, çünki əksər gənc yazıçılar özlərini hər hansı siyasi ideyaya bağlamağa çalışdılar, bu isə insanı daxili azadlıqdan məhrum edərək intellektual qeyri-dürüstlüyə gətirə bilər.
 
O zaman gənc yazıçıların qəbul etdiyi yeganə ideologiya rəsmi marksizm oldu, rəsmi marksizm Rusiyanın milli maraqlarına loyallıq tələb edirdi və özlərini marksist adlandıran yazıçıların boynuna siyasətçilərin ləyaqətsiz işlərinə görə məsuliyyət qoyurdu.
 
Ədiblər buna razı idilər, amma onların baxışlarını rus-alman paktı dağıtdı.
 
1930-cu ildə bir çox yazıçılar başa düşdülər ki, cari hadisələrdən tam mücərrədləşmək mümkün deyil, 1939-cu ildə ədəbiyyatçıların böyük bir qrupu onu da başa düşdü ki, intellektual dürüstlüyü siyasi kredoya qurban vermək olmaz; hər halda belə edərək yazıçı qalmaq mümkün deyil.
 
Estetik dürüstlük – hələ hər şey deyil, təkcə siyasi mülahizələrə ikiəlli bağlanmaq da azdır.
 
Son on ildə baş verənlər bizi asılı vəziyyətəd qoydu: o, İngiltərə ədəbiyyatını az da olsa müəyyən istiqamətə malik olmaqdan məhrum etdi, amma eyni zamanda incəsənət və propaqanda arasındakı sərhəd xəttini müəyyən etməyimizə kömək oldu.
 
1941
 
Tərcümə edən: Nərmin Kamal
 
Oxu Zalı
Yuxarı