post-title

Pianoçu Samir Mirzəyev: \"Sənətdə belə, total monopoliya\"

Türkiyədə yaşayan azərbaycanlı musiqiçi ilə Günel Mövludun söhbəti

 
 
 - Samir bəy, necə oldu ki, Azərbaycandan kənarda fəaliyyət göstərmək qərarına gəldiniz?
 
- 1998-ci ildə məni yeni qurulan Antalya Dövlət Simfonik Orkestrinə dəvət etdilər. O zaman aspiranturanı bitirmişdim, Bakı Musiqi Akademiyasında müəllim işləyirdim, simvolik 5 “şirvan” da maaşım vardı (təqribən 12 dollar)...
 
Qəflətən Antalyadan təklif gəldi. Ora gedib imtahana girdim və bu vakansiyanı qazandım. Eyni zamanda Ankara və Burdur şəhərlərindən təklif alsam da, Antalya iqlim, mentalitet və başqa bir çox cəhətdən diqqətimi daha çox cəlb etdi.
 
2 il sonra Akdeniz Universitetində Konservatoriya qurulduğu zaman orada piano kafedrası yaratmağı və müəllimlik təklif etdilər. Bu iş daha çox kreativlik tələb etdiyi üçün, o zamandan bəri bu işlə məşğulam.
 
- Türkiyədə azərbaycanlı sənət adamının özünü təsdiqləməsi asan, yoxsa çətin başa gəlir?
 
\"Samir
 
- Əvvəlcə "sənət adamı" deyəndə nə nəzərdə tutulduğunu, təsdiqlənmənin nə anlama gəldiyini aydınlaşdırmaq gərəkdir.
 
Amma məsələni çox uzatmadan klassik musiqiçini və iş tapmağı nəzərdə tutsaq, cavabı sadədir:
 
yerdən (şəhərə) və mühitdən asılı olaraq, təsdiqlənmə kardinal fərqlilik göstərir.
 
Ölkənin bir çox yerində klassik musiqi tanınmır və doğrusu, heç lazım görülmür də. Yalnız böyük şəhərlərdəki Avropayönlü insanlar bunun nə demək olduğunu bilir və hörmət göstərirlər.
 
Əyalət şəhərlərində universitetlərdə işə girmək və sənət anlamında hörmət qazanmaq o qədər də çətin deyil.
 
Böyük şəhərlərdə məsələ başqadır. Özünə və təhsilinə güvənən bütün klassik musiqiçilər (bunlardan bir çoxu Avropa, Amerika və Rusiyada təhsil almış mütəxəssislərdir) bu şəhərlərə yığıldığından, rəqabət daha yüksək olur və burada özünə karyera yaratmaq olduqca çətindir.
 
Bir şeyi də təəssüflənərək qeyd edim ki, buranın insanı (əyalət və ya paytaxt sakini olsun, fərqi yoxdur) bizim ölkəmizdəki kimi, klassik musiqiçi olduğu üçün insanı qınamaz, atalar bu sənəti seçən oğlundan utanmaz, “özünə ağıllı-başlı bir peşə seçməsini” məsləhət görməz. Əksinə, hörmət göstərər, uşaqlarının az da olsa, bu işdən anlamasını belə, istəyər.
 
- Belə bir stereotip var ki, Türkiyə liberalları, ziyalıları Azərbaycandan olan yaradıcı insanlara, elm adamlarına qısqanclıqla yanaşırlar. Siz bunu hiss edirsinizmi? Əgər doğrudan da belə bir şey varsa, səbəbləri nədir?
 
\"Samir
 
- Hiss etmək deyəndə ki, bu barədə adını çəkmək istəmədiyim, böyük musiqi təşkilatının başında duran nüfuzlu bir professor, qoca solist sənətkar hələ neçə illər bundan əvvəl mənə şəxsən demişdi ki...
 
"Biz 70 ildir o qədər zəhmət çəkib öz gənclərimizi Amerikaya, Parisə yollayırıq ki, bəstəkar olsunlar. Olurlar da. Amma aralarından bir Qarayev, Əmirov kimisi çıxmadı ki, çıxmadı..."
 
Sovet dövründə qurulmuş musiqi təhsili sisteminə borcluyuq bunları. Bu sistemi sonuna qədər keçən orta səviyyəli şəxs belə, Türkiyə kimi bir ölkədə özünə müəyyən bir yer etməyə müyəssər ola bilər.
 
Türkiyəliləri də başa düşmək olar: böyük çoxluğunu yaxşı tərəfdən tanımadıqları (!), fırıldaqçı ola biləcəkləri şübhələri çox zaman heyif ki, doğrulan (!) bir qardaş millətin orta səviyyəli bir institutundan çıxma bir musiqiçi bəzən nüfuzlu qurumun professorundan daha məlumatlı olur.
 
Sonra da bu orta səviyyəli şəxslər özlərinə fırıldaq yollarla müxtəlif diplomlar (dosent, professor, elmlər namizədi kimi) “təşkil edib”, karyera qurmağa çalışırlar. Sonradan kələklərinin üstü açılanda, başqa şəhərə köç edib, hər şeyi yenidən başlayırlar.
 
Ölkənin böyük və təhsil sisteminin qənaətbəxş olmamasından istifadə edirlər, amma ümumiyyətlə baxsaq, bu adamlar millətimizin adına heç də şərəf gətirmirlər. Çünki pis şöhrətləri unudulmur.
 
Belə insanlardan bu illər ərzində onlarla ədəd (!) görmüşəm, tanış olmuşam, utanmışam, insanlarda onların goyduğu pis təəssüratı silməyə çalışmışam.
 
İndi də bu Avropada oxuyan türklər geri gələndə təbii olaraq, yerlilər gəlmə fırıldaqçılardansa, daha az bilsə də, özündən olana, “yeri-yurdu bəlli olana” üstünlük verirlər.
 
Bizim bu çoxsaylı fırıldaqçılarımızın ucbatından “qurunun oduna yaş da yanır”, Türkiyənin Ali Attestasiya Komissiyası artıq  2014-cü ilin iyun ayından etibarən Azərbaycandan (və bu kimi başqa respublikalardan) gələn namizədlik dissertasiyalarını tanımır.
 
Hətta televiziyalarında bəzi “məşhur” insanlar zarafatla deyirlər ki, əşi, professorluq lazım olar, gedib Azərbaycandan bir neçə min dollar verib alaram da...
 
Yəni, məncə, məsələnin özündə qısqanclıqdan daha çox protest var. Sanki yeni bir potensial kələkbaza baxan kimi baxılır. Biliklərinə layiq olmayan adam kimi baxılır – deyə bilərəm. Belə birisi olmadığını illərlə isbat etməli olursan. 
 
Burada hər bir musiqi ocağına (bələdiyyədə, məhəllədə, şəxsi və s.) “Konservatoriya” deyirlər ki, bu da bizim insanı çaşdırır. Bəzi konservatoriyalarda 20 yaşlarındakılara hələ yeni-yeni not öyrətməyə başlayırlar ki, bu da klassik musiqiylə fundamental ziddiyyət təşkil edir.
 
Böyük şəhərlərdə universitetlərinin nəzdindəki məşhur konservatoriyalar uğurlu seçim sayıla bilər. Amma oralarda da kimin sinfində təhsil alınacağı etinalı şəkildə seçilməlidir, bundan çox şey asılıdır.
 
Əslində, bu şərt hər yerə, Avropaya, Amerikaya da aiddir. Müəllim, ustad - bu işdə ən vacib şəxsdir. Onun yolunu davam etdirmək üçün arxasınca gedilir.
 
- Azərbaycana dönmək fikriniz varmı və dönəcəyiniz halda özünüzü bu ölkədə harada, necə görürsünüz?
 
- Bu, məndən asılı bir şey deyil, tələbatımı ödəyəcək şəkildə bir dəvət alsam, nədən olmasın? Amma bu zamanda belə bir şey real görünmür.
 
\"Samir
 
- Türkiyənin musiqi, sənət həyatını necə təsvir etmək olar?
 
- Azərbaycan kimi. Böyük şəhərlərdə xalqın oxumuş hissəsinin biraz bələd olduğu, hər kəsin tanıdığı məhşur adların dominant olduğu, dövlət tərəfindən dotasiyaya möhtac bir sənət ortamı...
 
- Yaradıcılıq, nailiyyətlər, prosesin dinamikliyi baxımından Azərbaycanın musiqi həyatını Türkiyədəki ilə müqayisə edirsinizmi? Belə bir müqayisə aparmaq mümkünsə, hansı fərqlər var?
 
- Yaradıcılıq, nailiyyətlər baxımından, biz hələ də SSRİ sisteminin “çörəyini yeyirik” deyə bilərəm. Dövlət musiqi təhsili ocaqları Azərbaycanda Türkiyəyə nisbətən onlarla dəfə çoxdur, bu da ortaya çıxan son nəticəyə təsir edir.
 
Azərbaycanda əhali də on dəfə azdır, bu da Türkiyəyə nəzərən adambaşına düşən nailiyyət statistikasına müsbət tərəfdən təsir edir.
 
Proseslərin dinamikliyi baxımdan isə Azərbaycanda böyük tənəzzül, Türkiyədə isə inkişaf gedir.
 
Təbii ki, yenə də təkrar etməliyəm ki, hələ də ifaçılıq sahəsində SSRİ məktəbinin sayəsində bu tənəzzül o qədər də hiss olunmur. Amma onillər sonra bu çox bariz hiss olunacaq, çünki Azərbaycanda özünə və sənətinə hörmət edən bir çox insan ya ölkədən getməyə məcbur olacaq, ya da bu sənətlə sadəcə həvəskar kimi məşğul olmağa başlayacaq.
 
Onda Üzeyir bəyin zamanındakı kimi yenidən xaricdən mütəxəssislər gətirib, musiqi sənətimizi xilas etməli olacağıq. 
 
\"Türkiyə.
 
- Musiqi təhsilini Türkiyədə almaq istəyən gənclərə nə məsləhət görürsünüz? Akademik musiqi təhsili üçün Türkiyə uğurlu seçimdirmi?
 
- Qiymətlər, məsafələrin yaxınlığı və dil probleminin olmaması bir müsbət cəhətdirsə, mənfi cəhətləri də var. Kimin rəhbərliyi altında, hansı təhsil müəssisəsində oxuyacaqlarını diqqətlə seçməlidirlər.
 
Görünür, vətəni tərk etmiş mütəxəssislər dövlətə lazım deyil.
 
Oranı tərk edib, dünyanın başqa üzünü görmüş insanlara da Azərbaycana yenidən dönərək, məlum qaydalarla (səfillik, dərəbəylik, bihörmətlik, sənətdə belə, total monopoliya) oynamaq da artıq cəlbedici gələ bilməz. Belə ki, hər iki tərəf halından məmnundur.
 
Ona görə də tək mən yox, xaricdə gördüyüm uğur qazanmış hər bir həmvətənim bu barədə eyni fikirdədir.
 
Düzünü desəm, ölkədə qalsaydım, xaricdə tanınacağımı, Avropa, Amerika və Asiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinə dəvət ediləcəyimi, bir çox ölkədə musiqi layihələrimi həyata keçirəcəyimi, konfranslarda çıxış edəcəyimi, məqalə və məruzələrimin bir çox dildə çap olunacağını heç zənn etmirəm.
 
Bu məqamlara ölkə xaricində nail olmaq heyif ki, daha asandır. Ona görə də Vətənimdə özümü hələ ki, qonaq kimi görürəm.​
 
Azadliq.org
Yuxarı