post-title

Əziz Nesin. Yeni il təbriki

\"Vaxt itirmədən masanın arxasına keçib qollarımı çirmələdim. Qarşımda kartlardan ibarət irili-xırdalı kağız dağı vardı sanki. Mən iş saatı bitənə kimi təbrik kartlarını yazıb qurtaracağımı, evə gedəcəyimi düşünürdüm. Ancaq gecəni yatmadım, səhəri dirigözlü açdım\".

 
 
Əziz Nesin
 
Yeni il təbriki
 
 
1965-ci iliydi.  İşə girdiyim iki həftəydi. Bir idarədə yazı işləri üzrə müdirin köməkçisiydim.
 
Bayrama on gün qalmışdı ki, müdirim xəstələndi və işə gələ bilmədi. Səhərisi gün sədr məni otağına çağırdı.
 
- Buyurun, müəllim.
 
- Təbrik kartları hazırdı, oğul?
 
- Hansı təbrik kartları, müəllim?
 
- Vaaayyy! Şükrü sənə deməyib? Bayram gəlib çatdı, təbrik kartı göndərməliyik. İndiyəcən poçta verməliydik e.
 
- Heç xəbərim yoxdu, müəllim.
 
- Tez ol, tez ol! Sabaha kimi üç min dənə poçt kartı hazır olsun.
 
- Baş üstə, müəllim, - dedim və otaqdan çıxdım. Ancaq üç min bayram təbrikini yazmaq var eyy.
 
Üstəlik, sədr, kartları çini mürəkkəb və gözəl xətlə yazmağımı istəyirdi. Kartlardan iki minini sədrdən vəzifəcə aşağı olanlara yazacaqdım:
 
"Bayramını təbrik edir və gözlərindən öpürəm."
 
Qalan min dənəsi yuxarıdakılara:
 
“Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu  günlər arzu edirəm."
 
Vaxt itirmədən masanın arxasına keçib qollarımı çirmələdim. Qarşımda kartlardan ibarət irili-xırdalı kağız dağı vardı sanki. Mən iş saatı bitənə kimi təbrik kartlarını yazıb qurtaracağımı, evə gedəcəyimi düşünürdüm. Ancaq gecəni yatmadım, səhəri dirigözlü açdım.
 
Bayramını təbrik edir və gözlərindən öpürəm.
 
Bayramını təbrik edir və gözlərindən öpürəm.
 
5, 10, 20, 50, 100, 750, 875. Yazıram, yazıram, bitmir ki, bitmir. Gecənin bir aləmində məni dəhşətli sıxıntı bürüdü.
 
Yazıram, yazıram, elə hey yazıram... Bitmir.
 
Nəhayət ki, aşağı vəzifədə olanların kartları hazırıydı. Elə mən də hazırıydım. Dan yeri ağarırdı. Hazır kartları masanın üstündən götürüb kənara qoydum.
 
Qarşımda min ədəd kağız yığını varıydı hələ. “Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm”ə başladım...
 
Fasiləsiz yazırdım. Göz qapaqlarımı yumub-aça bilmirdim. Gözlərim bərələ qalmışdı. Yaman zülümüydü.
 
125, 279, 400, 689.  Yazırdım, yazırdım, yazırdım. Bir müddət sonra, artıq, mən qələmi deyil, o, məni yazırdı.  Hələ də yazırdım.
 
Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm.
 
Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm.
 
Arzu edirəm uğurlu günlər siz və xanımınızın bayramını təbrik edir...
 
Təbrik edir xanımınızın bayramını uğurlu günlər Arzu  ilə...
 
Arzu  ilə birlikdə sizin və xanımınızın bayramını təbrik edir sağlamlıq...
 
Əvvəla, bayramınızı edirəm, sonra xanımınızla Arzunun bayramını uğurlu günlər...
 
Sizin də, xanımınızın da. Arzunun da bayramını hörmətlə edirəm, sağlamlıq...
 
Sizin də, xanımınızın da, Arzunun da, bayramını da, tətilini də, nəslini də, kökünü də... hörmətlə...
 
Səhərin gözü açılar-açılmaz, gözlərim qan çanağına dönmüş bir vəziyyətdə kartları sədrə təhvil verdim. Sədr gözucu bir-iki karta baxıb dedi:
 
Afərin. Elə bu dəqiqə yollayın.
 
O dəqiqə də yolladıq.
 
Üç gün sonra, əvvəlcə bizim sədri, ardınca da məni yolladılar.
 
Türkcədən tərcümə edən: Ülvi Babasoy
 
Oxu Zalı
Yuxarı