post-title

“Oskar”a namizəd göstərilən \"Maydan\" filminin rejissoru ilə müsahibə

Yevqeni Afinevskinin rejissoru olduğu və Maydan hərəkatından bəhs edən sənədli film “Oskar”a namizəd göstərilən filmlərdən oldu. Rejissorla olan müsahibəni oxuculara təqdim edirik.

 

Ekran- qaranlıq. Səs-küy, qışqırıq və silah səsləri eşidilir. İnqilab üçün nəsə et qışqıran gənclərin səsi hər yerdən eşidilir. Beləliklə filmi çəkməyə başlayıram. İzrailli rejissor, senarist və aktyor olan Yevqeni Afinevski hələ 2013-cü ilin sonlarında Maydan etirazlarını lentə almaq üçün Kievə gəlmişdi. Sürətlə genişlənən hadisələr onu Ukraynada uzun müddət qalmağa məcbur etdi. Bütün cərəyan edən bu hadisələr “Yanğında qış. Ukraynanın azadlıq uğrunda mübarizəsi” filminə material oldular. Maydan hərəkatına həsr olunmuş digər işlərlə müqayisədə bu film daha çox rezonans doğurdu. Venesiya və Torontoda olan kinofestivallarda film bir sıra uğurlar əldə etdi. Bundan əlavə Maydana həsr olunmuş filmi NeTflix video-saytı tərəfindən 62 milyondan çox insan onlayn izləyə bildi.

Müsahibə

Yevqeni, siz Kazanda anadan olmuş, sonradan İzrailə mühacirət etmişsiniz. Hal-hazırda isə Amerikada yaşayırsınız. Sizə nəyə görə Ukraynanın bu tarixi haqqında danışmaq belə vacib idi?

Yevqeni Afinevski: Məsələ rejissorun rus, ukraynalı və ya izrailli olmağı deyil. Maydanda milliyət fərqi yox idi. Bu filmdə də öz əksini tapıb. Məsələn, Serqey Niqoyan mübarizədə ilk ölənlərdən idi. O, erməni idi, ancaq onun vətəni Ukrayna idi və buna görə də Serqey öz həyatını Ukraynanın azadlığı uğrunda qurban verdi. İkinci ölən Belarusyadan olan Mikail Jiznevski idi. Maydan müxtəlif millətlərdən, ittifaqlardan və fərqli yaşlarda olan insanların birliyinə çevrildi. Bu hadisələri bütün dünya izləyicisinə çatdırmaq mənim üçün çox vacib idi. Bundan əlavə bu proseslərdə biz kilsə və xalqın heyrətamiz birliyinin şahidi olduq. Axı kilsələr adətən hökümətin xalqı nəzarətdə saxlamaq üçün istifadə etdiyi qurumlardan biri olurlar. Ancaq burada kilsə tamamilə xalqın yanında idi.

 

“Yanğında qış” filmini artıq dünyanın müxtəlif ölkələrində insanlar izləyiblər. İnsanların reaksiyası necədir?

Venesiya kinofestivalında film çox isti qarşılandı. Premyeradan sonra insanlar on beş dəqiqəyə yaxın filmi ayaq üstə alqışladılar. İnsanlar ağlayırdılar, onlar filmdəki qəhrəmanların acısını hiss edirdilər və qəhrəmanları alqışlayırdılar. Bundan sonra film Torontoda TİFF (Toronto Beynəlxalq Film Festivalı) festivalında nümayiş etdirildi. Bu festivalda film izləyici tərəfindən ən çox sevilən sənədli film mükafatına layiq görüldü. Mən fikirləşirəm ki, bu filmin bəyənilməsinin ən yaxşı sübutudur. 
Zamanla Maydan hərəkatı bir çox mərhələ keçdi və ona həsr olunmuş kitablar, filmlər, verlişlər meydana gəldi.

 

Sizcə Maydan hərəkatının aktuallığı nə ilə bağlıdır?

Mən siyasətçi deyiləm, rejissoram. Mənim üçün Maydan hərəkatı tarixin dönüş nöqtəsi idi. Bu mövzu hələ də aktualdır, biz baş verənləri indi xəbərlərdən izləyirik. Biz hələ mövzunun ön səhifəsi ilə məşğul oluruq.

 

İnsanların döyülməsində və öldürülməsində iştirak edən əsas günahkarlar cəzalandırılmadı. Bu səhnələr sizin filminizdə də var. Bu səhnələri ittiham kimi qəbul edirsinizmi?

Mənim filmim tarixi sənəddir. Mənim kimisə təqsirləndirmək kimi bir məqsədim yoxdur. Mən qanuna inanıram və nəyisə ədaləti , qanunu idarə etmək üçün etməmişəm. Biz öz bildiyimiz yolla kömək edirik. Bizim operatorlarımız demək olar ki, hər yerdə işlədilər və əldə etdiyimiz materialların çoxunu istintaq aparan Ukrayna güc orqanlarına təhvil verdik.

 

Bu günümüzdə Ukraynada rus güc orqanlarını tərənnüm edən rus serial və filmlərinin nümayişi qadağandır. Həmçinin bəzi sənətçilərdən və kitablardan ibarət qara siyahıları da mövcuddur. Bu məsələyə münasibətiniz necədir?

Mən Ukrayna hökümətinin günümüzdə verdiyi qərarları, azadlıqları uğrundakı mübarizəni və düşmənlərlə münasibətlərini müzakirə edə bilmərəm. Rusiyaya gəldikdə isə son bir neçə ildə mən orada olmamışam və yaxın gələcək üçün planlaşdırmıram. Yəqin ki, mən rus torpaqları üçün ən istənilən qonaqlardan deyiləm. Kinomotoqraflar hər yerdə var və bizim üçün özünü ifadə və söz azadlığı hər şeydən vacibdir.

 

Tərcümə: Asya Cəlilova

DW.COM

 

 

 

 

Yuxarı