post-title

Öz nekroloqunu məhv etmək

Bu müdrik fikrin sahibinin kim olduğunu bilmirdim. Məlum odu ki (\"google\" sağ olsun) həmin Lev Rubinşteynmiş. Mənası aydındır. Nə zamansa, hansısa məşhur insan ləyaqətli həyat yaşayır, hörmətə, şöhrətə sahib olur, amma sonra qəfildən elə bir şey edir ki, həmin adama əvvəlki münasibəti göstərmək olmur. Və hamı bir ağızdan deyir: “Bəli, əlbəttə, utanmalı, xəcalət çəkməli haldır. Lakin o, əvvələr necə idi...”

 
 
Bu tale ilə ən çox yaradıcı insanlar qarşılaşır. Həyatdan köçmələrinə az qalmış bu bəla onları gəlib tapır. 
 
Yəqin ki, çoxlarının bildiyi və məhv olmuş nekroloqa ən kədərli misal kimi Aleksey Maksimoviç Qorkinin adını çəkmək olar. 
 
İnanılmaz böyük istedad, zəngin, çox gözəl həyat: güclü kitablar və dünya şöhrəti, gözəl qadınların sevgisi və böyük oxucu kütləsinin heyranlığı, iri məbləğli qonorar və böyük səxavətlilik, çarizm diktaturası ilə mübarizə və bolşevizm diktaturası ilə mübarizə. Əgər Aleksey Maksimoviç on il daha əvvəl, emiqrasiyada olduğu vaxt, rəhmətə getsə idi, o zaman, o, Rus mədəniyyətinin ən işıqlı fiqurlarındna biri kimi yaddaşımızda qalacaqdı.  
 
Amma onun həyatının sonu elə həqir formada başa çatıb ki, bu onun əvvəl etdiyi bütün xidmətlərinin üstündən xətt çəkib. Solovkiye gedib orada “zeklərin” islahına tamaşa etmək; bu səfər haqqında coşğun cümlələr yazmaq: “Əgər düşmən təslim olmursa – onu məhv edirlər”; Ryabşinskinin sarayı; Nijniy Novqorod, Qorkinin yaşadığı vaxt onun adının verildiyi Qorki şəhəri... İlahi, bütün bunlar necə də utanc vericidir. 
 
 
\"1\"
Böyük proletar yazıçısı böyük tərbiyəçi ilə birgə 
 
Və ya Knut Hamsun. Səksən yaşlı – canlı klassik. Doxsan yaşında – Norveç xalqının üz qarası, faşistləri dəstəklədiyi üçün mühakimə olunub.  Hitlerə mədhiyyələr oxuyub, özünün Nobel medalını Göbbelsə təqdim edib. Qoca yaşına görə, yazıqları gəlib türməyə salmayıblar. İndi, “Torpağın bərəkəti” əsərini oxuyarkən, bu məşhur romanın müəllifinin hansı sonluğa gəlib çıxdığı haqqında düşünməmək olmur.  
 
Bütün məsələ bundadır ki, böyük sənətkar nədəsə çox güclüdür, amma nədəsə də çox zəif. Bu zəiflikləri üzündən də, yazıqlar, sonda sınırlar. 
 
Volandlar və onun kiçik quyruqlu qohumları Masterə nədə badalaq gəlməyi çox yaxşı bilirlər.
 
O, çox zaman şöhrətpərəst olur və hörmət görməkdə acgöz davranır. Onun çiyninə vurmaq, vurmaq lazımdır, ona şəkər lazımdır, qarşısında qızıl qapılar açılmalıdır. O, qızıl qapıların qızıl qəfəsə apardığını heç fikirləşməz. Daxil oldusa, tarrap, qabı bağlandı, geriyə dönüş yoxdur. 
 
Bolşeviklər Maksim Qorkinin başına çox fırlanıblar, qapıları səbrlə qarşısında açıblar, Rəhbər vaxtına heyfi gəlmədən ona ürəkdən məktublar yazır: “Qızğın iş getdiyindən, sizə yaza bilmədim. Bu, əlbəttə ki, yaxşı hal deyil. Amma Siz məni gərək bağışlayasız”. Görün hansı insan üzr istəyir, düşünmək belə çətindir!. 
 
Göbbels isə Hamsuna heyran idi, alman xalqının füreri isə ona şəxsən diqqət edir və hörmət göstərirdi. Bir böyük insan, belə deyək, digər böyük insanın böyüklüyünü dəyərləndirir. 
 
\"2\"
Maks Fon Zyüdovun oynadığı, Hamsun haqqında filmdən kadr
 
İncəsənət adamını məhv olmuş nekroloqdan qorumaq üçün iki dəmir prinsip var ki, onlara əməl olunmalıdır. 
 
Birincisi, diktatorlardan və avtoritar şəxslərdən uzaq dur (ümumiyətlə isə bütün hakimiyyətlərdən uzaq durmaq lazımdır).
 
İkincisi, estetik olaraq nə qədər mürəkkəb olsan da, etik olaraq sadə qal. Bozun tonlarından zövq al, amma ağı qaradan fərqləndirməyi unutma.  
 
Ümumiyyətlə, yatma, yatma, sənət adamı. Boz bir qurdcuq gələcək və nekroloqu korlayacaq. 
 
Boris Akunin
 
Tərcümə: Emin Aslan
 
Kultura.az
Yuxarı