post-title

Ramin Qasımov: Dostoyevskiyə nifrət edirəm

Kundera, kişi ilə qadın arasındakı dostluq adətən təkmilləşməmiş eşqdən doğur, deyirdi. Dostoyevski ilə Suslova arasındakı eşq münasibətləri də məcburi dostluğa çevrilir. Vəziyyətin ağırlığını qəbullanan Dostoyevski, Suslovanı Salvadorla olan əlaqəsini birdəfəlik kəsərək İtaliyaya getməyə razı salır.

 

“Dostoyevskiyə nifrət edirəm, ilk dəfə inancımı o qətlə yetirdi.” 
Polina Suslova

 

Dostoyevski, yaşadığı 59 il ərzində roman tarixinin ən önəmli əsərlərini yazdı. Həyatının böyük hissəsi məşəqqətlər içində keçdi: sürgünlər, xəstəliklər və maddi sıxıntılar ömrünün axırına kimi onu tək buraxmadı. Yolu bir çox qadınlarla kəsişdi, ancaq bu qadınlardan sadəcə ikisi ilə ailə həyatı qurdu. Polina Suslova isə bu qısa və keşməkeşli həyatda, Dostoyevskinin nəzərində heç cür reallaşmaq bilməyən arzu nəsnəsi idi; onunla aralarında keçən münasibət və yaşadıqları, ayın digər üzü kimi hələ də, qismən qaranlıq qalmaqdadır.

Dostoyevski və Polina Suslova 1861-ci ildə, yoxsul tələbələr üçün təşkil edilmiş gecələrin birində tanış olmuşdular. Dostoyevski tez-tez bu tip gecələrə qatılır və əsərlərindən müxtəlif parçaları səsləndirirdi. Polina Suslova da həmin gecələrin müdavimlərindən sayılırdı. Çoxdandır ki, Suslovanın arzuladığı görüş, nəhayət ki, baş tutmuşdu. Aralarında baş tutan danışıqların böyük hissəsi müəmma olaraq qalsa da, üstündən bir neçə gün keçdikdən sonra Suslovanın Dostoyevskiyə - yayımlaması üçün - hekayə göndərdiyi məlum olur. Həmin hekayə, dövrün tanınmış “Vremya” jurnalında dərc edilir.

Suslovanın atası köhnə mujik, bacısı isə Rusiyanın ilk qadın həkimi idi. Atasının təkidlərinə baxmayaraq öz istəklərinin ardınca getməyi seçən Suslova, müxtəlif fakultələrə yazılır, ancaq dərslərin heç birinə girmirdi. İnqilabçı ruha və Tanrıya inancı olmayan, sərt baxışlı, lakin solğun üzə malik feminist idi. Heç kim ona etibar eləmir; üstəlik tanıyanlardan bəziləri sırf ürəyi istədiyi üçün onun kimisə öldürə biləcəyini iddia edirdilər. Daxilindəki münaqişələri, bir tək - özündən 16 yaş böyük - Dostoyevskinin yatıra biləcəyinə inanırdı. Lakin, yanılmışdı. Dostoyevski, onun təsəvvüründə canlandırdığı şəxs deyildi. Suslovanın yanında çirkin görünən, borclarından yorulmuş, epilepsiya xəstəsi, üstəlik şübhələri inancını məğlub salmış qumarbazın biri idi Dostoyevski.

Suslova, bütün varlığını Dostoyevskiyə təslim etmək istədiyi vaxt, Dostoyevski özü ona təslim olur. Xilaskarı olaraq gördüyü şəxs gözyaşları içində ayaqlarına qapanır.

Zaman keçdikcə Suslova qorxunc qısqanclıq hissi ilə obsessiv aşiqə çevrilən Dostoyevskidən nifrət etməyə, ondan diksinməyə başlayır və gündəliklərində “Dostoyevskiyə nifrət edirəm, ilk dəfə inancımı o qətlə yetirdi.” şəklində yazır.

“Vremya” jurnalı bağlandıqdan sonra Rusiyanı tərk etmək qərarına gələn Dostoyevski, Suslovaya da onunla birgə getməyi təklif edir. Suslova razılaşır. Dostoyevski bu romantik səfəri soyuqlaşmaqda olan münasibətlərinin xilası olaraq görürdü, ancaq Suslovanın tamam başqa planları var idi. İşlər axsayıb, səyahət qısa müddətliyinə təxirə salınınca, Suslova əşyalarını çemodanına yığaraq, Parisə üz tutur. Dostoyevski isə həmin günlər Peterburqda idi və işlərini yekunlaşdırar-yekunlaşdırmaz Parisə gedərək, Suslova ilə görüşəcəyi günün xəyalını qururdu.

Bir müddət sonra Dostoyevski Parisə yola düşür. Bütün yolboyu qatarın pəncərəsindən çölə boylanaraq, özünü əfv etdirməyin yollarını axtarırdı. Səyahət uzun çəkdiyi üçün qatar müxtəlif şəhərlərdə dayanmalı olur. Belə fasilələrin birində Dostoyevski qatardan enərək, özünün geniş salonlara malik dəbdəbəli qumarxanaları ilə tanınan Wiesbadendə bir günlük dincini almağa qərar verir. İçindəki qumar ehtirasını söndürə bilmədiyi üçün müxtəlif qumarxanalara daxil olur. Əvvəlcə masalarda gedən qızğın oyunların gedişatını izləyir, sonradan özü də oyunçuların sırasına qoşularaq, əlində olan bütün pulunu ortaya atır. Bəxti gətirir; üst-üstə bir neçə dəfə bütün pulunu masaya yatırıb, oyunu qazanır. Sevinc içərisində çölə çıxaraq, yaxındakı otellərdən birinə getməyə qərar verir. Ancaq bu dəfə də içindəki acgöz ehtirasa boyun əyib, yenidən qumar salonuna qayıdır. Təkrar oynayır və bu dəfə də qazanır.

Gecə hotelə çatdıqda yorğun, lakin xoşbəxt görünürdü. Bu dəfə birbaşa Parisə getməkdə israrlıydı.

Dostoyevski, Parisdə Suslovanı görəcəyindən həyəcanlansa da, hələ də onu səbəbsiz və qəfil tərk edib getmiş bu qadına olan qəzəbi soyumaq bilmirdi. Suslova, Dostoyevskinin onun yanına - Parisə gələcəyi xəbərini gündəliyində bu cümlələrlə təsvir edir: “Bugün Dostoyevskidən bir məktub gəldi. Məni görmək üçün səbrsizləndiyini yazıb. Yazığım gəlir ona!”

Parisə çatdıqda, Suslovanın kiçik pansionatlardan birində qaldığını öyrənir. Yanına gedir, qapını döyür; Suslova onu dəyişmək bilməyən baxışları və solğun simasıyla qarşılayır. Dostoyevski Suslovanı özünün qaldığı yerə aparır, ondan hər şeyi danışmasını istəyir: lakin yol boyu ikisi də dərin səssizliyə qapılırlar. Dostoyevski, yolda bir neçə dəfə ağzını açsa da, tələsməsi üçün faytonçunun üstünə çığırmaqla kifayətlənir.

Nəhayət ki, evə çatırlar, içəri daxil olan kimi Dostoyevski Suslovanın qarşısında diz çökür və onu itirdiyi üçün peşmanlığını dilə gətirir. Əvəzində isə Suslova onu sakitləşdirməyə çalışaraq, Parisdə tanış olduğu yeni sevgilisi - Salvadordan danışır. Suslovanın gözyaşları içində danışdığı hekayəni Dostoyevski donuq baxışlarla dinləyir və ondan xoşbəxt olub olmadığını soruşur. Cavab “xeyr” idi. Dostoyevski bir qədər əvvəl qulaq kəsildiyi hekayəni təhlil edirmiş kimi dillənir: “necə olur ki, həm sevir, həm də xoşbəxt olmadığını deyirsən?” Suslova alçaldılmaqdan duyduğu həzz və Dostoyevski üzərində qazandığı qələbənin məmnunluğu ilə bildirir ki, ondan fərqli olaraq, Salvador sevmir. Dostoyevskinin gücü: “Onu kölə kimi sevirsən hə? Dünyanın o biri ucuna da olsa onunla birgə getməyə razısan. Bir gün başqasına aşiq olacağını bilirdim. Mənə olan hisslərin təsadüfi idi”, - deməyə yetir.

Kundera, kişi ilə qadın arasındakı dostluq adətən təkmilləşməmiş eşqdən doğur, deyirdi. Dostoyevski ilə Suslova arasındakı eşq münasibətləri də məcburi dostluğa çevrilir. Vəziyyətin ağırlığını qəbullanan Dostoyevski, Suslovanı Salvadorla olan əlaqəsini birdəfəlik kəsərək İtaliyaya getməyə razı salır.

Müxtəlif şəhərləri dolaşaraq Romaya çatırlar. Birlikdə müxtəlif salonlarda qumar masalarına əyləşirlər: qazandıqları da olur, uduzduqları da. Hətta Suslovanın atasından ona miras qalan üzüyünü girov qoymaq məcburiyyətində qaldığı da az olmur. Romanı tərk etdikdən sonra əvvəlcə Napoliyə köçür, daha sonra isə Torinoya üz tuturlar. Torino həm İtaliya səfərində, həm də Dostoyevski - Suslova münasibəti üçün sonuncu dayanacağa çevrilir. Suslova əşyalarını toplayaraq Parisə, Dostoyevski isə Peterburqa qayıtmaq məcburiyyətində qalır.

Hadisənin üstündən iki ilə yaxın bir müddət keçdikdən sonra bir neçə dəfə görüşsələr də, aralarında artıq nə əvvəlki səmimiyyət, nə də əvvəlki hisslər qalmışdı. Dostoyevskinin həmin ərəfələrdə yazdığı bir məktub Suslovanı qəzəbləndirir. Özü cavab yazmağa macal tapmadığı üçün, məktubu bacısının yazmağını xahiş edir. Nadejda Suslova, bacısının istəyi əsasında yazdığı məktubda Dostoyevskini, “başqalarının əzabları və gözyaşları sizin üçün ancaq içki və ətdən ibarətdir.” deyərək, ittiham edir. Dostoyevskinin bu məktuba yazdığı cavab isə təəssüf ki, heç vaxt tapılmır.

Ayrıldıqdan sonra Polina Suslova gündəliklərində Dostoyevski ilə olan əlaqələrindən bəhs edir. Dostoyevski isə romanlarında Suslovanın prototipini yaradır. “Qumarbaz”da açıq-aydın ondan danışır, bəzən aralarında keçən dialoqları olduğu kimi romana köçürür. Polina Suslova “Cinayət və Cəza”da Avdotya Romanovna, “İdiot”da Nastasya Filippovna, “Karamazov Qardaşları”nda isə Katerina İvanovna olaraq qarşımıza çıxır.

1880-ci ildə özündən 16 yaş kiçik ədəbi tənqidçi Vasiliy Rozanov ilə evlənsə də, ailə həyatı cəmi 6 il davam edir. 6 ilin sonunda Polina Suslova ərini tərk edərək, inzivaya çəkilir.

Bir il sonra Dostoyevski dünyasını dəyişdikdə dəfn mərasiminə otuz minə yaxın insan qatılır. Görəsən həmin izdihamın içərisində Polina da öz sevgilisi ilə - əbədi olaraq - vidalaşmağa gəlmişdimi, nə bilmək olar?

 

Ramin Qasımov

Kultura.az

Yuxarı