post-title

Seymur Baycan: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına təşəkkür məktubu

Cənab prezident, əslində bu məktub siz prezident seçiləndən həmən sonra yazılmalı idi. Lakin həmin vaxt şəxsi həyatımda dalbadal baş verən xoşagəlməz hadisələrə başım elə möhkəm qarışdı ki, sizə təşəkkür məktubu yazmağa heç cür imkan olmadı. Dalbadal baş verən xoşagəlməz hadisələrdən ayılıb özümə gələndə isə kifayət qədər vaxt keçmişdi, sizə təşəkkür məktubu yazmağa artıq məndə həvəs qalmamışdı, həm də məktub gecikmiş, bir az yersiz görünə bilərdi. Son vaxtlar Türkiyədə baş verən hadisələr məndə yenidən sizə təşəkkür məktubu yazmağa güclü həvəs oyatdı.

Cənab prezident, yetmiş il qapalı ölkədə yaşamağımız səbəbindən bizim insanlarda Türkiyəyə qarşı kor-koranə bir sevgi və heyranlıq yaranmışdı. Bu kor-koranə sevgi və heyranlıq insanlarımızın əsl Türkiyəni tanımasına şiddətlə mane olurdu. Ən əsası qapalı ölkədə yaşadığımızdan Sovetler Birliyi dağılanda ətrafda baş verən bir çox hadisələrin əsl mahiyyəti ümumiyyətlə bizim üçün anlaşılmaz idi. Çox yaxşı yadımdadı, bir qohumum sərhədlər lap təzə açılanda Türkiyəyə getmiş və necə olmuşdusa Müşərrəf Akayın evində qonaq qalmışdı. Geri qayıdanda onun danışdığı söhbətləri başa düşmək bizim üçün asan deyildi. Məsələn, o deyirdi ki, Müşərrəf Akayın qulluqçusu işini qurtarıb, Mersedesə oturub evinə getdi. Mersedes və qulluqçu! Qulluqçunun Mersedesə sahib olmasını biz yazıqlar nə cür təsəvvür edə bilərdik? Nədən ki, ötən əsrin əllinci illərinin düz ortalarına qədər Sovetlər Birliyində insanların şəxsi maşına sahib olması demək olar ki, mümkünsüz idi. Sovetlər Birliyində kino, ədəbiyyat tam dövlətin nəzarətində fəaliyyət göstərirdi. Ölkəyə buraxılan ədəbiyyat və kino güclü senzuradan keçməli idi. Hətta kapitalist ölkələrində adamların necə çətin yaşadığını, pulun hər şeye qadir, pulsuz insanın bir heç olduğunu göstərən filmlərin əsl mahiyyəti adamlara çox vaxt çatmırdı. Bir italyan filmi vardı. O zamanlar tez-tez nümayiş olunardı. Film evi olmayan bir ailənin balaca maşında yaşamasından bəhs edirdi. Biz heç cürə başa düşə bilmirdik ki, evi olmayan ailə necə maşın ala bilib.

Sərhədlər təzə-təzə açılanda Türkiyəyə getmiş qohumum qayıdarkən bizə indi hər bir mağazada 30-40 qəpiyə satılan peçenya hədiyyə gətirmişdi. Şəxsən mən o peçeniyanı açıb yeməyə ürək etmirdim. Amerikan filmlərində hindular koka-kola butulkasına heyranlıqla baxan kimi üstü bəzəkli peçenyaya heyranlıqla baxırdım. O peçenyanı yeməyib özümlə o qədər gəzdirdim, o qədər oynatdım ki, axırda peçenya bu qayğıya tab gətirə bilməyib tam ovuldu. Deməyim odur ki, uzun illər darıxdırıcı, boz və qapalı bir ölkədə yaşayan insanların gözünü sərhədlər açılanda zahiri təmtəraq, zahiri bərbəzək, “Bubble Gum”, “Turbo’ saqqızları elə kor etmişdi ki, biz heç cürə reallığı görə bilməzdik. Biz heç vaxt bilə bilməzdik ki, Türkiyədə milyonlarla insan adını yaza bilmir, Türkiyədə onlarla kəndlərdə insanlar televizorun üzünü də görməyiblər. Bizə qutusunun üstünə Sibel Canın, Emel Sayının, nə bilim Meltemin şəkilləri vurulmuş şokoladlar daha maraqlı idi. Türkiyənin akademik mədəniyyət sarıdan necə geri qalmağı, məsələn Türkiyədə akademik musiqisinin olmaması bizim vecimizə də deyildi. Əlbəttə vəziyyəti bilən adamlar var idi, amma onlar daha çox susmağa üstünlük verirdilər. Çünki kütləvi və kor-koranə Türkiyə sevgisinin, heyranlığının, daha dəqiqi o kütləvi psixozun fonunda Türkiyənin həqiqi vəziyyətindən söz demək vətən xainliyinə bərabər sayılırdı və həmin adamlara asanlıqla Rusiyanın adamı damğası vurulurdu. Bu cümlələri yazarkən onu da dərk etməkdəyəm ki, nə demək istədiyim onsuz da çox adama aydın olmayacaq. Bu cümlələri həmin illərdə baş verənləri görən adamlar başa düşə bilər. O da hamısı yox, yəqin ki, çox az bir qismi.

Cənab prezident, son günlər Türkiyədə baş verən hadisələrin əsas günahkarı, səbəbkarı kimi sizi görən sekulyarlar böyük bir səhvə yol verirlər. Bu sizə qarşı böyük bir ədalətsizlikdi. Açığı Türkiyədə son vaxtlar baş verən hadisələr məni bir qram da təəccübləndirmir. Çünki Əziz Nesinin əsərləri həqiqi Türkiyəni tanımaqda mənə böyük köməklik etmiş oldu. Mən əsl Türkiyəni Əziz Nesinin əsərlərindən tanıdım və fürsətdən istifadə edib o böyük insana bir daha təşəkkürümü bildirirəm. Sənətkarların peyğəmbərliyi, gələcəkdə baş verəcək hadisələri əvvəlcədən görmələri haqqında çox danışılıb, çox yazılıb. Əgər söhbət konkret Əziz Nesindən gedirsə, bu gün Türkiyədə baş verənləri əvvəlcədən görməsinin səbəbini onun peyğəmbərliyində deyil, müşahidələrinin dəqiqliyində axtarmalıyıq. Əziz Nesin mənsub olduğu xalqı dərindən tanıyırdı, onun müşahidələri çox dəqiq idi. Əsl sənətkar kimi Əziz Nesin öz müşahidələrini ümumiləşdirərək gələcəkdə baş verəcək hadisələri görməyi bacarmışdı.

Türkiyədə yaşayanlar gec-tez, axır-əvvəl onsuz da öz mahiyyətlərinə qayıdacaqdılar, sadəcə siz bu qayıdış prosesini ustalıqla və sürətlə həyata keçirməyi bacardınız. Bu qayıdış prosesinin lideri olmaq sizə müəssər oldu. Sizin başçılığınız altında türklər Mustafa Kamal Atatürkün türklərin çiyninə qoyduğu ağır yükdən azad oldular və yəqin ki, öz təbii mahiyyətlərinə qayıtmaqla indi özlərini daha rahat hiss etməkdədirlər. Doğurdan da orta əsrlər təfəkkürünə sahib olub, əslində şəriət qanunlarını arzulayıb dünyəvi bir ölkənin vətəndaşı olmağı imitasiya etmək çox çətindir. Siz həm də öz fəaliyyetinizlə amansız bir həqiqəti bir daha sübut etmiş oldunuz. Türkiyədə baş verənlər bir daha göstərdi ki, bir nəfərin sərt islahatlar aparıb xalqı tərəqqiyə, doğru yola itələməsi, bir ziyalının yazıb-pozub xalqa doğru yol, inkişafın harda olmasını göstərməsi hələ heç də hər şey demək deyil. Bəli, tarix hoppanmır. Bu amansız həqiqətdir. Hər bir xalq öz siyasi iradəsini ortaya qoyub dünyəvi ölkədə yaşamağa layiq olduğunu sübut etməlidir. Xalqın nümayəndələri göstərməlidir ki, onlar həqiqətən də vətəndaş olmaq istəyirlər, hardan bilək bəlkə də vətəndaş olmaq onların ürəyincə deyil, rəiyyət olmaq onlar üçün daha rahatdır.

Cənab prezident, sizə təşəkkür məktubu yazmağımın əsl səbəbi yuxarıda yazılan cümlələr deyil. Bu təşəkkür məktubunun yazılmasının əsas səbəbi ondan ibarətdir ki, siz iddiası yerə-göyə sığmayan, hoqqabazlıqla, artistliklə, söz oynatmaqla milyonlarla adamları aldatmağı bacarmış türk ziyalılarının, bu qəzetdən o qəzetə, o qəzetdən bu qəzetə yüksək qiymətlərlə transfer olunan türk köşə yazarlarının nə qədər qorxaq, nə qədər boş, nə qədər məzmunsuz, ideyasız, fürsətcil olduqlarını göstərmiş oldunuz. Siz göstərdiniz ki, Türkiyədə siyasi müxtəliflik, ideya rəngarəngliyi deyilən bir şey yox imiş, biri özünü liberal, biri özün solçu adlandırmaqla ideyalarla uşaqlar kimi evcik-evcik oyunu oynayırmışlar və ideyalarla evcik-evcik oynadıqlarına görə heç də layiq olmadıqları halda böyük pullar, böyük tirajlar qazanırmışlar. O adamlar haqqında ayrı-ayrılıqda bəhs etməyə əsla həvəsim yoxdur. Təkcə onu demək istəyirəm ki, illər əvvəl, bu hadisələrin hələ şiddət almadığı vaxtlarda o adamların boşluğu, mənasızlığı, savadsızlığı, ideyasızlığı haqqında danışarkən hətta ətrafımdakı ən yaxın adamlarla mübahisə etməyə məcbur olurdum. Mən onların savadsızlığını, boşluğunu, məzmunsuzluğunu görürdüm. Özünü tərifləmək kimi olmasın, Zapını (Zaparojes) mənə BMW, İran qaloşunu “Roberto Cavalli” adıyla sata bilərlər, amma əsla və əsla bir yazar, bir sənət insanı layiq olmadığı halda hörmətimi və heyranlığımı qazana bilməz. Heç kimin yüksək tirajı, qazandığı pul, aldığı mükafat gözlərimi qamaşdırmayıb. Təəssüflər olsun ki, türk köşə yazarlarının layiq olmadığı tiraj, qazandıqları pullar, hoqqabazlıqları, söz oyunları, yersiz sentimentallıqları onların əsl mahiyyətini, savadsızlıqlarını, məzmunsuzluqlarını görməyə xeyli insanlara mane olurdu. Mən həmişə sevdiyim və hörmət etdiyim adamlara türk mətbuatını oxumamağı tövsiyə edirəm. Çünki müşahidələrim türk mətbuatını izləyən adamların cılızlaşdığını, düşükləşdiyini, quruduğunu göstərirdi. Səmavi kitabda deyilən kimi; hər şeyə dad verən duzdur, bəs duzun özü dadsız olarsa nə etməli?

Tiraja, aldığı mükafatlara, qazandığı pula görə savadsız adamın savadlı olmasına, istedadsız adamın isteadlı olmağına aldanan kəslər bədbəxtdirlər. Ən acınacaqlısı odur ki, həm Türkiyədə həm də Azərbaycanda belə bədbəxtlərin sayı milyonlarladır.

Cənab prezident, qiymətli vaxtınızı aldığıma görə sizdən dönə-dönə üzr istəyirəm və sizə həm şəxsi həyatınızda, həm də siyasi fəlaiyyətinizdə uğurlar arzulayıram!

Seymur Baycan
Kultura.az

Yuxarı