post-title

Tanrının məbədi tərk etməsi

Son üç gündür bu mövzu müzakirə olunur. "Fuad Poladov teatrdan getdi", "Fuad Poladovdan açıqlama", ""Azdrama"dan Fuad Poladovla bağlı açıqlama", "Fuad Poladov ərizə yazmayıb" və nəhayət Fuad Poladovdan açıqlama gəlir, kiçik müsahibə verir. 

"Sabah son tamaşamdır"-deyir. Sakitcə, hüznlü bir sükut çökür ortaya...

Maraqlı bilirsiniz nədir? Bu son üç gündə səmimi bir narahatlıq vardı. Bəlkə jurnalist səhv yazıb, bəlkə anlaşılmazlıq olub deyilirdi. 

Və ən önəmlisi, müzakirələrdə fikir haçalanması olmurdu. Əgər Fuad Poladov gedirsə, demək düz edib. Fuad Poladov əsasız gedə bilməz. Həmçinin, aktyor Hikmət Rəhimova qarşı haqsızlıq edildiyi də daha şübhə doğurmurdu. Fuad Poladov əsasız yerə kimisə müdafiə etməz...

Əslində, Fuad Poladovun gedişi mədəniyyət cameəmizin neçə müti durumda olduğunu bariz göstərirdi. Bəli, bəli, yıpranmış, müti halını. Axı biz sonuncu dəfə çirkaba bulaşmadan, hansı aktyorun belə gedişini xatırlayırıq? Həm də özünə görə deyil, sənət yoldaşına görə. ..

Fuad Poladov buna görə öndə idi. Mövqeyi olan, zaman-zaman öz fikirlərini bildirən aktyor idi. İstər 2003, istər 2005, istərsə də 2013 olsun...Fuad Poladov danışmışdı, Əfəndilər!

Yaşım çox deyil. Sovet dövründən, 1990-cı illərdən misal çəkə bilməyəcəm. Amma sonuncu dəfə "Azdrama"nın önündə bu qədər insan görməmişdim. Havanın çiskinli olmasına baxmayaraq, bir saat öncədən teatrın önünə toplaşmışdı insanlar. 

Bilet isə tükənmişdi. Qiyməti neçədirsə alıram deyən kim, dostuna-tanışına zəng edib xahiş edən kim. 

Tamaşaçılar sonuncu dəfə sevimli aktyorunu “Azdrama”da izləmək istəyirdilər. 

Pərdələr qalxır, "Müsyo İbrahim və Quran çiçəkləri" başlayır. Bir neçə dəqiqə keçir, zal Fuad Poladovu axtarır. Və "Müsyo İbrahim" səhnəyə daxil olur. Alqış sədaları səhnəni bürüyür. 

Zatən başqa nə edilə bilərdilər ki? Gücləri hər dəfə, həm də dayanmadan sevimli aktyorunu alqışlamağa çatırdı. Amma Fuad Poladov yenə özünü səhnə yoldaşlarından ayırmadı. İki dəfə geri qayıtsa da, səhnənin ortasında tək dayanmaq istəmirdi. Hər tamaşaçıyla, teatrın hər səmti ilə sağollaşırdı baxışları ilə…

Səhnədə dediyi son söz kimi: "Mən ölmürəm, gözə görünməzə çəkilirəm". 

Əgər teatr mədəniyyət məbədidirsə, Fuad Poladov Tanrıdır. Dünən isə Tanrı məbədi tərk edib, metro ilə evinə getdi... 

Elkin Xəlilov
Qaynarinfo.Az
Yuxarı