post-title

Milan Kundera: “Coys qəhrəmanının başına mikrofon yerləşdirmişdi…”


Milan Kunderanın  Kristian Salmonla söhbətini təqdim edirik.
 
Söhbətimizin sənin fərdi estetik anlayışının xarakterik xüsusiyyətləri üzərində möhkəmlənməsini istəyirəm. Səncə haradan başlamalıyıq?

– Bu iddia ilə başlayaq. Mənim romanlarım psixoloji romanlar deyil. Daha doğrusu psixoloji roman dövründən çox uzaqdadır.
 
Yaxşı, o zaman psixoloji roman və yaxud da psixoloji olmayan roman nədir? Bütün romanlar qaçılmaz şəkildə psixoloji deyilmi? Romanlar hər zaman insan ruhunun sirrləri ilə məşğul olmurlarmı?

– Belə demək daha doğru; bütün romanlar hər vaxt "mən"in sirlərini araşdırıblar. İnsan xəyali bir adam, roman fiquru yaratdığı zaman ən təcrübəli yazıçı belə avtomatik olaraq bu sualı verir; bu "mən" nədir? "Mən"i necə araşdırmalı? Necə olur olsun, bir romanın ən birinci problemi budur. Bu suala verilən cavab roman tarixini dəyişik meyl və dövrlərə ayırmağımıza imkan verər.

Avropada yaşayan ilk romançılar psixologiyanın fərqində belə deyildilər. Bu cür romanın qabaqcıllarından olan Covanni Bokkaçço yalnız hadisələri və macəraları izah edərdi. Lakin izah etdiyi gülünc əhvalatların arxasında insanların bir-birlərinə bənzədiyi yeksənək həyatdan hərəkətləri ilə qopduqları anlayış dayanırdı. İnsan hərəkətləri ilə özünü o birilərindən fərqləndirərək fərd olur. Dante bunu çox-çox əvvəllər söyləyib: "Hər hərəkətin arxasında insanın özünü göstərmək, nəzərə çarpdırmaq məqsədi var."

Keçmişdə davranış şəxsiyyətin aynası hesab olunurdu. Bokkaççodan dörd yüz il sonra Didro bu problemə daha şübhəçi tərzdə yaxınlaşdı: "Fatalist Jak və sahibi" romanında onun qəhrəmanı fatalist Jak dostunun arvadını yoldan çıxardır. Sevincdən içib sərxoş olur. Atası onu möhkəmcə döyür. Zamanı yetişəndə Jak əsgərə gedir və iştirak etdiyi ilk döyüşdəcə dizindən yaralanıb topal olur. Bir eşq macərasına başladığını düşünərkən, taleyinə şikəst olmaq yazılır. Bundan sonra o, öz davranışlarına yadlaşır. Davranışlarıyla özü arasında bir yarıq ortaya çıxır. O, hərəkətləri ilə öz rəsmini çəkməyə çalışarkən bu şəkilin özünə bənzəmədiyini görür. Romanın ən böyük kəşflərindən biri isə davranışların paradoksal xarakteri kəşf etməsidir.

Yaxşı, əgər davranışlar "mən"i ələ keçərməyimizə icazə vermirsə, o zaman nə edəcəyik? O zaman "mən"in izinə düşmüş roman daxili həyatın görünməz dünyasına keçə bilmək üçün hərəkətlərin görünən dünyasına bir an üçün kürəyini çevirmək məcburiyyətində qalır. 18-ci əsrin ortalarında Samuel Riçardson insanların düşüncə və duyğularını etiraf etdikləri məktub romanlarını kəşf etdi.
 
Və psixoloji roman dövrü başlandı…

– Bu ifadəni istifadə etməkdənsə ümumi qənaətin dilə gətirilməsinin tərəfdarıyam: Riçardson romana insanın daxili həyatının araşdırılmasını yerləşdirir. Onu isə tanış adlar izləyir; Russo, Höte, Kostant, müəyyən miqdarda Stendal və müasir yazarlar.

Mənə belə gəlir ki, psixoloji roman ənənəsi artıq Prust və Joysla zirvəyə çatıbdır. Joys daha dərkolunmaz bir şeyi, keçmiş zamanı həll edir. Daha doğrusu indini. İndidən daha bariz, daha aydın heç nə yoxdur. Üstəlik də indi davamlı olaraq bizdən uzaqlaşır. Həyatın bütün ağrıları indinin içərisindədir. Təkcə bir saniyə içində görmə, eşitmə, qoxu və hiss etmə orqanlarımız şüurlu, ya da şüursuz bir çox şeyi qeyd edir və başımızın içindən duyğu hissləri ilə yüklənmiş qatar ötüb keçir. Hər an kiçik bir dünya ortaya çıxar və bir sonrakı an tərəfindən yox edilər. Bax, Joysun nəhəng mikroskopu bu keçən anı tutub bizə göstərir. Amma "mən"i ələ keçirmək üçün göstərilən səy daha bir paradoksla toqquşur: "Mən"ə nə qədər böyük bir mikroskopla baxsaq da, "mən" və xüsusiyyətləri bizdən o qədər çox uzaqlaşar. Joysun ruhumuzu atomlarına qədər ayıran mikroskopu altında hamımız bir-birimizə bənzərik.

"Mən" və onun xüsusi xarakteri insanın daxili həyatında ələ geçmirsə, onları harada və necə ələ keçərəcəyik? Hə, artıq romanın Riçardson, Stendal və Prustun "mən"i əldə etmə səylərini keçmişdə qoymaq zamanı gəlib çatmışdır.
 
Prust, Joys və Kafka bir qayda olaraq müasir romanın müqəddəs üçlüyü kimi xatırlanar. Amma sənin fikrincə Prust və Joysdan sonra Kafkayla roman tarixində yeni bir dövr başlayır.

– Kafkanın "mən" təsəvvürü Prustdan tamamilə fərqlidir. Gəlin, nəzər yetirək. "Qəsr" romanında K-nı bənzərsiz edən nədir? Nə fiziki xüsusiyyətləri ki, biz bu mövzuda heç nə bilmirik. Bioqrafiyası da deyil. Çünki bu mövzuda da bir fikirimiz yoxdur. Nə də yaddaşı, arzuları, kompleksləridir. Bəlkə davranışlarıdır? Lakin onun davranışları da acınacaq şəkildə məhdudlaşdırılmışdır. Daxili düşüncələri? Xeyir, bu da əhəmiyyətli deyil. Kafka ardıcıl olaraq K-nın əks olunmalarını izləyir. Amma K-nın davranışları həmişə indiki zamana qarşıdı; K indi nə edəcək? Sorğuya gedəcək, ya yox? Keşişin çağırışı ilə razılaşacaqmı? Beləliklə K-nın bütün daxili dünyası bu vəziyyət tərəfindən udularaq əsir alınıb. Onun yaddaşı, metafizik əks olunmaları və başqalarına dair qənaətləri heç bir şəkildə bu vəziyyətdən xilas ola bilməz. Bizim üçün açıq olan bunlardır.

Prust üçün insanın daxili həyatı çaşdıracaq qədər möcüzəvi və baş gicəlləndirəcək qədər sonsuzdu. Amma K-nı çaşdıran heç bir möcüzə yoxdur. O, insan davranışlarını təyin edən daxili səbəbləri soruşmur. Əvəzində başqa radikal bir sual verir: Xarici təyziqlərin bu qədər dağıdıcı olduğu və təməl davranış qaydalarının çəkisi qalmayan bir dünyada insan hansı növ imkanlara malikdir? K-nın homoseksual meyilləri olsaydı, ya da Edip kompleksinə mübtəla olsaydı, o zaman taleyi və davranışları dəyişəcəkdi? Məncə dəyişməyəcəkdi. Amma belə bir vəziyyətdə Prustun qəhrəmanı tamamilə dəyişərdi.
 
Elə isə dünya bir tələdən ibarətdir?

– Dünyanın bir tələ olduğunu insan hər zaman bilir.  İnsan özü istəmədən doğulur, öz seçimi olmayan bir bədənin içərisinə həbs edilərək taleyinə ölüm yazılır. Buna qarşılıq olaraq dünya insana davamlı bir qaçış imkanı təqdim edir. Misal üçün bir əsgər qonşuluqdakı ölkəyə qaçıb başqa bir həyata başlaya bilər. Amma içində yaşadığımız çağdaş dünya birdən-birə üstümüzə doğru kilidlənir. Bu dəyişikliyin başlanğıcını təyin edən hadisə böyük ehtimalla 1914-1918 illərdə baş vermiş dünya müharibəsidir. Əslinə qalsa buna dünya müharibəsi demək də doğru deyil. Çünki həmin müharibə Avropada başlandı və bitdi. Amma artıq regional fəlakətlər bütün dünyanı maraqlandıran fəlakətlərə çevrilir və getdikcə bizi kənardan daha çox təyin edən, qaçış imkanlarımızı da yox edərək bizi bir-birimizə daha çox bənzədən bir dünyada "dünya müharibəsi" sözləri qulağa daha xoş gəlir.
 
Sənə görə psixoloji roman dövrü iki səbəblə sona çatdı: Birincisi, psixoloji roman axtarışı artıq öz imkanlarını tükəndirib. İkincisi isə dünyanın əzici təyziqi insanın iç dünyasının sonsuzluğuna dair Prustun hiss etdiyi formada marağı unutmağımıza səbəb olub.

– Hər şeydən əvvəl Prustdan sonra ortaya çıxan vəziyyətin vurğulamaq istəyirəm. Prust müdhiş bir gözəllik olaraq bizdən uzaqlaşır və çox təəssüf ki, bir daha dönməmək üzrə dünyamızı tərk edir. Qombroviçin gülünc olduğu qədər də dahiyanə bir fikri var: "Bizim "mən"imizin dünyanın əhalisinə bağlı bir ağırlığı var". Demokrit insanlığın dörd yüz milyonda biriydi. Brams bir milyardda biri, Qombroviç isə bir milyardın yarısı… Bu riyazi dünyagörüşün xaricində Prustçu sonsuzluğun ağırlığı, bir həyatın ağırlığı daha yüngül olar. Və daha yüngül həyata doğru irəliləyərək hələ indidən fəlakət sərhədlərini aşdıq.
 
Əgər "mən"i insanın daxili həyatında tapa bilmiriksə, o zaman harada ələ keçərəcəyik? Məsələn, sənin romanlarındakı daxili danışıqlarda itirilmiş olan "mən"i tam olaraq tapa bilərikmi?

– Coys qəhrəmanı Blumun başına mikrofon yerləşdirmişdi. Daxili dialoqları qeyd edən bu fantastik casusluq fəaliyyəti sayəsində kim olduğumuza dair çox şey öyrəndik. Amma fərdi olaraq mən belə bir mikrofondan istifadə edə bilmərəm. Bir çox bayağılıqla dolu olan kaseti nyə istifadə edəcəyimi bilmərəm. Mən bundan uzaqda qalmağı və romandakı xarakterlərimi uzun müddət müşahidə edib meditasiya etməyə üstünlük verirəm.
 
Joysun romanlarında uzun və daxili dialoqlar var. Bunlar romanın quruluşunu təyin etməkdə başlanğıc vəzifəni yerinə yetirir. Joysun romanlarının quruluşunu təyin edən üsul budur. Sənin romanlarının əsas ağırlığının fəlsəfi meditasiya olduğunu deyə bilərikmi?

– Xeyr, fəlsəfi deyil. Filosof düşüncəsini mücərrəd bir məkanda inkişaf etdirər. Orada nə xarakterlər, nə də vəziyyətlər vardır.

Bunu unutmayaq ki, roman sənəti şüuraltını Freyddən əvvəl müəyyənləşdirmişdi. Eləcə də sinfi mübarizənin Marksdan əvvəl, fenomenologiyanın da fenomenologlardan əvvəl ortaya çıxması faktı var… Heydeqqerə böyük hörmətim var. Amma mənim yazı tərzimə təsir etmədi.

Roman yaranışın araşdırılmasıdır və mən romanın bunu fəlsəfədən yüz dəfə daha yaxşı etdiyinə möhürümü vuraram!
 
Qəhrəmanlarının fiziki görünüşü haqqında demək olar ki, heç nə demirsən. Vəziyyəti təhlil etməyə psixoloji səbəblərdən daha çox əhəmiyyət verdiyin üçün  obrazların keçmişi barədə olduqca təmkinli davranırsan. Elə isə bu təhlükəli bir davranış deyil? Roman şəxslərin üç ölçülü xüsusiyyətlərindən məhrum qalmazmı? Belə olan halda qəhrəmanlar yaşaya bilər?

– Bir anlıq məni unut və bu sualları Kafka ya da Robert Muzilə doğru yönəlt. Bu cür suallar Muzilə də verildi. Hətta bəzi mədəni ruhlu insanlar onu həqiqi roman yazıçısı olmamaqda günahlandırdılar. Muzilin roman qəhrəmanlarının cansız olduğunu düşünən Eduard Roditi ona nümunə olaraq Prustu təklif edirdi.  Son iki əsrin psixoloji romanları az qala keçilməsi mümkün olmayan normalar yaratdı: Bir roman xarakteri haqqında maksimum məlumat verilməli; görünüşü, danışma tərzi, davranış tərzi, mövcud olduğu anda davranışlarının səbəblərini anlaya bilmək üçün keçmişi haqqında işıqlandırıcı məlumatlar verilməli, roman qəhrəmanı tamamilə müstəqil olmalı, yəni oxucunun illüziyaya qapıla bilməsi və xəyalı gerçək kimi yaşaya bilməsi üçün yazıçı və düşüncələri itməlidi. Muzil yazıçı ilə oxucu arasındakı bu razılaşmanı tapdaladı.
 
Yaxşı, sənə qayıdaq. Fiziki və psixoloji təriflərdən uzaq qalma pəhrizində təhlükəli heç nə olmadığından və bu pəhrizin oxucusu roman qəhrəmanını həqiqi, yaşayan biri olaraq xəyal etmək xoşbəxtliyindən məhrum buraxmayacağından əminsənmi?

– "Qəsr" romanını ilk dəfə oxuyanda on dörd yaşım vardı. O zamanlar bizim evimizin qonşuluğunda yaşayan xokkey oyunçusunun pərəstişkarıydım. K-nı onun siması ilə xəyal etmişdim.

K-nı hələ elə görürəm. Demək istədiyim budur ki, oxucunun fantaziyası yazıçının fantaziyasını avtomatik olaraq bürüyür. Bu səbəblə oxucuya silsilə şəkildə  məlumat təqdim etməyin lazımsız olduğunu düşünürəm. Tomasın gözləri qara, yoxsa mavidir? Atası nazirin sürücüsüdü, ya zoopark gözətçisi? Inanın ki, bunların heç bir əhəmiyyəti yoxdur. Bir roman qəhrəmanını ətə, sümüyə büründürmək, inandırıcılıq qazandırmaq üçün psixoloji romanların texnikasından imtina etmək olar.
 
Sən romanlarının var olmasında poetik meditasiya olduğunu söyləyirsən. Amma hər zaman belə qəbul olunmur. Romanlarında sosioloji, tarixi ya da ideoloji şərhləri inkişaf etdirən çoxlu sayda hadisələr var. Cəmiyyətin tarixinə duyduğun maraqla, romanın hər şeydən əvvəl yaranma sirlərini araşdırdığına dair inamı necə birləşdirirsən?

– Heydeqqer varlığı bildiyimiz məşhur düsturla açıqlayar: "dünyada tapılmaq". Dünya və insan ilbizlə qabığı kimidir. Dünya insanın bir parçası, insanın ölçüsüdür. Dünya yavaş-yavaş dəyişərkən varlıq da dəyişir. Balzakın dünyamızda tarixi bir xarakter olaraq var olduğu gündən bəri insanlar müəyyən tarixi müddət içərisində hərəkət edirlər. Romanın Balzakın qoyub getdiyi bu mirasdan xilas olması heç bir zaman mümkün olmayacaq. Hətta inanılmaz fantastik əhvalatlar uyduran, bütün etibarlılıq qanunlarını tapdalayan Qombroviç belə bundan xilas olmağı bacara bilməmişdir. Onun romanları da müəyyən bir tarixi dövr içərisində başlayıb bitir. Amma bu iki məsələni bir-birinə qarışdırmamalıyıq: Bir tərəfdə insan varlığının tarixi ölçülərini ələ alan romanlar, o biri yanda da tarixi bir vəziyyəti təsvir edən,  və yaxud da hansısa tarixi anı ehtiva edən roman formasında tarix yazılar.
 
Romanlarını anlamaq üçün Çexoslovakyanın tarixini bilmək lazımdır?

– Xeyr, qətiyyən lazım deyil. Bilməyiniz lazım olan hər  şeyi romanın içərisində tapa bilərsiniz.
 
Və Avropanın tarixini...

– Min il əvvəldən bu günə qədər Avropanın tarixi ortaq bir macəradır. Bu macəra istər fərdi, istərsə də milli formada bizi və davranışlarımızı ehtiva edər. Hərəkətlərimizin təyinedici məzmunu ancaq bu macəra içərisində ortaya çıxar. İspanyanın tarixini bilmədən Don Kixotu anlaya bilərəm. Amma heç olmasa Avropanın tarixi hadisələri haqqında ümumi məlumatım yoxdursa, anlamaqda çətinlik çəkərəm. Misal üçün cəngavərlər haqqında, orta əsrlərdən müasir zamanlara keçiş və.s.
 
Sənə görə Avropa macərası sona çatmaqdadır…

– Müasir dövr Dekartın "insan təbiətin sahibidir" düşüncəsi üzərində inşa olunub. Bütün o elmi və texniki inkişaflardan sonra "təbiətin əfəndisi və sahibi" heç bir şeyə sahib olmadığını, nə yox etdiyi təbiətin, nə ondan qaçan tarixin, nə də öz özünün sahibi olmadığını, ruhunun şüurlu olmayan gücləri tərəfindən idarə olunması fikrini anlamağa başlamışdır. Bəs tanrı uzaqlaşdığına və insan artıq nəyinsə sahibi olmadığına görə sahib kimdir? Belə çıxır ki, dünyamız boşluqda sahibsiz olaraq fırlanır…

Tərcümə etdi: Samirə Əşrəf
"Ədəbiyyat" qəzeti
Yuxarı