post-title

Şopenhauer mütaliə haqqında

"Hər dəfə boş vaxt yaranan kimi oxumaq insanı axmaqlaşdırar"

Hər şeyin ifratı insana ancaq bədlik gətirir. Kitab mütaliə etmək də bəzən faydasız və ziyanlı ola bilir. Görkəmli alman filosofu Artur Şopenhauer ifrat mütaliənin insana vura biləcəyi ziyanlardan yazır. Yazını oxucularımıza təqdim edirik. 

Mütaliə elədiyimizdə bir başqası bizim yerimizə düşünür: biz sadəcə olaraq onun düşüncə prosesini izləməklə kifayətlənirik. Yazmağı öyrənəndə şagird müəllimənin qələmlə çəkdiyi xətləri necə gözdən qoymursa,  mütaliə etmək də o cürdür: düşünmək prosesinin böyük hissəsini artıq bizim əvəzimizə kimsə həyata keçirmiş olur. 

Elə buna görədir ki, öz düşüncələrimizə dalandan sonra əlimizə bir kitab almaq bizi həmişə rahatladır. Amma ki, mütaliə edəndə ağlımız əslində bir başqasının hakimiyyət altında olmaqdan başqa bir şey eləmir: əvvəl axır biz ondan aralananda, axıra nə qalır? Dolayısı ilə elə bir gün gəlir ki, həddindən artıq, demək olar ki, bütün gün oxuyan və arada düşünməyə fürsət tapmadan, əyləncəylə, yaxud hansısa bir məşğuliyyətlə başını qatan adam yavaş-yavaş özbaşına düşünmək qabiliyyətini itirir, bu, at üstündən düşməyən adamın gəzmək qabiliyyətini itirməsinə bənzəyir. O qədər təhsilli adam var, vəziyyətləri bundan fərqli deyil: oxumaq onları axmaqlaşdırıb. Çünki hər dəfə boş vaxt yaranan kimi oxumaq və sadəcə fasiləsizcə mütaliə etmək zehnə mütamadi olaraq əllə iş görməkdən daha çox iflic edici təsir göstərər. Zira ikinci situasiyada məşğuliyyət bir insana öz düşüncələrini izləyə bilmək imkanını təqdim edir. 

Necə ki, yad bir cismin daimi ağırlığı altındakı polad yay elastikliyini itirir, daim başqa birinin düşüncələrinin ağırlığı və yaxud təzyiqi altında qalan zehin də eləcə kütləşir, kəskinliyini itirir. Daim yeyən bir kəs mədəsinin funksiyasını pozub, beləliklə, bütün bədəninə necə ziyan verərsə, zehin də düşüncə vəsaiti ilə hədsiz qidalanmadan eləcə boğula bilər. Çünki bir kəs nə qədər çox oxuyursa oxusun, oxuduqlarından qalan izlər də qaçınılmaz olaraq, bir o qədər az olar: zehin üzərinə təkrar-təkrar yazı yazılan bir lövhəyə bənzəyər. Dərin-dərin düşünməyə zaman qalmaz, oxunan şeylər isə ancaq və ancaq dərin düşünməylə həzm edilə bilər, necə ki, yediyimiz qidaları daha çox yeməklə deyil, həzm etməklə bəslənirik.

Əgər bir kimsə daha sonra üzərində dayanıb düşünmədən fasiləsizcə oxusa, oxuduqları kök atmaz, onların böyük hissəsi yoxa çıxar. Doğurdan da fiziki qidalanmağımızla zehni qidalanmağımız arasında vəziyyət demək olar ki, eynidir: insanın yediklərinin ancaq beşdə biri həzm olunur, qalanı buxarlaşmaqla, tərləməklə və başqa bir şəkildə yoxa çıxır. 

Beləliklə, kağız üzərinə yazılan düşüncələrin çimərlikdəki ayaq izlərindən fərqli olmadığı nəticəsinə gəlmək olar: düzdür, adamın gəzdiyi yolu görərsiniz, ancaq yolda nə gördüyünü bilmək üçün onun gözlərinə ehtiyacınız olar. 

Artur Şopenhauer

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az
Yuxarı