Rus ədəbiyyatı və türklər - Elçin İmanov
Rus ədəbiyyatına xüsusi simpatiyam var. Mütaliə etdiyim bədii ədəbiyy…
Əslində yazıya “yəqin dünyada azərbaycanlılar qədər özünü əbədiyyətə hesablamağa çalışan ikinci xalq yoxdur” cümləsi ilə başlamaq istəyirdim, sonra fikirləşdim ki, bu, həddən artıq subyektiv səslənəcək. Axı belə qəti hökm vermək üçün hansısa hesablama, statistika yoxdur. Bəli, yoxdur, amma hər halda mübahisə etmək yersiz olardı ki, biz əbədiyyət eşqi ilə alışıb-yanan, fəlsəfəçilik-səfsəfəçilik etməyə çalışan xalqların ön cərgəsində dayanırıq. Ətrafımız “fəlsəfə kaçatlamaqdan” zövq alan, mücərrəd və “mürəkkəb” sualları sevən, ağırtonnajlı danışmaqdan ötrü sinov gedən adamlarla doludur.
Belə adamlara siz hər yerdə, hər ixtisas, hər peşə sahibi arasında rast gələ bilərsiniz. Mən bir dərzi tanıyırdım, iki-üç il əvvələdək ona ara-sıra yolum, daha doğrusu, işim düşərdi, hər dəfə də mütləq işdən-gücdən əlini-saxlayıb uzun-uzadı insan-zaman-məkan mövzularına dalardı, bir dəfə isə elə-beləcə də dedi: “Artıq dərziliyin başını buraxmaq istəyirəm. Bu iş mənə görə deyil”.
Soruşdum, niyə?
Dedi, bilirsən, mən son vaxtlar ölümün rəngini görürəm, gözüm başqa heç nə görmür, ona görə də işləyə bilmirəm.
Mən söhbəti dəyişməyə çalışdım, o isə bir az incik, bir az da acıqla dilləndi ki, bəs mən niyə ondan ölümün hansı rəngdə olduğunu soruşmuram?
Canımı qurtarmaq üçün dedim, ölüm haqda danışmaqdan qorxuram, ona görə də yaxşısı budur, bu söhbəti bağlayaq. O isə başını yelləyərək dedi: “Həyatın mənası ölümü dərk etməyə çalışmaqdan ibarətdir. Belə görürəm, sən mənasız həyat sürməyi seçmisən. Özün bilərsən. Amma yadında saxla: ölümün rəngi rəngsizlikdir”.
Sonra da dedi ki, artıq ona həyat qətiyyən maraqlı deyil, indi elə yaşa gəlib ki, ölümün sirlərini açmaq vaxtıdır, oturub ölümün rəngi, səsi, işığı, çəkisi, ölçüsü haqqında kitab yazmaq istəyir, sadəcə hələlik vaxt tapa bilmir və s. və i.a.
Bir dəfə isə Gəncədən bir nəfər zəng etdi, keçmiş oxucum olduğunu dedi. Soruşdum, niyə keçmiş? Fikirləşdim, yəqin yazılarımda tənqidin dozasının aşağı düşməsindən, ya da ümumiyyətlə, siyasi baxışlarımın dəyişməsindən narazı qalıb. Amma cavabı tamamilə fərqli oldu: “Bilirsən, müəllim, artıq məni Yerdə nə baş verdiyi qəti maraqlandırmır. Mən indi Göy məsələləri ilə məşğul oluram. Bu yaxınlarda çox düşündükdən sonra belə qərara gəldim ki, insan da vaxtilə qanadlı imiş, uça bilirmiş, amma sonradan Tanrının qəzəbinə gəlib və qanadlarını itirib, beləcə, Yerə sürgün olunub. Ümumiyyətlə, bütün canlılar əvvəlcə qanadlı olublar, hətta balıqlar da. Onlar suda yaşamağa Göydən qovulduqdan sonra başlayıblar. ”Koroğlu" dastanında Qıratın qanad çıxarması söhbəti yadındadır? Bu elə-belə söhbət deyil, çox dərin qatları var. Gəl Gəncəyə, ətraflı danışım sənə, get mən dediklərimi yaz. Tarixdə belə yazılar qalacaq. Yoxsa korrupsiya ordan gəldi, seçki saxtakarlığı burdan getdi, hamısı boş söhbətlərdir. Həyatda daha ciddi məsələlər var. Əbədi suallara cavab tapmağa çalışmaq lazımdır".
Təxminən bu cür, yalan olmasın, yarım saat “moizə” oxuduqdan, mən də dişim qabırğamı kəsə-kəsə qulaq asdıqdan sonra daha dözə bilmədim, telefonu söndürdüm.
Bir dəfə isə toyların birində masabəyi məclisə ənənəvi girişdən sonra dedi ki, o başqa tamadalara bənzəmir, onun apardığı toylarda etdiyi dərin söhbətlərdən cild-cild kitab bağlamaq olar. Sonra da uzun-uzadı “fəlsəfəçilik”lə məşğul oldu, təxminən belə: “Ailə qurmaq yalnız ailə qurmaq deyil, varlıq içində yoxluğu axtarmaqdır, yoxluğun özündə isə bir varlıq gizlənib. Iki sevən qəlbin bir araya gəlməsi də əslində varlıqla yoxluğun, yoxluqla varlığın izdivacıdır. Bu izdivacdan ya yox var olacaq, ya da var yox olacaq”.
Əlbəttə, indi siz fikirləşirsiniz ki, bütün bunları niyə yazıram, sözümün canı nədir, ilin-günün bu çağı, bu soxhasoxda, bu bashabasda, itin yiyəsini, yiyəsinin iti tanımadığı vaxtda başıma mövzumu qəhətdir?
Amma tələsməyin. Bunlar hələ nədir ki?! Indiyədək yazdıqlarım “jurnal” idi. “Kino” hələ qabaqdadır...
(sabah davam edəcək)